|
Новая страница 1
Firdovsiyyə Əhmədova
Qarabağ iddiasında ermənilərin istifadə etdiyi prinsiplər
Cənubi Qafqazın Rusiya imperiyası tərkibinə qatılması ilə
müsəlmanlara məxsus tarixicoğrafi yaşayış məskənləri Rusiya hökuməti tərəfindən
tətbiq edilən, mütəmadi dəyişdirilən və etnosiyasi məqsəd güdən yerli idarəçilik
formalarına tabe edilməklə xeyli itkiyə uğradı. Rusiya imperiyasının ənənəvi
xarici siyasəti Qafqaz ərazisində də uzunmüddətli strateji plan əsasında
"ikivariantlı tabeçilik" rejimi yaratdı. Qafqaz ərazisi imperiya tabeçiliyindən
azad olduqda belə, əhali arasında etnik nisbətdə çoxluğun qeyri-müsəlmanlarla
təmin edildiyi, idarəçiliyinin də əsasən onların əlində cəmləşdirildiyi inzibati
vahidlər yenidən yaradılan müsəlman idarəçilik sisteminin tarixi əraziləri
bütövlüklə özündə birləşdirməsini əngəlləyən mühüm mane oldu. Cənubi Qafqaz
respublikalarının bəyan edilməsi və mövcudiyyəti prosesində ən ağrılı problem də
məhz ərazi məsələsi idi. Bu respublikaların ərazi münaqişələrində vahid bir
prinsip gözlənilmirdi.
Hər bir dövlət ancaq onun üçün sərfəli olan prinsiplə işləyirdi:
"Pompey yürüşləri dövrünədək çatan tarixi hüquq, iqtisadi şərtlər, dövlət
sərhədlərinin strateji müdafiəsi, təbii sərhədlər və sair". 11 ərazi 4 Qafqaz
respublikası arasında mübahisə obyekti kimi göstərilmişdir. Ərazi mübahisələri
ilə bağlı Azərbaycan xarici işlər komissarlığının məlumatında Qarabağ ərazisinə
geniş yer ayrılmışdır. Göstərilir ki, XVIII əsrdən paytaxtı Şuşa olmuş Qarabağ,
müstəqil müsəlman xanlığı kimi, digər xanlıqlardan daha uzun müddətdə
müstəqilliyini saxlamış, müstəqil müsəlman vilayəti kimi rus imperiyasına daxil
olmuşdu. Qeyd edək ki, Qarabağ xanlığı 1822-ci ildə ləğv edildi və Şəki, Şirvan,
Talış əyalətləri ilə birlikdə, mərkəzi Şuşa şəhəri olan "Müsəlman əyalətləri
rəisliyi"nə tabe edildi. Müstəmləkə rejiminə qarşı bölgələrdə baş verən kəskin
üsyanlar, müqavimət hərəkatı inzibati islahatı labüd etdi. Şuşa qəzası mərkəzi
Şamaxı olan Xəzər vilayətinə tabe edildi. Növbəti inzibati-ərazi bölgüsündə Şuşa
qəzası Şamaxı quberniyasına aid idi. 1868-ci ildə yaradılan, mərkəzi
Yelizavetpol (Gəncə) olan Yelizavetpol quberniyası Şuşa, Yelizavetpol və
Zəngəzur qəzalarından ibarət idi. Sonradan yaradılan Cəbrayıl və Cavanşir
qəzaları da bu quberniyaya daxil edildi. Göründüyü kimi ermənilərin mənafeyinə
uyğun tədbirlər həyata keçirildiyi idarəetmə sistemində Qarabağ, Şuşa daima
müsəlman inzibati-ərazi vahidi tərkibində olmuşdur. Qarabağ,
Naxçıvan və İrəvan xanlıqlarını ləğv edərək,
həmin ərazilərdə süni tərzdə meydana gətirilən "Erməni
vilayəti"nə
və
XIX əsrin ortalarında yaradılan İrəvan quberniyasına heç zaman tabe edilməmişdi.
Baxmayaraq ki, ermənilərin köçürülmə işlərinə, yerləşdirilmə məntəqələrinin
təyinatına məhz ermənilər başçılıq edirdi və rus siyasəti ilə erməni milli
mənafeyi çuğlaşırdı. General İ.F.Paskeviç Türkmənçay müqaviləsi bağlanandan az
sonra ermənilər üçün lütfkarlıqla "başlıca olaraq İrəvan, Naxçıvan
vilayətlərində və qismən Qarabağda yerləşdirilsin, bir sıra müsəlman kəndləri
dindaşlarının ən çox məskunlaşdığı yerlərə köçürülsün" göstərişini verir.
Bütün bu imkanlara baxmayaraq,
Qarabağ torpağını erməni idarəçiliyinə salmaq niyyəti XIX əsrdə
reallaşa bilmədi. Belə ki, ermənilərin köçürülərək yerləşdirildiyi əsas
ərazilərdən biri də məhz Qarabağ torpağı idi. Rus hökuməti erməniləri Qarabağa
köçürməkdə türk əhali kütləsinin bütövlüyünü parçalamaq vasitəsini görürdü. Ona
görə də erməniləri bu əraziyə köçməyə təhrik edirdi. Türkiyə ərazisindən əlavə,
Cənubi Qafqazda da muxtariyyət iddiası olan ermənilər XX əsrin əvvəllərindən
onu
zor gücünə həyata keçirmək yolunu tutdular.
Azərbaycan Cümhuriyyəti dövründə Andronikin başçılıq etdiyi
erməni silahlı dəstələri Qarabağın erməni əhalisini ayağa qaldırır, yerli
müsəlmanlara qarşı kütləvi zorakılıq edirdilər. Erməni təcavüzünün qarşısını
almaq üçün Azərbaycan hökuməti Qarabağ general-qubernatorluğunun təsisinə qərar
verdi. Bu inzibati-ərazi qurumuna Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl
qəzaları
daxil idi. Qarabağ ermənilərinin VII qurultayı Azərbaycan
hökumətinin hakimiyyətini tanısa da, 1920-ci ilin yazında yenidən Qarabağa
soxulmuş erməni dəstələri qiyam qaldırdı, Şuşa təhlükə altında qaldı. Qarabağın
bir parçası olan Zəngəzur qəzası da qanlı münaqişə ocağı idi.
Tarixi hüquq prinsipini kənara qoyub, siyasi-iqtisadi
mülahizələrdən hərəkət edənlər belə, Qarabağın ərazicə bütöv tam təşkil etdiyini
dönə-dönə vurğulayırdılar: "Bütün Yelizavetpol quberniyasının harasa
birləşdirilməsindən danışıb razılaşmaq olar, nəinki bir hissəsinin ayrılmasına."
Hələ 1919-cu ilin mayında RK(b)P Qafqaz ölkə komitəsinin üzvü A.Mikoyan V.Leninə
məlumatında yazırdı: "Erməni hökumətinin agentləri olan daşnaklar Qarabağı
Ermənistana birləşdirməyə çalışırlar, amma bu, Qarabağ əhalisi üçün Bakıdan,
həyat mənbəyindən məhrum olub, heç zaman və heç nə ilə əlaqələri olmayan
İrəvanla bağlılıq qurmaq demək olardı". Sovet hakimiyyəti Cənubi Qafqaz
respublikaları arasında mübahisəyə səbəb olmuş ərazi problemini, elan etdiyi
prinsipin məxsusi yozumunda həll etdi. "Öz müqəddəratını təyinetmə" prinsipindən
faydalanan ermənilər Qarabağın dağlıq hissəsini Azərbaycanın tərkibindən
qopartmaq qərarına gəldilər. Qarabağ məsələsinin yüksək rəsmi səviyyədə
müzakirəsi N.Nərimanovun qətiyyəti və Qars müqaviləsinə aparan Türkiyə-Rusiya
danışıqları prosesi dövrünə təsadüf etdiyindən Azərbaycan SSR tərkibində
saxlanması qərarı ilə nəticələndi. "Elastik muxtariyyət" formalarından biri də
DQMV gerçəkliyi oldu. DQMV-nin Azərbaycan tərkibində detonator rolu oynayacağı
şəksiz olSA da və tarixdə təsdiqini tapsa da, ermənilərin "Dağlıq Qarabağın
Azərbaycan SSR tərkibində qalması üzərində israr etməsi"ni gələcəkdə planlarının
həyata keçməsi üçün istifadə baxımından düşünülmüş addım kimi qiymətləndirənlər
də var. "Zəngəzur, Naxçıvan və Qarabağın təxirə salınmadan Ermənistana
qaytarılmasını" tələb edən daşnak hökumətini əvəz edən sovet Ermənistanının
istəyinə və israrlı cəhdlərinə baxmayaraq, yalnız Zəngəzura sahib çıxmağın və
Dağlıq Qarabağın ermənilərlə müsəlmanların (türklərin) qarışıq yaşadığı yarı
hissəsinə muxtariyyət verilməsinə nail ola bildilər.
Nəzərə almaq lazımdır ki, Qarabağın yuxarı hissəsinə muxtariyyət
verilməsi prosesi Azərbaycan tərəfinin nə təşəbbüsü, nə də məmnunluq bildirən
razılığı ilə baş verməyibdir. Məcburiyyət qarşısında məsələnin kompromis həll
variantı kimi qərara alınıb və nəzərdə tutulubdur ki, muxtar vilayətin inzibati
mərkəzi Şuşa şəhəri olsun. Yəni Qarabağın yuxarı hissəsi Ermənistana
verilməyibdir, yalnız 1921-ci il iyulun 4-də Orconikidze, Myasnikov, Fiqatner,
Kirov, Dağlıq Qarabağın ermənilər yaşayan hissəsini Ermənistan tərkibinə daxil
etməyin lehinə səs vermişdilər və bunun baş tutmamasında N.Nərimanovun qəti
etiraz mövqeyi mühüm rol oynadı, Orconikidzenin özü şəxsən səhəri gün, iyulun
5-də Nazaretyanla birlikdə Qarabağ haqqında bir gün əvvəlki qərara yenidən
baxılması barədə məsələ qaldırır.
RK(b)P MK Qafqaz bürosu plenumunun 5 iyul 1921-ci il tarixli
qərarını "Dağlıq Qarabağın Azərbaycanın tərkibinə daxil edilməsi üçün" yeganə
"hüquqi əsas" kimi göstərən bu günkü erməni siyasətçiləri saxtalaşdırdıqları
tarixə özləri də, yəqin ki, inanmağa başlayıblar və odur ki, bölgə tarixindən
nəinki bixəbər olanlara, hətta iddia etdikləri bölgənin vətəndaşlarına yanlış
tarixi təlqin etməyə çalışırlar.
Erməni milli ideologiya tarixində dəfələrlə sınaqdan keçirilmiş
bu üsul artıq ənənəvi səciyyə daşıyır: yanlış informasiyanın təsbitlənmə
mərhələsindən ona söykənən növbəti mərhələyə keçmək.
Qarabağın Azərbaycana hüquqi mənsubiyyətinə dair əsas axtaran
kəslərə çoxəsrlik tariximiz və mədəniyyətimiz barədə söhbət açmağa heç bir
ehtiyac yoxdur, tək bircə faktı - 1805-ci il Kürəkçay müqaviləsini yada salmaq
kifayətdir.
Sovet dövründə DQMV-nin sosial-iqtisadi inkişaf səviyyəsindən
asılı olmayaraq, ölkədə siyasi-ideoloji ab-havanın dəyişmə anlarında ermənilərin
separatçılıq meylləri güclənirdi. İkinci dünya müharibəsi başa çatdıqdan az
sonra, müharibənin siyasi nəticələrinin həll ediləcəyi dövrdə Ermənistan K(b)P
MK DQMV-ni Ermənistan SSR-ə birləşdirmək yönündə rəsmi addım atdı. İddia
prinsipi "Dağlıq Qarabağı Muxtar Vilayətinin Ermənistan ərazisi ilə qovuşması"
və" vilayətin Ermənistan tərkibinə daxil edilməsi ilə DQMV-nin xeyli inkişaf
edəcəyi, təsərrüfat idarəçiliyinin asanlaşacağı, bölgənin milli-mədəni
tərəqqisinin güclənəcəyi" və s. "dəlillərlə" şərtlənirdi. Azərbaycan SSR-in
adekvat reaksiyası qarşı tərəfin iddia prinsipindən çıxış edirdi. Müvafiq olaraq
"kompakt yaşama" prinsipi ilə Borçalı, Göyçə və Zəngəzur da siyasi-inzibati
dəyişikliyə məruz qala bilərdi. İddialarının təminatına nail olmayan ermənilər
60-cı illərdə DQMV-nin Ermənistan SSR-ə verilməsi tələbi ilə yenidən məsələ
qaldırdılar. Bu dəfə də istəklərinə nail olmadılar. Artıq erməni millətçilərinin
mübarizə prinsipi daha ağır bir ittiham - "genosid" kontekstində müşayiət
olunurdu. Dağlıq Qarabağ Muxtar Vilayətinı iddiadan əl çəkməyən ermənilər sovet
hökumətinin son illərində - "yenidənqurma" mərhələsində növbəti cəhdi etdilər.
Artıq demokratikləşmə ab-havasında "inkişaf etmiş sosializm" üçün qeyri-adi
görünən açıq kütləvi mübarizə metodlarından istifadəyə başladılar. Gündəlik
nümayişlər, mitinqlər, etimadsızlıq, tətillər... Bu dəfə isə prinsip kimi
"DQMV-nin Azərbaycan SSR-nin digər rayonlarından sosial-iqtisadi inkişaf
səviyyəsinə görə geri qalması" və bu sahədə "çətinliklər" siyasi dövriyyəyə
buraxılmışdı.
Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisini dağlıq
hissəsini Ermənistana birləşdirmək uğrunda ermənilərin axırıncı mübarizə
mərhələsi müharibə müstəvisinə keçmiş, artıq ləğv edilmiş vilayətin ərazisindən
əlavə Azərbaycan Respublikası ərazisinin xeyli hissəsi, ümumən isə 20%-i işğal
edilmiş, Ermənistandan azərbaycanlılar kütləvi şəkildə qovulmuş və bu mərhələ
çox müxtəlif prinsiplərlə həm növbələşmiş, həm də çuğlaşmışdı: sosial-iqtisadi
tələblər, əzəli torpaq sahibliyi, tarixi ədalət, milli müqəddəratını təyin etmə,
"azərbaycanlıların anti erməni mövqeyi", "Azərbaycan Respublikasında demokratik
dəyərlərə əməl edilməməsi", insan hüquqlarının müdafiəsi və s. Ermənilərin ərazi
iddiaları ilə bağlı istifadə etdikləri prinsiplər siyahısını mübarizə
metodlarının "rəngarənglik" ənənəviliyi kölgədə qoyur. Ərazi məsələsində
prinsip, həmçinin metod tətbiqində erməni təfəkkürü və təcrübəsinə alternativ
yoxdur. Son prinsiplərdən biri isə Dağlıq Qarabağın "erməniləşmiş albanların"
məskəni olması mülahizəsidir. Cüzi xristian albanın məkrlə qriqoryanlaşdırılıb -
erməniləşdirilməsi müqabilində Qafqaz Albaniyasının bütün qalan əhalisinin
müsəlman-azərbaycanlı gerçəkliyi şərhə ehtiyac qoymur. Bir-birindən kəskin
fərqlənən, çox zaman təzadlı prinsiplərin mənaca təsnifatı erməni tərəfinin
mövqeyinin əsassız, qərəzli, qeyri-obyektiv mahiyyətini ortaya qoyur. Qarabağ
münaqişəsinin çözülmə variantları baxımından da "problemə" analoqu olmayan
status verilir. Həlli artıq çoxdan beynəlxalq müstəviyə keçən problemi
Azərbaycan Respublikasının mənafeyi çərçivəsində həll etməyə nail olmaq
vasitələrindən biri də təcavüzkar rəqib tərəfin mübarizə prinsipləri və
metodlarına dərindən bələd olmaq, həmin zəmində onun prinsip və metodlarının
mahiyyətini açıb ifşa etməklə eyni vasitələrlə qarşı tərəfi ideoloji cəhətdən
tərksilah etməyə çalışmaqdır.
|