|
Новая страница 1
Qorxmaz Mustafayev
Xanlığın ləğvi dövründə Qarabağın yaşayış məskənləri
və əhalisinin etnik tərkibinə dair
(1823-cü il «Təsviri» əsasında)
XIX əsrin əvvəllərində Rusiyanın Şimali Azərbaycan torpaqlarını
ilhaq etməsi faktik olaraq Rusiya – Azərbaycan müharibəsinə səbəb oldu.
1803-cü ilin yazında Car–Balakən, 1804-cü ilin yanvarında Gəncə
işğal olundu. 1804-cü ildə Rusiya ilə İran arasında müharibə başlandı.
Belə bir şəraitdə Qarabağ xanlığı ilə Rusiya arasında Kürəkçay
müqaviləsi imzalandı (1805-ci il 14 may). Bu müqavilə 11 maddədədən ibarət idi.
Müqavilə ilə Qarabağ xanı İbrahim xan özü və varisləri üzərində Rusiyanın ali
hakimiyyətindən başqa heç bir dövlətin hakimiyyətini tanımadığını vəd edirdi (I
maddə). Rusiya isə öz üzərinə aşağıdakı öhdəliyi götürürdü: «İ.Ə.Zati-aliləri
(xan) həzrətlərinin belə səmimi söz verməsini qəbul edərək, özünün və
vəliəhdlərinin adından
İmperator sözü ilə
(bütün kursivlər mənimdir – Q.M.) vəd edir və söz verir ki, onlar zati-aliləri
Şuşalı və Qarabağlı İbrahim xandan və onun varislərindən, öz sadiq təbəələri
kimi, mərhəmət və nəcib havadarlığını heç vaxt əsirgəməyəcəklər, buna sübut
olaraq İ.Ə.
zati-alilərinin və onun varislərinin ölkəsinin bütövlüyünün
saxlanılmasına öz imperator zəmanətini verir».
(AKAK, t. II, s.705).
Lakin çar hakimiyyəti qısa bir müddətdən sonra üzərinə
götürdükləri öhdəlikləri pozmağa başladı. 1806-cı ilin yayında İbrahim xan
ailəsi ilə birlikdə vəhşicəsinə qətlə yetirildi (İbraqimbeyli X.M. Rossiə i
Azerbaydjan v pervoy treti XIX v. M.1969, s.79). I Aleksandrın fərmanı ilə
xanlıq taxtına onun oğlu Mehdiqulu xan gəldi. Lakin, Qafqazdakı rus qoşunlarının
baş komandanı A.P.Yermolov (1816-1827) Şimali Azərbaycan xanlıqlarının
muxtariyyətini ləğv etməyə, beləliklə, «andlı öhdəliklərlə» üzərinə götürdüyü
təəhhüdlərə tamamilə son qoymağa başladı. 1819-cu ildə Şəki, 1820-ci ildə Şirvan
xanlığı ləğv edildi. Yermolov Qarabağ xanlığını da ləğv etmək üçün müvafiq
şərait axtarırdı. Nəhayət, o, 1822-ci ildə Qarabağ xanlığını ləğv etməyə nail
oldu. Bunun üçün əsas bəhanə Mehdiqulu xanın xanlığı tərk edərək İrana getməsi
bəhanə gətirildi.
Yermolov yazırdı ki, mən Qarabağa gələrək burada şəhər məhkəməsi
(divan) təsis etdim, bütün əyalətlərdə olan xalq imperator təbəəliyinə sədaqətə
anda gətirildi,
məmurlara tapşırıldı ki, torpaqları təsvir edərək, xəzinəyə
məxsus olan mülkiyyətə aydınlıq gətirsinlər
(Записки
А.П.Ермолова,
1798-1826.М.,1991,с.381-383).
Beləliklə, Yermolovun sərəncamı ilə 1823-cü ildə həqiqi mülki müşavir
Moqilyevski və polkovnik Yermolov (ikinci) tərəfindən Qarabağ əyalətinin (xanlıq
ləğv edildikdən sonra belə adlandırılmışdı) təsviri aparıldı. Bu təsvirin
materialları 1866-cı ildə Tiflisdə Qafqaz canişinliyi Baş idarəsinin mətbəəsində
çap edilmişdir
(Описание
Карабахской провинции,
составленное в
1823
году,
по распоряжению Главноуправлявщего в Грузии Ермолова, действительным статским
советником Могилевским и полковником Ермоловым 2-м, Тифлис, 1866).
Həmin dövrə dair Qarabağ əhalisindən, xanlığın sosial–iqtisadi
həyatından bəhs edən müəlliflər həmin təsvirin materiallarına müraciət etmişlər
(Xəlilov X.D. Qarabağın elat dünyası, Bakı, 1992, s.17; Köçərli T. Qarabağ,
Bakı, 2002, s.229-230 və b.).
Buna baxmayaraq, göstərilən təsvir xüsusi tədqiqat obyekti olmamış, əsasən,
yekun rəqəmlərə müraciət edilmişdir. Azərbaycan tarixşünaslığında ilk dəfə
olaraq Qarabağ əyalətinin təsviri hərtərəfli araşdırma obyektinə çevrilmişdir.
Bu məqsədlə Azərbaycan Dövlət Tarix arxivində təsviri və onunla əlaqədar sənəd
və materiallar aşkar edilmiş və tədqiqata cəlb olunmuşdur
(ГИААР, ф.24, Оп.1, дд.141,142,143,144).
Təsvirin materiallarından maksimum istifadə etmək üçün onları
kompleks şəkildə araşdırmağa imkan verən xüsusi metodika tətbiq edilmişdir.
Burada Qarabağ xanlığının ləğvi dövründə onun yaşayış məskənləri və əhalisinin
tərkibinə dair məsələ üzərində dayanmaq istəyirik. Bu məqsədlə Qarabağ
əyalətinin təsvirində adları çəkilən bütün yaşayış məskənlərinin əlifba sırası,
mahallar və mülklərə aid materiallar üzrə fundamental kotaloqu yaradılmışdır.
Həmin kataloq əsasında Qarabağ əyalətindəki (və ya xanlığın son
dövründəki) yaşayış məskənlərinin əhalisi sayca üstün etnosa görə təsnif
edilmiş, həmin yaşayış məskənlərindəki həyətlərin sayı qeydə alınaraq
hesablanmışdır. Bu hesablamalar 143-cü işin materialları üzrə aparılmışdı.
Hesablamalar zamanı 620-dən çox yaşayış məskəni tədqiq edilmişdir. Onlardan
yalnız 162-də ermənilərin üstün olması aydınlaşdırılmışdır və bu kəndlərin
çoxunda 3-8 ev olmuşdur. Hətta 1 ev olan yer də erməni kəndi kimi qeyd
edilmişdir. Qalan 460-dan çox kənddə türk - müsəlman əhalisi mütləq çoxluğa
malik olmuşdur. Əgər 1805-1822-ci illərdə Qarabağ xanlığına köçürülən ermənilər
nəzərə alınsa, burada ermənilərin və onların yaşadıqları məskənlərin sayının
daha az olması bəlli olardı və olaraq, qeyd etmək lazımdır ki, həmin qarışıq
dövrdə Qarabağ xanlığının bir çox türk-müsəlman kəndinin əhalisi zorla qonşu
vilayətlərə köçürülmüş və gəlmə ermənilər, əsasən, onların kəndlərində
yerləşdirmik siyasəti yeridilmişdir.
|