|
Kəmalə Sofiyeva
Kəmalə Sofiyeva
1918-ci ildə
Osmanlı ordusunun Qarabağda apardığı əməliyyatlar
1918-ci
ilin mayında Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra erməni
separatçılığı Qarabağda da geniş vüsət almışdı. S.Şaumyanın və başqalarının
vasitəsilə Sovet Rusiyası tərəfindən himayə edilən ermənilər, xüsusən də
Andranikin quldur dəstələri 1918-ci ilin yazından etibarən Azərbaycan
torpaqlarına bilavasitə təcavüz etməyə başladılar. Əvvəlcə Naxçıvan, sonra isə
Zəngəzur və Qarabağ bölgələrinə soxuldular.Avqustun əvvəllərində Naxçıvanda
Osmanlı qoşunları ilə döyüşlərdə məğlub olan Andranik Gorusa gələrək özünə
burada məskən salmışdı.
Zəngəzuru ələ keçirən Andranik buradakı türk-müsəlman kəndlərini dağıtmış, əlinə
keçən əhalini məhv etmişdi. Osmanlı hərbi qərargahının 20 avqust tarixli
məlumatında onun Naxçıvandan şimal-şərqdəki erməni məntəqələrində səfərbərlik
elan edərək, 15 yaşından 45 yaşına kimi erməniləri silahlandırdığı, yanında 5
min silahlı erməninin olduğu bildirilirdi.
Zəngəzurla kifayətlənməyən ermənilər öz nüfuz dairələrini qonşu mahallara da
yaymağa çalışırdılar. Andranik Qarabağdakı türk-müsəlman əhalini qırmaq,
didərgin salmaq yolu ilə bu bölgənin bütünlüklə ermənilərin nəzarəti altına
keçməsinə nail olmağa çalışırdı. O, Azərbaycanın digər bölgələrində olan
erməniləri “Osmanlı süngüsü altında məhv olacaqları” təhlükəsi ilə qorxudaraq
Qarabağa toplaşmağa təhrik edirdi.
Qarabağ
məntəqəsi komandanı Qarabağın azad edilməsi üçün əməliyyatlara mümkün qədər tez
başlamağı Nuru paşadan xahiş edib, əks təqdirdə ermənilərin bu ətrafdakı
müsəlmanların hamısını qətlə yetirəcəklərini bildirmişdi.
Lakin
Qarabağa hərbi qüvvə göndərmək yalnız Bakı azad edildikdən sonra mümkün oldu.
Ermənilər Ağdam ilə Şuşa arasındakı Əsgəran keçidini nəzarət altına alaraq,
Şuşaya sığınmış azərbaycanlıları burada mühasirədə saxlayırlar. Qarabağda
genişlənən erməni təcavüzünün qarşısının alınması və vəziyyətin
sabitləşdirilməsi Cəmil Cahidin komandanlıq etdiyi I Azərbaycan diviziyasına
tapşırıldı. I Azərbaycan diviziyası Osmanlı ordusunun 9-cu və 106-cı alayları
ilə möhkəmləndirildi.
Türkiyə-Azərbaycan qoşunları sentyabrın 25-dən etibarən Qarabağ ərazisinə daxil
olmağa başladılar. Qarabağ ermənilərinə tərk-silah olmalarını və onlardan
Azərbaycan qanunlarına itaət tələb edən ultimatum verildi.
Nuru
paşa Qarabağın erməni quldurlarından təmizlənməsinə xüsusi fikir verdiyindən
oktyabrın 1-də özü Ağdama gəldi.
Erməni
millətçiləri artıq məğlub olacaqlarını dərk etdilər və Qarabağ ermənilərinin
oktyabrın 3-də çağırılmış növbəti qurultaylarında Azərbaycan hökumətini tanımağı
qərara aldılar. Lakin onlar silahların təhvil verilməməsi barədə Osmanlı
komandanlığına müraciət etdilər. Qafqaz İslam Ordusunun etirazından sonra
tərksilah olmağa məcbur oldular.
Lakin bu formal xarakter daşıyırdı. Onlar təslim olmaq fikrində
deyildilər. Şuşaya doğru hərəkətə başlayan Qarabağ dəstəsi oktyabrın 4-də
Əsgəran keçidində ermənilərin güclü müqavimətinə rast gəldi. Ağbulağa doğru
hərəkət edən 9-cu Qafqaz piyada alayı buranı ələ keçirərək, ermənilərin cənuba
doğru geri çəkilmək yolunu bağladı. Ermənilər mühasirəyə düşəcəklərindən
ehtiyatlanıb Əsgəran keçidindən çəkilməli oldular. Oktyabrın 6-da Əyrikənd
yaxınlığında erməni quldurlarından ibarət dəstə ilə döyüş oldu. Topların sürəkli
atəşi silahlı erməni quldurlarını qaçmağa məcbur etdi. Şuşa istiqamətində
oktyabrın 6-dək davam edən döyüşlərdə Türkiyə-Azərbaycan qoşunlarından 1 zabit
və 32 əsgər şəhid olmuş, 65 nəfər yaralanmışdı.
Oktyabrın 8-də Türkiyə-Azərbaycan qoşunları Şuşaya daxil oldu və
ermənilərin vəhşiliklərindən təngə gəlmiş azərbaycanlı əhali tərəfindən böyük
sevinclə qarşılandı. Andranik Gorusa çəkilmək məcburiyyətində qaldı. Şəhərin
komendantı təyin olunmuş Həsən Bəsri bəy onun müdafiəsinin təşkili sahəsində
xeyli iş gördü.
Lakin oktyabrın ortalarında Qarabağdakı erməni quldurları
fəallaşmağa başladılar. O zaman Azərbaycanda Qarabağa göndərilmək üçün əlavə
qüvvələr yox idi. Digər tərəfdən də erməni millətçiləri beynəlxalq aləmdə
səs-küy salaraq, Qarabağda “günahsız” erməniləri qırması barədə şayiələr
yayırdılar. Bu da yeni vəzir Əhməd İzzət paşanı beynəlxalq təzyiqlər nəticəsində
Qarabağda əməliyyatları dayandırmaq barədə göstəriş verməyə məcbur etdi.
Osmanlı-Azərbaycan ordusunun Qarabağda apardığı hərbi
əməliyyatlar nəticəsində buranın türk-müsəlman əhalisinin – Azərbaycan
türklərinin mənəviyyatı yüksəlmiş, erməni quldurlarına gözdağı verib,
azğınlıqlarının qarşısı alınmışdı. Torpaqlarımızın 20%-nin işğal olduğu indiki
məqamda Osmanlı-Azərbaycan ordusunun vaxtilə Qarabağı azad etmək üçün göstərdiyi
qəhrəmanlıqlar gənc nəslin milli, vətənpərvər və fədakar ruhda tərbiyəsindən
ötrü təsirli nümunə, tarixi keçmişimizin parlaq bir səhifəsidir.
|