|
Новая страница 1
İsmayıl Musayev
Azərbaycan Xalq
Cümhuriyyəti parlamentində
Qarabağa dair
müzakirələr: problemlər və nəticələr
Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində Azərbaycan Xalq
Cümhuriyyəti (AXC) parlamentinin də böyük rolu olmuşdur. Bu işdə parlamentdəki
müvafiq müzakirələr xüsusi önəmə malikdir. Həmin müzakirələrdə isə, əsasən,
aşağıdakı məsələlər başlıca yeri tutmuşdur:
Birincisi,
ermənilərin Cənub-Qərbi Azərbaycana (Naxçıvan, Qarabağ, Zəngəzur və s.
bölgələrə) əsassız ərazi iddialarının dəf olunması və bu kontekstdə də Dağlıq
Qarabağla bağlı yaradılan problemlərin aradan qaldırılması.
İkincisi,
bəzi böyük və qonşu dövlətlər tərəfindən hərtərəfli dəstəklənən ermənilərin
Azərbaycanda yürütdükləri türk-müsəlman soyqırımı («yandırılmış torpaq»-«etnik
təmizləmə») siyasətinin əngəllənməsi.
Üçüncüsü,
adı çəkilən və digər bölgələrimizdən olan qaçqınların problemlərinin həlli.
AXC
parlamentinin bu istiqamətlərdəki müzakirələrində fövqəladə iclasların,
hökumətin müvafiq hesabat-izahatlarının,
fraksiyalardakı fikir mübadiləsinin, millət vəkillərinin sorğu və bəyanatlarının
əhəmiyyəti özəlliklə vurğulanmalıdır. Bu baxımdan aşağıdakı məqamlar üzərində
tezisvarı şəkildə dayanmağa ehtiyac vardır:
1.
Parlamentin fövqəladə iclasında (20.XII.1918) ermənilərin ərazi iddiaları və
quldur Andranikin silahlı dəstəsinin Qarabağda–Zəngəzurda
törətdiyi özbaşınalıqlar (qanlı hadislər) barədə məsələnin ayrıca müzakirəsi.
a)
Mövqelər və təkliflər:
·
sosialist fraksiyasından Ə.Pepinov: «Andranikin məqsədlərinin nədən ibarət
olduğunu bilmək üçün «Daşnaksütyun»un həmişəki
kələklərini xatırlamaq məsləhətdir... Andranik bu əraziləri (Qarabağ, Naxçıvan,
Zəngəzur və s.-İ.M.) Ermənistana birləşdirməyə çalışır. Ararat hökuməti isə bu
generalı quldur hesab edərək tanımadığını və onunla əlaqə saxlamadığını
bildirir» (Ermənistan indiki münaqişədə də Azərbaycanla «problemi olmadığını»
bəyan edir, bunu Dağlıq Qarabağın «işi» sayır İ.M.);
·
müsavatçı M.Mahmudov: «Əgər Andranikin Ermənistan respublikasının hökuməti ilə
heç bir əlaqəsi yoxdursa,...o, sadəcə bir quldurdur. Beləsinin yanına nümayəndə
heyəti göndərmək nə dərəcədə məqsədəuyğundur, müttəfiq qoşunları başçısı
nümayəndəsinin bu cür şəxslə danışıqlar aparması nə dərəcədə münasibdir?»
(Burada hazırkı münaqişədə qondarma «Dağlıq Qarabağ respublikası»nın tərəf kimi
tanınması və qəbul edilməsinə dair tələbləri-tövsiyələri-mübahisələri
xatırlamamaq mümkünsüzdür. Habelə Ermənistanın o vaxt olduğu kimi, indi də özünü
münaqişədən «kənar tutması və sayması» ilə bağlı baxışlara da mütləq diqqət
yetirmək lazımdır İ.M.);
·
«Slavyan-rus cəmiyyəti»nin təmsilçisi M.Vinoqradov: «Əgər lazımdırsa, general
Tomsona müraciət edək, komissiya- nümayəndə heyəti göndərək»
(Burada isə son vaxtlarda çoxlu
beynəlxalq qurumlara və
dövlətlərə
edilən müraciətlər yada
düşür
İ.M.);
·
hümmətçi Ə.Şeyxülislamov: «Ararat respublikası ilə əlaqələr yaradaraq, bütün
mübahisələri danışıqlar yolu ilə həll edək»
(Burada yenə də indiki müharibəyə dinc yolla - danışıqlarla son verilməsinə
dair baxış və mülahizələr diqqət önünə
çəkilməlidir İ.M.);
· ittihadçı Q.Qarabəyov: «Parlament daha ciddi hərbi qüvvə yaratmağı hökumətə
təklif etməlidir. Çünki özbaşınalıqlar dayanmamışdır
(neçə ki, indi işğal olunan torpaqlarımız geri qaytarılmayıbdır-İ.M.),
hökumət başçısı isə bunun nə vaxt qurtaracığını demədi»
(Hazırki durumumuzla səsləşən bir fikir –İ.M.).
b) Parlamentin
iclasında Zəngəzur-Qarabağ-Naxçıvan bölgələrindəki vəziyyətlə əlaqədar
AXC-nin
hökumətinin mövqeyi. Baş nazir:
·
F.Xoyski adıçəkilən bölgələrin Azərbaycanın tərkib hissələri olduğunu
təkrarlamışdı;
·ermənilərin (Andranikin quldur dəstəsinin) planlarının Zəngəzur və Şuşanı
türk-müsəlmanlardan «təmizləməkdən» və həmin bölgələri Azərbaycandan qoparıb
Ermənistana birləşdirməkdən ibarət olduğunu bir daha açıqlamışdı;
·AXC
hökumətinin bunlara imkan verməyəcəyini müvafiq tədbirlər gördüyünü və
görəcəyini bildirmişdi.
c)
Müzakirələrin nəticələri - iki qərar layihəsi:
1.
müsavatçılar:
«Hökumət başçısının izahatı və gördüyü tədbirlər kafi hesab edilsin»; 2.
sosialistlər: «F.Xoyskinin hesabatı və hökumətin bu sahədəki işi qeyri-kafi
qiymətləndirilsin». Yekun qərar: «Hökumətin torpaqlarımızın
toxunulmazlığı, Azərbaycan Respublikasının şərəf və ləyaqətinin müdafiəsi, onun
vətəndaşlarının təhlükəsizliyi və azadlığının təminatı məsələlərinə dair
diplomatik və siyasihərbi tədbirləri parlament tərəfindən müdafiə ediləcəkdir».
ç) parlamentin
xüsusi iclaslarında (VII. 1919, 1.1920)
Qarabağ, Zəngəzur və s. bölgələrimizdən olan qaçqınların problemləri və onların
həlli məsələləri başlıca müzakirə obyekti olmuşdu.
2.
Millət vəkilləri o dövrdə Qarabağda və digər bölgələrimizdəki siyasi-hərbi
durumla bağlı çoxsaylı sorğular vermişdilər. Onlara misal olaraq aşağıdakıları
qeyd etmək olar:
·Şuşadan seçilən
Q.Əliverdiyev parlamentə 1918-ci il 15 dekabr tarixli sorğu vermişdi;
·o,
parlamentə teleqram (19.XII.1918)-
sorğu göndərmişdi;
·Qarabağdan seçilən
deputatlar və sosialist fraksiyasının üzvləri parlamentin fövqəladə iclasında
(20.XII.1918)
sorğu vermişdilər.
3.
Parlamentarilərin müvafiq bəyanatları: irəvanlı millət vəkillərinin parlamentin
sədr əvəzi H.Ağayevə ünvanladığı bəyanat onun iclasında (8.I.1919) ayrıca
müzakirə olunmuşdu. «Müsavat»çıların lideri M.Ə.Rəsulzadə parlamentin
iclaslarından birində (25.I.1919) növbədənkənar bəyanatla çıxış etmişdi. Əsasən,
İrəvan və Naxçıvan mahallarının türk-müsəlman əhalisinin ermənilərin mənfur
hərəkətləri üzündən qarşılaşdıqları problemlərlə əlaqədar verilən həmin
bəyanatlarda Qarabağla bağlı məsələlər də bu və ya digər dərəcədə əhatə
olunmuşdu. Parlamentin 1919-cu il yanvarın 8-də keçirilən iclasında S.Qəniyev,
M.Vinoqradov və başqaları fəal iştirakı ilə aparılan müzakirələr müsavatçıların
təklif etdiyi qətnamənin qəbulu ilə yekunlaşmışdı. «Azerbaydjan» qəzetinin
(26.I.1919) M.Ə. Rəsulzadənin bəyanatı ilə bağlı şərhində də bir sıra müvafiq
məqamlara aydınlıq gətirilirdi.
Parlamentin və
habelə AXC-nin digər dövlət strukturlarının birgə səyləri Azərbaycanın ərazi
bütövlüyünün təmin olunması ilə və Qarabağla bağlı aşağıdakı konkret nəticələrə
nail olunmasına imkan verdi:
· AXC
parlamenti ilə hökumətinin ardıcıl səyləri və Qarabağın general-qubernatoru
X.Sultanovun qətiyyətli mövqeyi sayəsində Andranikin quldur dəstəsi 1919-cu
ilin aprelində Azərbaycanı tərk etməyə məcbur oldu;
· AXC
hökuməti Dağlıq Qarabağ ermənilərinin Şuşada keçirilən VII qurultayı
(VIII.1919) tərəfindən (Paris Sülh konfransının qərarınadək) rəsmən tanındı;
· Paris Sülh konfransı AXC-nin Qarabağ üzərində hakimiyyətini 1920-ci ilin
əvvəlində tanıdı və rəsmən təsdiqlədi;
· Azərbaycan Ordusunun tarixi Əsgəran qələbəsi ilə Rusiya və ermənilərin
dövlətçiliyimizə qarşı növbəti qəsdi – Qarabağ qiyamı (III.1920) yatırıldı.
|