|
Новая страница 1
Rəhim Qurbanov
Dağlıq Qarabağın tarixi – siyasi mənzərəsi: milli – etnik
münaqişənin kökləri
Dağlıq Qarabağ Azərbaycanın mərkəzi hissəsində yerləşir. Ərazisi
4,4 kv.km yaxud Azərbaycan Respublikası ümumi ərazisinin 5,1 faizini təşkil
edir. Vilayətin tərkibinə Xankəndi şəhəri, Əsgəran, Hadrut, Ağdərə, Martuni və
Şuşa inzibati rayonları daxildir. Tarixən Albaniyanın (Arranın), Qarabağ
xanlığının, Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan Sovet Respublikasının və
Azərbaycan Respublikasının tərkib hissəsi olmuş, Azərbaycanın «musiqi
akademiyası» kimi məşhur olmuşdur. Azərbaycan xalqının ən böyük və ən qədim elm
və mədəniyyət mərkəzlərindən biri olmuş, öz təbiətinin gözəlliyinə, təbii
sərvətlərin zənginliyinə, iqliminin mülayimliyinə görə tarixən bir çox
cahangirlərin diqqətini özünə cəlb etmiş, dünyanın məşhur adamları Qafqazın bu
dilbər guşəsi haqqında xoş sözlər söyləmişlər. Lakin yenidənqurma küləkləri bu
yerlərdən də yan keçmədi. Həm də bu küləklər adi küləklər deyildi, onlar yavaş –
yavaş əsib tufana çevrildi və qarşısına gələn hər şeyi süpürüb atdı. Bu tufanın
aparıcı qüvvəsi – erməni millətçiliyi, qurbanı isə azərbaycanlılar oldu...
Aralıq dənizi ətrafı və Şimali Afrika ilə birlikdə bəşəriyyətin
ulu əcdadlarının mövcud olduğu zonaya Qarabağ da aid edilir. Kür və Araz çayları
arasında olan Qarabağda həyat qədim daş dövründən başlayaraq fasiləsiz davam
etmişdir. Bunu ölkə ərazisində ən qədim insan məskəni olan Azıx mağarasında
aşkar edilmiş maddi mədəniyyət nümunələri sübut edir. Burada sosial varlıq kimi
formalaşan insan nəsli ictimai əmək prosesində ovçuluq və yığıcılıqla güzaran
keçirmiş, sonralar toplandığı dənli bitkiləri əkməyə, ovladığı heyvanı
əhilləşdirib saxlamaqla artırmağa başlamışlar.
Qafqaz Albaniyasının tarixini öyrənmədən Qafqazın, eləcə də
bütünlükdə Yaxın Şərqin qədim və ilkin orta əsrlər tarixini təsəvvür etmək
mümkün deyildir. Qafqaz Albaniyası qədim mədəniyyəti və dövləti olan ölkədir.
Albaniya həm coğrafi, həm də siyasi anlayış idi. Albaniya dövlətinin mövcud
olduğu dövr həm şimali Azərbaycanın, Qafqazın, Yaxın Şərqin tarixində mühüm
mərhələdir, çünki Albaniya dünyanın ən qədim dövlətlərindən, albanlar isə tarixi
şimali – Azərbaycan və Qafqaz regionunun antik və erkən orta əsrlər
mədəniyyətinin əsas yaradıcılarından biridir.
Albaniyada xristianlıq qəbul edilməzdən və hakim dinə
çevrilməzdən qabaq da xalqın öz yazısı olmuş və ölkədəki müxtəlif dilli qəbilə
və tayfalar bir – birlərilə alban dilində ünsiyyət saxlamışlar. Sasanilərlə
rəsmi yazışma fars dilində aparılmışdır. Ticarət dili kimi arami (Suriya)
dilindən istifadə olunmuşdur. Lakin fars və arami (Suriya) dilləri silki sinfi
dillər idi.
Yazılı mənbələrin V – VIII əsr erməni müəlliflərinin və VII –
VIII əsr alban tarixçisi Musa Kalankatlının məlumatına görə I – VII əsrlərdə
Albaniyanın ərazisi şimalda Qafqaz dağlarının cənubunda Araz çayınadək, qərbdə
İberiyadan şərqdə Xəzər dənizinədək uzanırdı. Bütün Albaniya ərazisi təbii
sərhədlərlə bir çox rayonlara ayrılmışdı. İnzibati bölgü baxımından Albaniya
vilayətlərə (havarlara) və əyalətlərə (nahanqlara) bölünür.
Kürün sol sahilində yerləşən (solsahil) Albaniya ərazisi inzibati
cəhətdən yalnız havarlara bölünürdü. Burada bölgü (sağsahil) Albaniyasına
nisbətən az inkişaf etmişdi.
Arsax (erməni müəlliflərində) tarixi vilayəti, Orxistepa (antik
müəlliflərdə) sağsahil Albaniyanın ən mühüm vilayətin biri olmuş (hazırda
Qarabağın dağlıq hissəsinin və mil düzünün bir hissəsi), süni suvarmada istifadə
edilən əkinçiliyin yüksək inkişafı ilə fərqlənir. Əhalisi maldarlıqla,
quşçuluqla, arıçılıvqla məşğul olur, xırda və iribuynuzlu mal – qara saxlayırdı.
Arsax – Qarabağ cins atları xüsusi şöhrət qazanmışdı. Əyalətin əhalisini
qarqarlar, utilər, hunlar, xəzərlər və bassilər təşkil edirdi.
Arsax siyasi baxımdan I – VI əsrlərdə alban arşakilərinin, VI –
VIII əsrlərdə isə Albaniyanın böyük knyazları – mehranilərin hakimiyyəti altında
olmuşdur. Xristianlığın qəbul edilməsinə qədər Arsaxda əhali bütpərəst idi.
Xristianlıq Albaniyada dövlət dini olandan sonra bu din Arsaxda da sürətlə
yayılmaba başlamışdır.
Arsaxda bütpərəstliyin kökünün kəsilməsində və xristianlığın
təşəkkül tapmasında alban hökmdarı III Vaçaqanın xidməti böyükdür. Siyasi və
dini məsələlərdə Albaniyada Arsaxın təsiri böyük idi. Arsaxda bir neçə
yepiskopluq yaranmışdı.
VII əsrdə ərəblər Albaniyada Mehranilər hakimiyyətini ləğv
etdilər və Arsax Albaniyanın tərkibində Əməvilər xilafətinə daxil oldu. IX əsrdə
Qriqori Hamama parçalanmış Albaniya dövlətini bərpa edəndə Arsax da Albaniyanın
tərkibində idi.
Qriqori Hamamanın ölümündən sonra Arsax vilayət Uti əyaləti ilə
birlikdə onun oğlu Qriqori Hamamanın – Saakın (Sevad) hakimiyyəti altına
keçmişdir. Saakın hakimiyyəti isə XI əsrə qədər davam etmişdir. XII – XIII
əsrlərdə Arsaxda Xaçın knyazlığı yüksəliş tapdı ki, onun da hakimi «alban çarı»
adı ilə tanınan Həsən Cəlal idi. Xaçın knyazlığı XIII əsrdə monqol qoşunlarının
zərbələri altında süqut etmişdir.
Arsax əhalisi ərəb işğalından sonra da xristianlığı qoruyub
saxlamışdır. Erməni kilsəsi ilə ehkam birliyini (monofizitliyi) qoruyub saxlayan
Arsax əhalisi ərəb xilafətinin və erməni kilsəsinin səyi ilə tədricən
qriqorianlaşmış, sonralar erməni dilini və «erməni mədəniyyətini» qəbul etmiş
başqa sözlə desək erməniləşmişlər. Əslində bu, X əsrdən sonra başlamış – mədəni
– ideoloci assimilyasiya idi. Bu proses sonralar da davam etmişdir.
Qarabağ tarixi – etnoqrafik əyalət kimi əvvəlcə Alban dövlətinin
tərkibinə daxil olmuşdur. Sonra bütün Azərbaycanla birlikdə Ərəb xilafətinin
əsarəti altına düşmüş, ərəb imperiyasının süqutundan sonra IX – X əsrlərdə
Saçilər dövlətinin, X əsrdə Salarilər, XI – XII əsrlərdə Şəddadilər, XII – XIII
əsrlərdə Atabəy Eldəgizlər, XIII əsrin ikinci yarısından XVI əsrə qədr Hülakilər
(Elxanilər) dövlətlərinin, XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin
tərkibinə daxil olmuşdur.
Səfəvilər dövləti – Qarabağ tarixi – etnoqrafik əyalətinin
ərazisini əhatə edən mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyliyini yaratdı.
Bəylərbəyliyin şimal sərhədi Gürcüstanın Simxet dağlarına çatırdı. 1736-cı ildə
Nadir şah onun əleyhinə çıxış edən Gəncə xan sülaləsini – Ziyadoğlulları
cəzalandırmaq üçün Qazax və Borçalı mahalını Qarabağ Bəylərbəyliyindən alıb
Gürcüstana verdi. Mənbələrdən aydın olur ki, Şəddadilər dövləti bütünlükdə
Qarabağ bəylərbəyliyinin ərazisini əhatə etmişdir. Görünür, ayrı – ayrı
dövrlərdə Azərbaycanın dövlət və inzibati əyalət sərhədləri dəyişsə də
özünəməxsus maddi, təsərrüfat və mənəvi mədəniyyəti ilə xarakterizə olunan
Qarabağ bir etnoqrafik əyalət kimi öz inkişafını – fasiləsiz olaraq davam
etdirmişdir.
XVII əsrin sonundan XVIII əsrin ortalarınadək Azərbaycanın feodal
dövlətlərə – xanlıqlara parçalanması zamanı Qarabağ bəylərbəyliyi ərazisində
Qarabağ və Gəncə xanlıqları yarandı.
Qarabağ Azərbaycanın müxtəlif dövlətlərinin tərkibində olaraq
dövrün inzibati bölgüsü çərçivəsində sərhəddini hərdən qismən dəyişsə də özünün
ənənəvi təsərrüfatının, maddi və mənəvi mədəniyyətinin xüsusiyyətlərini
yaratmışdır. XVIII əsrin ikinci yarısında müstəqil Qarabağ xanlığı feodal
dövlətinin yaranması onun öz müstəqilliyini qorumaq üçün həyata keçirdiyi
iqtisadi, siyasi və mədəni tədbirlər Qarabağ tarixi – etnoqrafik əyalətinin
sosial – iqtisadi həyatında hərtərəfli yüksəlişə, tərəqqiyə səbəb olmuşdu.
Xanlıq cənub – şərqdən Kür – Araz çayları qovşağı, cənubdan Arax
çayı qərbdən Qarabağ dağları adlanan Köşbək, Salvartı və Ərikli dağları ilə
Göyçə gölə qədər uzanmış, şimaldan Koran – Kür sayı ilə sərhədlənmişdi.
Qarabağ 17 mahala bölünmüşdür: Sisyan, Dəmirçi – Aslanlı, Künara,
Bərgüşad, Bahabyurd, Kəbirli, Talış, Cavanşir, Xaçın, Çiləbird, xırdapara Dizax,
Otuziki, İyirmidörd, Qaraçorlu, Vərənd, Dizax və Açantürk. On iki mahalın
əhalisi bir neçə kənd istisna olmaqla, bütünlükdə azərbaycanlılardan ibarət idi.
Dizax, Vərənd, Çiləbird, Xaçın, Talış məlikliyi xəmsə adlanırdı. Bunların
əhalisinin bir hissəsi xristian idi.
Qarabağ özünün maddi və mənəvi mədəniyyətinin bütün komponentləri
ilə tamamilə Azərbaycan xalqına məxsus idi. Qarabağ xalçası, Qarabağ geyim
növləri, əltikmə işləri nəinki, Azərbaycanda, hətta bütün Şərq ölkələrində
tanınmışdı və yüksək qiymətləndirilirdi. Qarabağda özünəməxsus çəki və ölçü
vahidi mövcud idi. Kənd təsərrüfatında yüksək ənənəvi əkinçilik və suvarma
mədəniyyəti yaranmışdı.
Mənəvi mədəniyyətinin ən mühüm sahələrində də tarixən Qarabağ
spesifik xüsusiyyətlərə malik olmuşdur. Hələ XVII – XVVIII əsrlərdə Azərbaycan
ədəbi dilində ahəng qanunu məhz Qarabağ dialektinin təsiri ilə ardıcıllaşır.
Qarabağ şairlərini birləşdirən «Məclisi – üns» və «Məclisi – faramuş» öz üslubu
ilə seçilirdi. Qarabağ musiqi məktəbi isə hətta bütün Şərqdə məşhur idi.
Qarabağın baş şəhəri olan Şuşa Zaqafqaziyanın konservatoriyası hesab olunmuşdur.
Ermənilərin Qarabağla əlaqəsi və onların burada məskunlaşmağa can
atması müxtəlif dövrlərdə Azərbaycanın işğalı zamanı onların yadellilərə
göstərdiyi tarixi xidmətləri və dini etiqadları ilə bağlı olmuşdur.
|