|
Новая страница 1
Мəhərrəm
Мəmmədov
Qarabağ dialekti mənbələrdə
Azərbaycan dili dialekt və şivələrinin öyrənilməsi dilçiliyimizin
ən önəmli məsələlərindəndir. Hər bir dialektin və ya şivənin materiallarının
toplanması, tədqiqi xalqımızın dilinin və tarixinin araşdırılmasında mühüm rol
oynayır.
Qarabağ dialekti həmişə tədqiqatçıların diqqət mərkəzində
olmuşdur. Dialektoloji monoqrafiyalarda, dissertasiyalarda qarabağlıların
nitqindən müqayisə məqsədi ilə istifadə edilmişdir. Həmin ərazidə yerləşən
şivələr fərdi və monoqrafik yolla tədqiq olunmuşdur. Bu baxımdan C.Hacıbəylinin
görkəmli türkoloq A.N.Samoyloviçin məsləhəti və köməyi ilə yazdığı və 1933-cü
ildə Fransada çap olunmuş «Qarabağ dialekti və folkloru (Qafqaz Azərbaycanı)»
əsəri təqdirəlayiqdir.
Kitab əsasən Qarabağ ərazisindən toplanmış folklor nümunələrindən
ibarət olsa da, «Giriş»də dialektin fonetik xüsusiyyətləri barədə qısa məlumat
verilmişdir. Yerli əhalinin tələffüzünə yaxından bələd olan müəllif Qarabağ
dialektini Fransanın cənub dialekti ilə müqayisə etmişdir. Məsələn, C.Hacıbəyli
Qarabağ dialektinin Azərbaycan ədəbi dilindən və başqa dialekt və şivələrindən
fərqini göstərmək üçün «gəlibdir» fe’linin ədəbi dildə «gəlibdir», Qarabağda
«gəlifdi», Bakıda və Şamaxıda «gəlibdü», Şəkidə «gəlitdi», Quba və Dərbənddə
«gələtdi» şəklində işləndiyini, «gedibdir» fe’linin də həmin qaydada tələffüz
olunduğunu qeyd etmişdir.
Dialektoloji müşahidə zamanı tədqiqatçıların diqqətini ilk öncə
yerli əhalinin danışığındakı səslər, onların uzun, qısa və burun variantları,
sözlərin tərkibindəki səslərin yerdəyişməsi cəlb edir. Müxtəlif növlü folklor
nümunələrində yerli tələffüz formaları saxlanmışdır ki, bu da dialektin bə’zi
morfoloji xüsusiyyətləri barədə aydın təsəvvür yaradır.
Qarabağ dialekti həm də zəngin lüğət tərkibinə malikdir. Burada
xalqımızın qədim adət-ən’ənələri, keçmiş ictimai quruluş, həyat, məişət, ailə və
təsərrüfatla bağlı saysız-hesabsız sözlər işlənir. C.Hacıbəyli dialektin
leksikasına aid toplandığı sözləri belə qruplaşdırmışdır: Müraciət formaları:
əmi, dayı, əmioğlu, dayıoğlu, xala, xalaoğlu, bəy, ağa. Ailə üzvlərinin
adları: ata, dədə, ağa, ana, nənə, məmə, oğul, qız, qardaş, baxsı, dayı,
mama (bibi), nəvə, nəticə, kötükcə, ulubaba və s. Uşaq sözləri:
hoppadannan, ə-ə, bəci, cicə, məmə, dədə. At adları: Şahmar, Yelmar,
Çafqın, Toxmax, Meymun, Qaşqa, Köhlən. İt adları: Alabaş, Qarabaş,
Bozdar, Topuş, Xallı, Axdar, Ambır, Sambır, Qaflan və s.
C.Hacıbəylinin fransız dilində çap olunmuş «Qarabağ dialekti və
folkloru» kitabı filologiya elmləri namizədi B.Ağayevin tərcüməsində Bakıda nəşr
olunmuşdur.
Qarabağ dialektində ədəbi dilə, digər dialekt və şivələrə oxşar
xüsusiyyətlərlə yanaşı, dilimizin tarixi inkişaf mərhələlərində işlək olmuş bir
sıra qədim xüsusiyyətlər də qorunub saxlanmışdır. Bu gün dialekt və
şivələrimizdə, o cümlədən, Qarabağ dialektində mövcud olan bir çox əlamətlər
Türkiyə türkcəsində ədəbi dil səviyyəsindədir. Azərbaycan və Türkiyə şivələrinin
tarixi-müqayisəli şəkildə tədqiqi bu dillərin mənşəyinin araşdırılmasında mühüm
əhəmiyyətə malikdir. Bu məqsədlə S.Talıbxanbəylinin Türkiyədə nəşr olunan
«Azərbaycan yurd bilgisi» jurnalında 1933-cü ildə çap olunmuş silsilə
məqalələrində Qarabağ və İstanbul şivələrinin özünəməxsus üsusiyyətləri
qarşılaşdırılmışdır.
Qarabağ dialektinə daxil olan Ağcabədi və Füzuli şivələri
ayrılıqda tədqiqatçılar tərəfindən öyrənilmişdir. İ.Məmmədov «Azərbaycan dilinin
Qaryagin (Füzuli) rayonu şivələri», İ.Quliyev isə «Azərbaycan dilinin Ağcabədi
rayonu şivələri» mövzusunda namizədlik dissertasiyaları müdafiə etmişlər. Hər
iki dissertasiyada şivələrin ədəbi dilə oxşar və fərqli cəhətləri, spesifik
xüsusiyyətləri qədim yazılı abidələrin materialları ilə müqayisəli şəkildə
araşdırılmışdır.
Qarabağ şivələri ilk dəfə mükəmməl formada Azərbaycan Elmlər
Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun dialektoloqları tərəfindən tədqiq
olunmuşdur. 1966-68-ci illərdə həmin əraziyə dəfələrlə elmi ekspedisiyalar
təşkil olunmuş, şivələrin hər birinin fonetik, qrammatik və leksik
xüsusiyyətləri aşkara çıxarılmışdır. Tədqiqatları ümumiləşdirən monoqrafiyadan
aydın olur ki, dialektdə Orxon-Yenisey abidələri, «Kitabi-Dədə Qorqud», eləcə də
digər qədim türk yazılı abidələrinin dili ilə səsləşən leksik vahidlər geniş
yayılmışdır. Müəlliflər hər bir maraqlı faktın işlənmə tarixini və yayılma
arealını müəyyənləşdirmişlər. Monoqrafiyanın «Əlavə» bölməsində tədqiqatçıların
fikirlərini təsdiqləyən dialektoloji mətnlər və ən çox işlənən sözlərin lüğəti
öz əksini tapmışdır.
Təəsssüf ki, bu monoqrafiya indiyə qədər çap olunmamışdır. Lakin
alimlər ruhdan düşməmiş, «Azərbaycan dilinin Dağlıq Qarabağ şivələri»
monoqrafiyası üzərində işi də başa çatdırmışlar. Dialektologiya mövzusunda
yazılmış monoqrafiyaların, dissertasiyaların illərlə arxivdə yatıb qalması
dialektoloji əsərlərin nəşrinə biganəlikdən irəli gəlir.
|