|
Zərduşt Əlizadə
Zərduşt Əlizadə
Münaqişə
sistemli tamdır
Münaqişənin dörd əsas mövcudluq mühiti aşağıdakılardır: fərd,
cəmiyyət, dövlət, zaman. Münaqişə bioloji və ictimai varlıq olan insanın
mahiyyətinə xasdır. Münaqişə fərdlərin qarşılıqlı ünsiyyətdə olduqları
cəmiyyətin üzərində durduğu iki əsas mədəniyyətdən – savaş və barış – birinin
təzahürüdür. Münaqişə zor aləti olan dövlətin öz daxilinə və xaricinə yönəlmiş
iki əsas təsir növündən – tənzimləmə və məcburetmə – birinin təzahürüdür.
Nəhayət, münaqişə “zəmanə” və “dövran” adlandırılan müəyyən siyasi hakim və ya
tabe ünsürlərindən biridir.
Fərd fitri xüsusiyyətləri ilə yanaşı, onu tərbiyələndirmiş
mühitin ona aşıladığı təfəkkür və davranış qəlibləri çərçivəsində hərəkət edir
və onları dəyişdirmək üçün gərgin zehni əməyə və uzunmüddətli təcrübəyə
möhtacdır. Bu ünsürün islahı və humanistləşməsi üçün savaş və barış
mədəniyyətləri arasındakı qüvvələr nisbətini dəyişdirmək gərəkdir.
Cəmiyyətdə demokratik təsisatların və ənənələrin, ilk növbədə
qanunun aliliyinin təminatı münaqişələrdən yayınmaq üçün ən səmərəli və sınanmış
yoldur.
Dövlət güclü və demokratik olarsa, o, nəinki münaqişələrin
törənməsinin qarşısını zorla ala bilər, hətta onun ehtimal edilə bilən
səbəblərini belə aradan qaldırmağa qadir ola bilər. Xaricdən sırınan münaqişənin
isə qarşısını zor gücünə ala bilər.
Zaman dünya miqyasında ictimai fikrin, münasibətlərin, davranış
qəliblərinin və ənənələrin humanistləşməsi sayəsində münaqişələrin mümkünsüz
olduğu “zəmanə”yə çevrilir.
Kənar müdaxilələr, fərd və qrupların mənafeyinin millətin və
bəşəriyyətin mənafeyini üstələməsi hər dörd ünsürdə münaqişə ehtimalını
gücləndirən əsas amillərdir ki, bunların qarşısına yalnız fərdlərin toplanmış
kollektiv iradəsi qoyula bilər.
|