Eldar İsmayılov
Eldar İsmayılov
Qarabağ
düyünü: retrospektiv perspektiv prizmada
Ermənistanla Azərbaycan arasındakı silahlı münaqişənin sonu görünmür. Doğrudur,
1994-cü ildən bəri “atəşkəs rejimi” bərqərar olub. Amma bu nə qədər çəkəcək?
1988-ci ildə başlanan “Qarabağ problemi”münaqişədə iştirak edən tərəflərin heç
birinə xoşbəxlik və tərəqqi verməyib, əksinə hər iki xalqa sonsuz dərd və əzab
gətirib.
XX əsrə qədər tarixdə ermənilərlə azərbaycanlılar arasında etnik
münaqişə barədə məlumatlara rast gəlinməyib. Əvəzində XX əsrdə qanlı toqquşmalar
və onları yaratmaq cəhdləri bol olub. Birinci iri miqyaslı etnik silahlı
qarşıdurma Rusiya tarpixində əhəmiyyətli iz buraxmış 1905-ci ilə aiddir. Həmin
hadisələrin səbəblərini anlamaq bu gün də çətindir. Hər halda hər iki tərəf öz
dövlətçiliyindən məhrum idi və ərazi üstündə mübahisələrə zəmin yox idi. Lakin
bu hadisələr açıq şəkildə göstərdi ki, tərəflər əmələ gələn problemlərin sivil
həllinə hazır deyillər. Hər iki tərəfin fəaliyyəti kütləvi zülmlərlə əlamətdar
idi.
Zor və zülmün yeni dalğası 1918-20-ci illər hadisələri fonunda
baş verdi. Bu dəfə iki dövlətin – Azərbaycan və Ermənistan Respublikalarının
yaranma şəraitində. Münaqişənin səbəbləri, onun həqiqi günahkarları, kimin daha
çox əziyyət çəkdiyi və tökülən qanın və zorun nəticə etibarilə kimə sərf etdiyi
barədə danışmağın heç bir mənası yoxdur. Hər halda ehtiraslar yalnız Azərbaycan
və Ermənistan müstəqilliyini itirdikdən sonra səngidi.
Biz bolşevikləri hərdən haqlı, hərdən isə boşuna tənqid edirik.
Lakin hər necə olsa da, məhz onlar 1920-ci ildə öz sərt, amansız siyasətləri ilə
erməni azərbaycan münaqişəsinə son qoya və indi aydın olduğu kimi, bu məsələyə
70 illik moratorium qoya bildilər.
Uzun illərdən sonra gərginliyin artmasına səbəb olanlar
yenidənqurma dövrünün ruhuna uyğun bir tərzdə Stalinin ünvanına tənqidlərlə
çıxış etdilər. Bildirilirdi ki, o, problemi dərinə basdırmaqla onu düzgün həll
etməyib. Guya əgər Dağlıq Qarabağı Ermənistana versəydilər, onda problem də
birdəfəlik həll olunub qurtarardı.
Stalini çox şeyə görə ittiham etmək olar. Amma onun
azərbaycanlılara ilıq duyğular bəsləyib, ermənilərə qeyri-loyal münasibət
göstərdiyini iddia etmək olmaz. Stalin imperiya miqyasında siyasi xadim, böyük
vətənin maraqlarının ifadəçisi idi. Mərkəzi hakimiyyətin fikrincə, vətəndaş
müharibəsi və iqtisadi depressiyaların zəiflətdiyi ölkəyə siyasi stabillik,
sülh, o cümlədən milli sülh lazım idi. Dağlıq Qarabağ münasibətinə də bu
prizmadan baxılırdı. Əslində Dağlıq Qarabağın taleyi 1921-ci il iyulun 4-5-də,
RK(b)P Qafqaz MK-nın plenumunda həll olundu.
İyunun 5-də Qafqaz Bürosu yenidən bu məsələyə qayıdır və yeni
qərar qəbul edir. Bu qərara görə, Dağlıq Qarabağ, bu əraziyə geniş muxtariyyət
verilməsi şərti ilə Azərbaycan SSR-in tərkibində qalır. Qafqaz Bürosunun
Stalinin şəxsi iştirakı ilə keçirilən iclasında öz qərarını nə üçün bu tərzdə
çıxarması barədə sualın cavabını elə qərarın özündə tapmaq mümkündür. Burada
deyilirdi: “Müsalmanlarla ermənilər arasında milli sülhün yaranması ehtiyacından
çıxış edərək…”.
Bolşeviklər anlamışdılar ki, Dağlıq Qarabağın Ermənistana
verilməsi yenidən gərginliyə səbəb ola bilər. 1921-ci ildə sıralarında
erməniləri də, azərbaycanlılıar da olan bolşeviklər bunu anlaya bilmişdi, 70 il
sonra isə bu məsələni yenidən gündəmə gətirən insanlar qan tökülməsi
perspektivini nəzərə almaq istəmədilər. Bir sözlə, 20-ci illərin kommunistləri
gözəl anlayırdılar ki, ərazi məsələləri hökmən 1905-ci və 1918-1920-ci illər
hadisələrinin təkrarlanmasına gətirib çıxaracaq.
1945-ci ilin payızında Ermənistan rəhbərliyi SSRİ rəhbərliyi
qarşısında Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın
tərkibinə qatılması məsləsini qaldırır və bu barədə Stalinə müraciət edirlər.
Stalin məktubu aldıqdan sonra onu ÜK(b)P MK-nın katibi Q. Malenkova, o isə öz
növbəsində məsələni araşdırmaq üçün Azərbaycanın rəhbəri Mircəfər Bağırova
göndərir.
Mircəfər Bağırov öz cavabında Arutünovun gətirdiyi dəlillərə
etiraz edir, amma Şuşa istisna olmaqla Dağlıq Qarabağın Ermənistana ötürülməsinə
razı olduğunu bildirir, bir şərtlə ki, Ermənistan SSR ərazisində
azərbaycanlıların məskunlaşdığı üç rayon da Azərbaycan ərazisinə qatılsın.
Bundan sonra məsələnin müzakirəsi dayandırıldı. 1967-ci ildə, erməni ziyalılıarı
Dağlıq Qarabağın Ermənistana qatılması məsələsinə baxılmaq üçün yenidən SSRİ
rəhbərliyinə müraciət etdilər. Bu Stepanakertdə toqquşmanın yaranması və qan
tökülməsi ilə nəticələnəndə sovet rəhbərliyi dərhal ciddi tədbirlər görüb
münaqişənin dərinləşməsinin qarşısını aldı.
Yalnız SSRİ-nin sonuncu rəhbəri M. Qorbaçovun mövzunun
reanimasiya olunmasına icazə verdikdən sonra hadisələrin imperiya üçün
arzuolunmaz gedişini vaxtında dayandırmağa qətiyyəti və düşüncəsi çatmadı.
SSRİ-nin tezləşdirilmiş süqutunu stimullaşdırdı.
Lakin bu barədə yalnız süqutuna görə peşmançılıq çəkən vaxtilə
nəhəng dövlətlər təəsüf hissi keçirə bilər. Eyni zamanda elə müstəqillik
tərəfdarlarının da Azərbaycan-erməni münaqişəsini tərənnüm etməyə heç bir əsası
yoxdur. On minlərlə həlak olan, yüz minlərlə qaçqın. Boşaldılmış və yandırılmış
şəhər və kəndlər, milli nifrət hissi ilə dumanlanmış beyinlər- bütün bunlar
onillik münaqişənin real nəticələridir.
Bəs perspektiv nə cürdür? Mənzərə olduqca dumanlıdır.
Azərbaycanın Dağlıq Qarabağın ayrılmasına razılaşacağı günü təsəvvürünzə gətirə
bilirsinizmi?
Həmin şəraiti nə dünən təsəvvür etmək mümkün idi, nə bu gün, nə
də sabah bunu mümkün saya biləcəyik. Bu birmənalıdır.
Erməni tərəfi bəyan edir ki, ermənilər Azərbaycanın tərkibində
yaşaya bilməz. Axı nə üçün? Necə olur ki, ermənilər böyük koloniyalar şəklində
dünyanın bir çox ölkələrində yaşaya bilir, özü də təkcə yüksək inkişaf etmiş
ölkələrdə yox. Axı hələ on il bundan əvvəl Bakıda iki yüz minlik, Gəncədə isə
otuz minlik erməni koloniyası yaşayırdı, özü də heç də pis yaşamırdı. Gətirilən
dəlillərə diqqət yetirin. Onlardan biri bundan ibarətdir ki, azırbaycanlılara
olan neqativ münasibət bu millətin Zaqafqaziyanın əzəli sakinləri olmaması və bu
əraziyə yalnız XI əsrdə gəlməsi ilə bağlıdır. Müasir azərbaycanlıların
əcdadlarının Azərbaycan ərazisinə gəlməsinin XI əsrə təsadüf etdiyi barədə iddia
kifayət qədər absurdur. Lakin gülməli olan heç də bu deyil. XI əsr nə dünən nə
də srağagün deyil. O vaxtdan, demək olar ki, min il keçib. Bu vaxt bir millətin
adaptasiya olunması və yerli statusu alması üçün kifayətdir.
Başqa bir dəlil isə ondan ibarətdir ki, Dağlıq Qarabağ əhalisinin
əksəriyyətini ermənilər təşkil edir. Bundan belə bir nəticəyə gəlinir ki, bu
ərazi əzəldən erməni torpağı olub və Qarabağ ermənilərinin öz müqəddəratını
təyin etmək, o cümlədən də öz dövlətini yaratmaq haqqı var. Dağlıq Qarabağ
geosiyası şəraitin belə kəskin olduğu bir şəraitdə öz müstəqil həyatını necə
təsəvvür edir? Onun Azərbaycandan kənarda Azərbaycanla inteqrasiyası
mümkündürmü? Şübhəlidir. Bu şəraitdə Dağlıq Qarabağ daim iqtisadi və siyasi
problemlərin təsiri altında olmağa məhkumdur. Erməni tərəfi anlamalıdır ki,
dünyanın aparıcı dövlətləri Azərbaycanın mövcud sərhədlərinin toxunulmazlığı
tezisinin şübhəsiz olduğu ilə ona görə razılaşmırlar ki, yeni dövlətlərin əmələ
gəlməsi üçün iddialarını yarada biləcək detonator rolu oynayan presedent
yaratmaq istəmirlər.
Müharibədən sonrakı Avropa liderləri bir zaman xalqların
təhlükəsizliyi və sülhün təmin olunması üçün mövcud sərhədlərin saxlanmasının
vacibliyini anlayıblar. Postsovet dövrünün bəzi siyasətçilərindən belə müdriklik
tələb etmək olduqca çətindir. Lakin ümidsizliyə və qapılmağa dəyməz.
Azərbaycanlılıarla ermənilər neçə yüzilliklər yan-yana yaşayıblar. Onların
münasibətlərində müxtəlif anlar olub. Təbiidir ki, uzunmüddətli təmaslar zamanı
onların bir-birinə iradları da əmələ gəlir. Belə çıxır ki, indi bütün
problemləri birdən həll etmək üçün onlar öz aralarında daşdan hasar çəkiblər.
Hasar günü-gündən hündürləşir, problem isə son həllini tapmır. Bununla belə, hər
iki xalq qonşuluqda yaşamağa məhkumdur. Bu tarixin hökmüdür. Hələ heç bir xalq
düşmənlə qonşu olmaqdan xeyir görməyib. Əvvəllər biz bir komunal məzildə
yaşayırdıq. Belə mənzildə mübahisənin olması təbiidir. İndi isə hər xalqın
özünün ayrıca “mənzili” var, amma rahatlığı yoxdur. Və əsas məsələ həmin
mənzilləri daha rahat, daha komfortlu etməkdir. Əlbəttə, bu münasibətlərin
qardaşlıq münasibətləri olacağınını da gözləmək çətindir. Lakin normal,
praqmatik əsaslarda qurulmuş əməkdaşlıq mümkün və vacibdir. Bunun naminə öz
ərazisinin qonşu dövlətin ərazisi hesabına genişləndirmək planlarından imtina
etməyə dəyər. Bu yanaşmanın alternativi yoxdur.
|