|
Kamil Səlimov
Kamil Səlimov
Dağlıq
Qarabağ münaqişəsi beynəlxalq hüquq müstəvisində
Dağlıq
Qarabağ və beynəlxalq hüquq problemləri
1.
Birinci ehtimal. Dağlıq Qarabağda Ermənistanın
hərəkətlərinə hüquqi qiymət verilməsinin ilkin pozisiyası. Azərbaycan konfliktin
baş verdiyi vaxtdan bəri Ermənistanın Azərbaycan ərazisinin bir hissəsini işğal
etməsi faktından çıxış edir. Bu fakt isə danılmazdır. Lakin beynəlxalq
təşkilatlar, BMT və bəzi nüfuzlu dövlətlər Ermənistanı işğalçı tərəf kimi
qiymətləndirmir.
Nə üçün?
1.1. Azərbaycan Ermənistan tərəfindən baş vermiş təcavüzkarlıq
aktını sübut edə bilmir, çünki Azərbaycanın keçmiş Dağlıq Qarabağ Vilayəti və
onun ətrafında Ermənistan nizami qoşunlarının olması barədə kifayət qədər
dəlillər ortaya çıxarmaq imkanı yoxdur. Bunun səbəbi 1992-1993-cü illər ərzində
Ermənistanın Dağlıq Qarabağa qoşun yeritməsi barədə sənədli məlumatların yoxluğu
və nəzarətin imkan xaricində olmasıdır.
1.2.
Qondarma “DQR”ın “rəsmi nümayəndələri”Dağlıq Qarabağ ərazisində və ondan kənarda
Ermənistan qoşunlarının olmamasını bəyan etməklə yanaşı, münaqişədə Dağlıq
Qarabağ ordusunun iştirakı faktını da təsdiqləyirlər.
1.3. BMT TŞ-nin məlum dörd qətnaməsininin heç birində
Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı yox, Dağlıq Qarabağ və
onun hüdudlarından kənarda olan rayonların “Qarabağ ermənilərinin”silahlı
birləşmələri tərəfindən işğal edilməsi faktı təsdiqlənir ki, bu da münaqişənin
nizama salınmasına dair hüquqi mexanizmin müəyyən olunmasında başlıca
məqamlardandır.
1.4. Ermənistan bütün diplomatik forumlarda, ölkə başçılarının
görüşlərində, kütləvi informasiya vasitələrində və s. tədbirlərdə Dağlıq
Qarabağda özünün birbaşa hərbi iştirakı faktını rəsmi olaraq inkar edir və hətta
prezident A.Köçəryan Azərbaycan və Ermənistanın Avropa Şurasına qəbulu vaxtı
eks-prezident L.Ter-Petrosyanın Ermənistan nizami qoşunlarının Azərbaycan
ərazisində olmaması fikrini təkrarlamış, ən başlıcası isə söyləmişdir ki, Dağlıq
Qarabağ Azərbaycanın daxili problemidir.
Belə olduqda Dağlıq Qarabağda Ermənistan hərbi birləşmələrindən
savayı, hansı qüvvələr mübarizə aparır?
2. İkinci ehtimal. Dağlıq Qarabağ
ermənilərinin qeyri-qanuni hərbi qurumlarının cinayət əməllərinə hüquqi qiymət
verilməsinin ilkin pozisiyası.
Dağlıq Qarabağ ermənilərinin qondarma “Dağlıq Qarabağ Ordusu”nun
hərbi birləşmələrində iştirak etməsi faktına Azərbaycan etinasız yanaşmamalıdır.
Bu vəziyyət bizim Dağlıq Qarabağla bağlı diplomatik fəaliyyətimizin ən zəif
yerlərindən biridir. Azərbaycan vətəndaşı olan bütün millətlərin nümayəndələrinə
Azərbaycan hörmətlə yanaşır, lakin eyni zamanda Dağlıq Qarabağın həm Azərbaycan,
həm də erməni millətindən olan dinc vətəndaşlarına qarşı istiqamətlənmiş hər
hansı terrorçuluq yönümlü qeyri-qanuni hərbi birləşmələrlə barışmaz mübarizə
aparmalıdır. Bu problemin mühümlüyünü nəzərə alaraq məsələnin daha ətraflı
araşdırılması məqsədəuyğundur.
BMT-nin normativ sənədlərinə nəzər salaq. BMT Nizamnaməsinin
1-ci maddəsinin 2-ci bəndinə əsasən, BMT-nin məqsədlərindən biri xalqların
bərabərlik və öz müqəddəratını həll etməsi prinsipinə hörmət zəmnində millətlər
arasında dostluq münasibətlərini inkişaf etdirməkdir. Bu aktın 55-ci maddəsi isə
həmin prinsipi beynəlxalq iqtisadi və sosial əməkdaşlığın əsası kimi
dəyərləndirir. Qeyd etmək lazımdır ki, ilkin olaraq BMT-nin Nizamnaməsində
xalqların bərabərlik və öz müqəddəratını təyin etməsi prinsipi dedikdə, ayrılma
hüququ yox, öz müqəddəratını həlletmə hüququ başa düşülür. BMT Baş
Assambleyasının “Əsarətdə olan ölkələr və xalqlara azadlıq verilməsi
haqqında”1960-cı ilin 14 dekabr tarixli Bəyannaməsində xalqların öz
müqəddəratını təyinetmə prinsipini inkişaf etdirdi və onun daha geniş şərhini
verdi. Həmin Bəyannamə müəyyən etdi ki, “bütün xalqlar öz müqəddəratını
təyinetmə hüququna malikdirlər; bu hüquqa nəzərən onlar öz siyasi statusunu
sərbəst olaraq təyin edir, öz mədəni və iqtisadi inkişafını həyata keçirirlər”.
Həmin sənədin 6-cı maddəsi isə bu hüququn reallaşmasının məhdudiyyət hüdudlarını
müəyyən edir: “ölkənin milli birliyinin və ərazi bütövlüyünün müəyyən qədər və
ya tam dağıdılmasına yönəlmiş hər hansı cəhd Birləşmiş Millətlər Təşkilatının
Nizamnaməsinin məqsəd və prinsiplərilə bir yerə sığmır”.
Araşdırılan problemə baxılmasında beynəlxalq məhkəmə praktikası
da az maraq kəsb etmir. Belə ki, BMT-nin Beynəlxalq Məhkəməsi tərəfindən
Burkina-Faso və Mali arasında qalxmış sərhəd mübahisəsinə baxılarkən “öz
müqəddəratını təyinetmə” və “ərazi bütövlüyü”prinsiplərinin nisbəti
aydınlaşdırılmışdır. Münaqişənin həlli yolunun əsası kimi öz müqəddəratını
təyinetmə prinsipi yox, beynəlxalq hüquqda ənənəvi uti possidetis prinsipi, yəni
ərazi status-kvonun dəyişməsinin yolverilməzliyi prinsipi götürülmüşdür. Müəyyən
edilmişdir ki, əslində “Afrikada əksər hallarda status-kvonun qorunması ən yaxşı
addımdır”. 1992-ci ildə Avropa Şurasının Arbitraj Komissiyası Yuqoslaviya barədə
analoji fikir söyləmişdir: “hər hansı bir vəziyyətdən asılı olmayaraq öz
müqəddəratını təyinetmə hüququ müstəqillik zamanı (uti possidetis juris) mövcud
olan sərhədlərin dəyişməsini özündə cəmləşdirə bilməz”.
Öz müqəddəratını təyinetmənin subyekti kimi xalq (millət) çıxış
edir. Dağlıq Qarabağ Azərbaycan Respublikasının inzibati tərkib hissəsi olaraq
əsasən Azərbaycan və erməni millətindən olan əhaliyə (xalq və millət yox)
malikdir. Millətin və ya xalqın ayrılmaz bir hissəsini təmsil edən əhali isə “öz
müqəddəratını təyinetmə”nin hüquqi subyekti kimi çıxış edə bilməz. Məhz buna
görə Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququna müraciət
etməsi mahiyyət etibarilə adi fırıldaqçılıqdır.
Hüquqi dövlətlərdə Konstitusiya Məhkəmələrinin hüququnun
aliliyinin ölkədaxili təminatı təcrübəsi kifayət qədərdir. Cənubi Afrikanın
Konstitusiya Məhkəməsi öz müqəddəratını təyinetmənin “miqyası”məsələsinə
baxarkən qərara alıb ki, Konstitusiyaya görə öz müqəddəratını təyinetmə “siyasi
müstəqillik”və ya “ayrılma”məfhumu daşımır.
Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin 13 mart 1992-ci il
tarixli qərarı ilə müəyyən edilmişdir ki, RF Konstitusiyası respublikaların
federasiyadan çıxmaq hüququnu nəzərdə tutmur.
“Öz müqəddəratını təyinetmə hüququ” və “ərazi bütövlüyü”
prinsiplərinin nisbəti.
Beynəlxalq hüquq, beynəlxalq və ölkədaxili məhkəmə praktikası beynəlxalq
sənədlərə əsaslanaraq dövlətlərin ərazi bütövlüyünü ən yüksək başlıca prisipi
kimi götürür.
Dağlıq Qarabağ ordusuna oxşar milli-separatçı yönümlü terror
aksiyaları analoji sülh problemləri olan bir çox regionlarda da həyata
keçirilir. Müasir beynəlxalq hüquqda terrorçuluq və zorakılığa qarşı mübarizəyə
yönəlmiş çoxsaylı beynəlxalq aktlar vardır. BMT Təhlükəsizlik Şurasının 1999-cu
il 22 oktyabr tarixli qətnaməsi motiv və iştirakçılarından asılı olmayaraq,
bütün terror aktlarını pisləyir. MDB çərçivəsində beynəlxalq terrorçuluq,
separatçılıq və ekstremizmlə mübarizədə əməkdaşlıq barədə bir sıra qərarlar
imzalanıb.
Dağlıq Qarabağda terrorçuluq dalğaları isə davam edir. İnsan və
vətəndaş hüquqlarının pozulması sona çatmaq bilmir. Dağlıq Qarabağ və ondan
kənarda terrorçu zorakılığı elə geniş vüsət almışdır ki, bu gün bütöv vilayət və
rayonlar terrorçuların nəzarəti altındadır.
Azərbaycan Respublikasının Milli Məclisi Dağlıq Qarabağ ordusunun
törətdiyi zorakılığı terror kimi qiymətləndirməlidir. BMT-nin Təhlükəsizlik
Şurasının beynəlxalq terrorçuluq barədə 2000-ci il 19 oktyabr tarixli son
qətnaməsini əldə əsas tutumaqla Dağlıq Qarabağ və ondan kənarda terror
zorakılığının qarşısının alınması və ləğv edilməsi üzrə köklü proqram işlənib
hazırlanmalıdır. Sadalanmış əsaslardan əlavə BMT-nin Təhlükəsizlik Şurasının
dörd qətnaməsi Dağlıq Qarabağda antiterror əməliyyatı keçirmək üçün beynəlxalq
sanksiyadır.
Beləliklə, bu gün Azərbaycan, BMT-nin Təhlükəsizlik Şurasının
məlum qərarlarında verdiyi sanksiyalarına müvafiq olaraq, özünün işğal edilmiş
ərazilərində antiterror əməliyyatları keçirmək üçün tam hüquqa malikdir. Bu
hüquqdan istifadə edilməsi Dağlıq Qarabağın azad edilməsinin birinci mərhələsi
ola bilər.
|