|
Новая страница 1
Fəzail İbrahimli
Aprel (1920-ci il) işğalı və Azərbaycanın Qarabağ
bölgəsində ictimai-siyasi vəziyyət
1920-ci
il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti XI ordunun
süngülərinə söykənən bolşeviklər tərəfindən devrildi. Aprelin 28-də Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsi yeni yaradılmış İnqilab Komitəsini
respublikanın yeni ali siyasi hakimiyyət orqanı elan etdi. Elə ilk müraciətdən
XI orduya qarşı silahlı müqavimət göstəriləcəyindən qorxan İnqilab Komitəsi
terrora əl atacağını bəyan etdi.
1920-ci il avqustun 25-dək Azərbaycanın 16 qəzasında İnqilab
Komitələri təşkil edildi.
Hələ
mayın əvvəllərində XI ordu hissələri Yevlax tərəfdən Qarabağa daxil oldu. Özünü
Qarabağ İnqilab Komitəsinin sədri elan etmiş Qarabağ
general
qubernatoru Xosrov bəy Sultanov hakimiyyətdən kənarlaşdırıldı, hakimiyyətə
bolşeviklər yiyələndi..
Mayın
ortalarına qədər XI ordu Qarabağ bölgəsində nəzarətə tam sahib oldu. Mayın 11-də
Qaryagin, mayın 15-də Şuşa İnqilab Komitəsi təşkil edildi. Bununla da Qarabağın
qara günləri başladı. «Yeni cəmiyyət köhnənin xarabalıqları üzərində
qurulmalıdır» ideyasına əsaslanan bolşeviklər Qarabağ camaatının əsrlərlə nail
olduğu hər şeyə divan tutdular.
XI
ordunun gəlişini nisbi sükutla qarşılayan xalqın təmkini uzun çəkmədi. İşğalçı
ordunun özbaşınalığı, günahsız insanların güllələnməsi xalqın qəzəbinə səbəb
oldu. Qəzəb dalğası üsyanlara çevrildi. Bolşevik hakimiyyətinə qarşı ilk üsyan
Gəncədə baş verdi. Qan içərisində boğulan Gəncə üsyanından sonra Milli Ordu ilə
XI Ordu arasında yaranmış qarşıdurma mayın ortalarında Tərtərdə yeni üsyan
dalğası yaratdı və bu dalğa bütün Qarabağa yayıldı.
Bolşeviklərin Milli Orduya olan etimadsızlığı onu ləğv etmək qərarına çevrildi.
İyunun
əvvəllərində Qarabağın müxtəlif yerlərində yerləşən Azərbaycan ordusunun Şəki,
Tərtər, Cavanşir, Ağdam süvari alayları XI ordunun, yerli hakimiyyətin və erməni
daşnaklarının qəddar hərəkətlərinə biganə qalmır və onların qarşısını almağa
cəhd edirdi. Odur ki, xalq daha çox Milli Orduya inanır və bu bölgədə bolşevik
hakimiyyəti öz dayaqlarından mərhum olurdu.
Digər
tərəfdən öz hakimiyyətini bu bölgədə elan edən bolşeviklər əhalinin
təhlükəsizliyini təmin etmir, yaxud etmək istəmirdi. Milli münasibətlərin kəskin
olduğu bu bölgədə ermənilər XI ordu əsgərlərinin qılığına girir və bu yolla
özlərinin çirkin niyyətlərini həyata keçirirdilər. Belə ki, Milli Ordu ilə XI
Ordu arasında nifaq salıb bunları toqquşdurmaq istəyən ermənilər buna asanlıqla
nail oldular.
Qarabağdan verilən bir məlumatda deyilirdi ki, «Vilayətdə siyasi vəziyyət elə
böhranlıdır ki, burada təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. Hər
tərəfdə qanunsuzluq hökm sürür, günahı olmayanlar həbs olunur, əhali hərbi
hissələrdən qorxur. Əhalinin narazılığının əsas səbəbi isə hərbi hissələrdə
erməni daşnaklarının həddindən çox olmasıdır».
Regionda
baş verən özbaşınalığa Milli Ordu hissələri biganə qala bilmirdi. Odur ki, XI
Ordu Milli Ordu hissələrini ləğv etmək qərarına gəldi. Milli Orduya qarşı XI
Ordunun hərbi əməliyyatı iyunun 10-da başladı. Əməliyyat zamanı hərbi
təyyarələrlə Tərtər və onun ətrafı bombalandı.
Qeyri-bərabər döyüşdə iyunun 10-da Tərtər, 11-də Ağdam, 14-də Xankəndi və Şuşa
XI Ordu tərəfindən tam nəzarətə alındı. Beləliklə, Qarabağ üsyanı məğlubiyyətə
uğradı.
Lakin XI
Ordunun qələbəsi regiondakı
milli, iqtisadi və siyasi böhranı nəinki aradan qaldırmadı,
əksinə, daha da kəskinləşdirdi.
Şuşa
Qəza İnqilab Komitəsi sədrinin 1920-ci il dekabrın 4-də Azərbaycan İnqilab
Komitəsinin sədri N.Nərimanova və Xalq Daxili işlər komissarı H.Sultanova
göndərdiyi məlumatda deyilirdi: «6 aydan yuxarı Qarabağ və Zəngəzurda yerləşən
28-ci atıcı diviziya nə mənəvi, nə də texniki cəhətdən bizi qorumağa qabil
deyildir. Yerli əhalinin bütün ümidi özünümüdafiədədir. Hər gün mənim və
fövqəladə vəziyyət komissiyasının yanına yüzlərlə adam gəlib silah istəyir ki,
özünümüdafiə dəstəsi yaratsın». Digər bir məlumatda bildirilirdi ki, son vaxtlar
Şuşa tərəfdən çoxlu ordu hissələri qəzaya daxil olub, əhalidə və Şuşa ərzaq
Komissarlığında olan bütün ehtiyat ərzağını əlindən
alıb, nəticədə ciddi çörək böhranı yaranıb ki, bu da arzuolunmaz nəticələr verə
bilər.
Ç.İldırım Azərbaycan İnqilab Komitəsinin sədri N.Nərimanova, Ali İqtisadi
Şuranın sədri M.D.Hüseynova etdiyi məruzədə Qarabağ bölgəsindəki vəziyyəti belə
təsvir edir: «Mənə verilmiş tapşırığa əsasən,
Qaryagin, Şuşa və Qubadlı qəzalarında oldum. Təəssüratın belədir
ki, bu qəzaların heç birində möhkəm sovet hakimiyyəti yoxdur. Şuşa qəzasında
partiya rəhbərinin təqsiri üzündən burada dedi-qodu yaranıb, quldurluq, adam
öldürmək və oğurluq ayaq tutub yeriyir. Qəzada məni ən çox təəccübləndirən XI
Ordu hissələrinin hərəkətləri ilə bağlı üzləşdiyim hadisə oldu. Burada hər həftə
kef məclisi qurulur. Xalılar döşənmiş zalda süfrə arxasında əyləşən yarı sərxoş
zabitlər arvadları ilə musiqi dinləyir və rəqs edirlər. İki gündən artıq çörək
payını ala bilməyən əsgərlər isə qapı-pəncərədən boylanırlar».
Yerlərdən gələn həyəcanlı məlumatlardan narahat olan respublika rəhbərliyi
xüsusi komissiya təşkil etdi və bu komissiya N.Nərimanov başda olmaqla qəzalarda
oldu. Yerlərdə acınacaqlı vəziyyəti görən N.Nərimanov oktyabrın 12-də Şuşadan
teleqramla xüsusi əmr verdi. Əmrdə göstərilirdi ki, respublikanın kəndlərinə
səfərim zamanı mənə kütləvi şikayətlər daxil oldu və indi də bunlar davam edir.
Kəndlilər şikayət edirlər ki, inqilab komitələri, ərzaq agentləri və XI
Ordu
hissələrinin nümayəndələri tərəfindən onların sonuncu tikə çörəyi, əllərindən
alınır. Mən hesab edirəm ki, bu inqilab komitələrinin öz işlərinə laqeyd və öz
vəzifələrinə cinayətkarcasına yanaşması deməkdir. Bu irad XI
Ordu
hissələrinə də aiddir və qısa müddətdə bu biabırçılığa son qoyulmalıdır.
Lakin
nəinki bu biabırçılığa son qoyulmadı, hətta Moskvanın Azərbaycanda yeritdiyi
siyasət əl-qoluna dolaşan N.Nərimanov respublikadan uzaqlaşdırıldı, Dağlıq
Qarabağa
muxtar vilayət
statusu verilməklə Azərbaycanın ərazi bütövlüyünə elə bir qəsd edildi ki,
Azərbaycan xalqı bu gün də
onun
ağrılarını çəkir.
|