|
Azad Qarabağ - 3-cü səhifə
“... Bu gün Azərbaycanın vətən daşı ola bilən
vətəndaşlara
çox böyük ehtiyacı var”
-Qarabağ
probleminin həllini AKXCP olaraq necə görürsünüz? Hakimiyyətə gəlsəydiniz işğal
faktının aradan qaldırılması üçün hərb, yoxsa sülh yoluna üstünlük verərdiniz?
-Qarabağ probleminin həlli barədə səslənən bütün fikirlərə
hörmətlə yanaşsam da, məsələnin yalnız hərb yolu ilə həll olunacağı
qənaətindəyəm. Əgər iqtidar nümayəndələri, konkret olaraq Heydər Əliyev 2001-ci
ilin fevralında bütün siyasi partiyaları Milli Məclisə yığıb, ermənilərlə
keçirdiyi çoxsaylı görüşlərdən nəticə əldə etmədiyini etiraf edirdisə, bu sülh
danışıqlarının əhəmiyyətsizliyinin sübutu idi. Hakimiyyətə gələcəyimiz təqdirdə
dövlətin hər bir strukturu öz işini yerinə yetirməklə bu məsələnin həllinə
töhfəsini verəcək. Azərbaycan kişisinin Qarabağ probleminin sülh yolu ilə
həllindən nəinki danışmaq, hətta düşünmək haqqı yoxdur. Müdafiə Nazirliyi
məsələni hərb yolu ilə həll etdiyi məqamda Xarici İşlər Nazirliyi də danışıqları
davam etdirməlidir. Bax onda ermənilərlə danışıqların nəticəsi olacaq. Dünyada
qanla verilən torpağın sülh yolu ilə alınması faktına rast gəlməmişəm.
- Sizin fikrinizcə, indiki iqtidar işğal faktını aradan qaldıra
bilmir, yoxsa bu onların maraqları ilə ust-ustə düşmür?
- Bayaq qeyd etdiyim kimi, bu məsələnin həlli yalnız müharibə
ilə mümkündür. Bugünkü iqtidar isə 1994-cü ildən bəri sülh danışıqları ilə baş
aldadaraq, müharibə variantını həmişə "lazım gələrsə" sözündən sonra işlədib. Bu
iqtidar atəşkəslə fəxr edə-edə Azərbaycan ailələrinə şəhidlərin, özü də atəşkəs
şəhidlərinin davamlı gəlməsini təmin edib. Müharibənin labüdlüyünü bilsələr də,
heç vaxt bu sözü dillərinə gətirməyiblər. Bu dediklərim yəqin ki, sualınızın
cavabını sizin üçün aydınlaşdırar.
- Mübariz millətin dözümlü millətə çevrilməsində həm fərd, həm də
partiya olaraq günahınızı etiraf edirsinizmi?
- Bizim millət 1988-ci ildə fasiləsiz mitinqlər keçirib sovet
rejiminin çökməsində müstəsna xidmət göstərdiyinə görə, həmin ilin mübariz
milləti adına layiq görülmüşdü. Mübariz millətin dözümlü millətə çevrilməsində
hər bir vətəndaş təbii olaraq məsuliyyət daşıyır. Günah Tanrı ilə bəndənin
arasında olan məsələdir. Hansısa səhvdən və yaxud məsuliyyətdən söhbət gedə
bilər. Mənim də Azərbaycan vətəndaşı olaraq, müəyyən dərəcədə səhvlərimin olması
mümkündür və mən də bu gün bunu etiraf edirəm.
- Partiya sədri olaraq, Qarabağ üzrə müavininizin qarşısına nə
tapşırıqlar qoymusunuz? Konkret olaraq onun iş sahəsinə nələr aiddir?
- 1994-cü ildə hələ AXC olaraq bütün partiyalar arasında ilk dəfə
qərara gəldik ki, keçirəcəyimiz bütün iclasların bir nömrəli məsələsi Qarabağ
olmalıdır. Qarabağ ətrafında baş verən hadisələri nəzərə alıb, bu sahə üzrə
müavinlik postu təsis etmək qərarına gəldik. Düzdür, ilk əvvəl adı indiki kimi
adlanmasa da, eyni funksiyanı icra edirdi. Biz bu problemin həlli üçün bir
partiyanın edə biləcəyini edirik. O ki qaldı müavinin görəcəyi işlərə, bu
barədə onu deyə bilərəm ki, Qarabağın taleyi ilə əlaqədar hər hansı bir məsələdə
partiya üzvləri ilə düşüncələrini bölüşmək, partiyanın mövqeyini mətbuata və
ictimaiyyətə çatdırmaq, həmin müavinin görəcəyi işlərdir. Bundan əlavə işğal
günlərinin anılması, QAT-ın tədbirlərində üzvlərimizin iştirakının təmin
edilməsi kimi işlər bu postun lazımlı olduğunu əsaslandıran şərtlərdəndir.
- Bəzi müxalifət qüvvələri Qarabağa dönüşümüzün demokratik
seçkilərdən keçdiyini deyirlər. Sizin fikrinizcə, birləşə bilməyən müxalifətlə
demokratik seçkilərin keçirilməsinə nail olmaq mümkündürmü?
- Hamını bir yerdə görmək istəyi, istək kimi gözəl olsa da,
əslində hamının bir yerdə olmaq imkanı inandırıcı görünmür. Şübhəsiz ki,
demokratik yolla hakimiyyətə gəlmiş qüvvələrdən Qarabağın azadlığını tələb etmək
və gözləmək həm asan, həm də ağlabatandır. Ona görə də, bu fikirlə qismən
razıyam. Amma əlimizi yanımıza salıb demokratik seçkiləri gözləməyin tərəfdarı
da deyiləm.
- Biz bu gedişlə neçə ilə rəhmətlik Elçibəyin “Bütöv Azərbaycan”
arzusunu gerçəkləşdirə biləcəyik?
-"Qarabağ problemi həll olunmamış, bütöv Azərbaycandan
danışmamalıyıq" deyənlərin fikri ilə razı deyiləm. Qarabağ bizə müvəqqəti də
olsa Təbrizi, Dərbəndi unutdurmamalıdır. Bu gün Bütöv Azərbaycan ideyasına lağ
edənlər, vaxtilə "bu rejim çökəcək" deyəndə Elçibəyə inanmayanların
davamçılarıdır. Bütöv Azərbaycan uğrunda mübarizə tək rəhmətlik Elçibəyin yox,
bütöv millətin ideyasına çevrildiyi danılmaz bir faktdır və apardığımız mübarizə
sonda öz nəticəsini verəcəkdir.
-Səbr Allahın adlarından biri olsa da, izafi olan hər bir əməl
haram sayılır . Bizim on üç illik səbrimiz izafi səbr sayılmırmı?
- İnsan doğulan andan ölən gününə qədər səbr etməyi bacarmalıdır.
Lakin səbrlə dözüm tamam ayrı-ayrı anlayışlardır. Biz 13 ildir ki, səbr
etmirik. Sadəcə olaraq, edilən zülmə dözürük. Bəli dözümümüzün izafi olması
fikri ilə razıyam. Torpağı işğal olunan millətin dözməmək haqqı var və
dözməməlidir. Lakin edəcəyi müharibədə səbrli olmağı unutmamalıdır.
- Mirmahmud ağanı təkrar seçkilərdə nə gözləyir? Millət vəkili
seçiləcəyi halda işğal faktını aradan qaldırmaq üçün nə işlər görəcək?
- Mən təkrar seçkilərə qatılmaqla seçkini saxtalaşdıranların hər
bir vətəndaşın seçmək və seçilmək hüququna hörmətlə yanaşmasına nail olmaq
istəyirəm. Millət vəkili seçiləcəyim təqdirdə, imzamı atdığım QAT-ın Qarabağ
bəyannaməsinin müddəalarının və partiya olaraq lazım bildiyimiz bütün qərarların
qəbul olunmasına çalışacağam.
- İran səfirinin son hərəkətləri barədə fikrinizi bilmək maraqlı
olardı. Sizin fikrinizcə, Azərbaycan höküumətinin reaksiyasını yetərli saymaq
olarmı?
- Partiya olaraq səfirin hərəkətlərinə kəskin etirazımızı
bildirdik. İzmir şöbəmiz İran səfirliyi qarşısında piket keçirərək partiyanın
mövqeyini daha kəskin şəkildə ortaya qoydu . Hesab edirəm ki, İran səfiri öz
səlahiyyət həddini aşdığına görə ölkədən çıxarılmalı idi. Medianın bu məsələdə
mövqeyini bəyənməsəm də, millət vəkillərinin tutduğu mövqe çox xoşuma gəldi. O
ki qaldı İran dövlətinə, özünü İslam dövləti hesab edənlərin Ermənistana yardım
etməsi heç bir məntiqə sığmır. Biz partiya olaraq, İranı İslam dövləti yox,
anti-islam dövləti hesab edirik.
- Son olaraq Mirmahmud ağa qəzetimiz vasitəsilə oxuculara nə
demək istərdi?
- “Azad Qarabağ” adı ilə sizə Bakıda çox az ömür arzu edirəm.
Arzu edirəm ki, qəzetiniz azad edəcəyimiz Qarabağda nəşr olunsun. Oxuculara isə
üzümü tutub deyirəm: Bu gün Azərbaycanın həqiqi mənada vətən daşı ola bilən
vətəndaşlara çox böyük ehtiyacı var. Gəlin Azərbaycanda vətəndaş qıtlığı
problemini bir yerdə həll edək ki, vətənin hər daşı vətəndaşlarımız tərəfindən
sevilsin.
Manaf Kərimli
Atəşkəs döyüşləri
Az.İnfo.Büro:
Martın
29-da Ermənistan Silahlı Qüvvələrinin növbəti dəfə atəşkəsi pozması
nəticəsində Tovuz rayonunun Əlibəyli kəndində ordumuzun bir əsgəri- 2005-ci
ildə Sumqayıt şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış, 1983-cü il
təvəllüdlü Əliyev Fərid Rəhim oğlu aldığı snayper gülləsindən şəhid olub.
Martın 29-da saat 19.40-dan19.55-dək
Ermənistan Silahlı Qüvvələrinin bölmələri Noyamberyan rayonunun Barekamavan
kəndinin 2,3 kilometr şərqindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin
Qazax rayonu ərazisindəki adsız yüksəklikdə yerləşən mövqelərini avtomat və
pulemyotlardan atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Martın 30-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri
saat 13. 40-dan 13.50-dək Tovuz rayonunun Hacı Həsənli kəndinin 2.2 kilometr
qərbindəki işğal olunmuş adsız yüksəklikdə yerləşən mövqelərindən Azərbaycan
Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotdan atəşə tutublar.
Martın 31-də saat 13.25-də Ermənistan Silahlı
Qüvvələrinin bölmələri işğal altında olan Fizuli rayonunun Əbdürrəhmanlı
kəndindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atəşə tutublar. Cavab atəşi
ilə düşmən susdurulub. İtki yoxdur.
Aprelin 2-də saat 9.00-da Ermənistan Silahlı Qüvvələrinin
bölmələri Fizuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin 1.3 kilometr şimalında
yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini atıcı
silahlardan atəşə tutub. Nəticədə Azərbaycan Silahlı Qüvvələrinin hərbi
qulluqçuları- əsgər 1987-ci il təvəllüdlü, 2005-ci ilin aprelində Zaqatala rayon
Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış Yaqubov Şaban Məhəmməd oğlu ağır
yaralanaraq şəhid olub. Əsgər, 1979-cu il təvəllüdlü, 2005-ci ilin yanvarında
Goranboy rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış Şirinov
Niyaməddin Əsəd oğlu isə ağır yaralanıb.
Aprelin 2-də Ermənistan tərəfi atəşkəsi növbəti dəfə
pozub. Aldığımız məlumata görə Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat
21.45-də Fizuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında yerləşən
mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini, saat 23.05-də
Qazax rayonunun Cəfərli kəndinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan
Silahlı Qüvvələrinin üzbəüz mövqelərini və Cəfərli kəndini atəşə tutub. Həmin
gün Ermənistan Silahlı Qüvvələri işğal olunmuş Gülçülük sovxozu və Şıxlar
kəndindəki mövqelərindən Ordumuzun üzbəüz mövqelərini, eləcə də rayonun Çıraqlı
və Orta Qışlaq kəndlərini səhər saatlarınadək atəşə tutublar. Düşmən cavab atəşi
ilə susdurulub. İtki yoxdur.
Aprelin 3-də saat 17.55-dən 18.00-dək Ermənistan Silahlı
Qüvvələrinin bölmələri Berd rayonunun Mosesqex kəndinin 1,7 kilometr cənub
şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu
ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini, saat 21.00-dan 22.00-dək
Ağdam rayonunun işğal olunmuş Cəvahirli kəndinin 2,5 kilometr cənub-şərqində
yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Əhmədağalı kəndi
yaxınlığında yerləşən mövqelərini atəşə tutub. Cavab atəşi ilə düşmən
susdurulub, itki yoxdur.
Aprelin 4-də saat 14.55-də Ermənistan Silahlı
Qüvvələrinin bölmələri Noyamberyan rayonunun Voskevan kəndindən Azərbaycan
Silahlı Qüvvələrinin Qazax rayonunun Quşçu Ayrım kəndindəki mövqelərini və
kəndin özünü avtomat və pulemyotlardan atəşə tutub. Cavab atəşi ilə düşmən
susdurulub, itki yoxdur.
Aprelin 5-də saat 16.30-da Ermənistan ordusunin bölmələri
Ağdamın işğal altında olan Gülçülük sovxozu adlanan ərazisindən Azərbaycan
Ordusunun üzbəüz mövqelərinə hücum edib.Cavab atəşi ilə qarşı tərəf geri
oturdulub. İtki yoxdur.
Aprelin 6-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri
Ağdam rayonunun işğal olunmuş Baş Qərvənd kəndindən Azərbaycan silahlı
qüvvələrinin Ağdam rayonunun Çıraqlı kəndində yerləşən mövqelərini və kəndin
özünü atəşə tutub. Cavab atəşi ilə düşmən susdurulub, itki yoxdur.
Aprelin 11-də saat 16.20-də Ermənistan Silahlı
Qüvvələrinin bölmələri Noyamberyan rayonunun Berdaban kəndindən Azərbaycan
Silahlı Qüvvələrinin Qazax rayonundakı mövqelərini, saat 22.05-dən 22-15-dək isə
Noyaberyan rayonunun Şavarsavan kəndi, Qazax rayonunun işğal olunmuş Bağanes
Ayrım və Aşağı Əskipara kəndləri ərazisindəki mövqelərindən ordumuzun üzbəüz
mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Cavab atəşi ilə düşmən
susdurulub, itki yoxdur.
Topladı:
Xəyyam Fəzailoğlu
|