Bu gün: 20 İyul 2008, Bazar

 

 
 
 

 

Azad Qarabağ - 14-cü səhifə

Allah təcavüzkarı sevməz

Müqəddəs İslam dini bəşəriyyətdə olan bütün hadisə və olaylara özünün münasibətini açıq şəkildə bəyan etmişdir.

Bəlli olduğu kimi, İslamın və onun peyğəmbərinin tək  məqsədi kainatın əşrəfi kimi yaradılmış insanı elə kainatın  əşrəfi olacaq dərəcədə görməkdir. Ona görə də bu din insana hər şey haqqında danışır və nəyi necə etməyi ona öyrədir.

Məlumdur ki, insanların bir qisminin həqiqət yolundan azması digər qisminin həyatına hər mənada kölgə  salır. Həqiqət yolundan azmaq təbii ki, həmin qrup insanları zülmə və başqalarının haqqına təcavüzə sövq edir. Bu da nəticə etibarı ilə müharibələrə, terrora və onların izini göstərən günahsız qanların axıdılmasına yol açır. Bunun nəticəsi olaraq ərazilər işğal edilir, ocaqlar söndürülür, köməksizlərin sayı artır. Əlbəttə ki, İslam bir ilahi din olaraq bütün  bu haqsızlıqların yüzə-yüz əleyhinədir. Əgər belə olmasa idi, Müqəddəs kitabımız  Qurani Kərimdə "Allah təcavüzkarı sevməz" buyrulmazdı.

Təcavüz istər bir kimsənin haqqına olsun, istər bir millətin, fərq etmir --yəni mahiyyəti dəyişmir. Dünyanı zülmün və haqsızlığın bürüdüyü bu günümüzdə biz həm fərd olaraq, həm də bütöv bir millət olaraq təcavüz və zülmə məruz qalmışıq. İnancımıza görə, edilən zülmə sükutla qarşılıq verən məzlumun da günahı zülm edənin  günahı qədərdir. Azından öz haqqını tələb edib ona sahib çıxmadığına görə.

Peyğəmbərimizdən (s) nəql olunan bir hədisdə deyilir: "Allah-təala buyurur: Öz cəlal və izzətimə and olsun ki, zalımdan həm bu dünyada, həm də axirətdə hökmən intiqam alacağam. Məzlum şəxsi görüb ona kömək etməyə  qadir olduğu halda kömək etməyən şəxsdən də hökmən intiqam alacağam".

Başqa bir yerdə isə belə buyurur:

"Həqiqətən insanlar zalımı görüb onu zülmdən çəkindirməsələr, ehtimal verilir ki, Allah-təala onların hamısını öz əzabına düçar etsin".

Bütün bunlardan aydın olur ki, İslama görə zalım nə qədər lənətlənir, zülm və haqsızlıq nə qədər pislənirsə, eyni zamanda da məzlumdan öz haqqlarına sahib çıxmaq tələb olunur. Axı hər kəs öz haqqına sahib çıxmağı bacarmalıdır!

Günümüzə gəldikdə isə bizim üçün olan yol budur:

Toplum olaraq bu zülm və təcavüzə məruz qalmışıqsa toplum olaraq da bu olaylara qarşı mübarizə aparmalıyıq.

Unutmayaq ki: "Kafirləri, zülmkarları şübhəsiz ki, Allah bağışlayan və onlara cəhənnəm  yolundan başqa bir yol göstərən deyildir" (Nica 168).

Peyğəmbərimiz (s) isə məzlumların haqqını almağı belə tərənnüm edibdir:

"Hər kəs məzlumun haqqını zalımdan alsa, cənnətdə Mənimlə birgə olar".

Ey haqqı tapdalanmış, hər şeyinə təcavüz olunan millətim! Allah təcavüzkarı sevmədiyi kimi sən də sevmə. Silkələn, bu qəflət yuxusundan oyan, istədiyin hər haqqını geri al!

Yaxşı düşün, səncə övladlarına edilən zülmün, torpaqlarına edilən təcavüzün qisasını almaq zamanı deyilmi?

Nicat


Tövbə - Haqqa doğru qayıdış

 Bismilləhir-Rəhmanir-Rəhim.

Aləmlərin Rəbbi olan Allahın dərgahına bir növ qayıdış olan tövbə hər zaman diqqət mərkəzində və İslamın mühüm məsələləri sırasında olan mövzulardan biridir. Tövbə və günahdan peşman olmaq məsələsinin islam dünyagörüşündə özünə məxsus yeri var və İslam alimləri bu dinin yüksək və ali məzmunlu təlimlərindən istifadə edərək tövbə məsələsinə çox əhəmiyyət vermişlər. Bəli, hər bir dərdin dərmanı vardır. Günahların da dərmanı tövbədir. Tövbə bəsirət sahibləri üçün İlahinin böyük bir lütfü, Allahın rəhmət və mərhəmətindən onun bəndələrinin üzünə açılmış bir qapıdır. Xoşbəxt o adamdır ki, bu zəhmət yolunu qiymətləndirib, ondan istifadə etsin və təşəkkürünü bildirsin. Eləcə də, bədbəxt o adamdır ki, bu rəhmət qapısı onun üçün yalnız son xəbərdarlıq olsun.

Bəs tövbədən necə istifadə etməli?

Həzrət peyğəmbər (s) buyurur: "Günahdan peşmanlıq tövbədir". Bu hədisə istinad edərək demək olar ki, tövbənin həqiqəti elə Allah yanında çirkin olan, Allah razılığına zidd olan günahdan peşman olmaqdır. Günahdan peşman olmanın əsas şərti uzaqlaşmağa çalışmaqdır. Yəni, biz etdiyimiz hər hansı bir əməlin günah olduğunu dərk edir və peşman oluruqsa, dərhal tövbə edərək ondan uzaqlaşmalıyıq.

İstər kiçik, istərsə də böyük günahlardan tövbə vacibdir. Tövbənin vacibliyi Qurani-Kərimdə də öz təsdiqini tapmışdır. Allah Nur surəsinin 31-ci ayəsində buyurur: "Tövbə edin və  hamınız Allaha tərəf üz tutun. Olsun ki, doğru yol tutasınız".

Başqa bir ayədə buyurulur: Ey Allaha iman gətirənlər, tövbə edin. Xalis tövbəylə Allaha üz tutun. Ümid var, Allah günahlarınızı silsin" (Təhrim surəsi, ayə 8).

Doğrudan da, biz xalis niyyətlə günahlarımızdan peşman olub, Allaha üz tutaraq tövbə etsək, Allah bizi bağışlayar. Çünki Allah mehriban və bağışlayandır.

Tövbənin nə vaxt faydası yoxdur?

İnsanın ölüm anında etdiyi tövbənin heç bir faydası yoxdur və bu cür tövbə qəbul edilmir. Yəni, insan  bu dünyanı tərk etdiyini başa düşür və yalnız o zaman Allahın əzabından qorxaraq "tövbə etdim" deyir. Lakin bu cür tövbə peşmançılıqdan deyil, yalnız qorxudan edildiyindən, Allah tərəfindən qəbul edilmir. Nisa surəsinin 22-ci ayəsində  aydın bəyan olur: "Günah edib tövbə etməyən, ölümləri çatanda tövbə etdim deyənlər üçün tövbə yoxdur. Dərdli əzab hazırlanmış kəslər onlardır".

Allahın buyurduqlarına əməl etməmək və cihaddan boyun qaçırmaq böyük günahdır. Bu günah insanı Allahın rəhmətindən uzaq salar və onu əzaba düçar edər.

Bu gün bir millət olaraq bizim Allah qarşısında ən  böyük günahımız zülmə baş əyməyimiz və doğma Qarabağ torpaqlarının düşmən əlində olmasına laqeyd münasibətimizdir. Biz bu günahdan xilas olaraq Allahın rəhmətini qazanmaq istəyiriksə, gərək tövbə edərək Allahdan bağışlanma diləyək. Tövbəmizin həqiqi olduğunu isbat etmək üçün isə silaha sarılıb döyüşə qalxmalı və mənfur düşməni  işğal olunmuş torpaqlarımızdan süpürüb atmalıyıq.

Bəlkə o zaman biz Allahın qəzəbindən qorunaraq axirət əzabından qurtulaq.

Tövbə salehlərin Allaha doğru yolunun əvvəli və qurtuluşun əsasıdır. Onun fəziləti haqda təkcə bunu demək kifayətdir: "Allah tövbəkarları sevər". Elə isə biz niyə Allahın sevimli bəndələri olmağa çalışmayaq?

Allah-təala bizə tövbə qapısından keçərək onun  rəhmət və mərhəmətini qazanmağı nəsib etsin. İnşallah.

 Mürsəl


Hədislərdən seçmələr

Peyğəmbər (s) buyurur:

1. Bir müsəlmanı haram işdən çəkindirməyin mükafatı, Allah yanında yetmiş qəbul olunmuş həccdən daha üstündür.

2. Övladlarınızı əzizləyin, tərbiyələrini gözəlləşdirin ki, bağışlanasınız.

3. İnsanların ən əzizi onların arasında təqvası hamıdan çox olan şəxsdir.

4. Hər kəs ruzisinin bol, ömrünün uzun olmasını istəyirsə, gərək öz qohum-əqrəbası ilə gediş-gəliş etsin.

5. Elm Allahın yer üzündə qoyduğu əmanət, alimlər isə Allah elminin əmanətdarlarıdır. Hər kəsin öz elminə əməl etməsi, həqiqətdə əmanəti layiqincə sahibinə qaytarmasıdır.

6. İki nəfər arasında barışıq yaratmaq insanın bütün oruc namazlarından daha üstündür.

7. Hər kəs mömin bir şəxsə əziyyət versə, şübhəsiz mənə əziyyət vermişdir.

8. Bir-birinizlə qarşılaşanda salamlaşıb görüşün və ayrılanda isə bağışlanmaq istəməklə ayrılın.

9. Qeybəti tərk etmək Allah yanında on min rəkət müstəhəb namaz qılmaqdan daha əzizdir.

10. İbadət yetmiş qismdir ki, ən üstünü  halal qazancdır.

11. Məsləhətləşən insan bədbəxt olmaz və məşvərətsiz özbaşına qərar çıxaranlar xoşbəxtliyə çatmaz.

12. Allaha dua etmək üçün ən yaxşı vaxt səhər çağıdır.

13. Əməllərin ən yaxşısı namazı vaxtından əvvəl qılmaq, ata-anaya yaxşılıq etmək və Allah yolunda cihad etməkdir.

14. İnsanların ən şücaətlisi öz nəfsinə qalib gələndir.


 “Hamı çoxdan birləşməli və bir-birini sevməlidir”

 Rusiyanın ən gənc əməkdar artisti Yulian 1973-cü ildə, avqustun 15-də Moskva yaxınlığında Kolomna şəhərində anadan olub. Yulianın həyatında bir çox mistik hadisələr baş verib. Onlardan biri müğənninin doğum gününə təsadüf etmişdir. Həmin gün bərk yağış yağmış, ildırım çaxmış, külək əsmiş, lakin onun doğulduğu anda günəş çıxmışdır. Doğum evində Yulianı "günəş oğlanı" adlandırmışlar. 1995-ci ildə Yulian Moskva himninin rəsmi ifaçısı təyin edilib. O, Sovet və Rusiya estradasının tarixində ilk ifaçıdır ki, 26 yaşında əməkdar artist tituluna layiq görülüb.

Lakin ən maraqlısı budur ki, müəyyən zaman keçdikcə məşhurlaşan müğənni həyatına başqa gözlə baxmağa başladı, əvvəlki meyllərini, cəhdlərini başqa istiqamətə yönəltdi. Və əlbəttə ki, buna səbəb məşhur müğənninin İslam dinini qəbul etməsi oldu. Müğənni özünə yeni bir ad seçdi - Cəbrayıl. Yulianın sözlərinə görə, şəxsən onun müsəlman olmağının iki səbəbi var:  "Birinci və ən əsas səbəb - mən hər zaman məzlumların tərəfində olmuşam. Bir çoxları terror və zorakılığı bu din ilə əlaqələndirir. Lakin bu belə deyil! İslam insanları sülh və həmrəyliyə çağırır, xeyirxah və həyata qarşı dürüst, ədalətli olmağa çağırır. Terroristlərin İslama heç bir aidiyyatı yoxdur. Mən hər zaman məzlumların tərəfində olmuşam, olacağam da. Mən bu müdrik təlimi qəbul etməyə bilməzdim".

Bu qərarın Yulianın məşhurluğuna təsiri barədə müğənni bunları qeyd etmişdir: "Mən heç vaxt mənasız şöhrət dalınca qaçmamışam. Heç nədən qorxmuram. Hamı çoxdan birləşməli və bir-birini sevməlidir".

Bir müsəlman kimi, gündə beş dəfə namaz qılmağın onun iş qrafiki ilə mümkünlüyünə gəldikdə, Yulian bunları bildirdi: "Mümkündür. Mömün müsəlman üçün Allaha ehtiram və sevgi birinci yerdə olmalıdır. Bundan sonra mən  məhz buna üstünlük verəcəm və yalnız sonra dünyəvi işlər...".

İslamın pravoslav xristianlıqda yer almayan hansı qayda-qanunlarının ona xüsusilə yaxın və aydın olması barədə verilən suala Yulian belə cavab vermişdir: "İslamda illüziyalar yoxdur, xüsusilə də bu, pravoslav kilsələrində asılan ikonalara aiddir. İnsanların qarşılarına kiminsə  tərəfindən çəkilmiş rəsmi qoyub dua etmələri və adətən onlardan nə isə istəmələrini məntiqsiz görürəm. Elə bir təəssürat yaranır ki, insana dua etmək üçün qəlbindəki iman və sevgi kifayət etmir, məhz şəkil və heykəlcik formasında hansısa bir fiziki portret lazımdır. Bu isə artıq qeyri-mükəmməldir".

Şou-biznes aləminin Yulianın İslamı qəbul etməsini  necə qarşıladığı, bir çoxlarının bunu müsbət dəyərləndirməməsi barədə isə müğənni bunları açıqladı: "Ola bilər. Mənə həmişə paxıllıq ediblər və edəcəklər də. Şou-biznes - öpüşən ilanların bir yumağıdır. Mən bu aləmin əcaib adamıyam, olmuşam, olacağam da!"

 

geri yuxarı irəli çap_etmək... email_kimi_göndərmək... 1 ... 13 14 15 16

Sənədin sonuncu korrektə tarixi: 14/4/2006 - 13:0:2
Bütün materiallar Azad Qarabağ WEB saytına məxsusdur və istinad vacibdir.

Powered by TusiSoft© 2004, 2007 TSW_3.0.2

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.899386