|
Arzu Abdullayeva
Arzu Abdullayeva
Hərb
modeli və sülh modeli
Dünyadakı çoxsaylı münaqişələrin tarixi, ictimai, siyasi,
psixoloji və iqtisadi səbəbləri nə qədər rəngarəng olsa da, onların təzahürləri
əsla fərqlənmir və eynidir: işgəncə, təhqir, qətl, qovulma, dağıntı, tənəzzül və
vəhşiləşmə. Vəhşiləşmə sözü təsadüfən işlədilmədi, dinc əhalinin əsir
götürülməsi, onlara əzab verilməsi düşmən sayılan millətə kollektiv nifrət, bu
millətdən olan fərdlərin vətəndaş və insan hüquqlarının tanınmaması və bu qanun
pozuntusunu əhalinin əksəriyyətinin alqışlaması obyektiv olaraq cəmiyyətdə
müasir siyasi və hüquqi mədəniyyətdən barbar mədəniyyətinə qayıdış kimi
qiymətləndirilməlidir. Münaqişələri doğuran və yaşadan məfhumların, davranış və
hərəkətlərin mövcudluğu bütövlükdə insan cəmiyyətində hərb mədəniyyəti adlanan
qüdrətli, lakin mənfi işarəli bir sistem yaradır. Bu sistem çox qədimdir, ola
bilsin ki, cəmiyyət qədər qədimdir və mahiyyətcə heç bir zaman dəyişməmişdir, bu
mədəniyyət həm Polineziyanın cəngəlliklərində yaşayan ibtidai tayfaları, həm
də kompyuterli-avtomobilli Avropa və Amerika cəmiyyətlərini ortaq məxrəcdə
birləşdirir.
Cəmiyyət və insana məxsus bütün təzahürlər kimi hərb mədəniyyəti
də alimlər tərəfindən öyrənilmiş və onun təsnifatı verilmişdir. Güclü siyasi və
iqtisadi qurumlar hərb mədəniyyətinin işləmə mexanizmindən məharətlə istifadə
etməyi bacarır və özlərinə lazım gəldikdə onu işə salır. İctimai fikirdə məlum
səbəblərə görə əsla təbliğ edilməyən bu bilik və məlumat əslində hakimiyyət
mexanizmlərindən biridir. Münaqişənin sona yetməsində maraqlı olan xalqlar və
insanlar hərb tərəfdarlarının əlində alətə çevrilməmək üçün onun mahiyyətini,
işləmə prinsipi və mexanizmlərini gözəl bilməlidirlər.
Konkret olaraq Cənubi Qafqazda cərəyan edən münaqişələri tədqiq etmiş Helsinki
Vətəndaş Assambleyası hərb mədəniyyətinin aşağıdakı mühüm ünsürlərini qeyd
etməyi zəruri sayır:
1.
Üçüncü-əcnəbi (kənar) tərəfin bölgədə gərginlik yaratmaqda marağı;
2.
Üçüncü tərəf münaqişə tərəflərinə gələcək münaqişə üçün zəruri
olan təsirləri göstərir və münaqişənin qızışmasında əsas rol oynayacaq qüvvə və
şəxsləri dəstəkləyir;
3.
“Düşmən”surəti yaradılır;
3.1. KİV kütləni isteriya vəziyyətinə salır;
3.2.Təxribatlar hazırlanır və gerçəkləşdirlir.
4.
Münaqişə başlayır və tədricən zorakılıq mərhələsinə keçir;
5.
Tərəflərin silahla təchizatı başlanır;
6.
Müharibə mərhələsinə keçid;
7.
Münaqişəyə cəlb olunmuş tərəflər “tarazlaşdırma” siyasəti yürüdən üçüncü
qüvvənin vasitəçiliyindən və himayəsindən asılı vəziyyətə düşür.
Xalqımız sadalanmış yeddi ünsürün hər biri haqqında zəngin
məlumata malikdir, cildlərlə kitab yaza bilər, film çəkə bilər, dram, opera və
hətta balet tamaşası qoya bilər. Və bu zaman xalqımızın haqlı olması haqqında
əlimizdə tutarlı sübutlar da var. Bu sübutları isə özümüzə yox, münaqişəni
qızışdırmış və onu idarə edən üçüncü qüvvəyə təqdim edirik. Faciəvi cəhət isə
ondan ibarətdir ki, münaqişənin digər tərəfi də eyni cür düşünür, onun da özünün
haqlı olması barədə tutarlı dəlilləri var və bu dəlilləri üçüncü tərəfə təqdim
edir.
Münaqişə aparan ölkələrdə hərb mədəniyyətli xalqlar hakimiyyətə
hərb tərəfdarlarını gətirirlər. Hərb tərəfdarları hərbdən böyük siyasi və maddi
mənfəət götürdüyündən münaqişənin davam etməsində maraqlı olur. Hərbdə maraq
münaqişədə olan tərəflərin hakim zümrələrini üçüncü tərəf ilə birləşdirir və
münaqişə davamlı səciyyə alır. Münaqişədən uduzan isə hər iki iştirakçı tərəfin
adi insanları, xalqlar olur. Münaqişəyə son qoymaq üçün xalqlar öz həqiqi
mənafeyini dərk etməli, təşkilatlanmalı və hərb mədəniyyətinin hər bir ünsürünə
qarşı sülh mədəniyyətinin müvafiq ünsürünü qoymalıdır. Helsinki Vətəndaş
Assambleyası fəallarının düşüncəsinə görə, sülh modeli təxminən aşağıdakı
ünsürlərdən ibarətdir:
1.
Etnik konfliktlərə cəlb olunmuş maraqlı şəxslər qəbul edilir;
2.
İctimai şüura konfliktin əks tərəfi ilə dialoqun məqsədəuyğunluğu
və qəbulu ideyası yeridilir;
3.
Kütləvi informasiya vasitələri dialoq prosesinə cəlb
olunurlar;
4.
Qarşılıqlı fəaliyyət: treninqlər, seminarlar,
simpozium və görüşlər, eləcə də yığıncaqlar təşkil olunur;
5.
Düşmən obrazı ləğv edilir;
6.
Sülhə nail olunur;
7.
Münaqişənin qarşısısının alınması üçün preventiv
tədbirlər görülür.
Sülh modeli aşağıdakı proseslərdə əhəmiyyətli rol oynaya bilər:
-
Sülh strateqiyasının müəyyən olunmasında;
-
Münaqişə tərəfləri arasında sülhün bərqərar edilməsi üçün
konseptual problemlərin həlli və münaqişələrin qarşısının alınması üçün
tədbirlər görülməsində;
-
İctimai şüurun formalaşdırılmasında.
Göstərilən prosesdə aşağıdakı qruplar mühüm rol oynaya bilərlər:
·
milli azlıqlar və etnik qruplar;
·
jurnalistlər;
·
tələbələr;
·
uşaqlar (mövzu - dözümlülükdür);
·
siyasi partiyaların və qeyri – hökumət təşkilatlarının
nümayəndələri;
·
hər iki tərəfdən olan qaçqınlar;
·
münaqişə zonalarında vəzifədə olan və olmuş şəxslər (indinin və
keçmişin liderldəri).
Sülh Modeli HVA-nın Cənubi Qavqaz departamentləri tərəfindən
sülhyaradıcı fəaliyyətləri üçün nəşr edilmişdir. Sülh qoruyucuları müharibənin
qarşısının alınması üçün lazım olan yanaşmanın səmərəliyinə inanır və etnoslar
arası və digər münaqişələrin həlli istiqəmətində öz səylərini davam etdirirlər.
|