|
Новая страница 1
Ulduz Paşayeva
Azərbaycan SSR-nin DQMV-də Xüsusi İdarə Komitəsinə dair
qanunvericilik və onun tənqidi
Dağlıq Qarabağın Azərbaycan SSR-in tabeliyindən çıxarılması üçün
atılmış yeni addım 1988-ci ilin martında SSRİ rəhbərliyinin DQMV-nin
sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqında xüsusi qərarı oldu. Heç
bir obyektiv əsasa istinad etməyən, qondarma səbəblərlə qəbul edilmiş bu qərarla
Dağlıq Qarabağa müstəsna hüquqlar verilmiş, külli miqdarda vəsait buraxılmış,
vilayətin bir çox məsələlərinin həlli birbaşa ittifaq, nazirlik və qurumlarına
həvalə edilmişdi. İctimaiyyətdə belə bir fikir formalaşdırılır ki, guya Dağlıq
Qarabağda yaşayan ermənilərin iqtisadi-sosial çətinlikləri var və məhz vilayət
əməkçilərinin gündəlik tələbatları ilə kifayət qədər təmin olunmamaları
nəticəsində narazılıq başlamışdır. Lakin hamıya yaxşı məlumdur ki, DQMV
Azərbaycan SSR-in digər reginonları ilə müqayisədə dinamik inkişaf edən bir
diyar idi.Erməni millətinin nümayəndələrinə Azərbaycan ərazisində çox geniş
imkanlar və hüquqlar verilmişdi. Onlar respublikanın bütün həyatında müxtəlif
sahələrdə yüksək vəzifələrlə təmin edilmişdilər. Təkcə onu demək kifayətdir ki,
Azərbaycan SSR Ali Sovetində 29 deputat milliyyətcə erməni idi. Azərbaycan KP
MK-da 61 nəfər erməni müxtəlif vəzifələrdə çalışırdı. Göründüyü kimi,
ermənilərin hüquqlarının Azərbaycanda pozulmasından söhbət gedə bilməzdi.
Buradan Dağlıq Qarabağ məsələsində Moskvanın tutduğu ədalətsiz mövqey tamamilə
aşkarlanır.
Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycanın tabe-liyindən
çıxarmaq yolunda mərkəzin atdığı növbəti addım SSRİ Ali Soveti Rəyasət heyətinin
Muxtar vilayətdə Xüsusi İdarəetmə forması yaratmaq haqqında 1989-cu il yanvarın
12-də verdiyi fərman oldu, mərkəz Azərbaycanın hüquqlarını kobud surətdə
pozaraq, «Azərbaycanın SSR-in DQMV-də xüsusi idarəçilik formasının tətbiqi
haqqında» qərar qəbul etdi. Fərmanda göstərilirdi ki, DQMV-nin ərazisində
yerləşən bütün müəssisələr, idarələr və təşkilatlar, onların filialları və digər
struktur bölmələri, Azərbaycan SSR Nazirlər Sovetinin rəyini nəzərə almaqla,
SSRİ Nazirlər Sovetinin müəyyən etdiyi məsələlər üzrə komitənin tabeliyinə
verilir. Belə bir fərman SSRİ Konstitusiyasına və onun müvafiq maddələrinə
açıq-aşkar zidd idi. SSRİ Konstitusiyasına əsasən, muxtar vilayət birbaşa
ittifaq ali hakimiyyət və idarə orqanlarının tabeliyinə keçi-rilməsi
yolverilməzdir. Konstitusiyada göstərilir ki, Muxtar respublika və vilayətlər bu
və ya digər müttəfiq respublikanın tərkibinə daxildir və ona görə də müvəqqəti
və ya həmişəlik onun tabeliyindən çıxarıla bilməz (mad.86).
Beləliklə, ermənipərəst A.İ.Volskinin başçılığı ilə qeyri-qanuni,
birbaşa Moskvaya tabe olan müvəqqəti Xüsusi İdarə Komitəsi (XİK) təşkil edildi
və Azərbaycan SSRİ-in bütün dövlət və ictimai orqanlarının DQMV-dəki
səlahiyyətləri dayandırıldı.
Əlbəttə, Azərbaycandan olan nümayyəndələrdən heç bir kəsin
qətiyyətli şəkildə cavab verməməsi sonrakı faciəli şərai-tin yaranmasına az
təsir etməmişdi. Qərarda göstərilirdi ki, bir-başa SSRİ Ali dövlət hakimiyyəti
orqanlarına tabe olan bu komitənin əsas vəzifəsi vilayətdə şəraitin
yaxşılaşdırılması, vətəndaşların təhlükəsizliyinin təmin olunması, bütün
müəssisə və təşkilatların fasiləsiz işinin təmin edilməsi, ticarət,
məişət-kommunal və tibbi xidmətin qaydaya salınmasından ibarətdir.
1989-cu il 17 yanvar tarixdə SSRİ Nazirlər Sovetinin sədri
N.İ.Rıjkov öz çıxışlarının birində qeyd edirdi ki, qəbul olunmuş qərar mərkəzin
hər iki respublikaya göstərdiyi yardımdır və o praktiki olaraq millətlərarası
ziddiyyətləri ara-dan qaldırmaqda böyük əhəmiyyətə malikdir. SSRİ rəhbərliyi
qəbul etdiyi bu sənədlə belə bir təsəvvür yaratmağa çalışırdı ki, o, regionda
yaranmış vəziyyəti normalaşdırmaq üçün atdığı addımlarla həm Azərbaycana, həm də
Ermənistana münasibətdə paritetlik mövqeyindən çıxış edir. Əslində isə bu qərar
Ermənistan SSR-də, eləcə də Dağlıq Qarabağ Muxtar Vilayətində başlanmış kütləvi
etnik təmizləmə əməliyyatının hazırlıq mərhələsi olmuşdur. A.İ.Volskinin
hakimiyyətə başladığı vaxtdan az sonra DQMV-nin 55 yaşayış məntəqəsindən
azərbaycanlıların silahları yığıldı. Laçın-Gorus yolu ilə Ermənistandan
gətirilən silahlar isə ermənilərə paylandı.
A.İ.Volskinin hakimiyyəti dövründə Stepanakert şəhərindən 12 min
azərbaycanlı qovuldu, 3 gün ərzində DQMV-nin müəssisələri Ermənistanın müvafiq
nazirliklərinin və idarələrinin tabeliyinə verildi. Bu, SSRİ Nazirlər Sovetinin
6 may 1989-cu il tarixli qərarı ilə həyata keçirilirdi. Bütün rayon partiya
komitələri Ermənistan KP-nın tərkibinə daxil oldu. Azərbaycanın bayrağı, gerbi,
blankı və s. ləğv edildi. DQMV-nin ərazisində Ermənistanın bayrağı və gerbi
qaldırıldı.
DQMV-nin Ermənistanla birləşməsinə həsr edilmiş «Artsax» medalı
meydana çıxdı. 1989-cu il iyunun 13-dən XİK-in tam imkan yaratdığı bir şəraitdə
azərbaycanlıların yaşadığı məntəqələrin blokadasına başlandı. A.İ.Volski ona
verilən səlahiyyətləri məharətlə həyata keçirərək, Azərbaycan SSR-in
Konstitusiya hüquqlarını pozaraq, Dağlıq Qarabağı faktiki olaraq Azərbaycan
SSR-in tabeliyindən çıxarıldı, onların
arasındakı əlaqəni kəsdi, respublikanın bütün mərkəzi rəhbər
partiya və sovet orqanlarının DQMV-in məsələlərindən kənarlaşdırılmasına nail
oldu. Eyni zamanda A.İ.Volski muxtar vilayətin Ermənistan SSR-lə əlaqələrinin
genişlənməsinə, birgə müəssisələrin yaradılmasına, qeyri-qanuni tikinti işləri
aparılmasına, antiazərbaycan təbliğatının güclənməsinə imkan yaratdı. XİK-in
fəaliyyəti dövründə Stepanakertdə DQMV-in digər rayon və kəndlərində yüzlərlə
cinayət törədilmişdir. Azərbaycanlılar ona yardım üçün müraciət etdikdə, o
deyirdi: «Buradan tez gedin, bizim vəziyyətimizi mürəkkəb-ləşdirməyin».
A.İ.Volskinin xəyanətkar fəaliyyətini əks etdirən erməni
nümayəndəsi R.Arakelov yazırdı: «1989-cu il ərzində A.İ.Volskinin komitəsi
vəziyyəti nizama salmaqda nəinki əsaslı bir iş görmədi, əksinə, Dağlıq Qarabağda
vəziyyəti daha da gərginləşdirdi və bura Azərbaycanın ayrılmaz bir hissəsi
olmaqdan uzaqlaşdı». Belə bir şəraitdə Stepanakertdə təxribat xarakterli «Dağlıq
Qarabağ əhalisindən olan nümayəndələrin» qurultayı keçirilirdi. Qurultay Dağlıq
Qarabağın Azərbaycanın tərkibində muxtar vilayət statusunu təsdiq etmədiyini,
vilayətin «müstəqil ittifaq ərazisi» olduğunu və burada Azərbaycan SSR-in
Konstitusiyasının qüvvədən düşdüyünü bəyan edirdi. «Qurultayın» yaratdığı «Milli
Şura» DQMV-nin yeganə xalq hakimiy-yəti elan edilirdi. Bu addım faktiki olaraq
XİK-in səlahiyyətlərinin dayandırılmasına yönələn bir cəhd idi.
Bu faktlar Azərbaycanın paytaxtında və bütün regionlarda əks-səda
doğurur, mitinqlərdə, qəbul olunan müraciətlərdə XİK-in ləğv edilməsi, DQMV-də
Azərbaycanın suveren hüquqlarının təmin edilməsi üçün qəti tədbirlər görülməsi
tələb edilirdi. Azərbaycan demokratik qüvvələrinin təkidli tələbi ilə SSRİ Ali
Soveti 1989-cu il noyabrın 28-də Dağlıq Qarabağda XİK-i ləğv etdi. Vilayətin
idarə olunması SSRİ Ali Sovetinin Xüsusi Komissiyası nəzarəti altında Azərbaycan
SSR-nin Təşkilat komitəsinə tapşırılır, lakin mərkəz tərəfindən ciddi tədbir
görülməməsi nəticəsində ermənilər yenidən təhrikçi hərəkətə başlayırlar və
nəticədə Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də «Ermənistan SSR-ə
Dağlıq Qarabağı birləşdirmək haqqında» qərar qəbul edir. 1990-cı il yanvarın
15-də SSRİ Ali Soveti Rəyasət heyəti DQMV-də və əsas rayonlarda fövqəladə
vəziyyət elan etdi. 1990-cı il yanvarın 20-də Bakıda fövqəladə vəziyyət elan
edildi və Sovet qoşunları şəhərə hücum edərək dinc əhaliyə qanlı divan tutdu.
1990-cı il mayın 22-də SSRİ Nazirlər Soveti Muxtar vilayətin iqtisa-diyyatını
idarəetmə hüququnu Azərbaycana qaytardı. 1991-ci il avqustun 30-da Azərbaycan
Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv
etmək haqqında Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikası
Qanununun qüvvəyə minməsi qaydası barədə Azərbaycan Respublikası Ali Sovetinin
qərarı və Azərbaycan Respublikasının Konstitusiyasına (Əsas qanununa)
dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının qanunu 26
noyabr 1991-ci il tarixli qərarla qəbul edilmişdir. Qanunda deyilir: Qarabağın
dağlıq hissəsində Azərbaycan Respublikasının suveren hüquqlarını tamamilə bərpa
etmək, qanunsuz yaradılmış silahlı dəstələri tərksilah etmək, Azərbaycan
Respublikası vətəndaşlarının hüquqlarını, azadlığını və ləyaqətini qorumaq,
millətlərarası münasibətləri nizama salmaq zərurətini əsas götürərək; Azərbaycan
xalqının iradəsini rəhbər tutaraq qərara alır:
1. Azərbaycan Respublikası Konstitusiyasının (Əsas
Qanununun) 68-ci maddəsinin 3-cü hissəsi,104-cü maddəsinin 2-ci bəndi,
«Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktının
4-cü maddəsi əsas tutularaq, Azərbaycan Respublikasının DQMV milli ərazi qurumu
kimi ləğv edilsin.
2. «Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması
haqqında» Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul tarixli
Dekreti və «Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında» Azərbaycan SSR-in 1981-ci
il 16 iyun tarixli qanunu qüvvədən düşmüş sayılsın.
Beləliklə, Dağlıq Qarabağ ətrafındakı tarixi və müasir hadisələr
göstərir ki, bu problemə bağlı qanunvericilik sənədlərinin elmi - tənqidi tədqiq
böyük ehtiyac vardır.
|