|
Əyyub Kərimov
Əyyub Kərimov
Dağlıq Qarabağ probleminin həllinin nəzəri və praktiki aspektləri haqqında
Bu
baxımdan kökləri xeyli əvvələ gedib çıxan, hazırda isə regionun, xüsusən də
respublikamızın inkişafını hərtərəfli əngəlləyən, vətəni sevənlərin
əksəriyyətinin mənəvi-psixoloji sarsıntılarına səbəb olan Dağlıq Qarabağ
probleminin həlli yollarının axtarılması, irəli sürülən təklif və tövsiyələrin
müzakirəsi bizim üçün həyati əhəmiyyətə malikdir. Ermənilərin torpaqlarımıza
sonradan gəlmələri (xüsusən 1813 və 1828-ci illərdə Rusiyanın bağladığı
müqavilələr nəticəsində) haqqında həm tarixi mənbələr, həm də elmi araşdırmalar,
arxeoloji materiallar və maddi abidələr kifayət qədərdir. Bunları öz əsərlərində
təsdiqləyən erməni müəllifləri də az deyildir.
O ki
qaldı ermənilərin tez-tez xatırlatdıqları və dünya birliyinə sırımağa
çalışdıqları “millətlərin öz müqəddəratını təyin etmək hüququ” məsələsinə, cavab
aydın və qəti verilməlidir: Ermənilər öz müqəddəratını təyin etmişlər və
Ermənistan Respublikası yaratmışlar.
Bu
nöqteyi-nəzərdən dünya birliyinin çaşdırılmasına yol verilməməli, müasir
informasiya vasitələrinin imkanlarından və bu sahədə səriştəli olan kadrların
gücündən istifadə etməklə bizə qarşı ermənilərin çox böyük ustalıqla təşkil
etdikləri informasiya müharibəsində qalib gəlməliyik.
O ki
qaldı millətlərin hansının kökünün tarixin daha dərin qatlarına gedib çıxması
məsələsi, bu ancaq maddi və mədəni qaynaqların imkan verdiyi dərəcəyə qədər
mümkündür.
Nəzəri
cəhətdən isə insanların tarixinin materialistcəsinə araşdırılması insanabənzər
meymunlara, dini-idealistcəsinə araşdırılması isə Adəm və Həvvayə gedib çıxır.
Bunun məntiqi nəticəsi isə bütün millət və xalqların eyni kökdən olmaları,
insanlar bir-biri ilə qohum, dost və qardaşdır qənaətidir. Dövlətlərin yaranması
və dünyanın sərhədlərə bölünməsi mənafe və maraqların, tarixi inkişafın müəyyən
mərhələsinin məhsuludur. Bu mənafe və maraqlar, “nəfslər” müharibə və
dağıntıların, qətl və qarətlərin, çaylar qədər axıdılmış qanların səbəbidir.
Sivilizasiyalı bəşəriyyət bütün bunlara son qoymaq üçün, müxtəlif beynəlxalq
qurumlar (o cümlədən BMT-ni) yaradaraq, bu qurumlarda qəbul edilən qərar və
qətnamələrdə mövcud sərhədlərin pozulmaması prinsipini irəli sürmüşdür. Qeyd
etməliyik ki, torpaqlarımızın 20 faizini işğal etmiş ermənilərin qəsb etdikləri
ərazidən çıxmağı barədə BMT-nin qəbul etdiyi məlum qətnamələr həmin prinsipin
nəticəsi olmaqla bizim fəaliyyətimiz üçün də hüququ bazadır.
Problemin praktiki həllindən bəhs edərkən demək istərdim ki, bəlkə də mövcud
siyasi reallıqlar torpaqlarımızın azad edilməsini hələlik açıq müharibə yolu ilə
mümkün etmir. (Hərçənd ki, problem qloballaşmamışdan əvvəl bunun üçün geniş
imkanlar var idi). Ancaq tarixi ənənələrə, işğal olunmuş torpaqların azad
edilməsi praktikası tarixinə nəzər yetirdikdə xalq hərəkatının, partizan
müharibələrinin əhəmiyyətindən kifayət qədər danışmaq olar. Fikrimcə, bu
təcrübədən bizim vəziyyətimizdə bütün siyasi reallıqları nəzərə almaqla, zamanın
imkan verdiyi çərçivədə məqsədli və mütəşəkkil şəkildə istifadə edilməlidir.
İndiki praktiki mənzərə belədir. Ermənistan ərazimizin 20 faizini
işğal edib. Dəhşətli qətl və qarətlər törədərək bəşəriyyəti Xocalı soyqırımı,
digər vəhşiliklərlə heyrətləndiribdir. Əvəzində isə hazırda, “bədnam atəşkəs”
rejimində ermənilər heç bir itki vermədən işğal etdikləri ərazidəki
azərbaycanlıların əsrlərdən bəri qurub – yaratdıqları, əkib becərdikləri
sərvətləri soyub talayır, satır və hərbi xidmətdən geri dönərkən özlərinə və
ailələrinə maddi təminat aparırlar. Onlar Qarabağ torpaqlarına heç bir qorxu
hissi keçirmədən varlanma mənbəyi kimi baxırlar.
Fikrimcə, döyüş təcrübəsi olanlardan, işğal olunmuş ərazinin qorxmaz
igidlərindən ibarət konkret tapşırıqlı, hərtərəfli təlim keçmiş, bir mərkəzdən
idarə olunan, yaxşı təmin olunmuş yüksək dərəcədə sığortalanmış, kiçik qruplar
ayda bir-iki dəfə işğal olunmuş ərazidəki evlərinə, tarixi abidələrə, ata və
babalarımızın qəbirlərinə baş çəkməyə, kəşfiyyata getsələr və orada “təsadüfi
toqquşmalarda” iki-üç erməni əsgəri ölsə, bu təxminən ildə 200-300, on ildə isə
2-3 min tabutun Qarabağdan Yerevana göndərilməsi demək olardı. O zaman heç bir
erməni ailəsi övladını sevinclə, varlanmağa göndərirmiş kimi, Qarabağa yola
salmazdı. Ermənistanın və qondarma Qarabağ “liderlərinin” nə bu cür təhqiredici
davranışlarının, nə də həyasızcasına, heç bir beynəlxalq normaya sığmayan
bəyanatlarının şahidi olardıq.
Hakimiyyət orqanlarlımzın da danışıqlarda sözlərinin gücü və təsiri indikindən
qat-qat artıq olardı. Bu həm də mənəvi-psixoloji baxımdan xalqımızın ruhunu
yüksəldərək problemi diqqət mərkəzində saxlayar, ermənilər isə onlar üçün yad
torpaqda daim ölüm təhlükəsi altında olar, qorxu və həyəcan içərisində Qarabağda
qalmaqdansa müxtəlif yollarla qaçıb getməyi üstün tutardılar.
Məncə,
bu taktikadan istifadə etməklə bərabər, bütün digər sahələrdə də paralel olaraq
iş aparmaq, qüdrətli ordu yaratmaqla bizim üçün əlverişli olan siyasi məqamda
torpaqlarımızı tamamilə azad edib, rüsvayçılıq damğasını üzərimizdən birdəfəlik
götürməliyik.
|