|
Azad Qarabağ - 9-cu səhifə
"…Qarabağ partizan müharibəsi aparmaq üçün
tam yararlı bir ərazidir"
Qarabağ qazisi Cahid Ələkbərov 1967-ci ildə Şuşa şəhərində
anadan olub. Şəhər işğal olunana qədər orada yaşayıb və indi də ən böyük arzusu
yenidən Şuşaya qayıtmaqdır. 1986-1988-ci illərdə sovet ordusu sıralarında indiki
Rusiya Federasiyasının Arxangelsk şəhərində xidmət edib. Hərbi xidməti başa
vurub geri döndükdə Qarabağdakı vəziyyəti nəzərə alaraq könüllü surətdə Şuşanın
müdafiəçilərinə qoşulub. İndi Cahid o dövrü belə xatırlayır: sovet ordusunun
təri bədənimdə qurumamış Şuşa torpağının nəmi canıma hopdu.
Cahid Ələkbərov uğursuz Daşaltı əməliyyatının iştirakçısıdır.
Qardaşı Zahid bu əməliyyatda şəhidlik zirvəsinə ucalıb. Qarabağ uğrunda gedən
döyüşlərdə dörd dəfə müxtəlif dərəcəli bədən xəsarəti alsa da, 1994-cü ildə
məcburi olaraq vətəni qorumaq missiyasından azad edilib. Qonaqlarımız dəyişilsə
də, ilk sualımız dəyişməz olaraq qalır.
- Qarabağa gedən yolun müharibədən keçməsinin qaçılmaz olduğunu
qəbul edirsinizmi? Dönüşümüzün döyüşdən keçən yolunun alternativi varmı?
- Bizi Qarabağa qaytaracaq yol dığa qanı ilə suvarılmalıdır.
Çünki biz Qarabağı şəhid qanları bahasına tərk etmişik. Bu gün biz qarabağlılar
yaşadığımıza görə şəhidlərimizə borcluyuq. Allah yaşamağımız üçün onları vasitə
edərək bizi yaşatdı. Biz də şəhidlərin qanlarını qan ilə yumalıyıq. Qan su ilə
yuyulmaz. Qarabağı ermənilər müharibəsiz bizə qaytarsa belə, o yerlərə qayıdıb
yaşamaq mənə ləzzət etməz. Əgər mən bununla razılaşsam, Qiyamət günü başımı
qaldırıb şəhidlərin, o cümlədən qardaşım Zahidin üzünə necə baxa bilərəm?! Bu
gün məni Qarabağın işğalda olmasından çox, şəhidlərin qanının yerdə qalması
yandırır. Mənim davam torpaq davası deyil, mənim davam qan davasıdır. Qansız
alınan Qarabağa qayıtmaq - şəhidlərin ruhuna ən azından hörmətsizlikdir.
- Bəlkə oxuculara bir qədər keçdiyiniz döyüş yolu barədə məlumat
verəsiniz.
- İlk döyüş mövqeyim Şuşanın Nəbilər kəndi, ilk silahım tir
tüfəngi olub. Biz müasir silahlarla silahlanmış ermənilərin qabağına tir tüfəngi
ilə çıxıb onlara vətən sevgisinin nə olduğunu dəfələrlə göstərmişik. Sonralar
şəhid olmuş Milli Qəhrəman Ramiz Qəmbərov Şuşaya avtomat gətirdi. O vaxtkı icra
başçısı rəhmətlik Mikayıl Gözəlovun birbaşa köməyi ilə Şuşa özünümüdafiə
batalyonu yaradıldı. Mən də bu batalyonun tərkibində əvvəl Şuşa, Şuşanın
işğalından sonra Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişəm.
Erməninin arxasınca düşüb onu Vəngə qədər qovub, sonra da qabaqlarına düşüb düz
Ağdərəyə qədər qaçanlardanam.
- Şuşa döyüşlərindən bir qədər ətraflı danışardınız. Niyə işğal
olundu Şuşa? Mümkünsız idimi Şuşanın müdafiəsi?
- Müdafiənin mümkünsüz olduğunu deyə bilmərəm, çünki müdafiəsi
mümkün olmayan istehkam yoxdur. Bəli, Şuşanı müdafiə etmək çətin olsa da, mümkün
idi, bizi erməni-rus birləşmələri qarşısında tək qoymasaydılar. Şuşanın işğalı
həm də mümkünsüz idi. Erməni-rus, üstəgəl muzdlu döyüşçülər bir məqsəd uğrunda
birləşməyi bacardıqları halda, biz bir millət olaraq birləşə bilmədik. İşğaldan
iki gün öncə mən dostum Sahib ilə Şuşanın Lenin qayası (Pənah xanın goru necə
çatlamasın) deyilən ərazisində mövqe tutmuşduq. Sonradan Tar fabriki ərazisində
ermənilərin güc gəldiyini eşidib, o istiqamətə yollandım. Elə o istiqamətdə də
yaralanıb Şuşanı tərk etdim. Bu gün də Allahıma dua edirəm ki, əlim silah
tuta-tuta Şuşanı tərk etmək dəhşətini mənə yaşatmadı, yoxsa çoxdan ürəyim
partlayardı.
- Şuşanın boşaldılması barədə verilən əmrdən xəbəriniz var idimi?
"Şuşa xəyanətin qurbanı oldu" - deyimi ilə razısınızmı?
- Bizim döyüş meydanında tək qalmağımız xəyanətdən başqa nə ola
bilər. Dediyiniz əmr barədə yalnız Şuşanın işğalından sonra televiziya vasitəsi
ilə eşitmişəm. Mən yaralanıb Şuşanı tərk edən zaman Elbrus Orucov UAZ-la
qarşımızı kəsib, hara qaçırsınız - dedi. Yaralı olduğumu gördükdən sonra -
Ermənilər Kosaları da aldılar - dedi. Həmin vaxt Kosalar istiqamətinə rəhbərlik
edən E.Orucovun dediyi bu sözlər əhali arasında çaşqınlıq salmağa
hesablanmışdı. Sonradan mənə məlum oldu ki, Kosalar kəndi Şuşanın işğalından
bir gün sonra ermənilər tərəfindən alınıb. Döyüşən bir kəndin təslim olması
barədə məlumat yaymaqda məqsədiniz nə idi, Elbrus Orucov? Bəlkə gec də olsa,
bunun səbəbini deyəsən bu millətə?!
- Bizdə Ana Vətən ifadəsi ilə bərabər, bir Ata yurdu ifadəsi də
var. Qorxmursunuzmu övladınızın nə zamansa verəcəyi - Ata, hanı mənim Ata
yurdum? - sualından?
- Övladlarıma həmişə, - Siz şuşalısınız, - deyirəm. Hər zaman
onların hələ dillərinə gətirməsələr belə, gözlərindən oxuduğum - Bəs hanı Şuşa?
- sualını cavablandıra bilmədiyim üçün xəcalət çəkirəm. Bəli, bu acı olsa da,
həqiqətdir. Atam məni Şuşada böyütdü, mən isə övladlarımı Şuşa həsrəti çəkməyə
məhkum etdim. Mən onlara Şuşasızlıq adlı bir dərd verdim ki, hələ o dərdin
dərmanını verməyə qadir deyiləm. Atanın öz övladı qarşısında bundan böyük
günahını təsəvvür etmirəm. Düzdür, o günahı daşıyıram, ancaq övladlarımın Şuşaya
dönüşü mənim şəhid olmağımdan keçsə belə, onu övladlarıma qıymasam, demək, mən
ən pis atayam. Bu gün düşdüyümüz vəziyyət, istəməsək belə, məhkum olduğumuz bir
qarın çörək üçün hələ də vətənsizliyə dözməyim, övladlarımın heç nədən korluq
çəkməməsinə xidmət edir. İndiyə qədər kiminsə qapısına gedib bir parça çörək
üçün ağız açmamışam. İstəməmişəm övladlarım nədənsə korluq çəksin. Düşünmüşəm
ki, bəlkə bu yolla onların sınmış qəlblərinə müvəqqəti olsa da, məlhəm olum.
Budur hələlik dözərək susmağımın səbəbi.
-Övladınız ehtiyac nə olduğunu bilmədən Şuşasız yaşamasını sizə
bağışlayacaqmı? Övladınız dəyişəcəkmi yaxşı güzəranı Şuşaya? Əgər övladınız
Bəxtiyar Vahabzadənin qəhrəmanı kimi - Harda qarnım toxdursa, ora vətəndir mənə
- desə, onun bu qərarının günahkarı siz olmayacaqsınızmı?
Müsahibimin susduğunu görüb həyat yoldaşı söhbətə müdaxilə etdi:
- İttiham etmək asandır, müsahibə götürməyə nə var ki?! Nə üçün
soruşmursan, Qarabağ qazisi, necə yaşayırsan, övladlarınızı böyütmək üçün nə
əziyyətlər çəkirsən? Vətəni qorumaq anında önə çıxan oğullar indi nə üçün
unudulub? Niyə fərarilər bu gün Qarabağ qazilərindən qat-qat yaxşı yaşamalıdır?
Bu sualları da siz cavablandırın. O zaman köhnə döyüşçülərin nə çəkdiyi barədə
soruşmağa ehtiyac qalmaz.
Sualınızı qəbul edə bilmirəm. Şuşasız qalan övladım məni
bağışlasa da, özüm özümü bağışlaya bilmərəm. Demədim ki, bu sona qədər belə
gedəcək. Dözümün də bir həddi var. Köhnə döyüşçülərə qəzetiniz vasitəsilə
müraciət edib deyirəm: Gəlin çiynimizə yüklənmiş bu ağır dərdi gələcəyə əmanət
qoyub getməyək. İstənilən an çağırışınızı qəbul edib döyüşə getməyə hazıram.
Mənim qazi və veteran qardaşlarım, canımızı Qarabağdan kənarda Əzrailə verməyə
haqqımız yoxdur. Üzümü Şuşa batalyonunun komandiri Fəxrəddin Səfərova tutub
deyirəm ki, əmr et komandir! Qoy köhnə döyüşçülər bir araya gəlsinlər. Qoy, Şuşa
batalyonu adını daşıdığı Şuşanı azad etmək üçün yenidən formalaşsın. Daha
bəsdir, - döz, düzələr - deyib özümüzü aldatdıq. Mən övladıma elə tərbiyə
verməmişəm ki, Şuşanı unudub Bakıya bağlansın.
-Qarabağın yalnız hərb yolu ilə azad olunacağını deyirik. Bəs
birinci Qarabağ savaşındakı hansı səhvlərimizdən nəticə çıxarıb onları təkrar
etməməliyik və bir də nə qədər dözməliyik?
- İlk növbədə, başlayacaq savaş vahid komandanlıq tərəfindən
idarə olunmalıdır ki, növbəti uğursuzluğa düçar olmayaq. Bir sözlə, hamı bir
hədəfə vurmalıdır. Məndən ötüb qardaşıma dəyəcək - deyimi unudulmalıdır. Ötən
savaşda hər rayon, hər kənd, hətta deyərdim, hər mövqe ancaq özünün müdafiəsi
barədə düşünürdü. Düşmənimiz, niyyətimiz bir olduğu üçün hərəkət edəcəyimiz
plan da eyni olmalıdır. O ki qaldı millətin dözməyinə, milləti dözməyə vadar
edirlər. Ancaq bu millətin oyanacağı an uzaqda deyil. Hansısa partiyanın, yaxud
da təşkilatın fəaliyyətinin qarşısını almaq mümkündür. Ancaq millət ayağa
qalxsa, onun qarşısını heç bir qüvvə ilə almaq mümkün olmayacaq. Sadəcə, ayağa
qalxan millətə rəhbərlik edən insan olmalıdır. Millət ayağa qalxdığı zaman dağ
çayına bənzəyir. Onu həm yaxşı, həm də pis məcraya yönəltmək olar. Millətin
yönəldilməsi qarşıda gedən rəhbərdən asılı olacaq. Zənn edirəm ki, millətin
əksər hissəsi müharibə tərəfdarıdır. Ən güclü müdafiə hücumdur. Əgər ermənilərin
hücumundan qorunmaq istəyiriksə, biz hücuma keçməliyik.
- Qarabağ savaşının sirli qutusu olan Daşaltı əməliyyatı barədə
nə deyərdiniz?
- Daşaltı Qarabağ savaşında Xocalı faciəsindən sonra ən böyük
faciəmizdir. Daşaltı faciəsi içimizə girə bilən ermənilərin bizə qurduğu tələ
idi. Daşaltıda Şıxov taboru ilə Əfqanıstanda döyüşən azərbaycanlılardan təşkil
olunmuş tabor anlaşılmazlıq ucbatından bir-birinə qarşı döyüşmüşlər. Üstəlik
Daşaltı ətrafında mövqe tutan bizim əsgərlər kənddəki qüvvələri bir-birindən
ayıra bilmədiyi üçün kəndi kor-koranə atəşə tutmuşdular. Qardaşım Zahid də
Daşaltı əməliyyatında şəhid oldu.
- Qarabağ ərazisində partizan müharibəsi aparmaq mümkündürmü?
Bəzi köhnə döyüşçülər bunu yerli əhalisiz mümkün saymırlar.
- Qarabağ partizan müharibəsi aparmaq üçün tam yararlı bir
ərazidir. Orada elə mağaralar var ki, bir taboru gizlətmək olar. Hökumət
icazə verərsə, mən və mənim kimi köhnə döyüşçülər Qarabağın istənilən
nöqtəsində, istənilən an qisas aksiyası keçirə bilərik. Qarabağı uzun müddətli
partizan müharibəsi ilə də azad etmək olar. Hökumət gizli şəkildə partizan
müharibəsi aparıb aşkarda sülh danışıqlarını davam etdirsə, erməni bu qədər inad
göstərə bilməyib, özləri də məsələnin həllində maraqlı olacaqlar. Qarabağ
meşələri partizanların həm sığınacağı, həm də azuqə ehtiyatı rolunu oynaya
bilər.
- Azərbaycan gəncliyinin bugünkü durumu sizi qane edirmi?
- Bugünkü gənclik bizdən fərqli olaraq, başqa mühitdə böyüyüb.
Bizim beynimizə - Siz Babəkin, Koroğlunun nəvələrisiniz, - fikri yeridilmişdi.
Bugünkü gənclik babalarının Göyçəni, Zəngəzuru qoyub qaçdığını inkar etmir.
Oxuduğu tarixdə millətin öz ərazilərini qonşulara pay etdiyini bilən gənc
Qarabağ itkisini də təbii qarşılaya bilər. Ona görə də, biz uğursuz ənənəyə son
qoyub, "torpaqsatan millət" damğasını üzərimizdən silməliyik. Təhvil aldığımız
vətəni gələcək nəslə, aldığımız kimi təhvil verməliyik. Axı indi orduda xidmət
edən 18 yaşlı əsgərin nə günahı var ki, bizim qoruya bilmədiyimiz torpağı o azad
etsin. Biz köhnə döyüşçülərin indiki gənclikdən umduğu yalnız mənəvi dəstəkdir.
- Sizin üçün Qarabağ savaşının ən yaddaqalan hadisəsi hansıdır?
- Yaralanmamışdan öncə ermənilər bizim Tar fabriki ərazisindəki
mövqeyimizi BTR-lə atəşə tutub başımızı qaldırmağa imkan vermirdi. Tutduğumuz
mövqe ilə Tar fabriki arasında məsafə 3-4 metr olardı. BTR atəşi dayandırdıqdan
sonra hiss etdik ki, ermənilər Tar fabrikində mövqe tutublar. Dalbadal atdığımız
qumbaralar Tar fabrikini sükuta qərq etdi. Səhər sexi yoxlayanda orada erməni
qanından gölməçələr yarandığının şahidi olduq. Erməni dığaları döyüş meydanında
nə yaralı, nə də meyid qoyub gedirdilər. Yerdə qanın çoxluğu ermənilərin xeyli
itki verdiyinə işarəydi.
- Son olaraq qəzetimiz vasitəsi ilə oxuculara nə deyərdiniz?
- Mən sözümü silahımla döyüş meydanında demək istəyirəm. Qoy
oxucular da o günə hazır olsunlar. Yəqin ki, qalib ordunun əsgəri kimi müsahibə
vermək daha qürurverici olardı.
Yetim Qacar
"Azad Qarabağ" qəzetinə abunə
yazılmaq istəyənlər aşağıdakı ünvanlara müraciət
etsinlər:
-
Azərmətbuatyayım İstehsalat Birliyi.
Ünvan: Bakı şəhəri, AZ-1007, C.Hacıbəyli küçəsi 30,
Əlaqə telefonları: 440-10-35, 440-39-83, 440-27-85. Respublikanın rayon və
şəhərlərində isə "Mətbuatyayımı" şöbələrinə müraciət edin.
-
"Qasid" Açıq Səhmdar Cəmiyyəti. Ünvan:
Cavadxan küçəsi 21 a.
Telefonlar: 493-14-06, 493-16-43, 493-23-19
ABUNƏ YAZILMAĞA TƏLƏSİN!
|