|
Новая страница 1
Qabil
Hüseynli
Müsavatın Qarabağ konsepsiyası
Bu
hakimiyyət uzun illərdir ki, Qarabağ problemini siyasi istismar alətinə çevirib,
həm daxili-ictimai rəyin tənzimlənməsində, həm də şəxsi hakimiyyətin
möhkəmləndirilməsində bu problemdən gen-bol bəhrələnib. Illər boyu siyasi
dividentlər naminə Qarabağla bağlí gurultulu vədlər verilməklə, ictimai rəy
sakitləşdirilib. Amma üstündən bir az keçdikdən sonra hər şey unudulub. Heydər
Əliyev hələ Naxçıvanda olarkən deyirdi ki, Qarabağ problemini həll etmək onun
üçün su içmək kimi bir şeydir. Hakimiyyətə gəlsə, pencəyini çiyninə atacaq,
oğlunu da yanına salaraq Qarabağı azad etmək üçün cəbhəyə gedəcək. Hakimiyyətə
gəldi, amma o vədlərin heç biri yada düşmədi. Ya da düşən ermənilərlə
tələm-tələsik atəşkəs sazişinin imzalanması və bunun ardınca neft
kontraktlarının imzalanmasına girişmək oldu. Indi o dövrdən 10 ilə yaxın bir
vaxt keçir. Bu müddət ərzində Qarabağ məsələsinin həllində istər
siyasi-diplomatik, istərsə də hərbi sahədə irəli bir addım da atılmayıb. Əksinə,
problem bir az da dərinləşib. Bu işlə məşğul olan beynəlxalq təşkilatlar,
xüsusən də ATƏT-in Minsk qrupu uzun müddətdir ki, Azərbaycana təslimçi sülh
şərtlərini qəbul etdirməyə çalışır. Məğzini ümumi dövlət ideyası təşkil edən bu
üzdəniraq nizamlama prosesi, faktik olaraq, Dağlıq Qarabğı de-yure
müstəqilləşdirməyi və bu ərazilər üzərində Azərbaycanın suverenliyinə son
qoymağı hədəfləyir. Ən qəribəsi odur ki, hakimiyyət ölkəmiz üçün təhqiramiz olan
bu sülh şərtlərinə ən azı iki dəfə razılıq verib imza atmağa da hazır idi.
Sadəcə olaraq, siyasi müxalifətin barışmaz mövqeyi və xalqın etiraz dalğası ona
bu addımı atmağa imkan vermədi. Keçən illərin acı təcrübəsi göstərir ki, bu
hakimiyyət Qarabağ problemini həll etmək iqtidarında deyil. Bununla bağlı
vaxtilə Qarabağ probleminin həllində Rusiya tərəfindən təmsilçi olan Kazimirovun
etirafları da maraqlıdır. O, bildirir ki, həm Ermənistan, həm də Azərbaycan
prezidentləri həmişə Qarabağ problemindən öz hakimiyyətlərini qoruyub saxlamaq
üçün istifadə ediblər. Kazimirov ona da eyham vurub ki, indiki şəraitdə Heydər
Əliyev Qarabağ məsələsindən həm də hakimiyyəti varisinə ötürmək üçün istifadə
etməyə çalışır. Yəni məsələnin siyasi alver mənbəyinə çevrildiyi göz önündədir.
Elə bu səbəbdən də bu hakimiyyətdən gedişi ilə Qarabağ probleminin ədalətli
həllində yeni perspektivlər açılacaq. Hakimiyyətə ən iddialı siyasi partiya
kimi, Müsavat Qarabağ probleminin həlliylə bağlı bitkin konsepsiyaya malikdir.
Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin
olunması və itirilmiş torpaqlar üzərində suverenliyinin bərpa edilməsini ehtiva
edən bu konsepsiya ciddi elmi-nəzəri əsaslandırmalara söykənir. Müsavat
Partiyası belə hesab edir ki, Qarabağ torpaqlarının erməni işğalından azad
edilməsi birinci ümumilli vəzifə sayılmalı, cəmiyyətin bütün ehtiyatları həmin
vəzifənin qısa bir müddətə yerinə yetirilməsinə yönəldilməlidir. Bu isə cəmiyyət
həyatının bütün sahələrində köklü dəyişikliklərə aparılmasını nəzərdə tutur.
Ilk növbədə ölkənin əsaslandırılmış xarici siyasət strategiyası
işlənib-hazırlanmalı, onun əsas prioritetləri müəyyənləşdirilməlidir. Bugünkü
Heydər Əliyev xarici siyasətinin ən mühüm qüsuru odur ki, bu siyasətin nə
yönümü, nə də üstün istiqamətləri bəllidir. Formal olaraq “tarazlaşdırılmış
xarici siyasət kursu”“ adlandırılan bu siyasət, əslində, müxtəlif super güclər
və dövlətlər arasında davamlı olaraq uğursuz manevrlərlə mövcud rejimin siyasi
məqsədlərini qoruyub saxlamaqdan ibarətdir. Müsavat Partiyası belə hesab edir
ki, xarici siyasətin bütün potensialı Azərbaycanın beynəlxalq birlikdə öz
layiqli yerini tutmasına, Ermənistanın Azərbaycana qarşı elan edilməmiş işğalçı
siyasətinin mahiyyətinin açılmasına və Qarabağ probleminin həlli üçün əlverişli
siyasi diplomatik mühit yaratmaqla ölkənin milli təhlükəsizliyinin bütün
parametrlər üzrə təmin olunmasına xidmət etməlidir. Bu kontekstdə ölkənin
beynəlxalq qurumlara BMT, ATƏT, AŞ, NATO, AB və s. təşkilatlara inteqrasiyası
sürətləndirməli, bunun üçün insan haqları, mətbuat azadlığı, demokratik siyasi
mühitin formalaşdırılmasını təmin edən dəyişikliklər də ardıcıl və dönmədən
həyata keçirilməlidir. Bir anlıq mövcud iqtidarın davranışlarına diqqət yetirək.
Iki il öncə bəh-bəhlə Avropa Şurasına qəbulu bayram edən iqtidar mənsubları bu
birliyin irəli sürdüyü demokratik öhdəlikləri yerinə yetirmək zamanı gələndə isə
həmin birliyi tənqid atəşinə tutur, bəzi iqtidar məddahları isə hətta Avropa
Şurasından çıxmağı təklif etmək dərəcəsinə belə gedib çatırlar. Halbuki,
demokratik, dünyəvi və hüquqi dövlət prinsiplərinin sözdə deyil, işdə həyata
keçirildiyi, insan haqları və azadlıqlarının dönmədən təmin edildiyi Azərbaycan,
Müsavat Partiyasının qənaətinə görə, qısa müddətdə dünya xalqları ailəsində öz
layiqli yerini tutmaq və dünya siyasətinə məqsədyönlü təsir etmək imkanları
qazana bilər. Beynəlxalq birlik və təşkilatlar qarşısında götürülmüş öhdəliklər
isə vaxtında və sözsüz yerinə yetirilməlidir. Demokratik seçkilər və siyasi
məhbuslar məsələsində isə bu məsələ daha kəskin şəkildə gündəliyə gəlməlidir.
Bu
kontekstdə Azərbaycan-ABŞ, Azərbaycan-Türkiyə, Azərbaycan-Avropa münasibətləri
tamamilə yeni bir keyfiyyət mərhələsinə qaldırılmalıdır. Bu dövlətlərdən
bəziləri ilə, xüsusən Türkiyə və ABŞ-la iki tərəf münasibətlərin strateji
müttəffiqlik səviyyəsinə qalxmasına xüsusi qayğı göstərilməlidir. Gürcüstan və
Ukrayna ilə münasibətlərin daha da yüksək səviyyəyə qaldırılması gündəlik diqqət
mərkəzində olmalıdır. Rusiya ilə bərabərhüquqlu, qarşılıqlı faydaya əsaslanan
ikitərəfli qonşuluq münasibətlərinin inkişaf etdirilməsi üçün maksimum səy
göstərilməlidir. Qonşu Iranla münasibətlərdə oradakı türk faktorunun tədricən
ictimai-siyasi amilə çevrilməsinə çalışılmalıdır ki, bu dövlətin Azərbaycanla
bağlı siyasətində mühüm rol oynaya bilsin. Ətrafımızdakı türkdilli respublikalar
amilini də xeyrimizə olan amilə çevirmək üçün sistemli diplomatik-siyasi
cəhdlərin bünövrəsi qoyulmalıdır. Bunun ən kəsə yolu isə həmin ölkələrdə qısa
müddətdə diplomatik elçiliklərimizin yaradılmasıdır.
Müsavat Partiyası belə hesab edir ki, konfliktin həllli ilə bağlı BMT və ATƏT-lə
iş birliyinə xüsusi önəm verilməlidir. BMT-nin 822, 853, 874, 884 saylı
qətnamələrinin həyata keçirilməsi üçün bu təşkilatın qarşısında müəyyən
tələblərin qoyulması da zəruridir. ATƏT-in Minsk qrupunun səmərəli fəaliyyətinin
təmin edilməsi istiqamətində də diplomatik səylər artırılmalıdır. Burada
danışıqların ideya-siyasi məzmununun dəyişdirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Çünki bu günə qədər bu beynəlxalq qurum danışıqlar prsesində beynəlxalq hüquq
normaları və prinsiplərindən deyil, təcavüz nəticəsində yaranmış reallıqla
məntiqindən çıxış edir. Iş o yerə çatıb ki, Dağlıq Qarabağ münaqişəsinə Abxaz,
Dnestryanı, Cənubi Osetiya regional münaqiləşlərindən fərqli yanaşmağı tələb
edən fikirlər ortaya atılmağa başlayıb. Elə bu zəmində də nizamlama prosesində
ikili standartlar və digər subyektiv yanaşmalar açıqca özünü büruzə verir;
səmərəsiz kollektiv vasitəçilik özünü doğrultmur, hətta təcavüzkar
şirniklənməsinə şərait yaradır, elə bu səbəbdən də fərqli diplomatik axtarışlar
aparılıb, sınaqdan keçirilməsi zərurəti ortaya çıxır. Məsələn, Minsk Qrupu
həmsədrləri arasına Türkiyənin nümayəndəsinin daxil edilməsi danışıqlar
prosesinə tarazlayıcı təsir göstərə bilərdi. Bu isə Qarabağ problemini səmərəsiz
digər variantların danışıqların, mənasız get-gəllərin əsirinə çevrilməsinin
qarışısını almaqda təsirli rol oynaya bilərdi.
Müsavat Partiyası belə hesab edir ki, bu məsələ əsaslı dönüş yaratmaq üçün
mütləq yeni iqtisadi siyasət də işlənib həyata keçirilməlidir. Bu iqtisadi
siyasətin mahiyyətini ölkənin bütün resurslarının Qarabağ probleminin həllinə
yönəldilməsi təşkil edəcək. Bu gün ölkə iqtisadiyyatı faktiki olaraq ailəklan
maraqlarına tabe etdirilib və o nə uğurlu ordu quruculuğu üçün, nə də cəbhə
ehtiyaclarının ödənilməsi üçün yönəldilib. Əvvəla çox ədalətsiz bir özəlləşdirmə
siyasəti həyata keçirilib. Və bunun nəticəsində iqtisadiyyat və mili sərvətlərin
böyük bir hissəsi bir ovuc adamın əlinə keçib. Həmin adamlar isə iqtisadiyyatı
qısa müddətli mənfəət əldə etmək meydanına çeviriblər. Nəticədə ölkənin
məhsuldar qüvvələrinin əhəmiyyətli hissəsi ya məhv edilib, ya da fəaliyyətsiz
hala gətirilib. Ölkə iqtisadiyyatı bu gün iflic vəziyyətinə salınıb. Cəmiyyətin
monolitliyi və bütövlüyü üçün şərt olan orta təbəqə demək olar ki, tamamilə
sıradan çıxarılıb. Sahibkarlıq və biznes fəaliyyəti hakim ailənin və onunla
bağlı olan məmur təbəqəsinin, nəzarətinə keçib, ölkə əhalisinin bütün
təbəqələrinin maraqlarını nəzərdə tutan iqtisadi siyasət aparılması isə büsbütün
unudulub. Belə bir şəraitdə meydan sulayan kəskin təbəqələşmə və hədsiz
sosial-ədalətsizlik cəmiyyətin birliyini, onun ruhi-psixoloji bütövlüyünü
tamamilə sarsıdaraq çilikləyib. Ölkənin təhlükəsizliyini təhdid səviyyəsinə
çatmış rüşvətxorluq və korrupsiya isə cəmiyyətin bütün yaradıcı imkanlarını,
insanların bu günə və sabaha inamlarını, ümumiyyətlə, müstəqil dövlət quruculuğu
səylərini süstləşdirib. Bu dalğada insanların istiqlal eşqi, vətən, millət,
torpaq təəssübü bir xeyli öləziyib. Müsavat Partiyası bu böhranlı durumdan çıxış
yolunu ədalətli, şəffaf və demokratik seçkilər yolu ilə milli vətənpərvər
qüvvələrin hakimiyyətə gəlməsində görür. Yalnız bundan sonra iqtisadiyyatın
coşğun inkişafına, ölkəyə xarici sərmayənin vüsətli gəlişinə, insanlarda ölkəsi,
dövləti və bayrağı üçün milli qürur hissi formalaşacağına, geniş meydan
açılacağına əmindir. Partiya bu cür iqtisadi siyasəti elmi cəhətdən ciddi
əsaslandırılmış iri iqtisadi proqramlarla həyata keçirmək fikrindədir. Əsas
hədəflər isə iqtisadi inkişafın dönmədən artırılması, işsizliyin tamamilə aradan
qaldırılması, ölkəni tərk etmiş çoxsaylı vətəndaşlarımızın geriyə dönüşünün
təmin edilməsidir. Bu kontekstdə dünya azərbaycanlıları ilə həmrəylik
əlaqələrinin möhkəmləndirilməsi işi də mühüm əhəmiyyət kəsb edəcək. Müsavat
Partiyası hesab edir ki, güclü iqtisadiyyat olmadan güclü ordu quruculuğu da
mümkün deyildir. Arxasında güclü iqtisadiyyat və hərbi güc dayanan diplomatiya
vasitəsilə danışıqlarda səmərəli nəticələrə mümkündür. Bu səbəbdən də
Azərbaycanda yeni ordu quruculuğu Müsavatın başlıca diqqət yetirdiyi sahələrdən
olacaq. Ordu quruculuğu həm də cəmiyyətdə aparılan demokratik islahatların mühüm
bir sahəsi olacaqdır. Bu sarıdan Müsavat peşəkar ordu quruculuğuna birinci
dərəcəli əhəmiyyət verəcək. Biz problemin yalnız müharibə variantında ilə həll
ediləcəyi qənaətində deyilik. Əgər belə bir seçim qarşısında qalacağıqsa, bu ilk
növbədə Ermənistanın seçimi olacaqdır. Amma onu da bilirik ki, Azərbaycanın
maraqlarına cavab verən uzunmüddətli və ədalətli sülh yalnız beynəlxalq və hərbi
təzyiqlərlə möhkəmləndirilən danışıqlar prosesində mümkün ola bilər. Müsavat
Partiyası hesab edir ki, ölkədə milli-mənəvi durumun kökündən dəyişməsinə, milli
birlik və vətnəprvərlik təbliğatının dərinləşdirilməsinə, ölkədəki bütün milli
azlıqların hüquqlarının konstitusiya yolu ilə təsbit edilməsinə ciddi ehtiyac
var. Partiya Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərin hüquqlarının da
beynəlxalq hüquq normaları və prinsipləri əsasında Azərbaycan Respublikasının
əsas qanununda təsbit edilməsinə zəmanət verir. Amma bütün bunlar dövlətimizin
ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməlidir. Biz Qarabağa dair
danışıqlarda Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyünü əsas
götürməklə milli (etnik) azlıqların hüquqlarının qorunmasına, yerli
özünüidarəyə, iqtisadi sərbəstliyə, beynəlxalq öhdəliklərlə möhkəmləndirilən
təhlükəsizliyə təminat verməyə hazırıq.
Müsavat Partiyası hesab edir ki, Qarabağ probleminin həll edilməsi həm də ölkə
daxilində dərin demokratik islahatların həyata keçirilməsi və insan hüquqlarına
ardıcıl hörmət edilməsi ilə bağlıdır. Bu, seçkilərin azad və ədalətli
keçirilməsini, siyasi partiyalar, ictimai və qeyri-hökumət təşkilatlarının
həmçinin, azad mətbuatın sərbəst fəaliyyət göstərmələri üçün normal şərait
yaradılmasını, vətəndaşların sərbəst toplaşma hüquqlarının təmin edilməsini və
digər demokratik azadlıqları tələb edir. Yalnız demokratik hüquqi dövlət
quruculuğu sayəsində Azərbaycanın bütün problemlərini, o cümlədən də Qarabağ
problemini həll etmək olar.
|