|
Новая страница 1
Məhərrəm Zülfüqarlı
Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin tarixşünaslığı
Azərbaycan SSR-in tərkibində 1923-cü ildə yaradılmış DQMV 80-ci
illərin sonlarına qədər, yəni münaqişə başlanana qədər fəaliyyət göstərmişdir.
DQMV sovetinin məlum qərarından sonra ermənilərin separatçılığına cavab olaraq
Azərbaycan SSR Ali Soveti vilayəti ləğv etmişdir. DQMV tarixinin müxtəlif
dövrlərinə aid çoxlu sayda kitab və məqalələr yazılmışdır. DQMV-nin
tarixşünaslığının tədqiqi erməni separatçılarının 80-cı
illərin axırlarında irəli sürdükələri cəfəng iddiaların ifşa edilməsində müsbət
rol oynaya bilər.
DQMV yaranmasının 60 illiyi münasibətilə İ.S.Müslümov,
İ.M.Mosesova, E.Q.Sarkisovun rus dilində birgə hazırladığı “Sovet Dağlıq
Qarabağı. Lenin milli siyasətinin təntənəsi ” kitabı 1983-cü ildə çapdan
çıxmışdır. Bu kitabda müəlliflər Lenin milli siyasətinin Azərbaycan SSR-də və
onun muxtar qurumunda necə müvəffəqiyyətlə həyata keçdiyini, DQMV-də 49 millət
və xalqın nümayəndəsinin mehriban ailə kimi yaşamasını, beynəlmiləlçilik
ideyalarının, xalqlar dostluğunun həyatda özünə dərin kök saldığını faktlarla
sübut etməyə çalışmışlar.
Kitabın “İnqilabi rus təqvimi ilə” başlıqlı birinci hissədən
başlayaraq vilayətin 60 illik tarixi qoyulmuş tələblərə uyğun müsbət faktlarla
sovet tarixşünaslığına xas bir surətdə işıqlandırılmışdır. Kitabın sonunda
1970-1983-cü illər ərzində vilayətin sənaye və kənd təsərrüfatı sahəsində əldə
etdiyi müvəffəqiyyətlər xüsusi cədvəllərdə rəqəmlərlə göstərilmişdir. Kitabda
millətlərarası münasibətlər sahəsində 60 il ərzində mövcud olmuş problemlər
barədə söz açılmaması sübut edir ki, müəlliflərin əsas məqsədi obyektivlikdən
uzaq, formal xalqlar dostluğunu təbliğ etmək olmuşdur. Bu cür formal yanaşma
sonradan daha ciddi problemlərin ortaya çıxmasına, qondarma Dağlıq Qarabağ
problemi ilə bağlı silahlı münaqişəyə və Ermənistan- Azərbaycan arasında
müharibəyə gətirib çıxarmışdır.
R.İmanovun 1984-cü ildə nəşr olunmuş “Çiçəklənən diyar” adlı
kitabı giriş və üç fəsildən ibarətdir. Kitabın giriş hissəsində müəllif yazır:
“1920-ci il 28 aprel günü - Azərbaycanda sovet hakimiyyətinin qələbə çaldığı gün
Dağlıq Qarabağın yeni tarixinə qızıl həriflərlə yazılmışdır. 1923-cü ilin 7 iyul
günü vilayətin tarixində xüsusi yer tutur. Həmin gün Azərbaycan SSR Mərkəzi
İcraiyyə Komitəsi Dağlıq Qarabağ Müxtar Vilayətinin təşkil olunmasını elan
etmişdir... Oxuculara təqdim olunan bu kitabda Sovet hakimiyyəti illərində
Dağlıq Qarabağ fəhlə, kolxozçu və ziyalılarının əmək hünərləri, Muxtar
Vilayətində sosializm quruculuğu illərində baş verən köklü ictimai dəyişiklər,
son üç beşillikdə iqtisadiyyat və mədəniyyətin inkişafı sahəsində Azərbaycan KP
MK-nın rəhbərliyi altında vilayət partiya təşkilatının məqsədyönlü fəaliyyəti
konkret materiallar əsasında işıqlandırılır.”
Kitabın “DQMV-nin yaranması xalqların Lenin dostluğunun
təcəssümüdür” adlı birinci fəslində vilayətin yaranması tarixi qısa şərh olunur.
Müəllif DQMV-nin yaranması ilə bağlı inqilabçı Həbib Cəbiyevin “Bakinski raboçi”
qəzetinin 21 noyabr 1923-cü il tarixli sayında dərc edilmiş “Qarabağ məsələsi və
bizim partiyanın növbəti vəzifələri” adlı məqaləsindən sitat gətirmişdir. Həmin
məqalədə deyilir: “Azərbaycan daxilində Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkil
edilməsi üçün verilən dekretə görə Azərbaycan SSR hökumətinə minnətdarlığımızı
və təşəkkürümüzü bildirməliyik. Ona görə ki, bu dekret Azərbaycan və erməni
zəhmətkeşləri arasında dostluq və qardaşlıq əlaqələrinin bərpası və daha da
möhkəmləndirilməsi işində böyük rol oynayacaqdır.”
Sosializm quruculuğu illərində vilayətin iqtisadi və sosial
inkişafı adlanan ikinci fəsildə Azərbaycan İnqilab Komitəsinin 1920-ci il 5 may
və 15 dekabr tarixli dekretlərinə əsasən Dağlıq Qarabağda 117.560 desyatindən
çox torpaq, 42.764 desyatin otlaq sahəsi və 140 min desyatindən artıq meşə
zolağının milliləşdirilib zəhmətkeş xalqın istifadəsinə verilməsi, 1922-ci ildə
28 min desyatin torpaq becərilməsi və 5 ipəkçilik müəssəsinin istifadəyə
verilməsi, 1925-ci ildə taxıl istehsalının inqilabdan əvvəlki səviyyənin 92,2
%-nə çatması, üzüm və tütün istehsalının isə 1921-ci ilə nisbətən 2,5 dəfə
artması, 1922-ci ildə Şuşa pedaqoji texnikumunun açılması, 1937-1938-ci illərdə
vilayətdə 191 ümumtəhsil məktəbinin fəaliyyət göstərməsi, 1925-ci ildə vilayət
məktəblərində 241, 1939-cu ildə isə 1.796 müəllimin fəaliyyət göstərməsi və
digər faktlar barəsində məlumatlar verilmişdir.
C.Quliyevin «Azərbaycan SSR EA Xəbərləri.” Tarix, Fəlsəfə və
Hüquq» jurnalının 1973-cü il tarixli 3-cü sayında nəşr olunmuş “Dağlıq Qarabağın
yaranması tarixindən ” adlı məqaləsində daşnak quldur dəstələrinə qarşı
ermənilər və müsəlmanlardan ibarət beynəlmiləl dəstənin igidliklə vuruşmasını,
192-ci il iyunun 27-də Azərbaycan K(b)P MK bürosunuu Dağlıq Qarabağ məsələsini
bir daha müzakirə edərək Dağlıq Qarabağın coğrafi-inzibati və iqtisadi cəhətdən
respublikanın ayrılmaz bir sahəsi olduğundan, onun Azərbaycan SSR-in tərkibində
qalmasını məqsədəuyğun hesab etməsini, 1923-cü il iyunun 23-də Azərbaycan K(b)P
MK Rəyasət Heyətinin qərarı ilə bir inzibati mərkəz olmaqla Qarabağın-Dağlıq
Qarabağ və Qarabağ kimi adlandırılmasının məqsədəuyğun hesab etməsini və nəhayət
DQMV-nin təşkili haqqında Azərbaycan MİK-in 7 iyul 1923-cü il tarixli dekretini
geniş şərh etmişdir.
Azərbaycanın bir qrup tarixçisinin iştirakı ilə “Partiya həyatı:
20-ci illərin problemləri“ mövzusunda keçirilmiş “Dəyirmi masa”nın
materiallarının (204, 24 avqust 1989) Azərbaycanın 20-ci illər tarixinin
öyrənilməsində müəyyən rolu vardır. Bu tədbirdə bir sıra alimlər 20-ci illər
problemlərinə əvvəlki illərdən fərqli münasibət bəsləmişlər.
Azərbaycan SSR DQMV-nin tarixşünaslığının təhlili sübut edir ki,
tarixçilər bu dövrün obyektiv tədqiqi üçün hələ çox işlər görməlidirlər.
Fikrimizcə, bu işlərin görülməsi işğal olunmuş torpaqların azad olunmasında,
ölkəmizin ərazi bütövlüyünün bərpasında müsbət rol oynaya bilər.
|