Bu gün: 20 İyul 2008, Bazar

 

 
 
 

 

Azad Qarabağ - 4-cü səhifə

Qarabağın təhvil verilməsi təhlükəsi

Fransalı həmsədr Bernar Fasyenin regiona gəlişi və konkret açıqlamaları, həmçinin onun amerikalı kolleqasının cavab dalınca gözlənilən səfəri Minsk Qrupunun münaqişəni Azərbaycanın hesabına həll etmək cəhdini bir daha təsdiq edir. Ən müxtəlif mənbələrdən alınan məlumatlara görə, Minsk Qrupu həmsədrlərinin Rambuyedə və ondan sonrakı dövrdə təklif edib, üzərində dayandığı variant Dağlıq Qarabağın ətrafındakı 5 və yaxud 7 rayonun azad edilməsi müqabilində referenduma, sülhməramlı qüvvələrin münaqişə zonasına  yerləşdirilməsinə razılıq verilməsindən ibarətdir. B.Fasyenin "tərəflər 80 faizlik nəticə ilə kifayətlənməlidir" tələbi də həmin planın mahiyyətindən irəli gəlir. Sadə hesablama aparsaq, Ermənistan razılaşacağı 20 faizlik itki Dağlıq Qarabağın ətrafındakı rayonların boşaldılması, qazanacağı 80 faizlik nəticə isə Dağlıq Qarabağ olacaqdır. Fasye cənablarının sadəlövh azərbaycanlılara hesablanmış bu 80 faizi əslində ermənilər üçün 100 faizlik nəticədir. Azərbaycanın getməli olduğu guya 20 faizlik itki isə Dağlıq Qarabağın itirilməsi ilə bağlı, yəni əslində Azərbaycanın 100 faizlik itki ilə razılaşmasıdır.

Bu prosesə hazırlıq çoxdan gedir və  beynəlxalq qurumlar, maraqlı dövlətlər Beynəlxalq Böhran Qrupunun təmsilçilərinin dili ilə dəfələrlə bildirmişlər ki, "Azərbaycan status və referendum, Ermənistan isə Dağlıq Qarabağın ətrafındakı ərazilərlə bağlı güzəştə getməlidir". Bu formula artıq tərəflərə təqdim olunmuşdur. Son üç ayda təşəbbüsü ələ almış ABŞ Azərbaycanı məhz bu plana razı salmağa çalışır. Heç bir halda şübhə doğurmur ki, Vaşinqton səfəri zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da bu barədə konkret təkliflər almışdır. Amerikalı həmsədr S.Mənn isə bölgəyə verilmiş tapşırıqlara, qoyulmuş suallara qəti cavab almaq məqsədi ilə gəlir.

Təklif olunan planda bir sıra şirnikləndirici məqamlar var. Azərbaycan hakimiyyəti bütövlükdə plana razılaşarsa, bu məqamlardan narazı xalqa qarşı təbliğat kampaniyasında istifadə edə bilər.

Bu məqamlardan biri Dağlıq Qarabağın ətrafındakı 5, ən yaxşı halda 7 rayondan erməni silahlı qüvvələrinin çıxarılması ilə bağlıdır. Ermənistan hazırda boşaldılacaq rayonların sayı ilə bağlı alver qurmağa çalışır. Beynəlxalq təşkilatların köməyi ilə bu variantın, yəni "ərazi müqabilində status" məsələsinin müzakirəyə çıxarılması erməni tərəfinin uğurudur. Digər məqam 15 ildən sonra statusla bağlı referendumun keçirilməsini nəzərdə tutur. Referendumun bir və yaxud yüz ildən sonra keçirilməsinin Azərbaycanın maraqları baxımından heç bir fərqi yoxdur. Biz referenduma prinsip etibarı ilə razılıq versək, Dağlıq Qarabağın mübahisəli ərazi olduğunu bildirmiş oluruq. Ona görə də heç kim referendumun neçə vaxtdan sonra keçirilməsi ilə möhtəkirlik edib, xalqı aldatmamalıdır. Başqa  bir məqam sülhməramlı qüvvələrin münaqişə zonasına yerləşdirilməsini şərtləndirir. Ən təhlükəli məqam da elə bununla bağlıdır. İstənilən tərkibdə, statusda regiona gətiriləcək bu qüvvələr, faktiki olaraq, işğalçı rejimin mövcudluğunun qorunmasına xidmət edəcəkdir.

Göründüyü kimi, həmsədrlərin, onların təmsil etdikləri dövlətlərin qurduqları plan Dağlıq Qarabağın işğalçı Ermənistana həmişəlik təhvil verilməsinə yönəlmişdir. İndi həmsədrlər Azərbaycan hakimiyyəti ilə birlikdə bu planı xalqa və cəmiyyətə nə cür qəbul etdirməyin yollarını aramaqla məşğuldurlar. Hər halda, kənardan belə görünür. Elə deyilsə, onda Azərbaycan hakimiyyəti status, referendum, sülhməramlı qüvvələrlə bağlı məsələlərdə hər hansı  ad altında güzəştə getməməli və Minsk Qrupunun "ayı xidməti"ndən imtina etməlidir. Bunun isə əlamətlərini hələlik görmürük.

 Akif Nağı


“Erməniləri Azərbaycanın ərazi bütövlüyünə
hörmətlə yanaşmağa məcbur etmək lazımdır”

 Bu həftə qonağımız politoloq, millət vəkili Aydın Mirzəzadədir

 - Aydın bəy, atəşkəsin son zamanlar tez-tez pozulması ermənilərin provakasiyası ola bilərmi?

- Elə yeganə məqsəd bundan ibarətdir. Atəşkəs, yəni atəşin kəsilməsi deməkdir. Yəni hər iki tərəf hərbi əməliyyatları dayandırmağı öhdəsinə götürüb. 1994-cü ildən bəri vaxtaşırı Ermənistan tərəfi atəşkəsi pozur. Burda məqsəd Azərbaycanı provakasiyaya çəkmək və hərbi əməliyyatın baş verəcəyi təqdirdə, bunun məsuliyyətini Azərbaycanın üzərinə atmaqdan ibarətdir. Azərbaycan tərəfinin apardığı təbliğat və izahat işləri müəyyən nəticə verib. Bu baxımdan, Ermənistan tərəfi istəyir ki, Azərbaycanı atəşkəsi pozan tərəf kimi qələmə versin.

- Rambuye, Vaşinqton və İstanbuldakı nəticəsiz görüşlərdən sonra, inanırsınızmı ki, Ermənistanla ortaq məxrəcə gəlmək olar?

- Ermənistanla ortaq məxrəcə gəlmək yox, erməniləri Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa məcbur etmək lazımdır və Azərbaycanın da bu danışıqlarda iştirakı, məhz bu məqsədi daşıyır. Ortaq məxrəcə gəlmək istəyi olsaydı, bunu çoxdan etmək olardı. Ancaq bunu Azərbaycanın ziyanına olmaqla həyata keçirmək mümkün idi. Əvvəlki prezidentimiz - Heydər Əliyev, həm də, indiki prezident İlham Əliyev danışıqlarda bir məqsədlə - Azərbaycan torpaqlarından erməni qoşunlarının çıxarılması məqsədi ilə çıxış edirlər.

- Aydın bəy, Azərbaycanın öz torpaqlarını azad etmək üçün müharibə etmək hüququ var. Sizcə, Azərbaycan bu hüququndan istifadə edəcək?

- Bilirsinizmi, bu bir qədər siyasi qərardır. Yəni, hərbi əməliyyatlara başlamaq, o zaman mümkün olur ki, atəşkəs rejimi olmur, hərbi əməliyyatlar sadəcə olaraq davam etdirilir. Bir də, beynəlxalq ictimaiyyətin məsələnin sülh yolu ilə həllini təklif etdiyi missiyanı yerinə yetirmədikdə. Yəni, bu imkanlar tükəndikdə. Hazırda isə danışıqlar prosesinə üstünlük verilir. Ancaq bu, Azərbaycanı hərbi yolla torpaqlarını azad etmək hüququndan azad edə bilməz. Bu Azərbaycan dövlətinin beynəlxalq hüququdur və danışıqlarda da Azərbaycan tərəfi bunu dəfələrlə xatırladıb. Bunun nə vaxt baş verəcəyinə proqnoz vermək mümkün deyil. Sadəcə olaraq, Ermənistan tərəfi nəzərə almalıdır ki, Azərbaycan tərəfinin bu məsələdə səbri tükənməz deyil.

- Xarici işlər nazirinin müavini Araz Əzimov bildirib ki, 907-ci düzəliş yaxınlarda aradan qaldırılacaq. Sizcə, bu mümkündürmü?

- Düzünü desəm, bu artıq aradan qalxıb. Faktiki olaraq 907-ci düzəliş işləmir. Bunun birdəfəlik aradan qalxması isə arzuolunandır. Azərbaycan diplomatiyası da bu istiqamətdə iş görür.

- Ermənistana səfər edən Azərbaycan vətəndaşlarına münasibətiniz necədir və nə üçün dövlət səviyyəsində bunun qarşısı alınmır?

- Mənim bu məsələyə münasibətim mənfidir. Hesab edirəm ki, torpaqlarımızı işğal edən bir düşmən ölkəyə səfər etmək, mənəvi cəhətdən heç də düzgün deyil. Bu hərəkətlərlə sanki biz, düşmənlə dostluq körpüsü qurmuş oluruq. Azərbaycanlı olan hər bir kəs, özünü belə səfərlərə getməkdən saxlamalıdır.  Dövlət səviyyəsində isə biz hüquqi ölkəyik və hər bir hüquqi ölkənin vətəndaşının da sərbəst hərəkət etmək hüququ var.  Ona görə də, bu səfərlərin qarşısının alınması qeyri-mümkündür. Burada vətəndaşın özünün üzərinə bir mənəviyyat yükü düşür. Əgər səfər edənlər Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunsa, əlbəttə ki, dövlət hüququ qüvvəyə minir və o insan qanun qarşısında cavab verməli olur.  Məncə vətəndaşlar özləri  bu səfərləri həyata keçirməkdən çəkinməlidirlər.

- DAK-ın təşəbbüsü ilə Brüsseldə Xocalı abidəsi ucaldılacaq. Azərbaycanda da belə bir abidənin ucaldılması gözlənilirmi?

- Ən böyük abidə Xocalı faciəsini Azərbaycan xalqının yaddan çıxarmamasıdır.  Xocalı prospektində bir abidə var - Vətən harayı. Açığını deyim ki, abidənin fəlsəfəsi düzgün olsa da,  həmin o faciənin böyüklüyü ilə abidə tərs mütənasiblik təşkil edir.  Amma ümid edirəm ki, Xocalı faciəsinə aid abidədən daha çox, bir kompleks tikilməsinin vaxtı çoxdan çatıb.

- Müharibə aparmaq istəyən dövlət, Qarabağ partizanlarını hələ də həbsdə saxlayır. Onların yaxın vaxtlarda azad olunacağını gözləmək olarmı?

- Təəssüf ki, mən o prosesin mahiyyəti ilə tanış deyiləm. Düzdür, belə bir qrupun olduğundan xəbərdaram. Amma konkret nəyin üstündə həbs edildiklərini bilmirəm. Əgər onların, belə desək, silahlı dəstə təşkil edib, torpaqlarımızı azad etmək istəyi olubsa, onlara qarşı cəza tətbiq etməmək də olardı.  Ancaq bunu hamı bilməlidir ki, ölkə daxilində qeyri-qanuni silahlı dəstə yaratmaq olmaz. Ümid edirəm ki, prezident İlham Əliyev tərəfindən onlara qarşı humanist addım atılacaq.

- Qarabağ məsələsinin həllində hansı variantı daha real hesab edirsiniz?

- Mən hər iki variantı real hesab edirəm.  Yəni, hər iki variantdan istifadə etmək lazımdır. Həm danışıqlar aparmaq, həm də ordunun möhkəmləndirilməsi işini gücləndirmək lazımdır. Azərbaycanda hərbi vətənpərvərlik hissi daha da güclü olmalıdır. Artıq Ermənistan bunu hiss edir. Azərbaycan bütün imkanlarından istifadə etməyə hazırdır və bu da düşmən ölkədə ciddi narahatçılığa səbəb olur.  Ermənistan daim Azərbaycanın onun üzərində gücünü və təzyiqini hiss etməlidir.

- Ermənistan hakimiyyətinə yaxın Tərəqqi Partiyasının sədri Ramil Səfərovun başına 125 min dollar pul qoymuşdur. Biz isə məhkəməni sakitcə izləyirik.  Dövlətin öz zabitini müdafiə etməsindən razısınızmı?

- Bu gün Ramil Səfərovun məhkəməsi qanun çərçivəsində həll olunur. Bu məhkəmə cəmiyyətin diqqət mərkəzindədir.

- Milli Məclisdə Qarabağ fraksiyasına ehtiyac varmı? Yəni, iqtidar-müxalifət deputatları birlikdə Qarabağ fraksiyasını yarada bilməzmi?

- Bilirsinizmi, mən politoloqam və açığını deyim, fraksiya daxilində fraksiya yaratmaq  düzgün deyil.  Bu gün Milli Məclisin hər bir üzvü Qarabağ Fraksiyasının üzvüdür. Onsuz da, Azərbaycan hakimiyyətinin və xalqının bir nömrəli problemi - Qarabağ problemidir.

- Ordumuzun vəziyyəti sizi qane edirmi?

- Ümumən, bu gün Azərbaycan ordusunun vəziyyəti məni qane edir. Sizinlə danışdığım bu anda, mənim gözümün önündə Azərbaycan polkovniki canlanır. Bir həftə bundan öncə, mən hərbçilərlə görüşdüm. Bir polkovnik yumruğunu sıxaraq, "mən döyüş istəyirəm" - dedi. Bu, Xankəndinə, Şuşaya bayraq sancmaq istəyən bir Azərbaycan zabitinin obrazıdır.

- Demək olarmı ki, həm ordu, həm də xalq müharibə istəyir?

- Ordunun vəzifəsi döyüşməkdir. Mən də bunu hiss etdim. Azərbaycan xalqı istənilən variantla torpaqlarının azad edilməsini istəyir.

- Milli Məclisin Qarabağla bağlı fəaliyyətindən razısınızmı?

- Bizim demək olar ki, müzakirə etdiyimiz hər bir məsələnin içərisində Qarabağ ruhu var.  Amma hesab edirəm ki, vaxtaşırı Milli Məclisdə Qarabağ məsələsi müzakirə olunmalıdır.

- Aydın bəy, Azərbaycan hərbi doktrinasının və təhlükəsizlik doktrinasının hələ də hazırlanmamasına necə baxırsınız?

- Belə hesab edirəm ki, Azərbaycan hərbi doktrinası var, o prezidentin hərbi quruculuq sahəsində apardığı hərbi siyasətdir. Amma belə hesab edirəm ki, bunun Milli Məclisdə müzakirəsinə və yeniləşməsinə ehtiyac var.

- Aydın bəy, neçə illərdir ki, ATƏT-in Minsk qrupu səmərəsiz fəaliyyət göstərir. QAT təklif edir ki, ATƏT-in Minsk qrupunun fəaliyyətinə son qoyulsun.  Bu fikirlə razısınızmı?

- Bəli, mən də bu gün ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə razı deyiləm. Çox təəssüf ki, ondan imtina etməklə, alternativ bir şey ortaya qoya bilmirik. Ona görə də, ATƏT-in Minsk qrupunun fəaliyyətinə son qoymaq yox, onun fəaliyyətini canlandırmaq lazımdır.

- Rusiya Ermənistanı silahlandırmaqda davam edir. Sizcə,  Azərbaycanın Türkiyə ilə hərbi saziş imzalamasının vaxtı yetişibmi?

- Azərbaycan öz ərazisində hər hansı bir hərbi bazanın yaradılmasının əleyhinədir. Ancaq Azərbaycanla qardaş Türkiyə arasında sıx hərbi əməkdaşlıq var. Ordumuzun formalaşmasında Türkiyə dövlətinin rolu böyükdür. Rusiyanın Ermənistanı silahlandırmasına gəldikdə, əlbəttə ki, bu reallığı Azərbaycan tərəfi nəzərə alır.

Vüsal Lənbəranlı


Nekroloq 

Qarabağ Azadlıq Təşkilatı Ali Məclisinin üzvü Xəlil Abdullayev uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.

Xəlil Abdullayev 1938-ci ildə Ağdam rayonunun Abdal kəndində anadan olmuşdu. O, sadə  zəhmət adamından təsərrüfat rəhbərinə qədər əmək yolu keçmişdir. Harda  işləməsindən asılı olmayaraq, Vətənə, Millətinə yararlı olmağa çalışmış, hər yerdə səmimiliyinə və zəhmətkeşliyinə görə hörmət qazanmış, el ağsaqqalı olmuşdur. Xəlil müəllim əsil vətəndaş kimi yaşamış, kişi kimi ömür sürmüşdür.

Xəlil Abdullayev Qarabağ müharibəsi başlayan gündən cəbhədə olmuş, gənclərlə bir sırada yağı düşmənə qarşı ağır döyüşlərdə iştirak etmişdir. Ağdam cəbhə xəttində hamı, o cümlədən erməni işğalçıları da onu "Topçu Xəlil" kimi tanıyırdılar. O, dəfələrlə sərrast atəş ilə düşmənin mövqelərini darmadağın etmiş, işğalçıları ağır itkilərə məruz qoymuşdur. Topçu Xəlilin Qarabağ müharibəsində qəhrəmanlığına, hünərinə, rəşadətinə dair əfsanələr qoşulmuşdur. Onun həyat və döyüş yolu gənclərimiz üçün örnəkdir.

Xəlil müəllim atəşkəs dövründə də fəaliyyətini davam etdirmiş, Qarabağ Azadlıq Təşkilatının sıralarında erməni işğalına qarşı ictimai müqavimətin təşkilində fəal iştirak etmiş, düşmənə, düşmənin havadarlarına qarşı barışmaz mövqedə olmuş, həbslərə, təqiblərə baxmayaraq yolundan dönməmişdir. Topçu Xəlil son günlərinə qədər Qarabağ həsrəti, yağı düşmənə sonsuz nifrət və yenidən azadlıq müharibəsinə atılmaq arzusu ilə yaşamışdır. Azərbaycan əsgəri Topçu Xəlilin, onun kimi minlərlə dünyasını nakam dəyişmiş soydaşımızın, bütün şəhidlərimizin intiqamını almalı, torpaqlarımızı işğaldan azad etməlidir!

Xəlil Abdullayevin əziz xatirəsi onu tanıyanların, yaxınlarının, Qarabağ mücadiləsi aparan insanların  qəlbində əbədi yaşayacaqdır.

Allah rəhmət eləsin!
Qarabağ Azadlıq Təşkilatı Ağsaqqallar Şurası və İdarə Heyəti 

geri yuxarı irəli çap_etmək... email_kimi_göndərmək... 1 ... 3 4 5 ... 16

Sənədin sonuncu korrektə tarixi: 14/4/2006 - 12:59:56
Bütün materiallar Azad Qarabağ WEB saytına məxsusdur və istinad vacibdir.

Powered by TusiSoft© 2004, 2007 TSW_3.0.2

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.013531