|
Qabil Hüseynli
Qabil
Hüseynli
Türkiyə xarici siyasətində Qarabağ məsələsi
Qarabağ
probleminin diplomatik – siyasi həlli Türkiyə xarici siyasətinin əsas
istiqamətlərindən birini təşkil edir. Bunun iki əsas elementini xüsusi
vurğulamaq lazımdır:
-
Beynəlxalq təşkilatlarda problemin həllinə hər cür diplomatik-siyasi dəstək
verilməsi;
-
Erməni
təcavüzünün dəf edilməsi istiqamətində Azərbaycana çeşidli yardımlar
göstərilməsi.
Türkiyə
Azərbaycanla ilk diplomatik münasibət yaradan ölkə kimi Azərbaycana qarşı erməni
təcavüzünə siyasi qiymət verilməsi istiqamətində beynəlxalq təşkilatlarda
Azərbaycanın mövqeyini dəstəkləyən ən fəal ölkə olub. Azərbaycana qarşı erməni
təcavüzü faktını ilk tanıyan da Türkiyə Respublikası olub. Təsadüfi deyil ki,
Türkiyə Azərbaycana qarşı təcavüzü təsbit edən beynəlxalq sənədlərin bir çoxunun
ya təşəbbüsçüsü, ya da müəlliflərindən biri olub. BMT-nin məlum 4 qətnaməsi
haqqında bu fikirləri söyləmək olar. Bundan başqa, Türkiyə ATƏT-in Minsk
qrupunun təsisçisi olan 11 dövlətdən biri kimi problemin həlli məsələsinin daim
gündəmdə saxlanılması üçün sistemli fəaliyyət göstərib. Ermənistana lobbiçilik
edən bir sıra dövlətlərin səyləri nəticəsində Türkiyənin Minsk qrupunun
həmsədrliyinə namizədliyi keçməsə də, bu qrupun fəaliyyətinin canlandırılmasında
artıq bir neçə ildir ki, Türkiyə fəal surətdə iştirak edir. NATO üzvü kimi
Türkiyənin NATO ölkələri arasında problemlə bağlı apardığı lobbiçilik
fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. Getdikcə Cənubi Qafqazda mövqeləri
güclənməkdə olan Türkiyənin Qarabağ məsələsinin həllində həlledici fiqurlardan
birinə çevrilməsi ehtimalı da artır. Son dövrlərdə Türkiyə regionda gedən
inteqrasiya proseslərinə qoşmaq üçün ardıcıl səylər göstərir. Bu məqsədlə
yaradılmış Türkiyə - Ermənistan barış komissiyası da bu strateyi niyyətlərə
xidmət edir.
Türkiyənin kütləvi iformasiya vasitələri Qarabağ problemini dünya ictimai rəyinə
çatdırmaqda əvəzsiz rol oynayıb. Məsələnin tarixi, kökləri, baş vermə səbəbləri
haqqında ən dolğun və sistemli yazılar Türkiyə mətbuatının ana mövzularından
biri olaraq qalmaqda davam edir. Məhz əksər ölkələrin radio, televiziya və
qəzetləri Ermənistanın Azərbaycana təcavüzü haqqında ən operativ və səhih
məlumatları Türkiyənin xəbər agentliklərindən alıblar. Türkiyə jurnalistlərinin
hərbi əməliyyatların gedişində canlı reporttajları da dünyada geniş rezonans
doğurub. Türkiyənin Azərbaycana bundan sonrakı diplomatik-siyasi dəstəyi Qarabağ
probleminin həllində həlledici rol oynayacaqdır.
|