|
Əli Abasov
Əli Abasov
Qarabağ
münaqişəsi
– ümummilli problem kimi
1.
Qarabağ probleminə diqqət yetirəndə məlum olur ki,
bu məsələ ilə eyni zamanda hamı məşğul olur və əslində heç kim məşğul olmur. Bu
məsələdə öz şəxsi problemlərinin həllini axtarmaq doğru deyil. Çünki o,
ümummilli problemdir, onu yalnız xalqın ümumi iradəsi və onun elitasının
düşünülmüş fəaliyyət proqramı ilə həll etmək mümkündür
2.
Ümummilli proqram öz qloballığına görə sırf siyasi xarakter daşıya bilməz, onun
tarixi, psixoloji, mədəni və başqa tədqiqat aspektləri var. Buna görə onun
hazırlanmasında Azərbaycanın yalnız siyasi yox, bütün elitası iştirak etməlidir.
Qarabağ konfliktinin meydana çıxdıği ,demək olar ki, 15 ili ərzində nə elə bir
ümummilli proqrama, nə də elə bir iştiraka nail olunmuşdur.
3.
Bütün Azərbaycan əhalisi dərk etməlidir ki, Qarabağ xalqın,
mədəniyyət baxımından, dili, ədəbiyyatı və mədəniyyətinin; siyasi baxımdan,
dövlətçiliyinə milli konsolidasiyasının formalaşdığı əsas mərkəzlərindən
biridir. Ümumiyyətlə, hamının belə bir qənaitdə olması vacibdir ki, Qarabağsız
Azərbaycan xalqının bütövlüyü, o gümlədən azərbaycanlıların bir millət kimi
mövcudluğu mümkünsüzdür. Söhbət əlbəttə, öz dövlət müstəqilliyi və suverenliyini
qazanmış millətdən gedir. Biz bu müstəqillik illərində milli məqsəd yolunda bir
millət kimi irəlilədiyimizi hələlik iddia edə bilmərik.
4.
Bu nəticələri qiymətləndirməkdən öncə, Qarabağ üzrə
ümummilli proqramyaradılmasına mane olmuş və hazırda mane olan səbəblərə nəzər
salaq. Müstəqillik – o, xarici amillərdən başqa, bəzi daxili atributlarla,
xüsusi dövlətçilik vəziyyəti ilə xarakterizə olunan siyasi yetkinlik və
əsaslılıq növüdür. Müstəqillikdən, zamanın tarixi və mədəni xüsusiyyətlərindən
başqa, xalqın siyasi konsolidasiyanın müəyyən səviyyəsinə nail olmaq lazımdır.
Azərbaycanda mədəni–konfessional (dini) baxımdan fərqlənən bir çox etnik qrup və
milli azlıqların olmasına baxmayaraq, vahid siyasi birliyin–Azərbaycan
millətinin formalaşması üçün bünövrə hazırlanmalıdır. Belə əsasın qoyulması
üçün, öz vətəndaşlarının siyasi sahədə milli–dini mənsubiyyətlərinə biganəlik
göstərən və onların sosial–mədəni və mənəvi sahədə tam muxtariyyət hüquqlarını
qoruyan demokratik, vətəndaş cəmiyyəti və hüquqi dövlət üçün səciyyəvi olan
institutların formalaşması və fəaliyyət göstərməsinə şərait yaradılması
vacibdir. Azərbaycanda hakimiyyətdə olmuş hər üç siyasi elita, bu problemləri
əhəmiyyətsiz və ya qorxulu hesab edərək, onlar haqqında ya az, ya da heç
fikirləşməmişlər. Bu halda, siyasi elitaya hardasa haqq qazandırmaq mümkündür,
amma mədəni elitanin–Azərbaycanın elmi və yaradıcı ziyalılarınin qüsur və
qəbahəti bağışlanılmazdır. Başqa bir sual–kimdir bu elitada təmsil olunanlar?
Keçmiş sovet dövründə yetişənlər, yoxsa hələ öz yolunu axtaran, indi təşəkkül
tapmağa başlayan yeni milli mənəvi elita? Hər necə olursa olsun, mənəvi və
siyasi elitaların əlaqəli fəaliyyəti olmadan nəinki ümumilli proqramın, hətta
millətin özünün milli-siyasi birliyinin formalaşması da mümkünsüzdür. Ancaq bu,
görünür, artıq Azərbaycanda növbəti hakimiyyətin problemidir. Bəs nə etməli –
gözləməlimi? Əksinə, hədəfə çatmaq yollarını dəyişərək, fəaliyyət göstərmək
gərəkdir. Qarabağ problemini bütün Azərbaycan xalqının birləşməsi və milli
konsolidasiyası faktoruna çevirmək vacibdir.
5.
Belə səylərdən biri kimi kiçik zaman çərçivəsində siyasi qüvvələrin böyük
əksəriyyətinin və Azərbaycanın ictimai təşkilatlarının nüfuz qazanmış “Dördlərin
Xartiyası»nı göstərmək olar. Lakin göstərilən sənədin sırf siyasi xarakter
daşıması onun qısamüddətliliyini müəyyən etdi, siyasi və əsasən də mənəvi elita
bu sənəddə gələcək inkişaf pratformasını, millətin konsolidasiya əsaslarını görə
bilmədi. Bu vəziyyət xoşbəxtlikdən, xoş məram olarsa, asanlıqla düzələ bilər.
6.
Tayfabazlıq, regionçuluq, yerliçilik Azərbaycan
millətinin formalaşması yolunda əsas maneədir və etiraf etmək lazımdır ki,
bunlarla əhalinin müəyyən hissəsi deyil, əksəriyyəti yoluxmuşdur. Bu, siyasətdə
patriarxal metodların təzahürüdür. Bununla belə, bizim dövlətçiliyin demokratik
fasadı ilə yaxşı uyğunlaşır. Hətta biz görürük ki, bu metodlar Azərbaycan
millətinin formalaşma prosesini ləngitmək üçün şüurlu surətdə tətbiq olunur.
Digər tərəfdən biz qeyd edə bilərik ki, Azərbaycanda cəmiyyət və
onun ayrıca vahidi olan ailə heç cür bir-biri ilə əlaqəli deyildir, nəslin
mənafeyi və sərvətləri cəmiyyətin mənafe və sərvətlərindən praktik olaraq daima
üstün tutulur. “Dövlət üçün xalq, – xalq üçün dövlət yoxdur», bu məntiqsizlikdən
qurtulmaq lazımdır. Bu yolda ilk addım kimi Qarabağ üzrə yeni birləşdirici
proqram – millətin mənəvi intibah proqramı yaradılmasını göruruk. Heç bir
pessimizmi olmayan, qaçqınların yaşayış şəraitinin dözülməzliyindən istifadə
etməyən, torpaqların işğalı və “ikili standartlardan”şikayətlənməyən, öz hüquq
və tələblərinin ədalətliliyinə əmin, azad vətəndaş ləyaqətini formalaşdıran
sosial optimizm proqramı lazımdır. Lakin bu halda yadda saxlamaq lazımdır ki,
Azərbaycan yalnız Bakıdan ibarət deyil və onda özünə eyni diqqəti tələb edən
onlarla rayonlar da var.
7.
Konkret addımlar: Azərbaycan tərəfi respublikamızın vətəndaşı, hərbi cani olan
R.Koçaryanla danışıqlardan imtina etməli, onun beynəlxalq hərbi tribunalda
məsuliyyətə cəlb olunmasını tələb etməlidir. Ermənistanın hakim dairələrinin və
parlamentinin Qarabağla bağlı qəbul etdiyi hər hansı rəsmi qərar sadəcə olaraq
“Azərbaycanın daxili işlərinə qarışmaq” deyil, beynəlxalq hüquq baxımdan uyğun
olaraq müharibə elan etməkdir; Beynəlxalq təşkilatlar, Qarabağ konfliktinin
tənzimlənməsində vasitəçilər və dünya ictimaiyyəti bütün Azərbaycan cəmiyyəti
tərəfindən qəbul olunmuş, vahid yanaşma tərzi haqda məlumatlandırılmalıdır.
8.
Məhz buna görə proqramın müasir siyasi dəyərlərə və demokratik prinsiplərə
söykənməsi çox vacibdir. Həqiqətən qəbul olunmalıdır ki, Cənubi Qafqazın bütün
vətəndaşlarının, o cümlədən bizim qonşularımızın azadlığı olmasa, Azərbaycan
vətəndaşlarının da azadlığı yoxdur və ola da bilməz. Biz ona nail olmalıyıq ki,
Azərbaycan millətinin birləşməsi Cənubi Qafqaz vətəndaşlarının birləşməsi,
Avropanın siyasi və iqtisadi birləşməsi ilə müşayiət olunsun, çünki bizim region
onun tərkib hissəsi olacaqdır. Bu dəyərlər və prinsiplər yaxşı məlumdur, lakin
az istifadə olunur ki, bu da bizim keçmiş irsimizlə və bu günün çətinliklər ilə
əlaqən irəli gəlir. Gələcəkdə isə bizə “ikili standartla”yanaşılması, məhz bizim
öz daxili siyasətimizdən asılı olacaqdır.
|