|
Akif Nağı
Akif Nağı
Hərbi yolun labüdlüyünə dair
Bir sıra həlledici amillər Ermənistanın təcavüzü və onun
nəticələrinin aradan qaldırılmasının, Azərbaycanın ərazi bütövlüyü və
suverenliyinin bərpa edilməsinin yalnız hərbi yolla, güc tətbiq ediılməklə
mümkün olduğunu göstərir.
1.
Beynəlxalq təşkilatların, birinci növbədə ATƏT-in və onun nəzdində yaradılmış
Minsk qrupunun fəaliyyəti təcavüzün nəticələrinin dinc vasitələrlə aradan
qaldırılmasının qeyri – mümkünlüyünü nümayiş etdirmişdir. BMT yalnız məlum 4
qətnaməni (822, 853, 874, 884 saylı) verilməklə kifayətlənmış və özünü
nizamasalma proseslərindən kənarlaşdıraraq, məsuliyyəti ATƏT-in üzərinə
atmışdır. Bununla uzunmüddətli, üzücü və nəticəsiz danışıqlar üçün bilərəkdən
şərait yaradılmışdır. BMT nizamasalma proseslərinə müdaxilə etmək üçün heç bir
təşəbbüs göstərmir.
2.
ATƏT-in Minsk qrupu çərçivəsindən kənar fəaliyyəti Ermənistanın təcavüz etməsi
faktının üzərindən sükutla keçilməsinə, onun əsassız iddialarının ödənilməsinə,
hadisələrin həqiqi mahiyyətinin gizlədilməsinə, Azərbaycanın bütün prinsipial
məsələlərdə güzəştlərə məcbur edilməsinə yönəlmişdir. ATƏT-in Budapeşt
sammitində (1994-cü il) Dağlıq Qarabağdakı işğalçı rejimi münaqişə tərəfi kimi
tanıtdırmağa, Lissabon sammitində (1996-cı il) Dağlıq Qarabağ separatçılarına
millətlərin öz müqəddəratını təyin etməsi hüququnu şamil etməyə, İstanbul
sammitində (1999-cu il) və ATƏT-in iştirakı və yaxud rəhbərliyi altında
keçirilən digər beynəxalq forumlarda Azərbaycanın ərazi bütövlüyü və
suverenliyinə etinasızlıq göstərməyə cəhdlər edilmişdir.
3.
Təcavüzün nəticələrinin aradan qaldırılması ilə bağlı məsələnin ATƏT-in
ixtiyarına verilməsi, ümumiyyətlə, düzgün addım olmamışdır. Çünki ATƏT-in
fəaliyyətində insan haqları, milli azlıqların hüquqları, mətbuat azadlığı kimi
məsələlər prioritet önəmə malikdir. Buna görə də ATƏT və onun nəzdində
yaradılmış Minsk qrupu öz fəaliyyətlərində Ermənistanın Azərbaycan ərazisini
işğal etməsini və onun nəticələrini aradan qaldırmağa deyil, Dağlıq Qarabağdakı
erməni etnik azlığının, daha doğrusu, Ermənistanın işğal alətinə çevrilmiş bir
ovuc separatçının hüquqlarını müdafiə etməyə üstünlük vermişdir.
4.
Minsk qrupunun 1997 və 1998-ci illərdə hazırladığı, yalnız 2001-ci ildə
açıqladığı 3 həll variantı, həmçinin Minsk qrupunun təşkilatçılığı ilə Parisdə
və Ki-Uestdə aparılan danışıqlarda irəli sürülmüş təkliflər Azərbaycan xalqının
mənafeyinə zidd, suveren dövlətçiliyi əleyhinədir və məhz buna görə də
nizamasalma prosesində əsas götürülə bilməz. Deməli, bu təkliflər əsasında
aparılmış danışıqlar, həmçinin onların davam etdirilməsi öz mənasını itirir və
qeyri-məqbul sayılmalıdır. Bu təkliflər içərisində Dağlıq Qarabağdakı işğalçı
rejimin münaqişə tərəfi kimi təqdim olunması, təcavüzkar Ermənistanın
məsuliyyətdən kənarda saxlanılması, “qeyri-anklavlıq” prinsipinin ortaya
qoyulması, ərazi mübadiləsi məsələləri, separatçılar üçün həddindən artıq
şişirdilmş status verilməsinin nəzərdə tutulması və bu kimi digər məsələlər
yolverilməzdir.
5.
Bəzən belə bir fikir səslənir, guya ki, “ATƏT, Minsk qrupu və onun həmsədrləri
mümkün olan hər şeyi etmişlər”. Görünür, bu fikri söyləyənlər təcavüzkar
Ermənistanın mənafeyinə uyğun gedişlər edilməsinin mümkünlüyünü diqqətə
çarpdırırlar. Lakin Ermənistanın təcavüzkar və işğalçi olması faktı etiraf
edilməzsə, Minsk qrupu və onun həmsədrlərinin fəaliyyətində münaqişənin həllində
müsbət irəliləyişə çevriləcək konkret bir nəticəyə nail olunmayacağı bəri başdan
bəllidir. Çox vaxt şəxsi söhbətlərdə beynəlxalq təşkilatların nümayəndələri
işğal faktı ilə razılaşır, lakin bu faktın qabardılmasının əhəmiyyət kəsb
etmədiyini bildirirlər. Əslində isə danışıqların uğurla sonunclanması üçün ilk
növbədə Ermənistan işğalçı tərəf kimi müəyyənlişdirilməlidir. Beynəlxalq
təşkilatlar bu addımı atmaq istəmir. Lakin bu fakt öz təsdiqini tapmalı və
danışıqlar bu müstəvidə davam etdirilməlidir.
6.
Ermənistanın rəhbərləri - R. Koçaryan, V. Oskanyan, S. Sarkisyan və digərləri
dəfələrlə rəsmi qaydada bildirmişlər ki, Dağlıq Qarabağın Azərbaycanın
tərkibində saxlanılması mümkün deyil. Ermənistan yalnız rəsmi bəyanatlarla
kifayətlənmir və Dağlıq Qarabağın Ermənistana qəti şəkildə ilhaq edilməsi üçün
konkret addımlar atır. Ermənistanda rəhbər vəzifələrə (prezident də daxil
olmaqla) Dağlıq Qarabağda yaşayan Azərbaycan vətəndaşlarının seçilməsi, yaxud
təyin olunması, Ermənistanın öz hərbi hissələrini Azərbaycanın Dağlıq Qarabağ
ərazilərində yerləşdirməsi və orduya çağırılan Ermənistan vətəndaşlarının buraya
hərbi xidmətə göndərilməsi, Ermənistan parlamenti tərəfindən DQMV-nin
Ermənistana birləşdirilməsi haqqında hələ 1 dekabr 1991-ci il tarixdə qərarın
qəbul edilməsi və onun bu günə qədər ləğv olunmaması, Dağlıq Qarabağın
Ermənistanın maliyyə-pul dövriyyəsi məkanına daxil edilməsi, Ermənistanın illik
iqtisadi inkişaf planlarına Dağlıq Qarabağın da daxil edilməsi və digər
tədbirlər bu məqsədə xidmət edir.
7.
Ermənistanda obyektiv və subyektiv amillərin təsiri altında formalaşdırılmış
ictimai rəy, ictimai və siyasi qüvvələrin müqaviməti, məsələnin bu şəkildə
dondurulub saxlanılmasında maraqlı olan bir sıra xarici qüvvələrin təhdid və
təzyiqləri münaqişənin sülh danışıqları yolu ilə həlli Ermənistanın öz
iddialarından çəkinib, işğal olunmuş ərazilərdən çıxması və Azərbaycanın öz
ərazi bütövlüyünü bərpa edilməsi yolunda ciddi maneədir.
8.
Yuxarıda deyilənlərdən göründüyü kimi beynəlxalq təşkilatların, böyük
dövlətlərin, yalnız ermənilərın mənafeyi baxımından yanaşması Ermənistanın
təcavüzü və onun nəticələrini danışıqlar yolu ilə aradan qaldırmağı mümkünsüz
edir. Bununla da Azərbaycana seçim imkanı verilmir və onu hərbi yola əl atmaq
perspektivinə təhrik edirlər. Deməli, silah gücünə zəbt olunmuş ərazilər yalnız
hərb yolu ilə azad edilə bilər.
9.
Hərbi əməliyyatlarda həlledici əhəmiyyət kəsb edən maddi və insan ehtiyyatları
kimi amillər baxımından üstünlük Azərbaycanın tərəfindədir. Ermənistan yalnız
xarici donorlara ümid edir. Azərbaycan isə əsasən öz daxili imkanlarına
arxalanmaqla uğurlu hərbi əməliyyatlar apara bilər.
10.
Azərbaycan ordusunun döyüş keyfiyyətləri qarşı tərəflə müqayisədə üstündür.
Tarixən Azərbaycan xalqı döyüşkənliyi ilə fərqlənmişdir, bunu ermənilər haqqında
demək olmaz. Birinci Qarabağ müharibəsində Azərbaycanın ərazilərinin zəbt
edilməsi Ermənistan silahlı qüvvələri deyil, xarici qüvvələrin birbaşa iştirakı
və rəhbərliyi, həmçinin Azərbaycanda daxili siyasi qeyri-stabillik amilləri ilə
bağlı olmuşdur. Azərbaycan ordusu Ermənistan və onun müttəfiqlərindən
üstünlüyünü hələ tam mütəşəkkil hala gətirilmədiyi 1991-ci ilin yaz-yay, və
1992-ci ilin yay-payızındakı döyüş kampaniyalarında əyani şəkildə göstərmişdir.
11.
Azərbaycan əsgərinin şəxsi rəşadəti, kütləvi vətənpərvərlik hərəkatı, özünü
qurban vermək qabiliyyəti Birinci Qarabağ müharibəsində göstərmişdir. Döyüş
meydanlarında fərdi qəhrəmanlıq nümunələri yüzlərlədir.
12.
Mənəvi-psixoloji üstünlük Azərbaycan tərəfindədir. Azərbaycan öz torpaqlarında,
işğal olunmuş əraziləri azad etmək uğrunda müharibə aparacaqdır. Bu, Azərbaycan
tərəfindən ədalətli, Ermənistan tərəfindən işğalçı müharibədir. Dünya
ictimaiyyətinin rəğbəti azadlıq müharibəsi aparan Azərbaycanın tərəfində
olacaqdır.
13.
Azərbaycan axıra qədər beynəlxalq hüquq normalarına hörmətlə yanaşmış,
təcavüzkar Ermənistanın beynəlxalq təşkilatlar tərəfindən cəzalandırılmasını
gözləmişdir. Beynəlxalq hüquq normaları Azərbaycanın öz torpaqlarını işğaldan
hərbi güc də işlətmək yolu ilə azad etməsinə və təcavüzün nəticələrinin aradan
qaldırılmasına heç bir məhdudiyyət qoymur.
14.
Azərbaycanın hərbi müttəfiqlər qazanmaq şansları daha çoxdur. Bir sıra ölkələrin
Azərbaycana dəstək vermək istəyi heç kəsdən gizlədilmir. Azərbaycanda iqtisadi
maraqları olan ölkələrin də ən azı neytral mövqe tutacağı gözlənilir.
Ermənistanı özünun strateji müttəfiqi hesab edən ölkələrin hər birində
Azərbaycana qarşı onların açıq müharibədə iştirakına mane olacaq ciddi daxili
amillər mövcuddur.
15.
Müstəqil Azərbaycan dövlətçiliyinin taleyi Qarabağda həll olunur.
Bir tərəfdən danışıqlar prosesinin perspektivsizliyi, digər tərəfdən
Azərbaycanın daxili, xarici imkanları hərbi güc də tətbiq etmək yolunu və
qələbəni labüd edir. Azərbaycan xalqının bugünkü nəsli onun keçmişi və gələcəyi
qarşısında öz insanlıq və vətəndaşlıq borcunu yerinə yetirəcəkdir.
|