|
Новая страница 1
Vəfaddin İbayev
Ermənistan-Azərbaycan münaqişəsi insan hüquqları kontekstində
01.
İnsan hüquqları sahəsində müqavilələrin iştirakçısı olan sələf
dövlətlərin parçalanmasından sonra onun ərazisində yaşayan şəxslər, hansı
dövlətin yurisdiksiyası altına düşmə-sindən asılı olmayaraq, özlərinin
beynəlxalq səviyyədə tanınmış hüquqlarının və əsas azadlıqların
beynəlxalq-hüquqi müdafiə-sindən məhrum edilə bilməzlər.
02.
İnsan hüquqlarının müdafiəsi sahəsindəki müqavilələr kimi
beynəlxalq humanitar hüquq sahəsində qəbul edilmiş, xüsusən müharibə
qurbanlarının mühafizəsinə aid olan müqavilələr də, yeni yaranmış dövlətlərin
onlara nə vaxt qoşulmasından asılı olmayaraq, onlar üçün varislik qaydasında
öhdəliklər yaratmalıdır. Bu, bir tərəfdən də həmin sahədə mövcud olan müqavilə
öhdəliklərinin artıq beynəlxalq adət hüququ normalarına çevrilməsi ilə
təsdiqlənir.
03.
Beynəlxalq humanitar hüquq və insan hüquqları hüququ arasında
mövcud olan fərqlərə baxmayaraq, onlar ideoloji cəhətdən eyni tarixi və fəlsəfi
köklərə malikdir. Hər iki hüquq insanı ona düşmən olan qüvvələrdən qorumaq üçün
yaranmışdır və həm eyni məqsədə, hgm də eyni «subyektə» – insana xidmət edir.
Heç şübhəsiz ki, insan hüquqları hüququ və beynəlxalq humanitar hüquq insan
şəxsiyyətinin müdafiəsinə xidmət etsə də, zahirən eyni məqsədlərə malik deyil.
Bu da onların təcrü-bədə hüquqi nizamasalma – tətbiq sahəsinin müxtəlifliyini
(ratione materiae) təsdiq edir. Lakin insan hüquqları və beynəl-xalq humanitar
hüquq normaları şəxsiyyətin mühafizəsi sahəsində biri-birini tamamlayır və
hüquqi təsir göstərmək məsələlərində qarşılıqlı əlaqədə olur.
04.
Bir dövlətin digərinin ərazisinə qarşı qüvvə tətbiq etməsi dərhal
Cenevrə Konvensiyalarının bu dövlətlər arasında münasibətlərə tətbiqinə səbəb
olur. Münaqişədə olan hər hansı döyüşən dövlətin silahlı qüvvələrinin əlinə
digər dövlətin silahlı qüvvələrindən yaralı və ya əsir, yaxud digər dövlətin
mülkü əhalisi düşdükdə, ya da bir dövlət digərinin ərazisinin müəyyən hissəsi
üzərində nəzarəti həyata keçirməyə başladıqda onlar dərhal humanitar hüquq
normalarına riayət etməlidirlər. Yaralı və hərbi əsirlərin sayı, işğal edilmiş
ərazinin sahəsi əhəmiyyət kəsb etmir, çünki mühafizənin zəruriliyi say
meyarlarından asılı deyildir.
05.
Beynəlxalq humanitar hüquq aşağıdakılardan asılı olmayaraq tətbiq
olunmalıdır:
·
müharibənin elan edilib edilməməsindən (yəni beynəlxalq humanitar
hüquq faktiki olaraq gücdən istifadə edildiyi andan tətbiq olunmağa başlayır);
·
tərəflərin müharibə vəziyyətini etiraf edib-etməməsindən;
·
tərəflərin birinin ərazisini bütünlüklə və bir hissəsinin işğal
olunmasından;
·
hücuma məruz qalan tərəfin müqavimət göstərib-göstərməməsindən
06.
Ermənistanda həyata keçirilən etnik təmizləmənin yeni kütləvi
dalğası SSRİ-nin süqutunun son illərinə təsadüf etdi. 1988-ci ilin qışından
başlayaraq Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləmə başlandı.
«Azərbaycanlılarsız Ermənistan» şüarı altında həyata keçirilən etnik təmizləmə
nəticəsində Ermənistan hakim dairələrinin himayəsi və razılığı əsasında hazırkı
Ermənistan adlanan dövlətin ərazisindən 40897 azərbaycanlı ailəsi, 185519 nəfər
azərbaycanlı məcburi qaydada depotasiya edildi.
Onların hamısı mənzil və əmlaklarından məhrum edildi.
07.
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı
Ermənistan Respublikası silahlı qüvvələri, muzdlu və erməni terrorçu qruplarının
köməyi ilə 18 min nəfərdən çox azərbaycanlı öldürülmüş, 50 mindən artıq
yaralanmış və əlil olmuş, bir neçə min nəfər xəbərsiz itkin düşmüşdür.
Məhkəməsiz edamlar, mülki əhalinin kütləvi gülləbəran edilməsi, Ermənistanda və
Azərbaycanın işğal olunmuş ərazilərində götürülmüş girovların məcburi qaydada ən
ağır işlərdə işlədilməsi, işgəncə və başqa kobud, qeyri-insani rəftar adi hala
çevrilmişdir. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərdə
həyata keçirilən «etnik təmizləmə», mülki əhalinin kütləvi surətdə tələf
edilməsi, çoxsaylı dağıntılar Azərbaycanda fövqəladə humanitar şərait
yaratmışdır.
08.
Erməni cəlladları tərəfindən Ermənistanda və Xocalı şəhərində
azərbaycanlılara qarşı törədilmiş hərəkətlər məqsəd və niyyətinə görə genosid
cinayətini təşkil edir. Genosid törətməkdə iştirak etməyə və ya bu məqsədlə
sui-qəsd, genosidə birbaşa və açıq təhrikçilik, genosidə cəhd, genosiddə iştirak
etməkdə təqsirli olan şəxslər cəzalandırılmalıdır. Münaqişə nəticəsində erməni
işğalı altında qalan torpaqlarımızda Azərbaycan xalqına məxsus 500–dək
tarixi–memarlıq, 100–dən artıq arxeoloji abidə, on minlərlə eksponatı olan 22
muzey, dörd rəsm qal-reyası, 4,6 milyon kitab və əlyazmalar saxlanılan 927
kitabxana, 808 klub, 10 istirahət və mədəniyyət parkı, 85 musiqi və incəsənət
məktəbi, 20 mədəniyyət sarayı, 4 dövlət teatrı qalmışdır.
09.
Azərbaycanın işğal altında qalmış ərazilərindəki mədəni
mülkiyyətin mühafizəsi məqsədilə 1954-cü il Haaqa Konvensiyası müddəalarına
əsaslanmaqla YUNESKO-nun imkanlarından istifadə olunmalıdır. Ermənilərin əlinə
keçən bütün muzey əşyalarımız və digər itirilmiş mədəniyyət sərvətlərimiz
haqqında YUNESKO-ya, İncəsənət Sahəsində Tədqiqatların Beynəlxalq Fonduna,
İnterpola, Sotbis və digər hərrac mərkəzlərinə ətraflı, müfəssəl məlumatlar
çatdırılmalıdır.
10.
Fiziki şəxslərin beynəlxalq cinayət məsuliyyəti iki aspektə
malikdir. O, bir tərəfdən, dövlətin siyasi məsuliyyətinin formasıdır, digər
tərəfdən isə, konkret fiziki şəxslərin beynəlxalq hüquq normalarını pozmasından
törəyən cinayət məsuliyyətidir.
Fiziki şəxslər tərəfindən istər silahlı münaqişə, istərsə də dinc
dövrdə törədilmiş beynəlxalq cinayətlər dövlətin siyasi və maddi məsuliyyəti ilə
yanaşı, onların da beynəlxalq cinayət məsuliyyətinə səbəb olur.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı beynəlxalq cinayət
törətmiş fiziki şəxslərin, delikvent dövlətin məsuliyyətindən asılı olmayaraq,
beynəlxalq cinayət məsuliyyəti daşıması beynəlxalq hüququn tələbidir.
11.
Ad hoc beynəlxalq cinayət tribunallarının yaradılması yolu ilə
beynəlxalq humanitar hüququn ciddi pozuntularını törətmiş şəxslərin cinayət
məsuliyyətinə cəlb edilməsinin böyük siyasi, mənəvi və təcrübi əhəmiyyəti
olmuşdur.
Əvvəla, tribunalların çıxardığı hökmlər bir çox cinayətlərin, o
cümlədən genosid, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər sahəsində
məhkəmə təcrübəsinin artmasına səbəb olur.
İkincisi, beynəlxalq hüquqda birbaşa fərdi cinayət məsuliyyəti
prinsipi müəyyənləşdirilir. Yəni beynəlxalq məhkəmə orqanları beynəlxalq hüququ
pozan şəxcləri, hətta bu cinayət bir dövlətin ərazisi hüdudlarında baş verdikdə
belə, mühakimə edə bilərlər.
Üçüncüsü, tribunalların yaradılması Beynəlxalq Cinayət
Məhkəməsinin yaradılması üçün zəmin hazırlayır və onun zəruriliyini bir daha
təsdiq edir.
Dördüncüsü, beynəlxalq cinayətin törədilməsinin qarşısının
alınmasında tribunalların böyük əhəmiyyəti olacaqdır.
Beşincisi, tribunalların fəaliyyəti dövlətlər arasında sülhün
əldə edilməsində əhəmiyətli rol oynaya biləcək. Çünki yalnız özbaşınalıqlara
son qoyulduğu, cinayətkarların qanuni cəzasını aldığı təqdirdə dövlətlər
arasında sülhün əldə edilməsi mümkündür.
12.
Beynəlxalq Cinayət Məhkəməsi Statutunun qüvvəyə minməsi təkcə
beynəlxalq hüquqa deyil, həm də dövlətlərin daxili hüququna, hər şeydən əvvəl
cinayət və cinayət prosessual hüququna ciddi təsir göstərəcəkdir. İlk növbədə
milli hüquq sistemi BCM ilə əməkdaşlığa uyğunlaşdırılmalı, Statutda nəzərdə
tutulmuş cinayət tərkibləri milli hüquq sisteminə daxil edilməlidir. BCM-in
yaradılması eyni zamanda böyük xəbərdaredici funksiyanı yerinə yetirir. Artıq
iştirakçı dövlətlərin vətəndaşları törədəcəkləri beynəlxalq cinayətlərə görə
mühakimə olunacaqlarının reallığını hiss edəcək, beynəlxalq humanitar hüquq
normalarının yerinə yetirilməsinə daha məsuliyyətlə yanaşacaqlar.
13.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hüquqi
nəticələrinin 13 ildən artıq müddətdə davam etməsi, bəzi cinayətlərin «davam
edən» xarakteri, xüsusən də, hərbi əsirlər və girovların, beynəlxalq hüquq
normalarına müvafiq olaraq, Vətənə qaytarılmasından imtina edilməsi BCM-in
yurisdiksiyasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı
cinayətlərə şamil olunmasını istisna etmir. Digər tərəfdən,
Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquqi tənzimlənməsinin hələ də
başa çatmaması, Azərbaycan torpaqlarının işğal altında qalmaqda davam etməsi,
BCM-in Statutunda təcavüz cinayətinin anlayışının müəyyənləşdirilməməsi,
nəhayət, Azərbaycan xalqının öz torpaqlarını güc tətbiq etməklə də olsa, azad
etmək niyyətindən əl çəkməməsi Respublikamızın BCM-nin Statutuna qoşulması
zərurətini meydana çıxarır.
14.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı
beynəlxalq cinayət törətmiş şəxslər müəyyən edilərsə, onların tələb olunması və
mühakimə edilməsi üçün hüquqi baza mövcuddur. Həmin hüquqi əsaslara söykənərək
müharibə cinayətləri və insanlıq əleyhinə cinayət törətmiş şəxslərin axtarılıb
tapılması, tələb olunması və mühakimə edilməsi istiqamətində fəaliyyət
canlanmalıdır.
15.
Müharibə qurbanlarına kompensasiya ödənilməsi təcrübəsi insan
hüquqlarının müdafiəsinin təmini baxımından ədalətli sayılmalıdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan dövlətinin
Azərbaycana təcavüzü nəticəsində ölmüş və ya bədən xəsarəti almış, həmçinin
əmlaklarından məhrum olunmuş şəxslərə, onların ailə üzvlərinə bu cür
kompensasiyanın ödənilməsi beynəlxalq hüquq normalarının tələbidir. Həmin
tələblərin təmini mühüm əhəmiyyət kəsb edir.
|