|
Qubad İbadoğlu
Qubad İbadoğlu
Qarabağ probleminin həlli müstəvisində sosial və iqtisadi
amillərin retrospektiv və perspektiv təhlili
Azərbaycanın inkişaf strategiyasında Qarabağ probleminin həllinin
önəmi əvəzedilməzdir. Bu, bütün ölkənin gələcəyi üçün yalnız siyasi, sosial
deyil, həm də iqtisadi əhəmiyyət kəsb edən məsələlərdən ən vacibi hesab oluna
bilər. Hazırkı iqtidarın leytemotivini "neft diplomatiyası" təşkil edən xarici
siyasətinin "Qarabağ problemi"nin həlli istiqamətində heç bir irəliləyişlə
nəticələnə bilməməsi, əksinə növbəti dövr üçün əhəmiyyətli olan bir sıra
mövqelərin itirilməsinə gətirib çıxarması onunla bağlı daha dərin və hərtərəfli
düşünülmüş siyasi xətt müəyyənləşdirməyi zərurətə çevirmişdir. Atəşkəs dövrü
ərzində daxili imkanlardan səmərəli istifadə olunmamasına, hərbi-sənaye
kompleksinin inkişaf etdirilməməsinə, müdafiə qabiliyyətinin artırılıb
möhkəmləndirilməməsinə yol verilməməsinin bir tərəfdən büdcə vəsaitlərinin
çatışmazlığı səbəbindən, digər tərəfdən də korrupsiya, dövlət vəsaitinin
təyinatından kənarlaşdırılması ucbatından törəndiyi inkarolunmazdr. Nəticədə bu
problem məhz bu və ya digər iqtisadi, siyasi səbəblərdən son 8 ilin həlli mümkün
olmayan və buna görə də ildən-ilə ötürülən problemlərdən başlıcası hesab olunur.
Lakin bütün bunlar vəziyyətdən çıxış yolunun tükənməsi demək deyildir.
Azərbaycanın geostrateji mövqeyi, iqtisadi sahədəki təbii üstünlükləri, ölkə
vətəndaşlarının vətənpərvərliyi və mübarizliyi bu problemin də tez bir zamanda
həlli üçün geniş imkanlar açır. Bunun üçün ilk növbədə aşağıdakı məsələlərin
diqqət mərkəzində saxlanılması məqsədəuyğun olardı.
Əvvəla, ölkənin hərbi-sənaye kompleksinin inkişaf etdirilməsi və
müdafiə qabliyyətinin möhkəmləndirilməsi məqsədilə dövlət büdcəsinin vəsaitləri
və digər mənbələr hesabına müdafiə xərclərinin maliyyə kanalları çoxaldılmalı və
onun həcmi genişləndirilməlidir. Yeri gəlmişkən, qeyd edək ki, " Azərbaycan
Respublikasının 2002-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının
Qanununun 6-cı maddəsinin 4-cü bəndinə görə, bu il üçün müdafiə xərcləri 608
milyard 577 milyon manat proqnozlaşdırılmışdır. Lakin, bu vəsait hazırkı
problemlərin fonunda vəziyyətin normallaşdırmaq üçün yetərli hesab oluna biləz.
Ona görə də, ölkəyə neft gəlirləri daxil olduğunu və 1 aprel 2002-ci il tarixə
Dövlət Neft Fondu vəsaitlərinin 537 milyon ABŞ dollarına çatdığını nəzərə
alaraq, bu mənbədən də həmin məqsədlərin maliyyələşdirilməsinə vəsaitlər cəlb
olunmalı və onların istifadəsi ilə bağlı informasiyalar sərhədi dövlət sirri
olan məsələlərə qədər şəffaflaşdırılmalıdır.
İkincisi, ölkəninin mütləq və nisbi üstünlüklərindən
bəhrələnməklə Qərb yönümlü iqtisadi inteqrasiyaya meyl gücləndirilməli,
beynəlxalq əhəmiyyətli regional proqramlar işlənib həyata keçirilməsi
genişləndirilməlidir. Bu proses çərçivəsində Azərbaycanın müxtəlif (NATO yönlü)
konvensiyalara qoşulması, dünyanın aparıcı Qərb dövlətləri ilə hərbi əməkdaşlıq
sayəsində ikitərəfli sazişlər imzalanması məqsədəuyğundur.
Üçüncüsü, qeyri-qanuni yollarla ölkədən xarici çıxarılaraq
banklara qoyulmuş vəsaitlərin mənbələri leqallaşdırılmalı və bununla da hazırkı
hakimiyyət üçün kövrək situasiyalarda onların Azərbaycana təzyiq vasitəsi kimi
çıxış etmək imkanları neytrallaşdırılmalıdır. Həmin vəsaitlərin ölkəyə
qaytarılmasına nail olunmalı və onun da bir hissəsi ordu quruculuğu və müdafiə
qabiliyyətinin möhkəmləndirilməsinə yönəldilməlidir.
Dördüncüsü, demokratik və vətəndaş cəmiyyətinin,hüquqi dövlətin
qurulması, insan haqlarının qorunması və iqtisadi islahatların sürətləndirilməsi
yolu ilə azad, müstəqil və vətənpərvər Azərbaycan vətəndaşlarının
yetişdirilməsinə nail olunmalıdır. Əhalininin əmək və təsərrüfat fəaliyyətinin
stimullaşdırılması, dövlət qayğısınını ehtiyacı olanlara (əsasən də qaçqın və
məcburi köçkünlərə) məqsədli və ünvanlı formada çatdırılması yolu ilə sosial
problemlərin həlli təmin olunmalı, fiziki və mənəvi cəhətdən sağlam Azərbaycan
vətəndaşlarınıın yaşayıb var olması üçün normal şərait formalaşdırılmalıdır.
|