|
Valeh Baxşəli
Valeh Baxşəli
Qarabağ
probleminin həllinə bir baxış
Ermənilər 1988-ci ildə Azərbaycana qarşı ərazi iddialarını məharətlə
pərdələyirdilər. Çünki dünya ictimaiyyətinin separatizmə və ərazi iddialarına
açıq dəstək verməsi mümkün deyildi. Ölkəmizin ağır ictimai-siyasi vəziyyətindən
istifadə edən Ermənistan Rusiyanın hərbi dəstəyi ilə Azərbaycan ərazisinin
20%-ni işğal etmişdir. Bu gün qondarma “DQR” yaratmışdır. Təbii ki, bu “dövləti”
heç kim tanımır və gələcəkdə də tanımayacaq. Hətta Ermənistan da “DQR”-i
tanımaqdan çəkinir. Çünki bu, separatizm, təcavüz və barışmaz mövqe nümayişi
demək olardı.
1994-cü
ildən cəbhədə “atəşkəs” elan edilmişdir. Lakin “atəşkəs” rejimi və işğal müddəti
uzandıqca xalqımız mənəvi və maddi aşınmaya məruz qalır, düşmən tapdağı altında
inləyən Qarabağ unudulur, proqnazlaşdırılan “Qarabağ probleminin
konservləşdirilməsi” prosesi baş verir. Bundan istifadə edən ermənilər
ciddi-cəhdlə “DQR”-in müxtəlif strukturlar yaradılması prosesini ardıcıl həyata
keçirməyə çalışırlar.
Məlum
həqiqətdir ki, bu gün dünyada baş verən bütün hadisələr və proseslər bu və ya
digər dərəcədə bir-birindən asılıdır. Artıq Qafqazda Rusiyanın mövqelərinin
getdikcə daha çox zəiflədiyi müşahidə olunmaqdadır. İraqa qarşı hərbi əməliyyatı
Yaxın Şərqdə Rusiyanın maraqlarına vurulan birinci zərbə kimi qəbul etmək olar.
İkinci zərbə isə Yuqoslaviyaya edilən hərbi müdaxilə və Rusiyanın
Balkanlardan çıxarılmasıdır. Rusiyaya vurulan hər iki zərbənin effektivliyi göz
qabağındadır. Üçüncü – həlledici zərbənin Qafqazda olacağı şübhəsizdir. Son
zamanlar NATO qüvvələrinin və ABŞ hərbi birləşmələrinin Gürcüstana və
Azərbaycana gələcəkləri haqqında fikirlər buna sübutdur. Separatizmə və
terrorizmə qarşı mübarizədə beynəlxalq, şəraitin bizim xeyrimizə dəyişdiyinə
baxmayaraq Qarabağ probleminin həllinə daha ciddi və çevik yanaşılmalıdır.
Fikrimizcə, Qarabağda lokal hərbi uğurlar qazanmadan siyasi danışıqlarda
irəliləyiş mümkün olmayacaq. Lakin buna baxmayaraq, sülh danışıqlarında
Azərbaycanın mənafeyini nəzərə alan sazişlərin bağlanmasına nail olmaq
mümkündür. İndiyədək ATƏT in Minsk qrupunun Qarabağ probleminin sülh yolu ilə
tənzimlənməsi üçün irəli sürdüyü 3 təklifdən (layihədən) heç biri Azərbaycan
tərəfdən qəbul olunmasa da, hər halda artıq vasitəçilərin mövqeyi əsasən
məlumdur. Gələcəkdə bağlanacaq sülh sazişinin əlverişli hala salınması üçün nə
etməli?
Fikrimizcə, sülh danışıqlarının əsas məqamı Şuşa problemidir.
Məşhur bir fikir var: “Şuşa kimindirsə - Qarabağ onundur”. Minsk qrupunun
layihələrində Şuşa və keçmiş Şaumyan şəhərlərinin bir-birinə alternativ
qoyulması bu gün Azərbaycana şirnikləndirici görünür. Lakin bu bizim üçün tələ
rolunu oynaya bilər. Yəni müəyyən məqamda sülh sazişi bağlanarsa, onun sonuncu
bəndi – Şuşa və Şaumyan şəhərlərinə münaqişədən əvvəlki sakinlərinin
qaytarılması prosesi – bu şəhərlərin dəyişdirilməsi, başqa sözlə bugünkü
vəziyyətin saxlanması şəklində həll edilə bilər. Odur ki, Minsk qrupunun
təklifləri əsasında bağlanacaq sülhün praktiki tərəfinə daha ciddi diqqət
yetirilməlidi. Fikrimizcə, təkliflərdə nəzərdə tutulduğu kimi bütün ərazilər
hər iki tərəfdən boşaldıldıqdan və təhlükəsizliyə tam təminat yaradıldıqdan
sonra əhalinin öz yerlərinə qaytarılması prosesinin ilk növbədə Şuşa və Laçın
rayonlarından başlanması sazişdə öz əksini tapmalıdır. Şuşa problemini həll
etmədən, Qarabağ problemini həll etrmək mümkün deyildir. Odur ki, Şuşanın
qaytarılmasına beynəlxalq təşkilatlardan real təminat alınmalıdır. Yəqin ki, bu
şərt daxilində “DQR” ə veriləcək digər dövlətçilik atributlarının Azərbaycanın
iqtisadi potensialı hesabına zaman-zaman sıradan çıxacağını gözləmək olar.
Obrazlı şəkildə desək, tərəzinin gözünə biz tərəfdən “DQR” in bəzi “müstəqillik”
atributları, ermənilər tərəfdən isə Şuşanın qaytarılması qoyulur. Sülh
danışıqlarında Azərbaycanın əsas tələbi Şuşa probleminin həlli və ona tam
təminatın verilməsi olmalıdır.
Qarabağın hərbi, yoxsa siyasi yolla qaytarılması səlahiyyətlərinə malik olan
Azərbaycanın bugünkü iqtidarı tarix qarşısında məsuliyyətini nəzərə alaraq,
nəyin bahasina olursa olsun bu qara ləkəni millətimizin üzərindən götürülməli,
torpaqlarımızın xalqın iradəsi ilə azad olunmasını təmin etməlidir.
|