|
Новая страница 1
Valeh
Baxşəliyev
Mənəvi dəyərlərimizin bərpası tarixi zərurətdir
Son illər «çalxalanan zaman» xalqımızın həyatında dərin iz
buraxmışdır. Düçar olduğumuz müharibə, Qarabağın düşmən tapdağı altında qalması,
iqtisadi və siyasi sıxıntılar bərpa etdiyimiz dövlət müstəqilliyimizin və bundan
irəli gələn bütün mənəvi və psixoloji
proseslərin sevincini,
qürurunu dadmağa, tam və dolğun hiss etməyə imkan vermir.
1992-ci ildə Milli Məclisdə dilimizin adını bərpa
edən, onun müstəqil ölkəmizdə şəriksiz dövlət dili olduğunu təsbit edən qanun
qəbul edilməsi
böyük tarixi hadisə idi. Millətimizin türk adının özünə
qaytarılması bir sıra tarixi anlaşılmazlıqların aradan götürülməsinə imkan verir
və bir neçə minillik tariximizin obyektiv bərpasına şərait yaradırdı. Lakin bu
məsələdə zorakılığa yol vermək olmaz. «azərbaycanlı»
qalmaq istəyənlərə də şərait yaratmaq lazımdır. Fikrimizcə, bu gün Azərbaycanda
türk, ləzgi, talış,
tat, avar
və s.
kimi hiss edənlərlə
bərabər,
özünü
azərbaycanlı
kimi hiss edənlər də var və onlar bir
milləti
kimi birgə
yaşamaqdadır.
XX əsrin son 70 ilində Sovet rejimi və ideologiyası tərəfindən formalaşdırılmış
bu azərbaycanlıları inkar etmək, onları qınamaq doğru deyil. Bəzi ziyalılar son
zamanlar xarici bədxahlarımızın dəyirmanına su tökərək, mətbuat səhifələrində və
televiziya ekranlarında «gənc və təcrübəsiz azərbaycanlı milləti» haqqında
dəfələrlə fikir söyləmişlər. Odur ki, həmin ziyalıların təmsil etdikləri
əhalinin bir hissəsinin həqiqətən gənc azərbaycanlı «millətinə» aid olmalarını
təbii qəbul etmək olar.
Digər tərəfdən bizim üçün qınaq mənbələrindən biridə əlifba
problemidir. Əlifbanın son 100 ildə üç dəfə dəyişdirilməsini çoxları obyektiv
olaraq ağrılı və faciəli qəbul edirlər. Əlifbanın dəyişdirilməsinin xalqın
taleyinə mənfi təsiri inkarolunmazdır. Lakin mən bu prorblemə başqa aspektdə və
bir qədər geniş planda toxunmaq istəyirəm. Bədxah qonşularımız bəzən bizim özəl
əlifbamızın olmamasını başımıza qaxırlar, özlərinin qədim əlifbaları və
«sivilizasiyalı» xalq olmaları ilə fəxr edirlər. Lakin araşdırdıqda görürük ki,
ermənilərin əlifbalarının indiyədək istifadə olunması onların mədəni xalq
olmalarına dəlalət etmir. Əksinə biz türklərin özümüzün özəl əlifbamızın
olmaması bizim daha mədəni və inkişaf etmiş millət olmağımıza sübutdur. Əvvəla
qədim türk əlifbasının olduğu tarixdən məlumdur
(Orxon-Yenisey abidələri 1400 il bundan əvvəl türk dilinin öz əlifbasının, bədii
və elmi deyim üslublarının fonetik qaydalarının olduğunu göstərən və o çağadək
uzun inkişaf yolu keçdiyini təsdiqləyən inkaredilməz dəlillərdir – Ə.Rəcəbov,
Y.Məmmədov. Orxon-Yenisey abidələri, Bakı, 1993).
Digər tərəfdən 20-ci əsrin əvvəllərinədək Azərbaycanda (sözün geniş mənasında
Böyük Türküstanda) yüz illərlə ərəb əlifbasından istifadə edilmişdir. Sual
olunur: ərəb əlifbasından istifadə etmək millətə başucalığı gətirir, yoxsa onun
naqisliyinə dəlalət edir? Məgər ingilis, alman, ispan və ya fransız xalqlarını
latın əlifbasından istifadə etdiklərinə görə qınamaq olarmı? Bəs bu xalqların
həmin əlifbalara keçmələrinin səbəbi nə idi?
Məlumdur ki, orta əsrlərdə dünyada iki sivilizasiya mərkəzi var
idi: şərti olaraq Qərb və Şərq adlandırılan mərkəzlər. Bu sivilizasiya
məkanlarının birində latın əlifbası, digərində isə ərəb əlifbası ortaq yazışmaq,
ünsiyyət vasitəsi kimi qəbul edilmişdi. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki,
o dövrdə bu iki mədəniyyət mərkəzi müəyyən qədər bir-birindən təcrid olunmuş
şəraitdə inkişaf edirdi. Bunu bir sıra elmi nəticələrin Qərb alimlərinin
müsəlman alimlərindən xəbərsiz olaraq 200-300 il sonra yenidən kəşf etmələri
sübut edir. Odur ki, bu dövrdə müəyyən dərəcədə dövlətçilik atributları olan və
özünü mədəni sayan, böyük ədəbi və elmi əsərlər yaradan xalqlar istər-istəməz
həmin mədəniyyət məkanlarının birinə daxil olmalı və bu əlifbalardan birini
seçməli idilər. Yüksək mədəniyyətə malik Azərbaycan türk xalqı da təbii olaraq
ərəb əlifbasına keçməli idi. Dövlətlərarası yazışmalara ehtiyacı olmayan, yalnız
bir kənddən digərinə məktub göndərməklə öz problemlərini «həll» edən, heç vaxt
dövlətçilik ənənələri olmayan erməni əhalisinin bu böyük mədəniyyətlərdən
kənarda qalmalarının və onların lokal xarakterli əlifbalarının bugünədək gəlib
çıxmalarının səbəbini mən bunda görürəm.
Keçən əsrin 20-ci illərində bizim latın qrafikasına, sonra kiril
əlifbasına və bu gün yenidən latın qrafikalı əlifbaya keçməyimizin mənfi
cəhətləri ilə yanaşı müsbət tərəfləri də varmı? Fikrimizcə, var. Yuxarıda qeyd
etdik ki, özünü mədəni sayan bu və ya digər dərəcədə dövlətçilik ənənələri olan
xalqlar istər-istəməz ya Qərb, ya da Şərq mədəni mühitinə girmək zorunda idilər.
Lakin tarixin gedişi nəticəsində Qərb mədəniyyəti (elm və texnikası) Şərq
mədəniyyətini üstələdi və 20-ci əsrin əvvəllərində dünyada artıq Qərb
mədəniyyəti sözün müsbət mənasında hegemonluq edirdi. Belə şəraitdə qeyd
etdiyimiz məntiqə əsasən özünü ağıllı sayan millətlərin latın qrafikasına
keçmələri düşünülmüş və düzgün addım sayılmalıdır. Məsələn, Türkiyə türkləri
kimi. Bizdə isə şərait bir qədər başqa cür inkişaf etməyə başladı. SSRİ deyilən
imperiya qapalı və totalitar bir recim idi. 70 il müddətində bu imperiyanın
daxilində xüsusi özünəməxsus elmi, mədəni, texniki və iqtisadi yüksəliş baş
verdi. Kiril əlifbasına keçməyimiz həmin lokal, qapalı mədəni məkandan kənarda
qalmamağımızın başlıca stimulu oldu. Bu gün artıq SSRİ yoxdur və bütün dünya biz
istəsək də, istəməsək də yalnız bir istiqamətdə – Qərb mədəniyyəti, elmi,
texnikası və iqtisadiyyatı istiqamətində inkişafdadır. Ağıllı millətlərin, o
cümlədən biz türklərin bu mədəniyyətdən – latın əlifbasından kənarda qalmağımız
mümkün deyildir. Yaxın dövrlərdə digər xalqların da, o cümlədən rusların,
yaponların və s. bu əlifbaya keçmələri labüddür. Burada bir məsələyə də diqqət
yetirmək vacibdir. Savadlı cəmiyyətin əlifba dəyişməsi daha çətin və ağrılı
olur. Ancaq bu çətinliklər bizim cəmiyyətimiz üçün müvəqqətidir və tez bir
zamanda həll olunandır.
Torpaqlarımızın müvəqqəti işğal altında olması bu gün yaşadığımız
tarixi proseslərin dəyərini aşağı salır və bütün bu yenilikləri və hadisələri
düzgün qiymətləndirməyə imkan vermir. Lakin problemlərimiz bir-biri ilə
qarşılıqlı zəncirvari əlaqədar olduqlarından həmin problemləri yaradan
səbəblərin aradan qaldırılması üçün onların nəticələrinin ləğv olunmasına
çalışmalıyıq.
|