|
Azad Qarabağ - 12-ci səhifə
Almaniyada
soyqırım tədbirləri
Dəyərli,
vətənpərvər soydaşlarımız Rəhmi Tüncər və İntiqam Məmmədovun təşkilatçılığı ilə
martın 28-də ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımın ildönümü ilə
bağlı Almaniyada tədbirlər keçirilmişdir. Tədbir
Saksoniya vilayətinin Bruchausen (Visen) şəhərində
düzənlənmişdir. Toplantıya Almaniyanın siyasi partiyalarının nümayəndələri,
jurnalistlər, orada yaşayan azərbaycanlılar və digər millətdən olan siyasi
mühacirlər qatılmışlar. Öncə iştirakçılar Azərbaycan xalqına qarşı törədilmiş
soyqırımı əks etdirən sərgi ilə tanış olmuşlar. Onlara həmçinin soyqırıma,
erməni vəhşiliklərinə həsr olunmuş kitablar paylanmışdır. Kitabın müəllifi Rəhmi
Tüncər tədbir iştirakçılarına soyqırım haqqında geniş məlumat vermiş,
jurnalistlərin suallarını cavablandırmışdır. Tədbirdə erməni vəhşiliklərini əks
etdirən film də nümayiş etdirilmişdir. Sonda soyqırımın tanınması üçün tədbir
iştirakçıları adından İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət
göndərilmişdir. Yerli partiyaların, qeyri-hökumət təşkilatlarının xahişi ilə
tədbir aprelin 3-də təkrar keçirilmişdir.
Kanadada
silsilə aksiyalar keçirildi
Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilmiş
soyqırımın ildönümündə Kanada azərbaycanlıları bir sıra önəmli aksiyalar
keçirmişlər. Bu haqda Ottavodakı Azərbaycan icmasının rəhbəri Asif Kərimov
məlumat verir:
Martın 31-də Kanadada fəaliyyət göstərən Azərbaycan təşkilatları
Ermənistan səfirliyi, YUNESKO nümayəndəliyi və ölkə parlamentinin qarşısında
möhtəşəm etiraz aksiyaları keçirdilər. İlk olaraq, azərbaycanlılar Ermənistan
səfirliyi qarşısına toplaşaraq, çıxışlar etdilər, "Erməni terroruna son
qoyulsun!", "Erməni terrorçuları Qarabağdan əllərini çəksinlər!", "Qarabağda
erməni vəhşiliklərinə son qoyulsun!" və digər şüarları səsləndirdilər. Aksiya
ətrafdan keçənlərin diqqətini də cəlb etdi, onlara "Azərbaycan Təşkilatları
Federasiyası"nın hazırladığı Soyqırım və Xocalı vərəqələri paylandı. Səfirliyin
işçiləri böyük təlaş və təəccüblə aksiyanı izləyirdilər. Bir saat davam edən
aksiyanın sonunda təşkilatçıların imzaladığı müraciət səfirliyə təqdim olundu.
Bundan sonra aksiya iştirakçıları yürüşlə YUNESKO
nümayəndəliyinin qarşısına yollandılar. Yol boyu izdihamın içərisində "Qarabağ",
"Erməni terrorçuları" şüarları minlərlə insanın diqqətini çəkdi.
Nümayəndəliyin qarşısında da eyni şüarlar səsləndirildi, müraciət
təqdim olundu. Aksiya parlamentin binası qarşısında davam etdirildi. Üst-üstə 4
saat davam edən aksiyada Azərbaycan xalqının haqq səsi Kanada ictimaiyyətinə,
beynəlxalq təşkilatlara çatdırıldı.
Aksiyanın əhəmiyyəti ilə bağlı Kanadadakı "Azərbaycan
Təşkilatları Federasiyası"nın icraçı direktoru Əkbər Məcidov fikirlərini bizimlə
bölüşdü: "Bu aksiyanı təkcə Kanada miqyasında deyil, bütün dünyada
azərbaycanlıların fəallaşmasının göstəricisi kimi dəyərləndirmək olar. Biz
erməni terrorçuları haqqında həqiqəti çatdırmaqla, hayqırmaqla digər ölkələrdəki
soydaşlarımıza da nümunə göstərməyə çalışdıq. Biz dünyaya haqq davamızı nümayiş
etdirdik".
Xosrov bəy Sultanov Dağlıq Qarabağ münaqişəsinin həlli
haqqında
Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bütövlüyü ilə əlaqədar
yaradılan problemlərin ən mürəkkəblərindən biri də Dağlıq Qarabağla bağlı idi.
Bu dövrdə Azərbaycanın siyasi-diplomatik dairələrdə həmin problemin həlli
yolları və vasitələrinə dair müxtəlif qənaət və mövqelər ortaya çıxmışdı.
Bunlar arasında AXC-nin ilk hərbi naziri və Qarabağın
general-qubernatoru olan X.Sultanovun mülahizə və təklifləri çox maraqlı və
dəyərlidir. Həmin fikir və təkliflər Xosrov bəyin AXC hökumətinə "Qarabağda
ingilis siyasətilə əlaqədar olaraq yaranmış vəziyyət və onun düzəldilməsi üçün
zəruri tədbirlər" adlı məlumat-məruzəsində, habelə ingilis generalı Şatelvortla
Qarabağ məsələsinə dair apardığı müzakirələrdə (25.06.1919) səslənmişdir.
Onlar problemin ayrı-ayrı məqamlarına daha dərindən nüfuz
edilməsi baxımından əhəmiyyətlidir. Həm bu cəhət, həm də XX əsrin sonlarında
başlayan və hazırda davam etməkdə olan Ermənistan-Azərbaycan münaqişəsinin
reallıqları və perspektivləri X.Sultanovun ibrətamiz mülahizə və təkliflərinin
nəzərdən keçirilməsinə ehtiyac yaradır.
Birincisi, X.Sultanov qubernatorluğa daxil olan bölgələrin,
xüsusilə də Zəngəzurun Azərbaycan üçün geosiyasi önəmini dəyərləndirmişdi. Onun
fikrincə, Qarabağın itirilməsi Naxçıvan və Ordubadın, ümumiyyətlə isə bütün
Azərbaycanın itirilməsi demək olardı. Bununla Bakı ilə Gəncə arasında
möhkəmlənən ermənilər dövlətimizin mövcudluğunu təhlükə altına qoya bilərdilər.
İkincisi, Xosrov bəy Şatelvortla söhbətdən belə bir nəticəyə
gəlmişdi: İngilislərin guya bizə münasibətdə qərəzsizlik və xeyirxahlıq göstərib
Qarabağ məsələsində bitərəf mövqe tutmaları problemin həllini yubatmış və
sayıqlığımızı azaltmışdır. Belə hal isə Azərbaycan üçün əlverişsiz şərait
yaratmış və ermənilərin xeyrinə olmuşdur. Üstəlik Şərur, Naxçıvan və Qarsın
ermənilərə verilməsi elan edilmişdir.
Üçüncüsü, ingilislərin Qarabağ məsələsində üzərlərinə
götürdükləri öhdəliklərə əməl etməmələrini (ələlxüsus da Zəngəzurda hakimiyyəti
AXC-yə deyil, erməni Milli Şurasına verdiklərini) vurğulayan general-qubernator
bu vəziyyətin ermənilərin daha da fəallaşmasına təkan olduğunu açıqlamışdı.
Dördüncüsü, X.Sultanovun yerli şəraitə yaxşı bələd olmasına
əsaslanan dərin inamını (qənaətini), vəziyyətdən çıxış yolu kimi təklif etdiyi,
təcili həyata keçirilməli olan tədbirləri və onların ləngidilməsi (yaxud da
qəbul olunmaması) şəraitində gözlənilən nəticələri belə qruplaşdırmaq olar.
A) Gəlinən qənaətlər:
- Qarabağ-Zəngəzur məsələsinin həllində ingilislərin köməyindən
qəti imtina edilməlidir, çünki onlar bu işdə bizə yalnız maneçilik törədirlər;
- Məcburedici tədbirlər görülməzsə, ermənilər Azərbaycan
hökumətinin tabeçiliyinə razı olmayacaqlar;
- Bu məsələni bir ay da həllsiz qoymaq əhalini hökumətin
gücsüzlüyünə inandırmaq, müsəlman hissəsində anarxiyaya səbəb olmaq və bölgədən
həmişəlik əlini üzmək deməkdir.
B) Təcili həyata keçirilməli olan tədbirlər:
- Təxirəsalınmadan Zəngəzura hərbi hissələr yeridilməsi və
ermənilərin İrəvandan Azərbaycana hərəkətinin qarşısının alınması;
- Dağlıq Qarabağ ermənilərinə Azərbaycan hakimiyyətini altı günə
tanımaq barədə ultimatum verilməsi;
- Bütün ermənilərə müsəlman rayonlarını tərk etmələrinin təklif
olunması (Şuşa şəhəri istisna ediləcəyi bildirilməklə);
- Azərbaycan hökumətinin tanınmayacağı təqdirdə altıgünlük möhlət
bitəndən sonra hərbi əməliyyatlara başlanılması.
C) Təxirəsalınmaz tədbirlərin görülməyəcəyi şəraitdə gözlənilən
nəticələr:
- Ermənilərin Zəngəzurdan irəliləmələri və Dağlıq Qarabağdakı
daşnak silahlı qüvvələri ilə birləşmələri;
- Müsəlman rayonlarında anarxiya;
- Qarabağın itirilməsi ehtimalı;
- General-qubernator xülasə olaraq bildirirdi ki, ingilis
siyasəti nəticəsində Qarabağ məsələsinin həlli ləngidilmiş, Zəngəzur və Qarabağ
ermənilərinin Azərbaycan hakimiyyətini dinc yolla tanımaları təmin olunmamış,
nəticədə bölgədə millətlərarası münasibətlər xeyli kəskinləşmişdir.
Gənclərimiz Tuluza şəhərində Azərbaycanı təmsil etmişlər
"Aprelin 6-da Fransanın Tuluza şəhərində Asiya xalqlarının
tanıtım tədbiri keçirilmişdir.
Mərasim "Crous" fransız təşkilatının köməyilə baş tutmuşdur.
Madam Lavunun rəhbərliyilə həyata keçirilən bu tədbirdə məqsəd Qazaxıstan,
Özbəkistan, Türkmənistan və Azərbaycanı müəyyən imkan daxilində qonaqlarla
tanış etmək idi. Vaxt məhdudluğuna baxmayaraq, müvafiq ölkələrin Fransada təhsil
alan tələbələri öz qabiliyyətlərini lazımınca nümayiş etdirərək, məqsədlərinə
çatdılar.
Qonaqlar ölkələrin ümumi görüntüsü, iqtisadi-siyasi durumu, təbii
sərvətləri, coğrafi mövqeyi və iqlim şəraiti, müxtəlif və zəngin səhnəciklər,
milli rəqslərilə tanış oldular. Strasburqdan gəlmiş azəri rəqqasları Seyfi
Mustafayev və Esmira Qasımova öz ifaları ilə bütün zalı ayağa qaldıraraq,
yaddaşlarda uzun müddətlik iz saldılar. Azərbaycana verilmiş müəyyən zaman
daxilində Emin Əhmədov, Böyükağa Mustafayev, Rəşad Əliyev, Musa Həsənov, Vaqif
Cabbarov, Xuraman Mustafayeva və Qoşqar Qasımov ölkəmiz barədə hər bir sahədə
qısa məlumat verərək, tamaşaçılarda az da olsa vətənimiz barədə təsəvvür
yaratdılar. Və belə tədbirlərin gələcəkdə də keçiriləcəyini söylədilər.
Mərasimin sonunda çıxış edən Madam Lavu tədbirdən razı qaldığını vurğulayaraq,
tələbələrin bir araya gəlib, istədiyi səviyyədə hazırladıqları gecənin ürəyincə
keçdiyini söylədi. Tədbirdə qonaqlara özbək plovu və bir sıra şirniyyatlar da
təqdim olundu. Həmvətənlərimizin uğurlu işini qiymətləndirərək, onlara bir
vətəndaş kimi öz adımdan təşəkkürümü bildirir, gələcəkdə bu cür işlərin davam
etdirilməsində bol-bol qüvvət, iradə arzulayıram".
Aysel Novruz, Fransa
|