Bu gün: 20 İyul 2008, Bazar

 

 
 
 

 

Azad Qarabağ - 13-cü səhifə

Deputat Eldar İbrahimovun Aland modeli xoşuna gəlir

 Uzun müddət aqrar sahədə çalışmış Eldar İbrahimov yaxşı yerdə anadan olduğuna görə bəxti gətirib və deputatların siyahısına düşə bilib, həm də öz ixtisası üzrə komissiyanın sədri olub. Amma talenin acı gülüşü ilə aqrar sahənin mütəxəssisi ATƏT-in Parlament Assambleyasında ölkəmizi təmsil etmək şərəfinə də layiq görülüb. Orda da aqrar məsələlərdən yox, siyasi problemlərdən  və daha çox Qarabağ məsələsindən danışırlar. Yenə də kadr siyasətində "kimlərinsə xətri", "nələrinsə nəyi" prinsipləri işləyir. Eldar müəllimin də təyinatı bu prinsiplərlə bağlıdır. Bu adamı işə salıblar, bilmədiyi, başı girmədiyi işin dalınca göndəriblər, çaşıb qalıb dünyanın quduz siyasətçilərinin arasında. Deyir ki, vaxt bizim xeyrimizə işləyir, Qarabağ nə qədər çox işğal altında qalsa, bir o qədər yaxşıdır. Eldar müəllim aqrar sahədəki biliklərinə söykənir. Yazığın yadında o qalıb ki, arağın, çaxırın, konyakın vaxtı ötdükcə, "vıderjkası" çox olduqca, keyfiyyəti, qiyməti də artır. Elə bu məntiqlə də Qarabağın daha çox işğal altında qalmasına, sözügedən problemin həllinin uzanmasına nikbin baxır.

Eldar müəllimin son açıqlaması onun "Aland modeli"ni çox bəyənməsi ilə bağlı olmuşdur. O, Qoran Lenmarkerin "Aland modeli" barədə təklifini yüksək qiymətləndirir və onun "bizim xeyrimizə olduğunu" bildirir. Yəqin Arzu Abdullayeva ilə Zərdüşt Əlizadənin də bu modeldən xoşları gəldiyini bilmir, yoxsa onların da adını çəkərdi. Eldar müəllimin günahı yoxdu, günah onu ora göndərənlərdədir.  Bilmədiyi işin dalınca göndəriblər, sonra da deyirlər ki, bacarmadın, üzü qara qayıtdın gəldin. Allah onu ora göndərənlərin  üzünü qara eləsin ki, dünyanın gözündə millətin üzünü qara ediblər. Bir anlığa təsəvvür edin ki, ATƏT PA-nın iclasında Eldar İbrahimov  mühüm siyasi məsələlərdən, Qarabağ probleminin həlli yollarından danışır və düşmənlərimizi demirik, dostlarımız nə günə düşürlər. Adama deyərlər ki, bunu göndərin, getsin  quşçuluqla, şərabçılıqla, daha nə ilə məşğul olsun, daha niyə əziyyət verirsiniz...

Hörmətli deputatımızın nəzərinə çatdırırıq ki, ermənilər 10 ildən çoxdur ki,  "Aland modeli"ni bizə sırımağa çalışırlar və istəyirlər ki, Azərbaycan bu varianta razılaşsın. Razılaşandan sonra  onsuz da bu variantdan imtina edəcəklər. Onlar üçün maraqlı olan odur ki, danışıqlar işğal faktı üzərində deyil, Dağlıq Qarabağdakı ermənilərin statusu, hüquqlarının genişləndirilməsi ilə bağlı aparılsın. Eldar, Elmar, Araz müəllimlər kimi mütəxəssislərin sayəsində danışıqlar elə o müstəvidə aparılır. Addımımızı kənara qoya bilmirik, tərpənən kimi status məsələsini qoyurlar qarşımıza. Hər halda ATƏT PA Eldar müəllimin yeri deyil. Dövlətin başında duranlar gərək buna bir əncam çəksinlər və bu müəllimi başqa bir yaxşı yer tapıb, oraya göndərsinlər.


Səfər Əbiyev "qara günün silahı"nı işə salacaqmı?

 Azərbaycanın müdafiə naziri Səfər Əbiyev "vəziyyətin həddindən artıq gərginləşdiyini" deyir. Onun sözlərinə görə, "Azərbaycan və Ermənistan ordularının təmas xəttində atəşkəsin pozulması adi hala çevrilib, əvvəlki dövrlərdən fərqli olaraq atəşkəs daha tez-tez pozulur". Səfər müəllim bildirib ki, ermənilər cəbhənin bütün istiqamətlərində Azərbaycan ordusunun mövqelərini intensiv şəkildə atəşə tutub, ölən və yaralananlar çoxdur. Bunun müqabilində isə Azərbaycanın nə edəcəyi hələ də məlum deyil. Müdafiə naziri bir diplomat kimi birbaşa cavabdan yayınır ki, əks tədbirlərə əl atacağımız istisna edilmir. Və bu haqda baş komandan qərar verməlidir. Bu baş komandan və müdafiə naziri ilə hansısa qərarın və ya hərəkətin ortaya qoyulacağına ümid yoxdur. Baş komandan, ümumiyyətlə, əsgərlikdə olmayıb. Ona görə də, gərək lap əvvəldən bu vəzifəni üzərinə götürməyəydi. O vaxt Napoleon Moskvanın altına çatanda Kutuzov kişi Aleksandr müəllimdən tələb elədi ki,  ya baş komandan kimi döyüşlərə rəhbərlik elə, ya da vəzifəni ver mənə, nəticəni də məndən istə. Yazıq Aleksandr razılaşmalı oldu, sonra da gördü ki, düz eləyib. İndi bizim baş komandan da  bu seçim qarşısındadır, görək cəsarəti çatacaqmı? Amma verəsi olsa, gərək Səfər müəllimə verməsin. "Səfər Kutuzov" ifadəsi yaxşı səslənir. Amma səslənmək azdı, gərək içində də bir şey olsun. Biz belə başa düşürük ki,  bu zəhrimar müharibənin başlanmasından ən çox qorxan elə Səfər müəllimdi. Onun təkbaşına, öz təşəbbüsü ilə cəbhə xəttinə getdiyini xatırlamırıq. Baş komandanla can-dərdi getdikləri hesaba alınmır. Deyilənlərə görə, müharibənin şıdırğı vaxtında onu çox çətinliklə cəbhə tərəflərə göndərirmişlər. Deyirmiş ki, gedə bilmirəm, ürəyimə damıb ki, güllə dəyəcək. İndi oturub Bakıda, erməniləri hədələyir ki, topumuz-tüfəngimiz var, asarıq, kəsərik, yaxşı silahımız var, amma dar günə, qara günə saxlamışıq. Biz də oturub fikirləşirik ki, bu  "qara gün" nə vaxt gələcək, nəhayət, Səfər müəllim silahını işə salsın. 


Həftənin nöqtəsiz xəbərləri

  •  İrandan Azərbaycana təhlükə olduğunu bildirən ABŞ 18 ildir ki, bizə qarşı Ermənistanın törətdiyi işğal faktını, əsil təhlükəni görmək istəmir

  • Hər yerdə Ben-Ladeni axtaran ABŞ-ın, Qərbin burnunun qabağında PKK terrorçuları sərbəst gəzir, hazırlaşır, telekanallar işlədir və sonra da gedib Türkiyəni alt-üst edirlər, necə ki, indi Diyarbəkrdə başlayıblar

  • Qərb mütəxəssislərinin qapalı saxladıqları fikirlərinə görə, Azərbaycan ordusu "ilk atəşdən" sonra iki ay ərzində Qarabağdan keçib Ermənistan sərhədlərinə çıxmağa qadirdir

  •  Səhiyyə Nazirliyində göz xəstəliyi vəzifə ilə keçir, Əli İnsanovun gözləri tutulmuşdu, yaxşıynan pisi seçə bilmirdi, jurnalistləri də ayaqlayıb keçirdi, indi də Oqtay Şirəliyevin gözləri tutulub, daha heç nəyi görmür, görsəydi, deməzdi ki, Səhiyyə Nazirliyində rüşvətin kökü kəsilib, qalanlar da tək-tək alır

  •  Ermənilər Rusiyaya qaz pulunu adətlərinə uyğun olaraq, natura ilə, yəni müəssisələri ilə ödəyəcəklər

  •  Soyqırım günündə partiya sədrlərindən heç biri Şəhidlər Xiyabanını ziyarət etmədi

  •  Araz Əzimov Amerika səfərindən sonra xeyli yumşalıb, işğalçı və terrorçularla ortaq məxrəc axtarır

  •  Əli Həsənov qaçqınlara ev tikmək adı altında yaxşı pul qazanmağın yolunu tapıb

  •  Məleykə Abbaszadə İrandan gələn tələbə axınının qarşısını almaq və əlavə  qazanc yeri əldə etmək məqsədi ilə oradan gələn abituriyentləri də ümumi qəbul planına salıb

  •  Bu ilin birinci rübündə Ermənistanın işğalçı qüvvələri 75 dəfə atəşkəsi pozub, 6 hərbçimiz həlak olub, 6 nəfər isə yaralanıb

  •  Məkkədə keçirilən "İslam hümmətinin birliyi" mövzusunda beynəlxalq konfransda Qarabağ məsələsindən də danışıblar və elə danışmaqla da kifayətləniblər

  • ABŞ öz vətəndaşlarının, xüsusilə də erməni əsilli vətəndaşlarının Azərbaycana, o cümlədən Qarabağa getməsini məhdudlaşdıran qərar qəbul etdi

  •  ABŞ dövlət katibi K.Rays öz ölkəsinin səhvlərini etiraf edərək bildirib ki, Amerika İraqda minlərlə səhvə yol verib. Etiraf öz yerində, amma bu xanım iraqlılara hökumət qurmaq fikrindən də əl çəkməyib

  •  Qarabağ erməniləri Elmar Məmmədyarovu "DQR"in vətəndaşlığını qəbul etməyə çağırırlar, bu arada Elmar müəllimin erməni diasporasının güclü olduğu Braziliya və Argentinaya səfərlərini də bu dəvətlə bağlayırlar

  •  Millət vəkilləri bizi Ermənistanla əməkdaşlığa məcbur edən Avropaya qarşı çıxdılar

  •  Ev tapşırıqlarını yoxlamaq üçün Elmar Məmmədyarov Vaşinqtona, Vardan Oskanyan Moskvaya çağırıldı

QARA LÖVHƏ

Vətən qarşısında üzü qara olanlar

Elmar Məmmədyarov Minsk qrupunun xarici işlər naziridi
? ? ? Abid Şərifovun qəbahəti Nazim İbrahimov “Danabaşlığ”ından qalmır Əvəz Həsənovun uzunqulaq inadkarlığı Əbülfəz Qarayev Xocalı soyqırımını ziyafətlə yad edib Xocalının yad olunmasını ermənilər də istəmir, Hacıbala da... Eynulla Fətullayev rentgen işığında

geri yuxarı irəli çap_etmək... email_kimi_göndərmək... 1 ... 12 13 14 ... 16

Sənədin sonuncu korrektə tarixi: 14/4/2006 - 13:1:34
Bütün materiallar Azad Qarabağ WEB saytına məxsusdur və istinad vacibdir.

Powered by TusiSoft© 2004, 2007 TSW_3.0.2

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.017209