|
Новая страница 1
Əli Haqverdiyev
Qafqaz Albaniyasının Armeniya sərhədi məsələsinə dair
(antik dövr)
Azərbaycan Respublikasının indiki ərazisinin bir hissəsi - Dağıstanın cənubunu,
Gürcüstan Respublikasının şərqində Alazan və İori çaylarının vadisini əhatə edən
ərazi qədim yunan və Roma mənbələrində Albaniya, erməni mənbələrində Aqvan və ya
Aluank, gürcü mənbələrində Rani, fars və ərəb mənbələrində Arran
adlandırılmışdı.
E.ə. IV əsrdən eranın VIII əsrinin başlanığıcına qədər mövcud
olmuş Albaniya dövlətinin siyasi sərhədləri bütün dövrlərdə sabit olmamış, bu və
ya digər hadisələrlə bağlı olaraq, müəyyən dəyişikliklərə məruz qalmışdı. Lakin
buna baxmayaraq, onun etnik sərhədləri sabit qalmış, həmin əsrlərin bütün
dövrlərində elə bir ciddi dəyişmələrə uğramamışdı. Antik yunan və Roma
müəlliflərinin Albaniyanın sərhədləri barədə verdiyi məlumatlar ümumi xarakter
daşıyır və müəyyən qədər ziddiyyətlidir. Albaniyanın sərhədləri haqqında Strabon
( e.ə. 63- e. 23-cü illəri), Böyük Plini (23-79-cu illər), Klavdi Ptolomey(
83-168-ci illər) bəhs etmişlər. Strabon qeyd edir ki, albanların şərq sərhəddi
Xəzər dənizinə, qərb sərhəddi İberiyaya, şimal sərhəddi Qafqaz dağlarına çatır,
ondan cənubda isə Armeniya əraziləri yerləşir. Böyük Pilini isə albanların
İberiyadan başlayaraq Xəzər dənizinə qədər Kür sahilində yaşadıqlarını qeyd
edir. Klavdi Ptolomey isə bu məlumatları daha da konkretləşdirərək yazır:
«Albaniya şimaldan Sarmatiyanın təsvir olunan hissəsi ilə qərbdən göstərilən
xətt boyu İberiya ilə, cənubda İberiya hüdudlarından Hirkan dənizinə, Kürün
mənsəbinə doğru Böyük Armeniyanın bir hissəsi ilə şərqdən isə Hirkan dənizinin
buradan (Kürün mənsəbindən) Soana çayına kimi uzanan hissəsi isə aşağıdakı
təsvirə uyğun olaraq həmsərhəddir».
Albaniyanın sərhəddi məsələsi sonralar, yəni X1X əsrdən tədqiqat
obyektinə çevrilsə də, o vaxtdan başlanan mübahisələr hələ bu günə qədər də
davam edir. Albaniyanın Armeniya ilə sərhəddi məsələsi daha çox mübahisələrə
səbəb olmuş, bu barədə çoxlu dolaşıq və ziddiyyətli fikirlər söylənilmişdir.
Onların bir qismi mənbələrdə irəli gələn qeyri-dəqiqliklərlə (əlbəttə, bu haqda
elmi mübahisələr açmaq, faktları dəqiqləşdirmək lazımdır), digər bir qismi isə
çox hallarda faktları və hadisələri müəyyən məqsədlər üçün saxtalaşdırmaq və ya
təhrif etməklə bağlı olmuşdur. Sözsüz ki, ozamankı məqsəd ermənilərin onların
olmayan torpaqlarda yerləşdirilməsinə, indiki məqsədsə Qarabağın məlum işğalına
ideoloji baza yaratmaq, başqa sözlə, müstəmləkəçi və işğalçı siyasətə haqq
qazandırmaqdır. Bu sahədə erməni tədqiqatçıları daha çox canfəşanlıq etmişlər və
edirlər. Kürdən cənubda yerləşən alban əyalətlərinin əzəli erməni torpağı
olduğunun iddia edilməsi hal-hazırda Azərbaycana qarşı Ermənistanın ərazi
iddlialarını əsaslandırmaqdan başqa bir şey olmadığı hamının görə biləcəyi
müasir reallıqdır. Bu həm ermənilərə, həm Rusiyaya, həm də dünya siyasətində
güclü nüfuzu olan ölkələrə əl verir: mövcud vəziyyətdə ermənilər özlərinə dövlət
və vətən düzəldir, Rusiyanın əbədi əlaltısı və müttəfiqi olmağa məhkum edilmiş
tərəf güclənir, dünyanın super dövlətləri tərəflərə təsir mexanizminə
malikdir...
Son dövrlərdə öz sələflərindən daha irəli gedən B. Ulbabayan,
Ş.Smbatyan, X.Svazyan və başqaları Kürdən cənubdakı torpaqların əzəli erməni
torpaqları olduğunu və buranın əhalisinin ermənilər olduğunu iddia edən saxta
hay-küylər yaratmaqla məşğuldurlar. Öz sələflərinin fikirlərinin ümumiləşdirib
yekunlaşdıran A.Akopyan hesab edir ki, indiyə qədər Kürdən cənubda olan
torpaqların 387-ci ildə Albaniyaya birləşdirilməsi fikri səhvdir, guya bu
torpaqlar 428-ci ildə, yəni Armeniya sasanilərin əyalətinə çevrildikdən sonra
verilmişdi. O, erməni alimlərinin öz yalan iddialarını əsaslandırmaq üçün nəinki
qədim yazılı mənbələri, hətta arxeoloji materialları da saxlalaşdırmaqdan
çəkinmir. Erməni tarixçilərinə qoşulan rus alimi A.Novoselsev də Kürdən
cənubdakı torpaqların Ermənistana aid olmasını əsaslandırmağa çalışmış, necə
deyərlər, həm öz dövlətinin, həm də onun əlaltısı olanlara xidmət göstərmişdir.
Kürdən cənubdakı torpaqların əzəli erməni torpaqları olması
barədə iddiaların heç bir tarixi, elmi dəlili yoxdur. Belə ki, antik mənbələrin
heç birində bu ərazidə ermənilərin yaşaması qeyd edilmir. Amma həmin ərazidə
əvvəllər alban tayfa ittifaqına, sonra isə Albaniya dövlətinə daxil olan uti,
qarqar, sakasen, kaspi və başqa tayfalar yaşadığı göstərilir. Mənbələrdə e.ə. I
əsrdə Roma sərkərdəsi Lukulla qarşı mübarizədə II Tiqranın köməyinə başqa
tayfalarla yanaşı, Araz sahilində yaşayan tayfaların da gəldiyi qeyd edilir.
Əgər burada ermənilər yaşamışdırsa, başqa tayfalar dedikdə kimlər nəzərdə
tutulur? Deməli, antik dövrdə Kür və Araz çayları arasında ermənilərin yaşaması
və buranın erməni torpağı olması fikirləri cəfəngiyyatdan başqa bir şey
deyildir. Yəni ki, bir şey yoxdursa, onu uydurmaq vacibdir. Bu isə erməni və
ermənipərəst tarixçilərin məharət göstərdiyi bir sahədir.
Armeniya ilə Albaniya arasındakı sərhəddin Kür çayı olması, Kürün
sağ sahilinin nə vaxt Armeniya tərəfindən «işğal» etməsi məsələsinin izahına
keçək. Bir çox tədqiqatçılar, mənbələrdəki ümumi məlumatlara əsaslanaraq, Kürün
Albaniya ilə Armeniya arasında axması, Uti, Arsaq, Sakasen, Kaspi vilayətlərinin
Böyük Armeniyaya aid olduğunu iddia edirlər.
Bunun əsassız olduğunu göstərmək üçün ilk növbədə Böyük Armeniya
dövlətinin nə vaxt yaranması və dağılması prosesini nəzərdən keçirmək lazımdır.
Tarixdə Böyük və Kiçik Armeniya olmasını heç kim inkar etmir. Erməni
tədqiqatçısı N.Adons yazır ki, Fərat çayının şərqində ermənilərin yaşadığı ərazi
Böyük Armeniya, Fərat çayının qərbində ermənilərin yaşadığı ərazi Kiçik Armeniya
adlanır. Böyük və Kiçik Armeniya əvvəl də, sonra da coğrafi anlayış olmuşdur. E.
ə. 220-ci ildə Selevki hökmdarı III Antiox Ararat vadisini işğal etdərək oranı
əsas Ermənistana birləşdirmiş və bundan sonra Böyük Armeniya adlandıraraq,
buranın idarə edilməsinini öz canişininə həvalə etmişdi. Tarixi ədəbiyyatda
ermənilərin Arazdan şimala Ararat vadisinə gələmləri e. ə. IV əsrə aid edilir.
Böyük Ermənistanın qismən siyasi anlayış məzmunu e. ə. II əsrdə
meydana çıxmışdı. E.ə. 190-cı ildə Roma qoşunları tərəfindən Selevki qoşunları
məğlub edilmiş və bunun nəticəsində Selevki dövlətinin parçalanması
sürətlənmişdi. Bundan istifadə edən ayrı-ayrı əyalətlər, o cümlədən Armeniyanın
canişini Zariadr və Artaksat (onu da qeyd edək ki, onların etnik mənsubiyyəti,
yəni erməni olub-olmaması aydın edilməmişdir) öz əyalətlərini müstəqil elan
etmişdilər. Strabon yazır ki, Artaksat işğalçılıq müharibələrinə başlayaraq,
əvvəlcə Ararat vadisini tutmuş, sonra isə Atropatena, Şimali Mesopotamiya,
İberiya hesabına öz ərazisini genişləndirmişdi.
Strabon Albaniya vilayətlərinin Artaksat tərəfindən tutulması
haqqında bəhs etməsə də S.Yerimyan və K.Trever belə iddia edirlər ki, guya
Artakasat Albaniyanın Kürdən cənubdakı torpaqlarını ələ keçirmişdi. Akademik
İ.Əliyev bu fikrə münasibət bildirərək yazır ki, «mümkündür ki, Kürün alban
tayfaları yaşamış olduqları sağ sahili üzərində erməni çarlarının hakimiyyəti
müəyyən dərəcədə daha çox vaxtlarda keçici olmuş, artıq e.ə.I əsrdə yayılmışdır,
çünki ayrı-ayrı antik müəlliflər də bu zonanı Ermənistana aid edirlər. Lakin
belə bir vəziyyət ən yaxşı halda eranın I əsrinə qədər saxlanıla bilərdi və
eranın I əsrindən sonra heç vaxt mövcud ola bilməzdi». Burada bir qədər
dəqiqləşdirmə aparmaq mümkündür. Birinci, Kürün sağ sahilində olan vilayətlər
erməni çarları tərəfindən işğal edilməmiş, bu ərazi erməni çarlarından nominal
asılı olmuşdur. İkinci, bu asılılıq II Tiqranın (e. ə. 95-54-cü illər) dövründə
qısa müddətdə yəni e. ə. 80-60-cı illərdə olmuşdu. Ona görə ki, Roma
sərkərdələri Lukkul və Pompey II Tiqranı məğlub etmiş və bundan sonra o,
hakimiyyəti altında olan bütün torpaqları itirmişdi.
Albaniyanın Armeniya ilə sərhəddinin Kür çayı olması məsələsi
bəzi tarixi mənbədə öz əksini necə tapmışdır? Antik müəlliflər iki dövlət
arasında sərhəddən bəhs edərkən, həm də Kür çayından danışarkən bu məsələyə
toxunmuşlar. Strabon yazır ki, Araz Armeniyadan Kür isə İberiya ilə Albaniya
ərazisindən axır. Böyük Rlini və Ptolomey Albaniya, İberiya və Armeniyanın Kür
sahilində qonşu olduqlarından bəhs edirlər. Bu fikri Strabon daha aydın ifadə
etmişdir: «Armeniya qismən düzənlikdir, başqa hissələri Kambisena (İberiya ilə
Ermənistan sərhəddində Kürün sol sahilində Albaniya əyaləti) kimi dağlıqdır
orada (Kambisena ilə sərhəddə) ermənilər həm iberlər, həm də albanlarla
qonşurdurlar». Buradan aydın olur ki, Armeniya Albaniyanın qərbində yerləşən
Kambisena vilayəti ilə qonşuluqda yerləşmiş və burada qonşular arasında sərhəd
Kür çayı olmuşdu. Buna görə də Kür çayının İberiyadan başlayraq dənizə (Xəzərə)
qədər Albaniya ilə Armeniya arasında sərhəd olması fikiri erməni
falsifikatorlarının uydurduğu cəfəngiyyat sayılmalıdır.
Beləliklə, erməni müləlliflərinin irəli sürdüyü Albaniya ilə
rmənistan arasında sərhəddin Kür çayı olması ideyası heç bir tarixi fakta
söykənmir. Albaniya dövlətinin mövcud olduğu bütün dövrlərdə Kürdən cənubda olan
alban vilayətlərinin Albaniya dövlətinin tərkibində olduğini isə həm antik
mənbələr, həm arxeoloji materiallar, həm də sağlam düşüncəyə əsaslanan vicdanlı
təhlil təsdiqləyir.
|