|
Новая страница 1
Qurban Bayramov
Qarabağ elm və mədəniyyət mərkəzi kimi
Qarabağ yeraltı və yerüstü təbii sərvətlərlə çox zəngin olan, öz
təbii gözəllikləri ilə dünyanın ən əsrarəngiz, baxımlı yerlərindən biridir, eyni
zamanda böyük şəxsiyyətlər nadir istedadlar yurdu, şer, sənət, musiqi, muğam,
hikmət beşiyidir. Bu torpaq Hacı Hüsü, Sadıqcan, Cabbar Qaryağdıoğlu, Seyid
Şuşinski, Bülbül, Xan Şuşinski, Süleyman Ələsgərov və digər görkəmli
musiqiçilər, muğamçılar, bəstəkarlar yetirmişdir.
Lakin tarixi sənədlər və tədqiqatlar göstərir ki, bugünkü bəzi
siyasətçilərin iddialarının əksinə olaraq, Qarabağ təkcə musiqi, muğam beşiyi
deyil, eyni zamanda elm, ədəbiyyat, poeziya, fəlsəfə sahəsində də böyük simalar
və mütəfəkkirlər yurdudur.
Ancaq çox təəssüf ki, Qarabağ ədəbi mühitin tarixi, təkamül yolu
hələ də ayrılıqda öyrənilməmişdir.
Qarabağ ədəbi mühitində, yazılı ədəbiyyatda bir fakt kimi hələlik
elmə məlum olan ilk şairin adı VII əsrdə yaşayıb-yaratmış Davdağdır. Onu bu günə
gəlib çatan yeganə şeri Alban-Partav-Bərdə çarı Cavanşirin qətlinə yazdığı ağı
kamil şer mətnidir… Bu şerin ideya-estetik xətti və üslubu sübut edir ki, Davdağ
dövrünün, tanınmış qüdrətli sənətkarı olmuşdur.
X əsrdə yaşayıb-yaratmış, Azərbaycanın ərəbdilli ədəbiyyatının
yaradıcıları Əbu Bəkr Əhməd əl-Bərdəi, Xətib Bağdadi Məhəmməd əl-Bərdəi, Əhməd
ibn əl-Hüseyn Əbu Səid əl-Bər-dəi, Səid ibn əl-Qasım əl-Bərdəi, Əbu Səd ibn
Yəhya əl-Bərdəi təkcə Azərbaycanda deyil, bütün islam dünyasında məşhur
alimlərdən və dövrünün filosof-şairlərindən olmuşlar.
XII əsr Azərbaycan poeziyasının ən qüdrətli simalarından biri
qarabağlı Mücirəddin Beyləqanidir. Zəki ibn Hüseyn ibn Ömər Beyləqani də
Mücirəddinin müasiri olmuş, fəqih-filosof kimi yüksək elmi rütbəyə çatmışdır.
XIV əsrdə Tuti Abdulla Qarabaği adlı çox ilhamlı bir şair
yaşamışdı.
XV əsrdə Şeyx İbrahim ibn Məhəmməd Şəhabəddin Bərdəi dövrünün
Şeyx tituluna qədər yüksəlmiş, “Gülşəni” təxəllüslü ilə ədəbiyyat aləmində
məşhur olmuşdu. O, Mövlanə Gülşəni kimi yüksək məqama çataraq, bütün Osmanlı
imperiyasına öz təriqətini yaymışdır. Xanagahı Qahirədədir və bu gün də
fəaliyyətdədir. Mövlani Gülşənin iki oğlu-Şeyx Əhməd Gülşənizadə və Səfvəti
Seyid Əli Gülşəni də şair olmuşlar…
Yusif ibn Məhəmmədcan Məhəmmədşahi Qarabaği XVI-XVII əsrlərdə
yaşayıb yaratmış, dövrünün görkəmli alimlərindən olmuş, Səmərqəndə - Hüseyniyyə
xanəgahına getmiş və Mövlanə Yusif məqmına yüksəlmişdi.
XVI əsrdə yaşayıb-yaratmış, Ş.İ.Xətai sarayının yaxın dostu,
ustadlar ustadı Aşıq Qurbani, XVIII əsrdə Mirmöhsün Ləmbərani Asəf, Aşiq Əli,
Aşıq Valeh, Ziyadi Qarabaği və M.P.Vaqifin adları çox mətləblərdən xəbər verir.
XVIII əsrdə Pənahabad şəhərinin – Şuşanın bünövrəsi qoyulandan
sonra Qarabağ-Azərbaycan ədəbi-mədəni mühitinin ən qaynar mərkəzinə çevrildi.
Qarabağla Naxçıvan, İrəvan, Gürcüstan, Gəncə, Şəki, Bakı və başqa xanlıqlar
arasında sıx əlaqələr yarandı. Həmin əlaqələr Qarabağ ədəbi mühitinin təsir
dairəsini daha da genişləndirirdi.
Qarabağda “Məclisi-üns” və “Məclisi-fəramuşan” ədəbi məclislərinə
Natəvan və M.M. Nəvvab başçılıq edirdilər. Bu məclilərdə toplaşan 40 nəfər şair
Azərbaycanın başqa ədəbi məclisləri ilə şerləşirdi.
Qarabağ ədəbi mühitində son üç əsrdə fəaliyyət göstərmiş sənət
korifeylərinin adlarına nəzər salaq: M.P.Vaqif - ilk realist şerin banisi;
Q.Zakir - Azərbaycan satiriki, milli maarifçi-realizmin görkəmli nümayəndəsi;
Aşıq Pəri - Azərbaycanın ilk peşəkar qadın aşığı; Natəvan - M.Gəncəvidən sonra
ən qüdrətli Azərbaycan şairəsi; N.Vəzirov ədəbiyyatımızda ilk faciə janrının,
Azərbaycan teatrının (H.Zərdabi ilə bilikdə) banisi, ilk müəllif-aktyor;
M.M.Nəvvab – astronom, musiqişünas, rəssam, şair; Ə.Haqverdiyev -
ədəbiyyatımızda tarixi dram janrının banisi, ilk opera rejissoru və dirijoru;
Ü.Hacıbəyli – Şərqdə ilk professional bəstəkar, dramaturq, liberetto müəllifi,
opera və musiqili komediya janrının yaradıcısı, publisist; Y.V.Çəmənzəminli –
ilk tarixi romanlar müəllifi, etnoqraf, diplomat; C.Hacıbəyli –
yazıçı-piblisist, diplomat, folklorşünas (Parisdə ilkə dəfə “Qarabağ folkloru”
kitabını fransızca və orijinal mətnlərlə çap etdirib); Ə.Ağaoğlu - Azərbaycan
dövlətçiliyinin ilk ideoloqlarından biri, yazıçı-publisist, alim, “Difai”
təşkilatının yaradıcısı; F.Köçərli – ilk ədəbiyyat tarixçisi, maarifçi, Qazax
müəllimlər seminariyasının müdiri; S.S.Axundov – uşaq ədəbiyyatının ilk
yaradıcılrından biri, “Laçın yuvası” dramında azərbaycanlı mentalitetini
bütövlükdə özündə cəmləyən ilk bəy obrazının yaradıcısı, ilk Milli Qəhrəman adı
alan yazıçı-pedaqoq; H.Vəzirov – görkəmli publisist, mühərrir, Şekspirin ilk
tərcüməçisi.
İndi bütün bunları bəzi hallarda görməməzliyə vurmaq, “Qarabağdan
yalnız oxuyanlar, müğənnilər çıxır” – fikrini istehza ilə ictimaiyyətin beyninə
yeritməklə milli təfəkkürümüzdə tarixi təhriflər yaratmaq, vahid milli
mədəniyyətimizi regionçuluq kimi bədxah hissə qurban vermək cəhdlərindən başqa
bir şey deyil.
XX əsrin ikinci yarısından yeni dövr ədəbiyyatını yaradan yüzdən
artıq qarabağlı ədib və alimləri bu siyahıya əlavə etsək, bu torpağın Azərbaycan
ədəbi fikrinə, mədəniyyətinə verdiyi töhfəni təsəvvürə gətirmək çətin olmaz:
xalq yazıçıları - S.Rəhimov, Ə.Vəliyev, İ.Əfəndiyev, B.Bayramov, S.Əhmədov,
Elçin; M.Məmmədov kimi qüdrətli rejissor və aktyor; Ə.Ağayev, O.Xəlilli,
M.Əlioğlu, Ə.Qasımov, İ.Məlikzadə, M.Şamxalov, C.Əlibəyov, Q.Qasımzadə, F.Mehdi,
T.Elçin, C.Gözəlov, Y.Kərimov, Ş.Ələkbərzadə, V.Cabrayılzadə, S.Səxavət,
V.Bəhmənli, A.Abbas, Ə.Əmirov, Z.Fəxri, Ə.Əmirli, M.Çəmənli, Ə.Əhməd kimi
istedadlı ədəbiyyatşünas, yazıçı və şairlər; alimlərimiz – M.Mehdizadə,
R.Əliyev, X.Məmmədov,
Ə.Hüseynov, İ.İbrahimov, Ə.Bayramov, T.Hacıyev, K.Məmmədov, K.Vəliyev,
A.Hacıyev, F.Vəzirova, R.Tağıyev, Q.İsmayılov, A.Səfiyev, V.Quliyev, İ.Rəhimli.
Bundan başqa adlarını çəkmədiyim onlarla digər söz-sənət
nümayəndələri Azərbaycan ədəbiyyatını öz orijinal bədii-estetik, elmi
təfəkkürləri ilə dəyərli yaradıcılıqları ilə zənginləşdirmiş və inkişaf
etdirmişlər. Qarabağdan başlayan bu nəhəg, coşğun, qurumaz fikir nəhri indi də
axmaqdadır.
|