|
Xəlyəddin Xəlilov
Xəlyəddin Xəlilov
Qarabağ Problemi: kökləri, mərhələləri
Erməni kilsəsi "Albaniyanın bütün kilsələrində sakitliyi" yalnız
yadelli işğalçıların köməyi ilə bərqərar edir, erməni katalikosluğu və
naxararlarının mənafeyi hər dəfə tələb etdikdə erməni kilsəsi həmişə yadelli
işğalçıların köməyinə əl atır "xaç bayrağı ilə öz yolu üzərində tarixi Aqvaniya
və onun bir hissəsi olan Qarabağ (Arsax) xalqlarını" yox edirdi.
A.S.Vartapetovun əsərindən götürülən iqtibasdan göründüyü kimi,
ermənilər Qarabağ problemini ən qədim dövrlərdən, bu günə qədər xarici
himayədarları sayəsində zaman-zaman yaratmışlar. Problemin ilkin mərhələsi e.ə.
II əsrdən eramızın X əsrinə qədər olan dövrü əhatə edir. Azərbaycanın
hərbi-siyasi cəhətdən qüvvətli olduğu XI-XVI əsrlərdə ermənilər ölkə üçün
problem yarada bilmirdi. XVI əsrin sonunda Səfəvi sülaləsinin hakimiyyət uğrunda
sülalədaxili mübarizəsində prosesində ermənilər Azərbaycan siyasətində yenidən
meydana çıxır. Səfəvi Şah Məhəmməd Xudabəndənin (1578-1587) hakimiyyətə çatmağa
daha yaxın oğlu Həmzə Mirzə 1586-cı il 10 dekabrda dəlləyi-erməni Xudaverdi
vasitəsilə sui-qəsd nəticəsində öldürülür. Erməni dəlləyin sui-qəsdə necə cəlb
edilməsi haqqında əlimizdə yetərincə tarixi material yoxdur. Lakin rəqibi Həmzə
Mirzəni aradan götürməklə hakimiyyətə gələn I Şah Abbasın erməniləri dərhal
himayəsi, qonşu ölkələrdəki ermənilərin Azərbaycana gətirilməsi və onlara
ticarət və s. sahələrdə imtiyazlar verilməsi ermənilərin bu siyasi oyunda
yetərincə iştirak etdiyini deməyə əsas verir.
Beləliklə, I Şah Abbasın hakimiyyəti dövründən başlayaraq
ermənilər Azərbaycanda və Səfəvi imperiyasının başqa ərazilərində möhkəmlənir,
erməni tacirləri xarici ticarətlə məşğul olmaq üçün geniş imtiyazlar alır və
bundan istifadə edərək, Səfəvi dövlətlərinin əsas maliyyə mənbələrini ələ
keçirməklə özlərinin ölkədəki iqtisadi və siyasi mövqelərini möhkəmləndirirlər.
Bundan sonra ermənilər Ermənistan yaratmaq fikrinə düşür və onun planının
layihəsini hazırlayırlar. Bu işdə I Şah Abbasın müşaviri vəzifəsinə yüksəlmiş
Xoca Səfər adlı erməni mühüm rol oynayır. O, Səfəvi sarayında elə bir nüfuz
qazanmışdı ki, I Şah Abbas dövlətin xarici siyasət məsələləri, xüsusilə Avropa
ölkələri ilə diplomatik danışıqlar aparmaq səlahiyyətini Mirzə Səfərə vermişdir.
1608-ci ildə Səfəvi dövləti Mirzə Səfərin rəhbərliyi ilə Avropaya danışıqlar
üçün nümayəndə heyəti göndərir. Nümayəndə heyəti I Şah Abbasın məktubunu Roma
papasına, İspaniya kralına, Toskano Hersoquna və Venetsiya kralına çatdırmalı və
müvafiq danışıqlar aparmalı idi. Mirzə Səfər elə bu səfəri zamanı özünün
ermənilərin adından həmin ölkələrin başçılarına hazırladığı məktubları da təqdim
edir. Məktubda Roma papası və digər xristian dövlətlərdən Səfəvi dövləti
ərazisində Ermənistan dövləti yaratmaqla onları müsəlmanların zülmündən
qurtarmaq xahiş olunurdu. Az sonra Avropa xristian dövlətlərinə göndərilən
erməni nümayəndələr yaradılacaq Ermənistanın xəritəsini də hazır aparırdılar.
Azərbaycan ərazisində erməni dövləti yaratmaq ideyasını birinci olaraq Rusiya
imperiyası dəstəkləyir. Ermənilər güclərini göstərmək və dəstək qazanmaq
məqsədilə Səfəvi dövlətini maliyyə böhranına salırlar. Ermənilərin törətdiyi bu
maliyyə böhranı Səfəvi sülaləsinin süqutunda başlıca səbəblərdəndir. Ermənilər
rusları maliyyə böhranı nəticəsində iflic vəziyyətə düşmüş ölkənin işğalına
şirnikdirdilər. Beləliklə, I Pyotr ermənilərin bələdçiliyi ilə 1722-1723-cü
illərdə Azərbaycanın Xəzəryanı vilayətlərini işğal edir.
Ermənilərin başçılığı ilə Asiyada yaşayan bütün xristianlar
Osmanlı və Səfəvi imperiyasını dağıtmaq məqsədilə təşkilatlanırdılar.
Ermənilərin Asiya qitəsində erməni xristian dövləti yaratmaq planını Rusiya ilə
bərabər, Fransa da dəstəkləyir lakin o, erməni dövləti yaratmağı Türkiyə
ərazisində nəzərdə tuturdu. Fransa və Rusiya bu işdə irəli düşməyə
tələsirdilər.
Rusiya isə erməni dövlətini məhz Qarabağ ərazisində yaratmağı
planlaşdırırdı. Artıq bu işin icrası üçün Rusiya imperatoru II Yekaterina
1783-cü il aprelin 6-da göstəriş də vermişdi. İmperiyanın əmrində deyilirdi:
"İbrahim xanı devirməli və Qarabağda müstəqil erməni əyaləti təsis etməli".
Göründüyü kimi, Rusiya imperiyasının, Avropa xristian
dövlətlərinin himayəsi sayəsində ermənilər ardıcıl olaraq Azərbaycan
dövlətçiliyini daxildən dağıdırdılar. Rus imperiyasının Azərbaycanı 1801-ci
ildən başlanan işğal prosesində ermənilərin bir hissəsi birbaşa rus ordusunda
xidmət edir, bir hissəsi Qacarlar qoşununa daxil olur həlledici anlarda rusların
tərəfinə keçməklə Azərbaycan qoşunlarının məğlubiyyətinə şərait yaradırdılar.
Beləliklə, ermənilər 1801-1828-ci il müddətində Rusların Şimali Azərbaycanın
işğal etməsinə nail olur və buradan da istədikləri paylarını alırlar. Rusiya –
Qacar dövlətləri arasında müharibənin gedişi zamanı ondan az müddət sonra ruslar
Şimali Azərbaycana, ümumən Qafqaza 1000.000-dan artıq erməni köçürür. I
Nikolayın 21 mart 1828-ci il fərmanı ilə Naxçıvan və İrəvan xanlıqları ləğv
edilib onların ərazisində Erməni əyaləti yaradır. Bundan üç il sonra, yəni
1833-cü il fevralın 27-də I Nikolay erməni dövlətçiliyinin mühüm atributu olan
gerbi təsdiq edir. Lakin Azərbaycan xalqının daxili birlik qüvvəsi, mənəvi
dəyərlər sistemi, vətənpərvərlik hissləri güclü olduğundan, ermənilərin
Azərbaycan ərazisində möhkəmlənməsinə qarşı ardıcıl müqavimət göstərilirdi.
Lakin Rus imperiyası, xristian dünyası, erməni qriqorian kilsəsi,
erməni milli təşkilatları ardıcıl olaraq erməniləri təşkilatlandırır və onların
siyasi şüurunu gücləndirir. Azərbaycanın din mərkəzləri, ruhaniləri, mollaları
isə dua yazmaq, cinləri köməyə çağırmaq üsulları ilə xalqa özünü mühafizə etmək
üsullarını öyrədirdi. Din xadimlərindən dua və cin düyünü və s. üsullarla
yaşamaq ideyasına yiyələnərək kütlə halına salınmış Azərbaycanın türk və
müsəlman əhalisi, XX əsrin başlanğıcında asanlıqla kütlə ideologiyası olan
bolşevik ideologiyasının təsirinə düşdü. Bolşevizmin qəbulu əslində ermənilərin
hakimiyyətinin qəbulu demək idi. Beləliklə, 1920-ci ildə Qafqazda bolşevizmin
qələbəsi ermənilərə bütün planlarını həyata keçirməyə imkan verdi. Rus
imperiyasının qardaşlıq şüarı altında Azərbaycanın 29 min kv.km ərazisi ondan
qoparılaraq İrəvan, Göyçə və Zəngəzurda Ermənistan dövləti yaradıldı. 1923-cü
ildə Qarabağın dağlıq hissəsində ermənilərə muxtariyyət verildi.
1922-ci ildə Dərələyəz, 1929-cu ildə Meğri, 1938-ci ildə Sədərək
və Kərki kəndi əraziləri, 1969-cu ildə Laçın rayonunun Qaragöl yaylağı, Qubadlı
rayonunun Çayzəmi əraziləri, Qazax rayonunun Kəmərli kənd ərazisinin bir
hissəsi, Kəlbəcər rayonunun Zod qızıl yatağı ərazisinin bir hissəsi, 1982-ci
ildə Qazax rayonunun İncədərə yaylağı, Kəmərli, Aslanbəyli və Qaynaqlı kəndləri
Rus imperiyasının himayəsi, azərbaycanlı ad-familiyası altında Azərbaycanda
hakimiyyətə gətirilmiş ermənilərin vasitəsilə Azərbaycandan qoparılıb ayrıldı.
Beləliklə, rus imperiyasının himayəsi altında işğalçı ermənilərə
ardıcıl olaraq psixoloji-siyasi, iqtisadi qələbə qazandırıldı. 1988-ci ildən isə
azərbaycanlılar ilk öncə indi Ermənistan adlandırılan İrəvan, Göyçə, Zəngəzurdan
son nəfərinə kimi qovuldu. Bunun ardınca rus qoşunlarının himayəsində
azərbaycanlılar Dağlıq Qarabağdan qovuldular.
Erməni orduları Rusiyanın himayəsində yenicə müstəqilliyini
qazanmış Azərbaycan Respublikasına hərbi təcavüz edib onun 20%-dən artıq
ərazisini işğal etmişdir və 10 ildir ki, bu əraziləri öz nəzarətində saxlayır.
Təssüf doğuran budur ki, Azərbaycan geosiyasi mövqe,
iqtisadiyyat, ərazi, əhali baxımından ermənilərdən qat-qat üstün olsa da,
Azərbaycan hakimiyyəti erməni təcavüzünün dəf edilməsi istiqamətində milli
müqavimətin təşkil edilməsi üçün əsaslı bir tədbir görmür. İşğal olunmuş
ərazilərin taleyi erməniləri müdafiə edən ATƏT və Avropa Şurası kimi beynəlxalq
təşkilatların ixtiyarına buraxılmışdır.
Əgər bu siyasət dəyişməzsə, millətin özünə inam hissləri bərpa
olunub erməni təcavüzü altında olan torpaqları işğaldan azad edilməzsə, bütün
Azərbaycan dövlətçiliyi tənəzzülə uğraya bilər.
|