Bu gün: 19 İyul 2008, Şənbə

 

 
 
 

 

Azad Qarabağ - 7-ci səhifə

 İlkin tarixi bilgilər

 Qarabağ xanlığı və Şuşa

Qarabağ - ulu babalarımızın üstündə yaşayıb yaratdıqları və bizə miras qoyub getdikləri gözəl bir diyardır. Bu yaşayış məskəni Kür və Araz çayları arasında dağları, dərələri, həm də  geniş düzənlikləri olan böyük bir ərazini əhatə edir. Zəngin bitki örtüyünə, heyvanat aləminə, yeraltı sərvətlərə malik olan bu günəşli, sulu və bərəkətli diyar onu əkib-becərən insanların ehtiyaclarını tam ödəmiş, onları zəhmətkeş, gözü-könlü tox, əliaçıq, igid, dosta sədaqətli, düşmənə qarşı amansız və sərt tərbiyə etmişdir.

Azərbaycanın tarixi əyaləti kimi Qarabağ əvvəlcə Türk Alban dövlətinin tərkibində olmuş, sonradan isə Ərəb xilafətinin əsarəti altına düşmüşdür. Məlum olduğu kimi, IX əsrdə Ərəb Xilafəti süqut etmiş, onun ərazisində ayrı-ayrı dövlətlər yaranmışdı. Həmin dövrdən başlayaraq Qarabağ Azərbaycanda hökm sürmüş Sacilər, Salarilər, Şəddadilər, Atabəylər, Elxanilər və nəhayət, XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibində olmuşdur. Ərdəbil hakimi Şeyx Sultanəlinin vəsiyətilə 14 yaşlı qardaşı İsmayıl Ərdəbil şeyxlərinin başçısı oldu.  İsmayıl Ərbədilli Şeyx Səfiəddin nəslindən olub, şiə istiqamətli dini tərbiyə almış, dərin elmi və hərbi məktəb keçmişdir. Ölkə ərazisini genişləndirmək məqsədilə bir sıra döyüşlərdə parlaq qələbə qazanmış İsmayıl 1501-ci ildə Təbriz şəhərində özünü şah elan etmişdir.  Bundan sonra o hərbi əməliyyatları genişləndirərək Şirvan, Naxçıvan, Fars, İraq əyalətlərini, Şiraz, İsfahan, Kaşan, Qum şəhərlərini, daha sonra isə Diyarbəkir ərazisini Səfəvilər dövlətinin tərkibinə daxil etmişdir. Qısa müddət  ərzində Şah İsmayıl Xətai sərhədləri Özbəkistandan, Kürdüstandan, Osmanlı İmperiyasının və Avropanın mərkəzindən keçən 2 milyon 800 min kvadrat kilometrlik ərazini  əhatə edən qüdrətli bir Səfəvi hökmdarlığı yaratmışdır.

Səfəvilər hakimiyyəti dövründə dövlətin ərazisi 13 bəylərbəyliyinə bölünmüş, bütün idarəçilik bəylərbəyinə tapşırılmışdı. Böyük Azərbaycan ərazisində 4 bəylərbəyliyi vardı. Bunlar Təbriz, Çuxur-Saad, Qarabağ və Şirvan bəylərbəylikləri idi. Mərkəzi Gəncə şəhərində olan Qarabağ bəylərbəyliyi 1551-ci ildə yaradılmışdı. Həmin dövrdən başlayaraq onun bəylərbəyləri Ziyadoğlu nəslindən olan Qacarlar olmuşlar.

XVIII əsrin başlanğıcından etibarən Səfəvilər dövləti zəifləməyə başlamış, ayrı-ayrı feodallar Şah Təhmasibə tabe olmaq istəməmiş, müstəqilliyə can atmışdılar. Xarici dövlətlər də ölkəyə ayaq açmış, onun ərazilərini hissə-hissə zəbt etməyə başlamışdılar. Bu zaman ətrafında kiçik hərbi dəstə toplamış, feodallar üzərində bir neçə dəfə parlaq qələbə çalmış Nadirqulu bəy adlı bir sərkərdə Şah Təhmasibin diqqətini cəlb edir. Şah ordusunun baş komandanı vəzifəsinə təyin olunan Nadirqulu xan şaha itaətsizlik göstərən feodallar üzərinə hücum edib, onları dövlətə tabe olmağa məcbur edir. Get-gedə şöhrəti artan xan nəhayət özü Şah Təhmasibə itaətsizlik göstərir. Şah qoşunları ilə döyüşdə qələbə qazanan Nadirqulu xan İsfahan şəhərinə gəlib təntənəli bir şəraitdə şahlıq tacını başına qoyur və özünü İranın şahı elan edir. Bundan sonra Nadir Şah Əfşar ölkəni yadelli işğalçılardan təmizləmək üçün müharibələrə başlayır və parlaq qələbələr qazanır.

 Nadir şahın apardığı uzun-uzadı müharibələr xalqı müflisləşdirdiyindən ona qarşı narazılıqlar get-gedə artmağa başlayır. Bəybərbəyləri, feodallar mərkəzə tabe olmaq istəmir, müstəqil olmağa çalışır. Hətta onların bəziləri özlərini müstəqil elan edib sərbəst hərəkət etməyə başlayır.

1736-cı ildə Qarabağ bəylərbəyi Uğurlu Xan Ziyad Qacar Nadir şaha tabe olmaqdan imtina edir. Bundan qəzəblənən şah Qazax və Borçalı mahallarını Qarabağ bəylərbəyliyindən ayırıb Gürcüstanın tabeçiliyinə verir. Nadir şahın ölümündən sonra isə Azərbaycanın xanlıqlara  parçalanması prosesi sürətlənir. Onun ərazisində müstəqil Qarabağ, Gəncə, Şəki, Şirvan, Bakı , Quba və başqa xanlıqlar yaranır.

1747-ci ildə artıq bacarıqlı dövlət xadimi və şöhrətli sərkərdə kimi tanınan, əslən Qarabağlı olan Pənahəli xan Cavanşirin gərgin mübarizəsinin nəticəsi olan Gəncə xanlığı da ikiyə parçalandı. Onun yerində müstəqil Qarabağ və Gəncə xanlıqları yarandı. Qarabağ xanlığının birinci hökmdarı Pənahəli xan Cavanşir olduğu zaman Qarabağ xanlığı cənub-şərqdən Kür-Araz çaylarının qovşağı, cənubdan Araz çayı, qərbdən Salvalı, Ərikli dağları və Göyçə gölü, şimaldan isə Kür ilə əhatə olunan böyük bir ərazini əhatə edirdi.  Nadir şah sarayında işlədiyi uzun müddət ərzində idarəetmənin əsaslarını dərindən öyrənmiş Pənahəli tabeçiliyində olan ərazini 17 mahala bölmüşdü. Bunların 12-sində ancaq türk milləti, 5-ində isə türklərlə yanaşı başqa millətlər, o sıradan da orta əsrlərdə qriqorianlaşmış və özlərini erməni (hay) sayan xalqlar yaşayırdı.

Pənahəli xan xanlığın xarici hücumlardan qorunmasında müdafiə qalalarının rolunu yüksək qiymətləndirirdi. Odur ki, o, çox qısa müddətdə Bayat qalasını tikdirib onu xanlığın paytaxtı elan etdi. Bundan sonra o, tam müdafiə məqsədli Şahbulağı tikdirdi və Əsgəran qalasını möhkəmləndirdi.

1750-ci ildə Pənahəli xan hər tərəfdən qayalarla əhatə olunmuş, sıx meşə ilə örtülü hündür bir dağın zirvəsindəki yastı bir ərazidə yeni qalanın tikintisinə başlayır. Bir ildən  sonra qalanın tikinti işi başa çatır və xanlığın mərkəzi oraya köçürülür. Qalanın ilk adı Pənahabad oldu, sonradan qonşu kəndin adı ilə Şuşa adlandırılır.

XVIII əsrin ortalarından başlayaraq İran dövlətində böyük tayfaların hakimiyyət uğrunda  mübarizəsi başladı.

Ölkə ərazisinin üçdə iki hissəsini nəzarətdə saxlayan, özünü ölkənin şahı hesab edən Məhəmməd Həsən xan Qacar rəqiblərindən xeyli üstün görünürdü. Ölkədə yaranmış vəziyyətlə razılaşmayan Məhəmməd Həsən xan itaətsizlik göstərən xanlıqları birləşdirmək üçün ölkənin şimal hissəsinə, o cümlədən  Qarabağa qoşun çıxarır. 1751-ci ildə hələ bir yaşı tamam olmamış Şuşa Məhəmməd Həsən xanın qoşunu tərəfindən mühasirəyə alınır. Pənahəli xanın nizami ordusu şəhəri mərdliklə müdafiə edir. Bu zaman İranda hakimiyyət əleyhinə qiyam başlaması xəbərini alan Məhəmməd Həsən xan təcili olaraq qoşunu ilə birlikdə geri dönür. Pənahəli xan rəqibini təqib edərək arxasınca gəlir və onun tabeçiliyində olan Ərdəbil əyalətini işğal edir.

Bu tarixi hadisədən bir il keçməmiş Şuşa qalası ətrafında Urmiya hökmdarı Fətəli xan Əfşarın 30 minlik ordusu görünür.  Elə birinci döyüşdə rüsvayçı məğlubiyyətə uğrayan Fətəli xan barışığa hazır olduğunu bildirir. Barışıq şərti olaraq əsirlərin geri qaytarılmasını və qızının Pənahəli xanın oğlu İbrahimxəlillə evlənməsini təklif edir. Pənahəli xan dərhal təklifi qəbul edir və əsirlərlə birlikdə oğlunu Fətəli xanın düşərgəsinə göndərir. Lakin Fətəli xan vədinə xilaf çıxaraq İbrahimxəlili əsir kimi saxlayır və qoşunu ilə birlikdə Urmiya tərəfə hərəkət edir. Aldanılmasına və oğul itkisinə dözməyən Pənahəli xan döyüş meydanında Fətəli xanla görüşmək üçün fürsət axtarır. Tezliklə belə bir fürsət yaranır. Vaxtı ilə şahlıq uğrunda mübarizədə Fətəli xan tərəfindən məğlub edilmiş Kərimxan Zənd ümumi düşmənə qarşı mübarizədə ona müttəfiqlik təklif edir. Pənahəli xan təklifi dərhal qəbul edir və onların birləşmiş ordusu Urmiya ətrafında Fətəli xan ordusu ilə qarşılaşır. Fətəli xanın ordusu məğlubiyyətə uğrayır, özü də əsir düşür. Bundan sonra Pənahəli xanın bir hərbi sərkərdə və dövlət xadimi kimi İranda və Qafqazda şöhrəti artır. Bu vəziyyət Kərim xan Zəndi narahat etməyə başlayır və o, İbrahimxəlili Qarabağa göndərməklə bərabər Pənahəli xanı Şiraza "istirahət" etməyə dəvət edir.

Lakin Pənahəli xan bu qonaqpərvərliyi qəbul edə bilmir, 1758-ci ildə vəfat edir. O, Ağdam  yaxınlığında dəfn olunur. Qarabağ xanlığında onun oğlu İbrahimxəlil xan Cavanşir Qarabağ xanı elan olunur. O, mükəmməl elmi və dini təhsil almış, geniş dünyagörüşünə malik mütərəqqi fikirli bir ziyalı idi.

İbrahimxəlil xan dövründə Qarabağ xanlığı çox böyük sürətlə inkişaf edirdi. Ağıllı və savadlı adamlar üçün ölkədə hər cür şərait yaradılır və sərbəst fəaliyyət göstərmək imkanı verilirdi.  Şuşada elm, mədəniyyət və incəsənət işçilərindən ibarət ziyalı təbəqəsi yaranırdı. Şəhərdə tikinti işləri geniş vüsət almışdı. Şuşa abadlaşır, xan sarayları, yaşayış evləri, qala divarları tikilir, yeni-yeni məktəblər açılırdı.

Dövrünün görkəmli şairi olan Molla Pənah Vaqif İbrahimxəlil xanın dəvətini qəbul edərək Qazaxdan Şuşaya gəlir. Şairliklə yanaşı astronomiya və tətbiqi riyaziyyat elmlərini dərindən bilən Vaqif, Qarabağ xanlığının tarixində müdrik dövlət xadimi, uzaqgörən siyasətçi kimi də şərəfli yer tutur. Sarayda xanın 1-ci vəziri vəzifəsini tutan şair xanlığın xarici, daxili və hərbi siyasətinin təyin edilməsində əsas rol oynayır, tezliklə Qarabağ xanlığı beynəlxalq aləmdə tanınır. Fəqət bu yüksəlişə baxmayaraq Azərbaycan xanlıqlarının başı üzərində müstəqilliyin itirilməsi qorxusu dolaşırdı. İran, Türkiyə və Rusiya dövlətləri bu ərazidə üstün mövqe əldə etmək uğrunda mübarizə aparırdılar. Digər tərəfdən qonşu xanlıqların da bir-birinin müstəqilliyinə, ərazi bütövlüyünə qəsd etmək ehtimalı var idi. Ona görə də xanlıqlar güclü dövlətlərdən və qonşu xanlıqlardan özlərinə etibarlı müttəfiqlər axtarırdılar.

Belə bir dövrdə İbrahim xan Gürcüstanla ittifaqa girir və birlikdə Rusiyanın müdafiəsinə nail olmağa çalışır. 1783-cü ildə Gürcüstanın Rusiya tabeçiliyinə keçməsilə əlaqədar bu üçtərəfli ittifaq möhkəmlənmiş olur. 1791-ci ildə Ağa Məhəmməd şah Qacar atası Məhəmmədhəsən xan Qacarın işlərini davam etdirərək dərhal Azərbaycan ərazisində zəifləmiş mövqelərini qüvvətləndirmək üçün tədbirlər görür. O, tabe olmayan xanlara və feodallara amansız divan tutaraq onları öz hakimiyyətini tanımağa məcbur edir. O, bu zaman xəbər tutur ki, Rusiya tabeliyini qəbul etmiş gürcü çarı II İrakli Qarabağ və İrəvan xanlıqlarının da belə bir qərar qəbul etməsinə çalışır. Tarixən Qacarların yurdu olan Qarabağın Rusiyanın tabeliyinə keçməsi fikrindən dəhşətə gələn Ağa Məhəmməd şah Qacar çox narahat olur. O, 1795-ci ildə 60 minlik bir ordu ilə Qafqaza yürüş edir.

Şahın özünün komandanlıq etdiyi böyük bir ordu hissəsi Qarabağ üzərinə yeriyir və Şuşa qalasını mühasirəyə alır. Hərtərəfli hərbi hazırlıq olmadan qısa müddətdə Şuşanı ələ keçirməyin qeyri-mümkün olduğunu görən Ağa Məhəmməd şah Qacar Tiflis istiqamətində hücuma keçir. O, heç bir çətinlik çəkmədən Tiflisə daxil olub və şəhəri darmadağın edir.

1797-ci ildə Ağa Məhəmməd Şah Qacar daha böyük bir qüvvə ilə ikinci dəfə Qafqaza yürüş edir. Qacar qoşununun Arazı keçməsini eşidən kimi İbrahimxəlil xan Şuşanı tərk etdi. Ağa Məhəmməd şah Qacar dəbdəbəli şəkildə, bir fateh sifətilə Şuşa qalasına daxil olur. Bir neçə gün sonra iyun ayının 5-də saray məmurları Ağa Məhəmməd şahı gecə öz iqamətgahında qətlə yetirirlər. Bu əhvalatı eşidən İbrahimxəlil xan Şuşaya qayıdıb şahın cəsədini böyük ehtiram ilə Tehrana yola salır. Beləliklə, Azərbaycan xanlıqlarını birləşdirmək Ağa Məhəmməd şah Qacara nəsib olmur.

 Abbas Cilovdarlı,
Şəhla Abbasqızı

geri yuxarı irəli çap_etmək... email_kimi_göndərmək... 1 ... 6 7 8 ... 16

Sənədin sonuncu korrektə tarixi: 14/4/2006 - 13:1:14
Bütün materiallar Azad Qarabağ WEB saytına məxsusdur və istinad vacibdir.

Powered by TusiSoft© 2004, 2007 TSW_3.0.2

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.013198