|
Fəzail İbrahimli
Fəzail İbrahimli
Qarabağ
böyük siyasətin məngənəsində
80-cı illərin sonunda keçmiş SSRİ ərazisində dövrümüzün ən kəskin
münaqişələrindən biri olan Dağlıq Qarabağ problemi meydana çıxdı. Ermənistan
beynəlxalq hüquq normalarını pozaraq, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan
Dağlıq Qarabağı Ermənistana birləşdirmək məqsədilə məkrli fəaliyyətə başladı.
1989-cu il dekabrın 1-də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında
qərar qəbul etdi. Bütün dünyanın gözü qabağında Ermənistan Azərbaycana açıq
hərbi təcavüzə başladı. Rusiya hərbi qüvvələrinin və Qərb himayədarlarının
havadarlığı ilə 1992-ci ilin əvvəllərində Ermənistan silahlı qüvvələri Dağlıq
Qarabağda azərbaycanlıların yaşadıqları sonuncu yaşayış məntəqələrini işğal
etdilər. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə XX əsrin ən böyük
faciələrindən biri olan Xocalı faciəsi törədildi. 1992-ci il mayın 8-də Şuşa
şəhərini işğal etməklə ermənilər bütün Yuxarı Qarabağa yiyələndilər. 1992-ci il
mayın 17-də Laçın şəhəri işğal edildi. Dağlıq Qarabağ bölgəsinin sərhədlərindən
kənarda olan Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının
işğalı ilə Azərbaycan öz ərazisinin 20 faizini itirdi, 1 milyon insan öz
vətənində qaçqına çevrildi. Bütün bunlar dünyanın gözü qabağında baş verdi,
dünya susdu, Ermənistanı təcavüzkar dövlət adlandırmadı və bu gün də
adlandırmır. Nədir səbəb?
Tarixi keçmişimizə nəzər salaq: 1723-cü ilin sentyabrın 3-də I
Pyotr Peterburqda Bakının alınmasını təntənə ilə qeyd etdi. 1724-cü il 10
noyabrda üç erməni katalikosunu qəbul edib, onların Xəzəryanı əyalətlərdə
yerləşmək barədə xahişini dinlədi. Bu məsələ ilə bağlı Pyotrun verdiyi
göstərişdə deyilirdi: “Ermənilərin Gilan, Mazandaran, Bakı, Dərbənd və başqa
yerlərdə yerləşdirilməsinə çalışın, bu bölgədəki yerli əhalini isə imkan
düşdükcə sıxışdırıb çıxarın. Tarixə “Pyotrun vəsiyyəti”adıyla daxil olan böyük
siyasətin reallaşması Şimali Azərbaycanın Çar Rusiyası tərəfindən işğalından
sonra mümkün oldu. Türkmənçay müqaviləsinin (1828-ci il 10 fevral) 12, 14 və
15-ci maddələri “Təbəə alış-verişi”ilə bağlı idi. Bu maddələrə əsasən, İrandan
köçürülən ermənilər Naxçıvanda və Qarabağda bəy-xan torpaqlarında yerləşdirildi.
N.Şavrov yazırdı: “Biz müstəmləkəçilik fəaliyyətinə Güney
Qafqazda rus əhalisinin deyil, bizə yad olan xalqların yerləşdirilməsindən
başladıq. 1828-ci ildən 1830-cu ilə kimi Güney Qafqaza İrandan 40 min,
Türkiyədən isə 84 mindən çox erməni köçürülərək, onları Yelizavetpol (Gəncə) və
İrəvan quberniyalarının ən yaxşı torpaqlarında yerləşdirdik. Onlara 200 min
desyatindən çox xəzinə torpağı ayrılmış və 2 milyon manatlıq xüsusi sahibkar
torpağı satın alınmışdır. Yelizavetpol quberniyasının dağlıq hissəsi (indiki
Dağlıq Qarabağ - F. İ.) və Göyçə gölünün sahilində həmin ermənilər yurd
saldı.”Məhz bu vaxtdan başlayaraq Dağlıq Qarabağ müxtəlif tarixi dövrlərdə böyük
siyasətin məngənəsinə düşdü. Rusiyanın siyasi və hərbi dəstəyi nəticəsində XX
əsrdə Azərbaycana qarşı dəfələrlə təcavüzkar mövqedən çıxış edən Ermənistan
siyasi proseslərdə “girova”çevrildi. Bolşeviklərin hakimiyyətə gəldiyi dövrdə
Zəngəzur torpaqlarını mənimsəyən, Dağlıq Qarabağa Muxtariyyət statusu verilməsi
ilə kifayətlənən ermənilər bolşeviklərin hakimiyyətinin süqutu dövründə Dağlıq
Qarabağı işğal etdilər. Bütün bunlar Azərbaycanın geosiyasi mövqeyi, dünya
dövlətlərinin Azərbaycana marağı və bu maraqlar altında gizlənən məkrli
niyyətlərin nəticəsində baş vermişdir.
Lakin tarixi bir həqiqət hamıya məlumdur: Haqq əzilər, lakin
üzülməz. Xalq tarixin bir anında ayağa qalxıb öz tarixi torpaqlarının sahibi
olacaq, təcavüzkarlar öz layiqli cəzasını alacaq, Azərbaycan öz müstəqil
dövlətinin əbədi və əzəli sahibi olacaqdır.
|