|
Vaqif Hacıbəyli
Vaqif Hacıbəyli
Azərbaycan-Ermənistan münaqişəsi: təcavüzün aradan qaldırılmasının hüquqi
əsasları və sülh danışıqlarının əsas prinsipləri
Mövcud durumun qısa xarakteristikası:
Dağlıq
Qarabağ ermənilərinin vasitəsilə Azərbaycanın 12 min km/2 ərazisini on ilə yaxın
müddətdə işğal altında saxlayan Ermənistan beynəlxalq aləm tərəfindən təcavüzkar
kimi tanınmır və heç bir təzyiqə məruz qalmır. Ermənistan ATƏT-in Minsk qrupu
çərçivəsində aparılan sülh danışıqlarında güzəştsiz və qeyri-konstruktiv mövqe
tutmasının mövcud reallıqlar şəraitində dəyişəcəyinə ümid etməyə heç bir əsas
yoxdur, indiki vəziyyətdə münaqişənin dinc yolla siyasi nizamlanmasının heç bir
pozitiv perspektivi də görünmür. Belə ki, ATƏT-in Minsk qrupunun 1997-ci ilin
iyununda və dekabrında verdikləri və Azərbaycan rəhbərliyinin qismən razılaşdığı
saziş layihələrinin təhlili sübut edir ki, bu cür nizamasalma prosesi hətta
Ermənistan rəhbərliyinin qəbul etmədiyi variantlar da belə, Qarabağın
itirilməsinin bir fakt kimi rəsmiləşdirilməsindən başqa bir şey deyil.
Təcavüzün aradan qaldırılmasının hüquqi əsasları:
Azərbaycanın əlindəki ən qüdrətli silah BMT Təhlükəsizlik Şurasının 822, 853,
874 və 884 saylı qətnamələridir. Bu qətnamələrdə Ermənistan təcavüzkar kimi
göstərilməsə də, Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi tələbi
var. Müasir dünyada zor tətbiq edilməsi üçün BMT qətnamələrinin yerinə
yetirilməsi tələbi etibarlı hüquqi əsas kimi qəbul edilir.
BMT
qətnamələrinin yerinə yetirilməsi Azərbaycan üçün legitim hüquqi əsasdır.
Azərbaycan bu missiya ilə yəni Kəlbəcərin, Ağdamın, Füzulinin, Cəbrayılın,
Qubadlının, Zəngilanın azad olunması üçün istənilən vaxt hərbi əməliyyatlara
başlaya bilər. Lakin bu əməliyyatın adını müharibə yox, humanitar əməliyyat
adlandırmaq daha doğru olardı. Bundan ötrü Azərbaycan parlamenti BMT
qətnamələrinin yerinə yetirilməsini təmin etmək vəzifəsini Azərbaycan
Ordusunun üzərinə qoyaraq ölkə daxilində ordudan istifadə etmək üçün Azərbaycan
prezidentinə müvafiq səlahiyyətlər verdikdən sonra qanunvericiliyə uyğun surətdə
ümummilli səfərbərlik elan edilməlidir. Eyni zamanda, BMT qətnamələrinin
tələbini yerinə yetirmək məqsədilə keçirilən humanitar əməliyyatlara hərbi
müdaxilə edəcəyi təqdirdə cavab tədbirlərinə məruz qalacağı barədə Ermənistana
ultimatum verilməli, təcavüzkara yardım edən istənilən ölkə ilə diplomatik
əlaqələrin kəsiləcəyi ölkə rəhbərliyi tərəfindən bəyan edilməlidir. Rusiya və
İran təcavüzkara hərbi yardım göstərərsə, bu ölkələrlə diplomatik münasibətlərin
kəsilməsindən çəkinmək olmaz. Həmçinin ölkə rəhbərliyi bütün beynəlxalq
təşkilatlara və xarici dövlətlərə müraciət edərək üç ay müddətində torpaqlar
işğaldan azad edilməsə, humanitar əməliyyatlara başlanacağını bəyan etməli və bu
müddət başa çatdıqdan sonra isə lazım bildiyi vaxt hərbi əməliyyatlara
başlamalıdır. Ermənistan Dağlıq Qarabağa hərbi yardım göstərdiyi barədə
təkzibolunmaz dəlillər əldə edildiyi gün Azərbaycan Ermənistana müharibə elan
etməli və ölkədə hərbi vəziyyət elan olunmalıdır.1991-1994-cü illərdə
Azərbaycanın hərbi məğlubiyyətlərinin başlıca səbəblərindən biri də müharibənin
elan edilmədən aparılması idi. Partizan hərəkatı səviyyəsində aparılan
döyüşlərdə isə qələbəni çox vaxt zərurət yox, təsadüf həll edir. Şübhəsiz ki,
humanitar əməliyyatlar qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmalı,
əsirlərə münasibət 1992-ci ildə Ağdərə erməni işğalçılardan azad edildiyi vaxt
olduğu kimi qanunvericilik çərçivəsində olmalıdır və dinc əhali arasında
itkilərin qarşısı mümkün qədər alınmalıdır. Və Azərbaycan xalqını heç bir qüvvə
heç vaxt Qarabağın itirilməs ilə razılaşmağa vadar edə bilməz. Azərbaycan xalqı
yenidən qüvvəsini toplayıb torpaqları işğaldan azad etməyə hazır olmalıdır. Sülh
danışıqları prosesi isə torpaqlar işğaldan azad edildikdən sonra başlamalıdır.
Azərbaycan və Ermənistan arasında sülhün əsas prinsipləri:
Ermənistan və Azərbaycan arasındakı müharibədə qalıb və məğlub olmamalıdır
prinsipinin heç vaxt dəyişməyəcəyi ehtimalı çox böyükdür. Buna görə Azərbaycan
“simmetrik status” ideyasını reallaşdıra bilər. “Simmetrik status” ideyasına
görə Ermənistan azərbaycanlılarının Zəngəzur və Göyçə ərazilərinə qaytarılıb
Göyçə-Zəngəzur Respublikası ilə “ümimi dövlət” qurmağa hazırdırsa, Azərbaycan
bərabər miqyaslı ərazidə və bərabərsaylı əhali prinsipi əsasında nəinki Dağlıq
Qarabağ, hətta Artsax adlanacaq respublika ilə “ümimi dövlət”ə razıdır.
Ermənistan təhlükəsizliyinə təminat verdiyi azərbaycanlılara öz döğma
yurdlarına qayıtmağa şərait yaradırsa, Azərbaycan da ermənilərə eyni şərait
yaratmağa razıdır. Əgər ermənilər azərbaycanlıların Ermənistana qayıtmasına razı
deyillərsə, onda ermənilərin Azərbaycanda hər hansı status istəməsi də
qeyri-mümkündür.
Sülh
danışıqlarının nəticəsindən asılı olaraq, Azərbaycanın inzibati-ərazi bölgüsündə
dəyişikliklər edilə bilər. Çox böyük ehtimalla ermənilər azərbaycanlılara indiki
Ermənistanın ərazisində nə “ümimi dövlət”, nə də hər hansı muxtar qurum
yaratmağa razı olmayacaqlar. Bunu nəzərə alsaq DQMV-nin “ümimi dövlət”, yaxud
muxtar qurum formasında bərpası qeyri-mümkündür. Keçmiş DQMV-yə ən yüksək status
verilməsi təklifini Azərbaycan xalqı heç vaxt qəbul etməyəcək. Ona görə də
azərbaycanlıların Ermənistandakı döğma yerlərinə qaytarılmasına imkan verilirsə,
hal-hazırda Dağlıq Qarabağda yaşayan ermənilərə də özünüidarə hüququ verilə
bilər. Lakin bu status bütöv Qarabağa verilməlidir.
Hələ
münaqişənin əvvəlindən Yuxarı Qarabağla Aran Qarabağın birləşdirilməsi təklifi
dəfələrlə gündəmə gətirilib. 2001-ci ildə qəbul edilmiş Ümummilli Xartiyada öz
əksini tapan prinsiplərə uyğun olaraq ermənilərə Qarabağda özünüidarə statusunun
verilməsi sülh danışıqlarının ən optimal nəticəsi ola bilərdi. Bu şərtlə ki,
eyni status Göyçə-Zəngəzur bölgəsində azərbaycanlılar üçün də təmin edilsin.
Digər tərəfdən, 1980-ci ildə DQMV-nə verilən statusun Azərbaycan üçün yaratdığı
təhlükələr nəzərə alınmalı, milli təhlükəsizliyin və ölkənin ərazi bütövlüyünün
təminatı sahəsində mərkəzi hakimiyyətin vilayət üzərindəki səlahiyyətləri
artılmalı, dövlətin maraqlarını təmin edə biləcək yeni qanunvericilik
mexanizmləri yaradılmalıdır. Qarabağ vilayətinin mərkəzi təklif edilən ərazisi
Kəlbəcər-Laçın və Yuxarı Qarabağ iqtisadi-coğrafi rayonlarının sərhədləri ilə
üst-üstə düşür. Qarabağın ərazi paytaxtı Şuşa şəhərinin əvvəlki statusunun bərpa
edilməsi və hər iki iqtisadi rayonun birləşdirilərək bir mərkəzdən idarə
olunması siyasi, iqtisadi və etnososioloji meyarlar baxımından məqsədəuyğun
görünür.
|