|
Ismayıl Musayev
Ismayıl Musayev
Azərbaycan –
Ermənistan sazişi və konfransı
(1919-cu il)
1919-cu
ilin noyabrını ermənilərin növbəti fitnələri ilə bağlı fəal və gərgin diplomatik
qarşıdurma, habelə müxtəlif səpkili çoxlu yazışmalar, görüşlər və sazişlər ayı
kimi də səciyyələndirmək olar. Hələ Zəngəzur məsələsiyenidən kəskinləşənədək
tərəflər Bakıda konfrans çağırılmasını razılaşdırmışdılar.
Bəzi
məsləhətləşmələrdən sonra N.Yusifbəyli Paris Sülh konfransındakı Azərbaycan
nümayəndə heyətinin üzvü M.N.Hacınski və Gürcüstanın Bakıdakı səfiri Alşibayanın
müşayiəti ilə noyabrın 20-də (19-u da göstərilir) Tiflisə gəldi. Noyabrın
20-22-də Azərbaycan və Ermənistan nümayəndə heyətləri (ikinciyə A. Xatisyan
başçılıq edirdi) arasında ikitərəfli – birbaşa (ABŞ-ın Qafqazdakı təmsilçisi
Reyin təklifi ilə) danışıqlar aparıldı. Müzakirələr Zəngəzurda hərbi
əməliyyatların dayandırılması məsələsinin ayrı-ayrı hissələri və əsas
müddəalarının ifadə formalarında ciddi fikir ayrılıqları aşkarladı. Belə olduqda
tərəflər baş tutmayan konfransın çağırılmasına zəmin yaratmaq və s. məqsədlərlə
noyabrın 22-də təkliflərini Reyə verib ondan münsiflik funksiyasını öhdəsinə
götürməyi xahiş etdilər.
Müəyyən
əlavə görüş və müzakirələrdən sonra 1919-cu il noyabrın 23-də amerikalıların
vasitəçiıiyi ilə Azərbaycanla Ermənistan arasında saziş bağlandı. Sazişi
Azərbaycan və Ermənistan hökumətlərinin başçıları N.Yusifbəyli və A.Xatisyan,
habelə təminatçı sifəti ilə ABŞ nümayəndəsi C. Rey və Gürcüstan xarici işlər
naziri E.Gekeçkori imza etdilər. Beş maddədən ibarət olan bu sazişdə aşağıdakı
şərtlər razılaşdırılmışdı:
1.
Ermənistan və Azərbaycan hökumətləri hazırda baş verən toqquşmaları dayandırmağı
və yenidən silahın gücünə əl atmamağı öhdələrinə götürdülər.
2.
Ermənistan və Azərbaycan hökumətləri Zəngəzura gələn yolların düzəldilməsi və
açılması, onlarla dinc hərəkət üçün təsirli tədbirlərin görülməsini
razılaşdırırlar.
3.
Ermənistan və Azərbaycan hökumətləri sərhədlər haqqında məsələlər də daxil
olmaqla bütün mübahisələri dinc sazişlər yolu ilə həll etməyi öhdələrinə
götürürlər. Dinc saziş əldə etmək mümkün olmadıqda hər iki hökumət üçüncü
tərəf-münsiflər məhkəməsi sifəti ilə bitərəf şəxs seçməyi və onun qərarlarını
məcburi qəbul etməyi razılaşdırırlar; hazırkı dövrdə belə bir bitərəf şəxs kimi
polkovnik Rey tanınır.
4.
Erməni-azərbaycanlı konfransını 1919-cu il noyabrın 26-da Bakıda
açmaq qərara alınır.
5.
Bu saziş imzalandığı gündən sayılır və respublikaların parlamentləri tərəfindən
təsdiq olunduğu vaxtdan isə qüvvəyə minir.
Saziş
müvəqqəti xarakter daşıyırdı. Çünki iki dövlət arasındakı mübahisəli məsələlərin
bütün kompleksini və hissələrini həmin sazişə uyğun surətdə yalnız qarşıdakı
Ermənistan və Azərbaycan konfransı həll etməli idi. Onun nəticələrinə gəldikdə
isə, əvvələn, bu akt Azərbaycan tərəfi üçün heç də faydalı olmadı,
əksinə, onun siyasi-hərbi mənafe və mövqelərinə xələl gətirdi.
O öz
məzmunu etibarilə mövcud vəziyyətdə elə bir ciddi dəyişiklik yaratmadı və
mübahisəli ərazi məsələlərini də həll etmədi. İki respublika arasındakı
ixtilafların gələcək həlli üçün dəqiq və aydın prinsiplər müəyyənləşdirə
bilmədi; əslində bu, “Status quo” demək idi. Müqavilə yalnız yaranmış faktiki
vəziyyəti qanuniləşdirir, hərbi əməliyyatların qarşılıqlı surətdə
dayandırılmasını və törənə biləcək mürəkkəbliklərin danışıqlar yolu ilə həllinin
zəruriliyini nəzərdə tuturdu.
İkincisi
və ən
əsası isə Azərbaycan hökuməti bu müvəqqəti sazişə inanaraq tezliklə öz hərbi
hissələrini Zəngəzurdan çıxardı. Bu işdə, Qarabağda olduğu kimi, Zəngəzurda da
vəziyyətin onun xeyrinə olmayan tərzdə dəyişəcəyini görən Ermənistanın “hərbi
əməliyyatları” dayandırmaq üçün Azərbaycana təsir göstərilməsi məqsədilə
Gürcüstana, Uordopa və Reyə müraciətləri də öz mənfi rolunu oynadı. Bundan
istifadə edən Ermənistan isə həmin sazişi pozaraq özünün əlavə nizami qoşun
hissələrini dərhal Zəngəzura yeritdi. Erməni hərbi qüvələri tərəfindən
Zəngəzurun və Dərələyəz mahalının dinc türk müsəlman əhalisinə divan tutuldu.
Üçüncüsü,
bu saziş ermənilərin diplomatik oyunu olduğundan nəinki regionda sülhü və
əmin-amanlığı təmin edə bilmədi, əksinə, iki dövlət arasında siyasi ziddiyətlər
və hərbi münaqişə daha da gərginləşdi.
1919-cu
il 23 noyabr sazişindən sonrakı ilk günlərdən başlayaraq ermənilər Zəngəzurda
hərbi əməliyyatları yenidən genişləndirdilər. Qərb dövlətlərinin Qafqazdakı
nümayəndəliklərinin bu məsələlərlə bağlı tutduqları mövqelərə gəldikdə isə,
onlar əvvəllərdə olduğu kimi, indi də əsasən diplomatik xəbərdarlıqlarla
kifayətlənmiş, yenə də mümkün olmayan işin görülməsinə, yəni problemin hər iki
tərəfi eyni zamanda qane edə biləcək qaydada və səviyyədə nizamlanmasına
çalışmışdılar.
Azərbaycan-Ermənistan konfransı 1919-cu il dekabrın 14-ü ilə 21-i arasında
Bakıda keçirildi. AXC-nin F. Xoyski (sədr), M.N. Hacınski və R. Vəkilovla,
erməni tərəfinin isə Arutunyants (sədr), Arqutinski, Dolorukov və Bekzadyanla
təmsil olunduqları bu konfransda aparılan müzakirələrin başlıca cəhətləri
aşağıdakı şəkildə ümumiləşdirilə bilər:
1.
Azərbaycan tərəfi (F.Xoyski və M.N.Hacınski) 23 noyabr sazişinə uyğun olaraq
ərazi-sərhəd mübahisələrinin həllini konfransın əsas vəzifəsi kimi
dəyərləndirdi. Buna görə də onlar öncə ərazi problemlərinin müzakirəsinə
başlamağı təklif etdi. Erməni tərəfi (Arutunyants və Bekzadyan) isə ərazi
məsələlərinin qəti həlli üçün lazımi şəraitin və vaxtın hələ yetişməməsini
bəhanə gətirdi, qaçqınlar və müvəqqəti demarkasiya sərhədlərinin
müəyyənləşdirilməsi məsələlərinin araşdırılmasında israr etdilər. Belə olduqda
F. Xoyski müvəqqəti sərhədlər-demarkasiya xəttinin heç nə verməyəcəyi qənaətinə
gəldi və 2 noyabr diplomatik aktını “Status quo” kimi götürərək ərazi-sərhəd
məsələlərinin qəti həllini yubatmamağı lazım bildi.
2.
Ərazi məsələsi ilə bağlı aparılacaq müzakirələrdə bəzi məqamların bəri başdan
açıqlanması və dəqiqləşdirilməsi zərurətinə dair mövqelər üzə çıxdı:
·
bu problemə dair bütün aspektlərin və hətta məruzəçilərin təyin
edilməsi, sərhədlərin niyə məhz müvəqqəti olaraq müəyyənləşdirilməsinin
səbəblərinin aşkarlanması (F. Xoyski);
·
tərəflərin hazırlıqsızlığına görə məsələnin müzakirəsinin
ümumiyyətlə təxirə salınması (Arutunyants);
·
dərhal müzakirələrə başlanılması (Bekzadyan);
·
erməni tərəfinin bu məsələ ilə bağlı mövqeyi tamamilə aydın
olmadığından ona aid baxışların açıqlanması (Vəkilov).
3. Sonrakı fikir mübadilələri
nəticəsində Azərbaycan diplomatiyası ərazi məsələlərinin bütövlükdə müzakirəyə
çıxarılması və indiki şəraitdə yalnız demarkasiya xəttinin müəyyənləşdirilməsi
səviyyəsində həlli qənaətinə gəldi. Bu qənaət bir sıra amillərin diqtəsindən
doğmuşdu:
·
erməni təmsilçilərinin uzlaşmayan mövqeləri;
·
onların tam açıqlanmayan niyyətləri;
·
problemin ifrat mürəkkəbliyi;
·
hökumətlərin kəskin fərqli yanaşmaları;
·
hazırkı şəraitdə sərhədlərin qəti ayrılmasının verə biləcəyi
mənfi nəticələr.
4.
Müzakirələrin sonuna yaxın 23 noyabr sazişi ilə bağlı kəskin mübahisələr oldu.
Arutunyants sazişin demarkasiya xətti və ya “modus vivende”ni
müəyyənləşdirdiyini, bu aktın konfrans tərəfindən yenidən təsdiqlənə biləcəyini
deyərək Tiflisdə davam etdirilməsini istədi. Azərbaycan diplomatları erməni
tərəfinin 23 noyabr sazişini mürəkkəbi qurumamış pozduğunu xatırladaraq (M.N.
Hacınski) konfransın onu yenidən təsdiqləmək səlahiyətində olmadığını
bildirdilər (F. Xoyski).
5.
Konfransın ikinci plenar iclasında:
a)
respublikalar arasındakı hərbi əməliyyatların
dayandırılması;
b)
bütün mübahisəli problemlərin danışıqlar yolu ilə həllinə dair
mövqelərin də tam açıqlanması təklifləri (Arqutinski və Dolqorukov) səsləndi.
Ümumiyyətlə, konfrans iki dövlət arasındakı münasibətlərə heç bir aydınlıq
gətirmədi və ərazi-sərhəd mübahisələrinin həllində əməli dəyişikliyə nail ola
bilmədi.
|