|
Xeyirbəy Qasımov
Xeyirbəy Qasımov
Dağlıq Qarabağ
probleminin tarixi kökləri (DQMV-nin yaradılması tarixindən)
Azərbaycan Respublikasının gələcək, normal inkişafı xeyli
dərəcədə Qarabağ probleminin həllindən asılıdır.
Ərazisinin 20 faizini qeyri-müəyyən müddətə itirən, 1 milyon
nəfərdən artıq qaçqını olan, 2 milyondan artıq vətəndaşı çörək dalınca xaric
ölkədən çıxıb (əsasən Rusiyaya) gedən dövlətin müstəqillik və suverenliyini
təhlükə təhdid etmirmi? Əski tarixə malik olan Dağlıq Qarabağ probleminin
radikal həlli labüd və zəruridir.
Yaxın tariximizə nəzər salsaq, Dağlıq Qarabağın Azərbaycandan
qoparılması prosesinin XX əsrin 20-ci illərindən başlandığını tam aydınlığı ilə
görərik. Amma Dağlıq Qarabağ probleminin daha əski tarixi kökləri vardır. Bu
problemin əzəli Rusiya imperiyası tərəfindən Azərbaycanın işğalı ilə (XIX əsrin
əvvəllərindən etibarən) bağlıdır.
Oktyabr
çevrilişi nəticəsində Rusiyada hakimiyyətə yiyələnmiş “inqilabçı” bolşeviklər
keçmiş imperiyanın sərhədlərini hər vasitə ilə bərpa etməyə çalışır, ucqarlarda
milli münaqişələrdən “məharətlə” istifadə edirdilər. Vətəndaş müharibəsində
uğurlar qazandıqdan sonra yeni rejim Azərbaycana da fəal təzyiq göstərmək
imkanları əldə etdi. Q.K.Orcenikidze (1886-1937) bu istiqamətdə xüsusi
canfəşanlıq göstərirdi. Dağlıq Qarabağ haqqında məsələ Azərbaycan İnqilab
Komitəsinin məlum Bəyannaməsində aşkarcasına irəli sürülmüşdü. Bu Bəyannaməni N.
Nərimanov 1920–cı ilin 1 dekabrında, Bakı Sovetinin Ermənitanda Sovet
hakimiyyətinin qələbəsinə həsr olunmuş təntənəli iclasında elan etmişdi.
Bəyannamədə qeyd olunurdu ki, “Dağlıq Qarabağın zəhmətkeş erməni kəndlilərinə
tam müqəddəratını təyin etmək hüququ verilir”. Q.K.Orcenikidze 1920-ci ilin 1
dekabrında bu “şad” xəbəri erməni həmkarına çatdırmağı özünə borc bilmiş, M.
Nazaetyanla birbaşa telefon söhbətində N. Nərimanovun Bakı iclasındakı çıxışı,
onun Azərbaycan hökumətinin Bəyannəməsini elan etməsini böyük razılıq hissilə
bildirmiş, erməni hiyləgərlərini yeni məlumatlarla sevindirmişdi.
Sovet
rejiminin fəal təzyiqi və Azərbaycan “rəhbərlərinin” ürəklərinin “genişliyi”
sayəsində Ermənistan təqribən 70 il ərzində Azərbaycanın maddi sərvətləri
hesabına inkişaf etmişdir.
Dağlıq
Qarabağ məsələsi prinsip etibarilə artıq 1921-ci ildə həll edildi. Üzüyola
Azərbaycan rəhbərlərliyi Moskvadan ezam olunmuş şəxslərin fəal iştirakı ilə bu
məsələyə həsr olunmuş iclaslar keçirdi. 1921-ci ilin 27 iyununda Azərbaycan
K(b)PMK-nın Siyasi Bürosunun və Təşkilat Bürosunun iclasında Azərbaycanın və
Ermənistanın sərhədləri haqqında məsələ müzakirə edildi. Həmin ilin 4-5 iyulunda
bu məsələ PK(b) PMK-nın Qafqaz Bürosu plenumunun iclaslarında ətraflı şəkildə
müzakirə olundu. Dağlıq Qarabağın Azərbaycana iqtisadi cəhətdən bağlılığı
plenumun qərarında başlıca cəhət kimi qeyd edilmişdi. Şuşa şəhəri geniş
muxtariyyət hüququ alacaq vilayətin inzibati mərkəzi elan edilmişdi.
Rusiya
rəhbərliyi Azərbaycanda meydana çıxa biləcək milli müstəqillik meyllərindən
(əslində bu meyllər artıq diqqəti cəlb edirdi) qayğılanmışdı. N.Nərimanovun
vətənindən uzaq-laşdırılması, S.M.Kirovun Azərbaycan rəhbərliyinə gətirilməsi
Moskvanın bu “qayğısının” təzahürlərindən idi.
Dağlıq
Qarabağ məsələsi dəfələrlə müzakirə olunduqdan, erməni əhalisinin mühüm
mənafeləri təmin edildikdən sonra 1923-cü ilin 7 iyulunda Azərbaycan MİK-nin
“Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” dekreti verildi. Bu
dekretdə qeyd edilirdi: “Dağlıq Qarabağın erməni hissəsindən ASSR-in tərkib
hissəsi kimi muxtar vilayət təşkil olunsun, Xanknəndi yaşayış məntəqəsi onun
mərkəzi olsun”. Tezliklə (1923-cü ilin 18 sentyabrında) partiyanın vilayət
komitəsinin qərarı ilə “Xankəndi” adı ləğv olunub “Stepanakert” adlandırıldı.
Avqustda Dağlıq Qarabağda muxtar vilayətin yaradılmasına dair referendium
keçirildi, problem erməni separatizminin xeyrinə həll olundu. Həmin ilin
noyabrında DQMV-nin Sovetinin ilk (təsis) qurultayı keçirildi.
SSRİ
məkanında tüğyan etmiş kütləvi repressiyalardan, II Dünya müharibəsinin başa
çatmasından sonra ermənilər yeni uğurlar qazanmaq umidi ilə kəşfiyyat səciyyəli
addımlar atdılar. Məsələn, 1945-ci ilin payızında Ermənistan KP MK-nın birinci
katibi Arutinov DQMV-nin Ermənistan SSRİ-nin tərkibinə daxil olunması haqqında
təklifi İK (b) P MK-nın sərəncamına verdi. İK (b) P MK-nın katibi Q.M.Malenkov
məktuba münasibəti öyrənmək üçün AK (b)PMK-nın birinci katibi M. Bağırova sorğu
göndərdi. M. Bağırov DQMV-nin (Şuşa istisna olunmaqla) Ermənistana
birləşdirilməsinə bu şərtlə razılıq verə biləcəyini bildirdi: Ermənistanda
əsasən azərbaycanlıların yaşadığı üç rayon Azərbaycana verilsin. M. Bağırovun bu
təklifi isə Ermənistan üçün qəbiledilməz idi. Sovet rəhbərliyi hər iki birinci
katibin təkliflərini cavabsız qoydu. Bundan sonra erməni separatçıları 1988-ci
ilədək aşkar, kütləvi əməllərdən əl çəkərək “saman altından su yeritməklə”
məşğul oldular…
Azərbaycan xalqı milli mənafelərin ziddinə, şəxsi karyerası
naminə fəaliyyət göstərən “siyasi xadimlərin” təslimçi baxışlarını qəbul
etməyəcək, itirilmiş vətən torpaqlarını bütün vasitələrlə geri qaytarmağa
çalışacaq.
|