|
Nəsib Nəsibli
Nəsib Nəsibli
Qarabağ
probleminə gerçəkçi yanaşma
Ermənistanın 15 ildir davam edən və həlli hələ görünməyən
təcavüzünə müxtəlif yanaşmalar var. Bu illərdə ən sadəlövh fikirlərdən tutmuş,
ən fantastik ideyalara qədər səslənmişdir. Həyati problemimizə münasibətdə
liberal və inqilabi baxışlar üstünlüyə malik olmuşdur. Problemin elmi cəhətdən
dərk edilməsi və ondan çıxış yolunun axtarılması istiqamətində, bizcə, ən
faydalı vasitə gerçəkçi/realist nəzəriyyə, xüsusilə onun özəyini təşkil edən güc
nisbəti nəzəriyyəsi ola bilər.
Güc nisbəti nəzəriyyəsi nədir?
Güc
nisbəti nəzəriyyəsi (theory of balance of power) beynəlxalq münasibətlərə modern
baxışın yaranması ilə meydana çıxmış, XVIII əsrdən 1890-cı illərədək Böyük
Britaniyanın xarici siyasətinin əsasını təşkil etmişdir. O, 1920-30-cu illərdən
sonra yenidən diqqəti çəkmişdir. Daha sonralar bu nəzəriyyə Amerika alimi Hans
Morgentau tərəfindən dərindən işlənmiş və ən populyar nəzəriyyəyə çevrilmişdir.
Qısaca, bu nəzəriyyəyə görə:
· Siyasət
- güc/qüdrət uğrunda mübarizədir;
· Güc
- birisinin fikirlərinə/hərəkətlərinə təsir vasitəsilə onun üzərində kontrola
sahib olmaqdır;
· Milli
güc – coğrafi güc, təbii sərvətlər, sənaye qabiliyyəti, hərbi hazırlıq, əhali,
milli xarakter, milli əhval-ruhiyyə (moral), eləcə də milli diplomatiya və
iqtidar kimi komponentlərdən ibarətdir;
· Beynəlxalq
münasibətlərdə əsas oyunçu millət-dövlətlərdir (nation-state);
· Millət-dövlət
təhlükəsizliyini özü təmin etməlidir (self-help prinsipi).
Dövlətlərarası güc nisbətini/balansını təmin etməyin klassik yolları bunlardır:
-
silahlanmanın artırılması;
-
mümkün
qədər ərazinin tutulması;
-
neytral bufer dövlətin yaradılması;
-
müttəfiqlər;
-
müdaxilə;
-
güc
nisbətini dəyişmək üçün qarşı tərəfin müttəfiqlərinin ələ alınması.
Beynəlxalq münasibətlərə realist/gerçəkçi yanaşmanın canını
təşkil edən bu nəzəriyyəni Qarabağ probleminin izahına və həlli məsələsinə
tətbiq etsək, nə alınar?
Qarabağ probleminin yaranma səbəbləri
Problemin yaranması və illərdir ölkəni iflic vəziyyətində
saxlanması ona görə mümkün olmuşdur ki, münaqişənin əvvəllərindən indiyədək
Azərbaycanla Ermənistan arasında güc tarazlığı olmamışdır. Ermənistan, milli güc
(national power) baxımından 1987-ci ildə – Yerevanda Qarabağ tələblərinin rəsmi
səviyyəyə çıxarılmasından, başqa sözlə, Ermənistanın təcavüzünün başlanmasından
sonra – Azərbaycana nisbətən üstünlüyə malik olmuşdur:
-
Ermənilər
Qarabağ uğrunda əhalini mübarizəyə cəlb etmək baxımından, mütəşəkkillik
səviyyəsinə görə qonşularından fərqlənmişdir;
-
Rus hakimiyyətinin 200 illik mirası səbəbindən ermənilər hərbi
hazırlıq baxımından daha üstün idilər;
-
Ermənistandakı yerli sovet iqtidarı Azərbaycandakı həmkarlarına
nisbətən daha çox milli hərəkata bağlı olmuşdur.
Bu səbəblərə görə, Azərbaycandan üstün mövqeyə sahib olan
Ermənistan və ermənilər təşəbbüsü ələ almış, üstün daxili amillərlə yanaşı,
xarici amilləri də milli mübarizəsinə cəlb etməyə çalışmışdır.
15 il keçəndən sonra milli güc nisbətində durum necədir? Milli
iqtidar gücü sahəsində, milli ideya sahəsində Azərbaycanla Ermənistan arasında
tarazlıq yarandığını düşünmürəm. Ən həssas sahələrdən biri – silahlı qüvvələr
sahəsində durumun Azərbaycanın xeyrinə tam dəyişdiyini iddia etmək də böyük
cürət tələb edir. Azərbaycan ordusunun ildən ilə qüvvətlənməsi haqqında səslənən
bəyanatlar bizi sevindirməyə bilməz. Amma Rusiyanın Ermənistan ərazisində hərbi
bazalarının olması, son illərdə erməni ordusunun sürətlə silahlandığını nəzərə
almış olsaq, bu sahədə ifrat optimizmə yer qalmadığını görərik.
Bununla belə, daxili amillər sırasında Azərbaycanın bir neçə
sahədə, ilk növbədə əhali və iqtisadi potensial sahəsində Ermənistandan
üstünlüyü şəksizdir. Xüsusilə zəngin neft-qaz ehtiyatları Azərbaycanı üstün
mövqeyini təmin edə bilər. Coğrafi gücün pozitiv (Azərbaycan ərazi baxımından
Ermənistandan 2,5 dəfə genişdir) və neqativ (gələcək hərbi əməliyyatlar yüksək
dağlıq ərazidə aparılmalıdır) tərəflərini də müzakirə etməyə dəyər.
Qarabağ probleminə münasibətdə xarici amillərin rolu
Heydər Əliyev 1994-cü ilin mayında Ermənistanla atəşkəs haqqında
sazişin, az sonra dünyanın nəhəng neft şirkətlərilə kontraktların imzalanması
vasitəsilə Qarabağ məsələsinin həllində dönüşə nail olmağı düşünürdü.
Əliyevin ehtimallarına görə, dünyanın böyük dövlətlərini təmsil
edən neft şirkətlərinin Azərbaycan iqtisadiyatına böyük kapital qoyması bu
dövlətlərin Qarabağ məsələsinə münasibətinin dəyişməsinə səbəb olacaq.
Həqiqətən, bir-birinin arxasınca imzalanan neft kontraktları dünya ölkələrinin
ümumiyyətlə bölgədə sabitliyin yaranmasına, o cümlədən Azərbaycana marağını
artırdı. Lakin bunlar Qarabağ münaqişəsinin həlli üçün zəruri olan güc
balansının köklü dəyişməsinə gətirib çıxarmadı.
Qarabağ probleminin həlli 1992-ci ilin fevralından ATƏT-ə həvalə
edilmiş, bununla o, rəsmən beynəlxalq konflikt statusu almışdır. Hazırda Qarabağ
sülh prosesinə əsas tərəflər olan Azərbaycan və Ermənistandan başqa ATƏT Minsk
Qrupunun həmsədrləri sifətində Rusiya, ABŞ və Fransa (Avropa Birliyini təmsilən)
aktiv cəlb olunmuşlar. Cənubi Qafqazda və Xəzər dənizi hövzəsi regionunda əsas
oyunçular arasında kəskin nüfuz mübarizəsi gedir.
Konfliktin həllini özünün maraqları üçün əhəmiyyətli hesab edən
ABŞ-la bu regionu özünün geopolitik nüfuz dairəsində saxlamağa çalışan Rusiya
arasında kəskin mübarizə getməkdədir. ABŞ və Avropa Birliyinin burada nüfuzu
ilbəil artmaqdadırsa, Rusiyanın nüfuzu proporsional olaraq azalmaqdadır. 11
sentyabrdan sonrakı siyasi proseslərdə bu meyl daha aydın özünü göstərir.
Bu meyl Qarabağ probleminə münasibətdə müəyyən dəyişikliklər
yaratsa da, onu göstərməyə məcburuq ki, adı çəkilən əsas oyunçular erməni
lobbisinin dünyada ən güclü olduğu dövlətlərdir. Onların konfliktin həllində
ərazi bütövlüyü prinsipinə birmənalı üstünlük verəcəkləri və xristian
Ermənistanı özlərindən incik salacaqlarını düşünmək sadəlövhlük olardı. Hər
halda böyük dövlətlər arasında siyasi bazarlıqda/sövdələşmədə (bargaining)
Qarabağ bir kart kimi aktiv iştirak edir və bu bazarlığın Qarabağ sülh
prosesində rolu böyük olacaq.
Beləliklə, Qarabağ probleminin həlli üçün hər şeydən öncə güc
balansının dəyişməsi zəruridir. Həm daxili, həm də xarici faktorları əks etdirən
güc balansının yaranması isə yaxın illərdə böyük güclər arasındakı nüfuz
mübarizəsinin nəticəsindən, Azərbaycan Respublikasında, eləcə də xeyli dərəcədə
Ermənistanda gedəcək proseslərdən asılıdır.
Heydər Əliyev iqtidarından fərqli olaraq, hakimiyyətə iddialı
olan real alternativ güclər problemə radikal yanaşacaqlarını vəd edirlər.
Qarabağ separatizmi dalğasında hakimiyyətə gəlmiş Robert Koçaryandan fərqli
olaraq, onun xələfi (Ermənistanda da növbəti prezident seçkisi 2003-cü ildə
keçiriləcək) problemin həllinə konstruktiv yanaşa bilər (hətta keçmiş prezident
Ter-Petrosyandan konstruktiv). Üstəgəl, bu iki qonşu ölkədə cəmiyyətin bir
hissəsi “nə müharibə, nə sülh” vəziyyətindən yorulmuşdur və qarşılıqlı
kompromislərə meyllidir.
Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi, ya Qarabağın erməni
separatçılarını qovub Azərbaycandan çıxartmaq niyyətləri qeyri-real görünür.
Həqiqətən, ölkə rəhbərliyinin Azərbaycan Respublikasının suverenliyi və ərazi
bütövlüyü prinsipləri çərçivəsində Qarabağ ermənilərinə yüksək muxtariyyət
statusunun verilməsi formulu daha çox ehtimal edilir.
|