|
Azad Qarabağ - 5-cü səhifə
Rəhim Hüseynov: Erməni terroristləri hansı
yolla torpağımıza gəliblərsə,
o yolla da onları qovmaq lazımdır
Aprelin
5-i "Xəzər" Beynəlxalq Fondunun prezidenti, QAT-ın Ağsaqqallar Şurasının üzvü,
ömrünün yarıdan çoxunu çətin və məsuliyyətli vəzifələrdə keçirən, yaşadığı
şərəfli ömür yolu Azərbaycanın baş naziri kürsüsündən keçən Rəhim Hüseynovun 70
yaşı tamam oldu. Tanınmış ictimai-siyasi xadim, ağsaqqal Rəhim müəllimlə
yubileyi günü görüşüb təbrik etməyi özümüzə borc bilərək, həm də bizi
maraqlandıran bəzi məsələlərə münasibətini öyrənmək istədik. Necə deyərlər, "həm
ziyarət, həm ticarət".
- Rəhim müəllim! Sizi 70 illik yubileyiniz münasibəti ilə təbrik
edirik. Bu yaşda özünüzü necə hiss edirsiniz? 70 yaşı insan ömrünün hansı çağı
adlandırmaq olar?
- Allaha şükür! Hələ ki, özümü pis hiss etmirəm. Məncə, insanın
özünü necə hiss etməsi yaşdan asılı deyil. Daim məşğul olduğuma görə yaşın necə
keçdiyini hiss etmirəm, o barədə düşünməyə demək olar ki, vaxtım qalmır. Tale
elə gətirib ki, mən lap cavan yaşlarımdan vəzifələrdə çalışmışam. 29 yaşımda
məni nazir müavini təyin etdilər. O vaxtlar elə yaşda hər adama böyük vəzifə
tapşırmırdılar. Üstündən 8-9 il keçəndən sonra nazir oldum. 15 il nazir
işləmişəm. Yəni, demək istəyirəm ki, cavan yaşlarımdan vəzifədə olduğuma görə
məni həmişə sayıblar. İndi də ictimai təşkilatlara rəhbərlik edirəm, bu
təşkilatlar hamısı ümumdünya təşkilatlarıdır. Çox ölkələrlə əlaqələrimiz var,
işləyirik, başımız qarışır. Amerikada belə bir təşkilat var: Dillərarası,
Xalqlararası Beynəlxalq Federasiya. 2000-ci ildə onlar məni "sülh səfiri"
seçiblər. Bu Federasiya ancaq sülh məsələləri ilə məşğul olur, yəni, dünya
ölkələri arasında konflikt, terror olmasın, xalqlar bir-biri ilə dost olsun.
Bugünkü situasiyaya uyğun bir federasiyadır, 180 ölkədə filialı var. Məni keçmiş
baş nazir kimi dəvət ediblər, bu işlə çox məşğulam. Federasiyanın 60 minə yaxın
üzvü var. Bu üzvlərdən yalnız 13-14 nəfəri keçmiş baş nazir, keçmiş prezident,
parlament sədridir ki, onlardan biri də mənəm. Başım bu işlərə elə qarışıb ki,
yaşım tamam yadımdan çıxıb.
- Sizin çətin və şərəfli bir ömür yolunuz olub. Dediyiniz kimi
lap gənc yaşlarından vəzifələrdə çalışaraq, baş nazir vəzifəsinə qədər
yüksəlmisiniz. İnsan ömrü səhvlərlə doludur. Belə bir deyim də var, əgər insan
yaşayırsa, o, səhv edir. Sizin də özünüzə bağışlaya bilmədiyiniz elə bir
səhviniz olubmu? Yaşadığınız ömür bütövlükdə özünüzü qane edirmi?
- Elə bir səhvim yadıma gəlmir. Rəhmətlik Heydər Əliyev bir dəfə
məndən şikayət etmişdi. Hələ SSRİ vaxtında ümumi rəhbərimiz Bakıya gəlmişdi və
Heydər Əliyev ona şikayətlənib demişdi ki, Rəhim Hüseynov heç kəsi saymır, səhv
edir, həmişə bildiyini tutur. Çünki o vaxt bizə nə toya, nə yasa getməyə icazə
vermirdilər. Mən isə qohum-əqrəbanın bir toyundan, yasından qalmırdım. Sovet
vaxtında Kərbəlaya da, Məşhədə də getmişəm. Bax bu cür "səhvlər"im olub (gülür).
- Vəzifə daşımaq, məsələn, nazir, baş nazir vəzifələri sovet
dövründə daha çətin, məsuliyyətli idi, ya indiki müstəqillik dövrümüzdə?
- Mən 1992-ci ilin əvvəllərində baş nazir olmuşam, artıq sovet
quruluşu dağılandan sonra. Cəmi bircə gün Mütəllibovla işləmişəm, çünki mənim
baş nazir vəzifəsinə təyin edildiyim günün axşamı Mütəllibovu ölkədən
qaçırtdılar. İki gündən sonra rəhmətlik Elçibəyin komandası gəldi və onlar məni
yenidən baş nazir vəzifəsinə təsdiq etdilər. Bir ilə yaxın Elçibəylə işlədim.
Heç kimi vəzifəsindən azad etməyə qoymadım, yaxşı mütəxəssisləri saxladım.
Vəzifə daşımaq sovet dövründə daha məsuliyyətli idi, çünki
bilirdin ki, gördüyün işə cavab verməli olacaqsan. Mən 1965-ci ildən 1992-ci ilə
qədər ancaq nazir müavini, nazir, baş nazirin müavini, baş nazir vəzifələrində
işləmişəm. Sovet dövründə sənə iş tapşırırdılar və o işin bütün məsuliyyəti
sənin üzərinə düşürdü, sən cavab verməli olurdun. Əfsuslar olsun ki, bu
məsələlər dağılıb getdi. İndi heç kim heç nəyə cavab vermir. Təzə qayda-qanun
yaratdılar, indi Prezident Aparatı hökumətə rəhbərlik edir. Prezident Aparatı
ancaq siyasi məsələlərlə məşğul olmalıdır. O gündən ki, Prezident Aparatının
kiçik vəzifəli işçiləri belə baş nazirə tapşırıqlar verməyə başladı, hər şey
dağılıb getdi. Mən elə o gündən baş nazir vəzifəsindən imtina etdim, dedim, mən
belə işləyə bilmərəm. Elçibəy məndən əl çəkmirdi, mənimlə işləmək istəyirdi,
ancaq razı olmadım. Heydər Əliyev gələndən iki il sonra Prezident Aparatından
mənə zəng edib bildirdilər ki, prezident sərəncama qol çəkib sizi işdən azad
etdi. Təəccübləndim ki, görəsən nə məsələdir, mən indi ictimai təşkilata
rəhbərlik edirəm, bu nə deməkdir? Sən demə, Elçibəy məni özünə müşavir təyin
edibmiş, mənimsə bundan xəbərim yox idi, heç gedib-gəlmirdim. Heydər Əliyev də
bilirdi ki, mən o vəzifədən imtina etmişəm, odur ki, sərəncama qol çəkib məni
azad etmişdi. Sonradan özü də məni dəvət edib, nə üçün vəzifədə işləmək
istəmədiyimlə maraqlandı, istədi yenidən vəzifə tapşırsın. Ancaq mən dedim ki,
sərbəst olmasam, işləyə bilmərəm. O da Prezident Aparatına zəng vurub tapşırdı
ki, Rəhim Hüseynov "Xəzər" Beynəlxalq Fondunu yaradıb, nə işi olsa, ona kömək
edin. Mənə isə üzünü tutub dedi: tı neispravimıy. Çünki əvvəllər, sovet dövründə
biz birlikdə çox işləmişdik, o məni yaxşı tanıyırdı. Bu günə qədər də heç kəs
mənim işimə mane olmayıb, mənim xarakterimi yaxşı bilirlər, heç kimin işinə
qarışmıram, kim düz danışır, onunlayam.
- Yaşadığınız zaman ərzində, vəzifələrdə olduğunuz illərdə
Azərbaycan bir neçə dəfə keçid dövrü yaşayaraq, müxtəlif mərhələlərdən keçib.
Azərbaycan dövləti, eləcə də Azərbaycan xalqı üçün həm siyasi, həm də iqtisadi
baxımdan ən çətin dövr hansı illər olub?
- Azərbaycan üçün ən çətin illər Qarabağ hadisələri başlayanda
başladı. Bundan istifadə edərək respublikada müxtəlif dağıntılar etdilər.
İqtisadiyyat da dağılmağa başladı, pespublikanın idarəedici orqanları da
cürbəcür səhvlər buraxmağa başladılar. Yəni Qarabağ hadisələri başlayandan sonra
idarəetmə işləri bir növ həyata keçirilmədi.
- Qarabağ probleminin həlli yollarını necə görürsünüz?
- Bu haqda mən dəfələrlə çıxış etmişəm. Birinci çıxışım 2001-ci
ildə BMT-də oldu. Nyu-Yorkda binalar partladılan zaman qlobal terrorizmlə bağlı
ümumdünya konqresi keçirildi.
O konqresdə
Amerikanın keçmiş dövlət katibi və baş prokuroru da mənim çıxışımı dinləyirdi.
Mən orada onlara dedim: 10 ildir siz bizim beynimizi çürüdüb deyirsiniz, Qarabağ
məsələsini bu terrorist ermənilərlə sülhlə həll edin, hansı ki, oğurluqla bizim
evimizə girib torpaqlarımıza yiyələniblər. Ancaq indi sizin iki binanızı
partladıblar, bunun üçün Əfqanıstanı dağıdırsınız, nə var, nə var, Ben Ladeni
versinlər. Gedin Ben Ladeni sülhlə alın, daha bunun üçün əfqan xalqını niyə
qırırsınız?
Bu problemin həlli
yolu odur ki, terrorist hansı yolla torpağımıza gəlib, o yolla da onu qovmaq
lazımdır. Sülh yolu ilə bu problem həll olunmayacaq. Özü də bu bizim daxili
işimizdir, heç bir ölkə, heç bir beynəlxalq təşkilat gərək buna qarışmasın. Biz
öz torpaqlarımızı azad edirik, ancaq gərək buna konkret imkanımız olsun.
Torpaqlarımızı özümüz azad etməsək, bu məsələ unudulub gedəcək. Nə qədər ki,
Qarabağdan köçən yaşlı insanların hələ hamısı dünyasını dəyişməyib, bu məsələni
həll etmək lazımdır. Cavanlar, uşaqlar Qarabağı unudacaq, sonra ora heç qayıtmaq
da istəməyəcəklər.
Mən hələ 1992-ci ildə Amerikada böyük Buşla görüşəndə Qarabağ və
ermənilər haqqında bir çox həqiqətləri faktlarla onun nəzərinə çatdırmışdım.
Sən demə, o, bu faktların çoxunu heç bilmirmiş.
Bu məsələnin bu
qədər uzanmasının bir səbəbi də heç bir ölkə ilə münasibətləri pozmaq istəməmək,
müəyyən iqtisadi əlaqələri saxlamaqdır. Bir sözlə, biz hərbi gücümüzlə
erməniləri torpaqlarımızdan çıxarmalıyıq. Bütün ölkələr Qarabağın Azərbaycanın
torpağı olduğunu təsdiq edib.
- Bir qədər də rəhbərlik etdiyiniz "Xəzər" Beynəlxalq Fondunun
imtiyaz və vəzifələrindən danışmağınızı istərdik.
- "Xəzər"
Beynəlxalq Fondu 1994-cü ildə yaranıb və o vaxtdan Milli Akademiyanın
alimlərinin, iqtisadiyyatçıların xahiş-təklifi ilə mən bu fonda rəhbərlik
edirəm. Fondun işi Xəzər və Xəzəryanı ölkələrlə birlikdə, xüsusən Abşeron
yarımadasında ekologiya məsələləri ilə məşğul olmaqdır. Ekologiya və
iqtisadiyyatı bir-birindən ayırmaq olmaz, harada ekologiya yoxdursa, orada
iqtisadiyyat da yoxdur.
Mən həm də 1990-cı
ildən Azərbaycan Alimlər və Mühəndislər İttifaqının sədriyəm. Bu təşkilat, ştabı
Moskvada yerləşən mənim vitse-prezident olduğum Beynəlxalq Alimlər-Mühəndislər
İttifaqının üzvüdür. Allah qoysa, iyun ayında Sankt-Peterburqda beynəlxalq
təşkilatın 140 illik yubileyinə həsr olunmuş konfrans olacaq və mən də
təşkilatın vitse-prezidenti kimi konfransda çıxış edəcəyəm.
1999-cu ildə
üçüncü bir təşkilat - Əmtəə Nömrələnməsi Milli Assosiasiyası yaratmışıq. Bu
təşkilat 114 ölkənin daxil olduğu Ümumdünya Federasiyasının üzvüdür. Biz həmin
siyahıda 91-ci olduq. Bu gün Azərbaycanın beş mindən artıq məhsulu bütün dünyaya
Azərbaycanın öz nömrəsi - 476 ilə gedir.
Haqqında söhbət
açdığım bu üç təşkilata rəhbərlik edirəm. Hər üç təşkilat elm, ekologiya,
iqtisadiyyat məsələləri ilə məşğuldur. Üçünü birləşdirdikdə bir işi tam görə
bilirik.
Nüşabə Səməndər
Ramil
Səfərov vətənə qaytarılmalıdır
Ramil
Səfərovun Hüquqlarını Müdafiə
Komitəsi konkret təkliflərlə çıxış etmişdir:
Azərbaycan
ordusunun zabiti Ramil Səfərovun işi ilə bağlı məhkəmə prosesi sona yaxınlaşır.
Heç bir şübhə yoxdur ki, Budapeşt şəhər məhkəməsi Ermənistan hakimiyyətinin və
erməni lobbisinin təsiri altındadır və məhkəmə obyektiv, ədalətli qərar qəbul
edə bilməyəcəkdir. Bu son məhkəmə prosesində birmənalı şəkildə nümayiş
etdirilmişdir. Hakim Andraş Vaskuti Ramil Səfərovu müdafiə edən tərəfin
müraciətlərini qeyd-şərtsiz rədd etmiş, obyektiv ekspertiza rəylərini, həmçinin
Ramil Səfərovun təhsil aldığı məktəblərin, o cümlədən, Budapeşt təlim mərkəzinin
müsbət xasiyyətnamələrini, onun ordu və kurs yoldaşlarının ifadələrini nəzərə
almaq istəməmişdir. Bütün bunlar bir daha göstərir ki, Budapeşt şəhər məhkəməsi
ermənilər tərəfindən ələ alınmışdır, ermənilər bu məhkəmənin vasitəsi ilə Ramil
Səfərova divan tutmaq istəyirlər.
Ramil Səfərovun
hüquqlarını müdafiə komitəsi hesab edir ki, düşmənin məkrli niyyətlərinə yol
verməmək üçün təcili və təsirli tədbirlər həyata keçirilməlidir:
1. Azərbaycan
hakimiyyəti aprelin 13-də məhkəmə prosesinin təxirə salınması, məhkəmə heyətinin
dəyişdirilməsi üçün konkret addımlar atmalıdır.
2. Azərbaycan
Respublikası Milli Məclisinin Macarıstan parlamenti ilə əlaqə qrupu təcili
Budapeştə səfər etməli, Macarıstan parlamentində məhkəmə prosesinin müzakirəsinə
nail olmalıdır.
3. Dövlət
səviyyəsində təşkil olunmaqla, geniş tərkibdə mətbuat qrupu yaradılmalı və
təcili olaraq Budapeştə ezam olunmalıdır.
4. Azərbaycanın
Macarıstandakı səfirliyi dərhal Macarıstanın müxtəlif dövlət və hüquq-mühafizə
orqanları ilə intensiv iş aparılmasına başlamalıdır.
5. Ramil Səfərov
haqqında hansı hökmün çıxarılmasından asılı olmayaraq, onun dərhal Azərbaycana
ekstradisiya edilməsinə Azərbaycan hakimiyyəti nail olmalıdır. Ona qarşı
ediləcək hər hansı terror hərəkətinin məsuliyyəti Macarıstan hakimiyyətinin
üzərinə düşəcəkdir. Macarıstan hakimiyyəti bunu başa düşməli və Ramil Səfərovun
ekstradisiya edilməsində maraqlı olmalıdır.
|