|
Azad Qarabağ - 6-cü səhifə
Əlibala Əsgərov:
Bizə Azərbaycanın nə
pulu lazımdır,
nə də humanitar yardımı
Sadəcə olaraq, bizə mənəvi dəstək olmaq, sahib çıxmaq lazımdır
Qəzetimizin ötən sayında sizlərə Borçalı səfərimdə Faxralıdan
hazırladığım reportajı təqdim edib, həmçinin "Qeyrət" xalq hərəkatının rəhbəri
Əlibala Əsgərovla görüşüm barədə anons vermişdim. Həmin yazıdan artıq bu
görüşün məqsədini bildiyiniz üçün, Əlibala müəllimlə söhbətimi birbaşa sizin
nəzərinizə çatdırıram.
- Əlibala müəllim, əvvəlcə "Qeyrət" təşkilatı və bu təşkilatın
əsas məramı barədə bir qədər məlumat verməyinizi istərdik.
- "Qeyrət" xalq hərəkatı 1990-cı ildə yaranıb, ancaq rəsmi olaraq
1993-cü ilin yanvar ayında qeydiyyatdan keçərək Ədliyyə Nazirliyi tərəfindən
təsdiq olunub. Gürcüstanda azərbaycanlıların 20-yə yaxın təşkilatı var, amma
"Qeyrət" yeganə təşkilatdır ki, bütün Borçalını, ümumiyyətlə, azərbaycanlılar
yaşayan bütün bölgələri əhatə edərək, hər yerdə öz dayaq nöqtələrini yaradıb.
"Qeyrət" həmçinin respublikada yetərincə tanınmış bir təşkilat olaraq həmişə
dövlət orqanları ilə sıx əlaqə saxlayır. Bu təşkilatın əsas məqsədi Gürcüstan
azərbaycanlılarının hüquqlarını müdafiə etməklə yanaşı, həm də demokratik
hərəkatda azərbaycanlıların da öz yerlərinin olmasını saxlamaqdan ibarətdir.
- "Qeyrət" xalq hərəkatının rəhbəri kimi Gürcüstan
azərbaycanlılarının problemləri barədə nə deyə bilərsiniz? Sizcə bu problemlərin
kökündə nə dayanır?
- Gürcüstan azərbaycanlılarının əsas problemləri - təhsil, dil,
torpaq, kadr məsələsidir. Bu problemlər əsasən Borçalı azərbaycanlılarına
aiddir. Bunlardan başqa sosial problemlər də var, ancaq bu, təkcə bizim yox,
həm də gürcülərin problemidir. Sadaladığım məsələlərdə görünən dərəcədə
ayrı-seçkiliyə, ögey münasibətə yol verilir. Şevardnadze hakimiyyəti devrilən
zaman demişdim ki, azərbaycanlıları bir dalğa gözləyir. İndi həmin dalğa özünü
göstərməkdədir. Çünki vaxtilə dövlət tərəfindən bilərəkdən buraxılmış səhvlər
Gürcüstan azərbaycanlılarını demək olar ki, tam əmək məşğuliyyətindən təcrid
edib. Bilirsiniz ki, biz aqrar bölgədə yaşayırıq, burada əhali ancaq torpaqda
işləməklə məşğuldur. 1996-cı ildə torpaqların icarəsi haqqında qanun verildi.
Ancaq bu qanun çox məkrli qəbul olunmuşdu, çünki həmin qanunda sərhədyanı,
sahilyanı zonaların torpaqlarından istifadə xüsusi rejimlə müəyyən olunurdu.
Həmin zonalarda isə biz azərbaycanlılar yaşayırıq. Parlamentin 1996-cı il 22
mart tarixli qərarı ilə biz ümumi qanundan təcrid olunmuşduq. Həmin illər
iri-iri torpaq sahələrini "yuxarıdan" edilən telefon zəngləri ilə gəlmə
gürcülərə icarəyə verdilər və azərbaycanlıların illər boyu becərdiyi torpaqları
onlara "beşinci əldən" satdılar. O illər torpaqları icarəyə götürən gürcülər,
sonradan özəlləşdirərək torpağın əsl sahibinə çevrildilər. Və bugünkü
hakimiyyət, hakimiyyətə gələndə xalqa söz verdiyinə baxmayaraq, həmin
qeyri-qanuni bölgünü satışa çıxarmaqla qanunlaşdırdı. Yəni, yeni qanun
əvvəlkindən fərqlənmir, kimin o dövrdə torpaq sahəsi var idisə, torpaq
müqaviləsini hərraca təqdim etməklə torpaqları alır. Əgər 1996-cı ildə
torpaqların 70 faizi bölgəyə gəlmə gürcülərə paylanıbsa və bu gün o torpaqların
1 (bir) faizi belə həmin adamların əlindən geri alınmayıbsa, burada hansı
azərbaycanlının torpaq almasından söhbət gedə bilər?
- Qanuna əsasən, ölkə vətəndaşı ölkənin istənilən yerindən torpaq
sahəsi ala bilər. Yəqin ki, bunu əsas tutaraq, gürcülər hər şeyi qanun
dairəsində etdiklərini iddia edirlər.
- Təbii. Amma gəlin indi həmin qanun qüvvəyə minəndə, parlamentin
bizlər yaşayan sərhədyanı, sahilyanı zonaların torpaqları haqqında çıxardığı
qərara nəzər salaq. Nəyə görə bu zonalarda torpaqlar xüsusi rejimlə müəyyən
olunur? O qanun gürcülərə xeyir verəndə ona əməl olunur, ancaq həmin qanunu
azərbaycanlılara şamil edəndə ortaya xüsusi forma qoyulur. Sərhədyanı zonalar
hansılardır? Marneuli, Dumanisi, Bolnisi, Qardabani, o yandan Osetiya, Cənubi
Cavaxetiya, bu yandan Abxaziya - bu zonalarda qeyri-gürcülər yaşadığına görə,
onlar ikibaşlı qərar çıxarıb, tamam başqa yöndən yanaşıblar. Kim mənə bir nəfər
azərbaycanlı göstərə bilər ki, yaşadığı yerdən kənarda torpaq sahəsi alıb?
Bu yaxınlarda prezident torpaqların azərbaycanlılara yenidən
paylanması haqqında bəyanat verib. Guya artıq bu məsələyə başlanılıb. Amma bu
başlama da yenə kosmetik xarakter daşıyır. Əgər bu məsələ Gürcüstan qanunları
ilə tənzimlənirsə, qanuna əsasən, torpaq 3 hektardan kiçik hissəyə bölünə
bilməz, yəni hər bir vətəndaşın minimum 3 ha torpaq sahəsi olmalıdır.
Azərbaycanlılara 0,2 - 0,5 ha torpaq sahəsinin verilməsi hansı qanuna
sığışdırılıb?
- Bəlkə bu, gürcü dilini bilmədiklərinə görə, azərbaycanlıların
əksəriyyətinin Konstitusiya qanunlarından, yəni öz hüquqlarından xəbərsiz
olmalarından irəli gəlir.
- Biz azərbaycanlılar öz hüquqlarımızı çox gözəl bilirik. Kaspi
zonasında, Kareli, Msxeta, Saqareco, Telavi rayonlarında yaşayan 37000 (otuz
yeddi min) azərbaycanlı gürcü dilində təhsil alır. Bu azərbaycanlılardan bir
nəfəri vəzifədə işləmir. 800 nəfərdən yuxarı gürcü dilində təhsil almış ali
təhsilli hüquqşünasımızın "iş yeri" Lilo bazarıdır. Dil bilməmək sadəcə
bəhanədir. Marneulinin bu boyda xəstəxanasında (biz xəstəxananın həyətində
söhbət edirdik) 4-5 nəfər azərbaycanlı həkim qalıb, onların da qarşısında şərt
qoyublar ki, gürcü dilində imtahan verməlisiniz. Əgər verə bilməsələr, işlərini
itirəcəklər. Muxtar həkim Gürcüstan azərbaycanlıları arasında xirurqiyanın
"Allahı" sayılır. İndi o, gürcü dilini bilmədiyinə görə, yerini Tbilisidən gələn
hər hansı bir deletanta verirsə, hansı qanunlardan, hansı demokratik
prinsiplərdən danışmaq olar?!
Bugünkü Gürcüstanın Avropa Şurası qarşısında götürdüyü
öhdəliklərə nəzər salaq. Azərbaycanlılar burada yarım milyondur. Gürcüstanın
siyahısında isə 200 mindən yuxarı göstərilmirik. Niyə? Ona görə ki, yarım
milyona imtiyazlar böyük olmalıdır. Biz hələ Qamsaxurdiyanın zamanından milli
azlıqlar üçün olan xüsusi qanunların qüvvəyə minməsini gözləyirik, ancaq o
qanunlar bu gün də parlamentin köşələrində qalıb, onu həyata keçirən yoxdur.
Bütün bu məsələlərin indiki şəkil almasının bir səbəbi də
Azərbaycandır. Gürcüstanda yaşayan ermənilərin sayı da bizim qədərdir. Ancaq
ermənilər müntəzəm olaraq mübarizələrini çox ardıcıl apara bilirlər. Çünki
onların arxasında Ermənistan deyilən dövlət və Ermənistanın Gürcüstanda yaşayan
ermənilərin bügünkü durumunu nəzərə alan məqsədyönlü xarici siyasəti dayanıb.
Sovet məkanında azərbaycançılıq baxımından ikinci yerdə dayanan
Gürcüstan idi. Gürcüstanın bu problemlərlə üz-üzə qaldığı, Gürcüstandan böyük
köç karvanının başladığı bir zamanda Azərbaycanda dünya azərbaycanlılarının II
qurultayı keçirildi. Bilmək istərdim, bu qurultayda Gürcustan azərbaycanlıları
kim oldular, o qurultay bizlərə nə münasibət bildirdi?!
Gürcüstanda torpaq islahatı başa çatandan sonra, Azərbaycanda
yaranan o komissiya kimə lazımdır?! O komissiya gəlib təzədən nə yaradacaq?!
Bizə Azərbaycanın nə pulu lazımdır, nə də humanitar yardımı. Özümüz birtəhər
dolanarıq, humanitar yardımla dolanmaq istəmirik. Bizə sadəcə olaraq, mənəvi
dəstək olmaq, arxa durub, sahib çıxmaq lazımdır.
Mən prezidenti qınamıram. Hələ mərhum Heydər Əliyevin zamanında
biz 4 dəfə "Qeyrət" xalq hərəkatı olaraq ona müraciət edib, Azərbaycanda bizim
problemlərimizlə məşğul olacaq bir "qurum" istəmişdik. Elə bir qurum ki, o,
bəzi məsələləri araşdırıb Azərbaycanın xarici siyasət xəttinə ötürsün. Və xarici
siyasət xəttində Gürcüstanla ilişkilər qurulanda Bakı-Ceyhan yox, Batum
limanları yox, Gürcüstan azərbaycanlılarının problemləri önə çəkilsin. Çox
təəssüf ki, Nazim İbrahimovun rəhbərlik etdiyi o təşkilat ancaq formal xarakter
daşıyır.
Gürcüstan azərbaycanlıları Azərbaycan dövlətinə və onun
prezidentinə müxalifətdə deyil. Bizim güvəndiyimiz bir dövlət, bir insan var, o
da Azərbaycan və onun prezidenti İlham Əliyevdir. Azərbaycandan nümayəndələrin
gəlişi heç də borçalılar tərəfindən təqdir edilmir, çünki gələnlərin əlində heç
bir konsepsiya, heç bir ardıcıl proqram yoxdur. Üzümü Azərbaycandan gələn
nümayəndələrə tutub deyirəm: bura gələndə prezidentin şəkillərini, plakat və
rəngli kitablarını gətirməyin, bununla da yalandan gedib Gürcüstanda bu işləri
gördük - deyə Azərbaycan iqtidarının yanında özünüzə yer etməyin. Ayrı-ayrı
qrupların, nazirlərin gəlib-gedişindən sonra burada əks münasibət yaranır.
Ziyafət Əsgərov gəlib-gedəndən bir həftə sonra Dəmyə Görarxında o hadisələr
törədildi.
- Dəmyə Görarxında baş verən o son hadisələr haqqında bir qədər
ətraflı məlumat verməyinizi istərdik.
- O hadisə son hadisə deyil, 8 aydır ki, davam edir. Həmin
aksiyalar 5 dəfə də Tbilisidə prezident aparatının qarşısında keçirilib. Bu
aksiyaları keçirməkdə məqsəd ancaq və ancaq Dəmyə Görarxı əhalisinin torpaq
problemini həll etmək idi. Başqa heç bir siyasi amacımız yox idi. Dəfələrlə bu
barədə rayon icra hakimiyyətinə, quberniyaya, prezident aparatına müraciət
etmişdik, demişdilər ki, bizlik deyil. Yəni 8 ayın mücadilə və mübarizəsindən
sonra heç yerdən müsbət cavab ala bilməyən, yaz əkininin vaxtı gəldikdə yenə
əlinin boşda qaldığını görən camaat Tbilisi-Yerevan yolunu bir neçə saat bağlı
saxlayıb. Bundan dövlətə heç bir zərər dəyməyib və Gürcüstanda bu adi hal
sayılır. İki gürcünün işığı yanmayanda çıxıb yolu bağlayırlar, heç onları
cəzalandıran yoxdur. Ancaq 8 ay süründürülüb incidilən azərbaycanlı ailəsini
dolandırmaq üçün heç olmasa 0,3 ha torpaq istəyirsə, onu tutub içəri salırlar.
Hazırda 16 nəfər rəsmi olaraq həbsdədir, 36 nəfər isə bu "cinayət" işi ilə bağlı
dindirilmədədir. Həbsdə olanların biri qadındır, hələlik onu pul girov qoyub
zaminə götürmüşük. Aksiya zamanı hətta qadınlar, şikəstlər dubinkayla döyülüb.
Həbsdə olanlardan başqa bir neçə nəfər üçün də axtarış elan olunub. Onlar
respublikadan kənara qaçıblar, bəziləri həmin gün heç aksiyada iştirak etməyib.
Yaxın günlərdə məhkəmə başlayacaq, o 36 nəfərdən də bəzisinə çox güman ki,
"cinayət işi" açılacaq. Qeyri-rəsmi aldığımız məlumata görə tutulanların
bəzisini 3-5 il həbs cəzası, qalanları isə ağır pul cəriməsi və icbari iş
gözləyir.
- Bununla bağlı prezidentə müraciət etmisinizmi?
- Dəfələrlə prezidentə müraciət olunub. Prezident ancaq
Gürcüstanda qanun təcəllə edir, yəni, guya qanunla hər şey öz yerini alacaq.
- Ümumiyyətlə, Saakaşvili hakimiyyəti Gürcüstan azərbaycanlıları
üçün arzuolunandırmı?
- Saakaşvili hakimiyyəti Gürcüstanda çamadanda gəlmiş bir
demokratiya yaymaq istəyir, hansı ki, Gürcüstan ictimaiyyəti nə psixoloji, nə də
maddi-mənəvi cəhətdən bu gün Saakaşviliyə diqtə olunan demokratiyaya hazır
deyil. Və demokratiya adı altında Saakaşvilinin "kmara", yəni "əlcək" deyilən
bir təşkilatı yaranıb ki, orada səriştə və bacarığı olmayan bir para deletant
toplanıb.
"Qeyrət" Xalq Hərəkatının sədri kimi bəyan edirəm ki, Gürcüstan
azərbaycanlılarına Saakaşvili hakimiyyətindən heç bir xeyir yoxdur. Saakaşvili
rejimi gələndən azərbaycanlılara olan təzyiqlər artmaqla yanaşı, həmçinin
onların Gürcüstandan köçü də sürətlənib. Gürcüstan-Azərbaycan sərhəddindəki
bugünkü durum, Avropa standartlarına uyğun tələb, Gürcüstan-Ermənistan
sərhəddində yoxdur. Gömrükdən keçən azərbaycanlının yükü kiçik olsa da, ortaya
qoyulub dağıdılır, gürcülərə isə göz yumurlar. Halbuki, bu gün Azərbaycandan
"mal" daşıyanların əksəriyyəti gürcüdür. Bu ayrı-seçkiliklər camaatı köçməyə
məcbur edir.
- Gürcüstan azərbaycanlılarının Azərbaycana, eləcə də Rusiyanın
ayrı-ayrı şəhərlərinə miqrasiyasının qarşısını necə almaq olar?
- Miqrasiyanın qarşısı onda alınacaq ki, biz burada gündəlik
güzəranımızı təmin edə bilək. Lap elə sosial problemləri qoyaq arxa plana, çünki
bu gürcülərə də aiddir. Əsas dildə olan baryerlərdir. Yəni, biz azərbaycandilli
olduğumuza görə vəzifələrə alınmırıq. Regionda azərbaycanlılar heç olmasa öz ana
dilində yazıb sənədləşə bilməlidirlər. Məsələn, Sadaxlı kəndini götürək. Bu
kənddə 12 min əhali yaşayır və bir nəfər də gürcü yoxdur. Əgər orada ərizələr
gürcü dilində tələb olunursa, cavablar gürcü dilində verilirsə, bu nə dərəcədə
düzgündür?
Beynəlxalq hüquq normaları, regional dil prinsipləri var. Bunları
tələb etmək üçün Azərbaycan dövlətinin Avropa Şurasında yetərincə nümayəndələri
var. Niyə Ermənistan parlamentindən Rostomyan Avropa Şurasında Gürcüstan
ermənilərinin bugünkü durumunu ortaya qoya bilir və onun tələbi əsasında Avropa
Şurasının insan hüquqları üzrə baş komissarı Cənubi Cavaxetiyaya gəlib oradakı
vəziyyəti öyrənə bilir. Hətta məsələni o cür qoyurlar ki, Rustavi televiziyası
sinxron olaraq erməni dilinə tərcümə olunur və bölgəyə erməni dilində verilir.
Mən də bütün bunları Azərbaycan iqtidarından gözləyirəm. Türkiyənin Kiprə
verdiyi önəmi mən Azərbaycanın Borçalıya verməsini istərdim, əgər Türkiyənin
yavru vətəni Kiprdisə, Azərbaycanın da yavru vətəni Borçalıdır. Necə olur ki,
Gürcüstanda azərbaycanlılar həbsxanaya salınır, döyülür, işgəncə verilir, Zakir
Qaralov cənabları isə orada "ağzına su alıb" susur, özü də Gürcüstan əsillidir.
II qurultayda İran azərbaycanlılarının vəziyyətindən danışmaq gülüncdür, bu gün
birinci növbədə diqqət borçalılara verilməlidir.
İkinci tərəfdən, Azərbaycandakı bələdiyyələr Bakıətrafı yaramaz
torpaqları yüzqat artığına Gürcüstan azərbaycanlılarına satmaqla bu köçü daha da
sürətləndirirlər. Keçən əsrin 50-ci illərindən bəri Gürcüstan Azərbaycana 350
min ziyalı verib. Əgər, o 350 min ziyalının hərəsi dədə-baba yurdu üçün bircə
parta alıb versə, onun təhsilinə də, bugünkü durumuna da kömək etmiş olar.
Qaxda Gürcü Dövlət Dram Teatrı fəaliyyət göstərir, Tbilisidə isə
Azərbaycan Dram Teatrının bir otağı belə yoxdur. Burada nə Axundovun, nə
Nərimanovun ev muzeyi var, nə də Gürcüstanın Mədəniyyət Fondunda
azərbaycanlılara aid bir abidə. Yalandan özümüzü aldatmayaq.
- Fəaliyyət göstərdiyiniz bu illər ərzində bir təşkilat olaraq
nələrə nail olmusunuz və təşkilatınıza təzyiqlər olurmu?
- Biz heç vaxt azərbaycanlıların hüquqları pozulanda susmamışıq.
Bu qədər problemin içində biz "Qeyrət" xalq hərəkatı olaraq həmişə dövlətlə
təmasda olmağa və müəyyən razılığa gəlməyə çalışmışıq. İstədiklərimizə də
müəyyən mənada nail ola bilmişik. Şevardnadzenin vaxtında (1996-cı illəri
nəzərdə tuturam) əgər "Qeyrət" cəmiyyəti səsini çıxarıb, qanunlara ciddi etiraz
etməsəydi, bir nəfər azərbaycanlı belə torpaq sahibi ola bilməyəcəkdi. Bu gün
heç olmasa 30 faiz buna nail olmuşuq. Biz axı bura gəlmə deyilik, diaspora
deyilik. Biz burada doğulmuşuq, bizim tariximiz var.
Təzyiqlərə gəldikdə isə, təbii ki, gürcü dövləti, gürcü
ictimaiyyəti istəməz azərbaycanlının burada sanballı təşkilatı olsun. Bizi
sıxışdırırlar, bir az dərinə getdikdə hər şeyi milli məsələlərə çəkirlər və
əlbəttə "Qeyrət"in üzvləri heç bir vəzifədə çalışa bilməz, çünki biz
millətçiyik. Mən millətimi sevirəm, "Qeyrət" xalq hərəkatı olaraq millətimə
sahib çıxıram. Əgər bu, millətçilik sayılırsa, mən bu millətçiliklə fəxr edirəm.
Nüşabə Səməndər
|