|
Новая страница 1
Zərdüşt Əlizadə
Məğlubiyyət modelinin qələbəsi: xoruzlanmadan küskün uşaq
mövqeyinə
Millətlərin torpaq uğrunda çarpışmalarına tarixdə minlərlə nümunə
tapmaq mümkündür. Qalibin nə üçün qalib gəldiyi, məğlubun nə üçün basıldığı da
təhlil edilmiş, aşkar qələbə və məğlubiyyət psixologiyası, davranışı və modeli
ortaya qoyulmuşdur. İstəyən, ağlı çatan bu modelləri öyrənir və özünə lazım
olanı seçir. Bəzi millətlər isə tarixdən heç nə öyrənmir, heç nə bilmir və
tarixdə digərlərinin aləti olaraq qalır.
Azərbaycanın Qarabağ uğrunda çarpışmasının mərhələ və cəhətlərini
təsvir və təhlil etdikdə gəldiyimiz acı, lakin gerçək nəticə odur ki, şüursuz da
olsa, lakin biz məğlubiyyət modelini seçmişik. Biz xarici düşmən qarşısında
vahid cəbhə yarada bilməmişik, vahid milli rəhbərliyimiz olmayıb, imkanlarımızı
səfərbər etməmişik. Tarixdə məğlubiyyətlərin səbəbləri çox təsvir edilib və
qiymətləndirilib. Bu səbəblərin hamısını Azərbaycanda son 15 ildə görə bilərik.
Filan ölkə nə üçün basıldı? Düşmən onun ərazisinə qədəm qoyduqda
paytaxtda müxtəlif qüvvələr hakimiyyət uğrunda çəkişirdi. Bu, bizdə olubmu?
Olub.
Filan ordu nə üçün basıldı? Təcrübəli peşəkarı kənarlaşdırıb onun
yerinə boğazdan yuxarı danışan və əsassız vədlər verən naşını orduya rəhbər
təyin etdilər. Bu, bizdə olubmu? Olub.
Cəmiyyəti səfərbər etmədən müharibə tonqalını qalamışıqmı? Bəli!
Hakimiyyət naminə rəhbərimiz torpaq verib xaricdən xeyir-dua alıbmı? Bəli!
Düşməni içəridən parçalamaq əvəzinə mənasız hədələrlə onu daha
sıx birləşdirmişikmi? Bəli.
Əli silah tuta bilən kişiləri qürbətə qaçırmışıqmı? Bəli!
Qaçqınların nifrət və qəzəbini bir loğma çörək diləyinə çevirmişikmi? Bəli!
Daha nədən inciyirik?
Ən əsas səbəb odur ki, Azərbaycanın yürütdüyü siyasət məğlubiyyət
modelinə uyğundur, bu modelin mənbəyi isə təfəkkürdə gerçəkliyin deyil, keçmişlə
bağlı əsatirin üstünlük təşkil etməsidir. Nə öz cəmiyyətimiz və onun imkanları,
nə düşmən ölkə və onun imkanları, nə xarici dövlətlərin münaqişəyə və onun
tərəflərinə münasibəti və təsir imkanları düzgün və hərtərəfli
qiymətləndirilməmişdir. Milli şüurda münaqişənin keçmiş mərhələlərində baş
vermiş qırğınlar və matəmlər çağdaş mərhələnin özəlliklərinin
qiymətləndirilməsindən daha mühüm yer tutur. Qarabağın müdafiəsi üçün zəruri
olan ümummilli səfərbərlik və birlik münaqişənin heç bir mərhələsində
gerçəkləşməmişdir. Ölkədə münaqişəni öyrənən və qələbəni təmin edə biləcək
dövlət siyasətini müəyyənləşdirən heç bir intellektual və inzibati mərkəz
olmamışdır.
İkinci mühüm səbəb bütövlükdə cəmiyyətin, istərsə
iqtidarlı-müxalifətli siyasi elitanın, istərsə də geniş əhali kütləsinin
münaqişəyə hazır olmamasıdır. Münaqişənin sovet dövrü mərhələsində AKP MK-da
1-ci katib və ya Prezident məqamı uğrunda mübarizə əsas məsələ sayılırdı və
kompartiya rəhbərliyi respublikanın siyasi və iqtisadi imkanlarını Qarabağ
naminə səfərbər etmək üçün əməli addımlar atmaq əvəzinə Moskvaya nökərçilik
uğrunda yarışa girmişik. Məhz bu siyasi korluq və milli məsələdə
mənəviyyatsızlıq nəticəsində bu elita SSRİ-də gedən yeniləşmə prosesinə düşmən
olan mühafizəkar cinaha sığınmışdı. Eyni zamanda 1989-cu ilin 2 yarısında
Qarabağ mövzusu sayəsində ölkənin həlledici siyasi və mənəvi qüvvəsinə çevrilmiş
AXC liderləri bu milli vəzifənin tələb etdiyi məsuliyyət səviyyəsinə qalxa
bilməmiş və özünün müxtəlif elitadaxili siyasi çəkişmələrdə alət kimi istifadə
olunmasına imkan vermişdir. Məhz o zamandan bəri müxalifət hərəkatının geniş
sosial bazasının mütəmadi olaraq daralması prosesi gedir. Hakimiyyətə gəldikləri
zaman azlıqda olan fəal qrupun istək və iradələrini ifadə edən milli-demokratlar
kor-koranə xarici qüvvələrin münaqişəni dərinləşdirmək və genişləndirmək xəttinə
tabe oldular, idarə və itaət etdikləri kütlənin səviyyəsində siyasət yürütdülər.
Azadlıq meydanında mitinq zamanı səslənən şüarlar kütlənin psixologiyasının
sərrast ifadəsi olaraq həm də məğlubiyyət modelinin üzərində asılan gerçək lövhə
idi. «Bakıda hava soyuqdur, ermənilər toyuqdur.» Təbii ki, rəqib tərəfi toyuq
sayan kütlə bizim tərəfi toyuğun müqabili olan xoruz sifətində görürdü və buna
müvafiq siyasət yeridən lider-qəhrəmanların ardınca yürüyürdü. Eyni zamanda
xarici qüvvələrdən asılılıq həm sovet dövründə, həm də müstəqillik illərində
dövlət siyasətinə çox böyük təsir göstərmişdir və göstərməkdədir.
Məğlubiyyət modelinin ən aşkar mərhələsi hakimiyyətinin mənasını
sərvət toplamaqda, neft, vəzifə və torpaq satmaqda görən Heydər Əliyevin
prezidentliyə gəlməsi ilə başlanmış və indi də davam etməkdədir.
Azərbaycanın intellektual elitası münaqişəni gerçək tarixi-siyasi
aspektdə əhaliyə çatdıra bilməmişdir. Münaqişənin həqiqi dərki dar çərçivədə
qovrulan ziyalı dərnəyindən kənara çıxa bilməmişdir. Azərbaycanın xeyrinə hər
hansı bir konstruktiv addım münaqişənin davamında maraqlı olan hakimiyyət və
xarici qüvvələr tərəfindən etnik ədavət silahı ilə vurulur və
zərərsizləşdirilir. Mövcud icra, qanunverici və məhkəmə hakimiyyətləri Qarabağa
tam ögey münasibət bəsləyən ünsürlərdən ibarətdir. Eyni zamanda məğlubiyyətə
köklənmiş, insanların vətən və torpaq sevgisini özlərinin vəzifə davasında alətə
çevirmiş iqtidarlı-müxalifətli siyasi elitanın yalanlarından bezmiş əhali
münaqişədən çiyrinmiş, özünün son sığınacağı olan fərdi həyatına qısılmışdır.
Məhz buna görə möhtəşəm vətən həsrətli mitinqləri siyasi fəalların azsaylı
toplantıları əvəz etmişdir.
Azərbaycan məğlubiyyət modelindən qurtula biləcəkmi? Bunun üçün
nə qədər vaxt tələb olunur? Qələbənin təminatının zaman, maddi, bəşəri və
intellektual resursları varmı? Bu sualın cavabı nəzəriyyədə mövcuddur, zira
gerçəklikdə çox mühüm, lakin hələlik olmayan amillərlə
şərtlənir.
|