Новая страница 1
Çingiz Sultansoy
Milli natamamlıq kompleksi və Qarabağ məsələsi
Azərbaycanda «millətimiz pisdir» mövzusunda söhbətlər
narahatçılıq doğuracaq dərəcədə geniş yayılıb.
Ara-sıra mətbuatda gedən yazılar bu halın çoxlarını
qayğılan-dırdığını göstərir. Dükan–bazardan tutmuş Milli Məclisə kimi, yas
məclislərindən tutmuş toy məclislərinə kimi insan toplan-tılarında dönə-dönə
təkrar olunan, çözələnən «millətimiz pisdir», «tənbəlik», «qeyrətsizik», «biz ən
rüşvətxor millətik», «azərbacanlılar arasında birlik yoxdur və ola bilməz»,
«bir-birimizin ayağını çəkənik», «düşmən öz içimizdədir» və bu səpkili ifadələr
milli şüurda, azərbayçanlı ictimai təfəkküründə hansısa ciddi pozuntulardan
xəbər verir.
Sovet dövründə azərbaycanlıların kifayət qədər böyük bir qismi
doğma dilini bəyənmir, mədəniyyətinə, ədəbiyyatına, tarixinə, adət-ənənələrinə
xor baxırdı. Bu meyl müstəqillik dövründə, doxsanıncı illərin əvvələrində
müəyyən dərəcədə azalsa da, indinin özündə çoxları Azərbaycan xalqının bir yığın
avam, geridə qalmış, şüursuz adam hesab edir.
Millətini qabiliyyətsiz, əliəyri hesab edənlər, “Biz hələ millət deyilik”
düşünənlər, millətin millət kimi formalaşmasına, millət səviyyəsinə çatdığına və
haçansa çatacağına şübhə ilə yanaşır.
Azərbayçan xalqının yaradıcı potensialına, gələcəyinə inanmayan
belələri hesab edir ki, bu xalq tam müstəqil və demokratik dövlət qura
bilməyəcək və erməni təcavüzünü cavabsız qoyacaq.
Azərbaycan Respublikasının vətəndaşlığından imtina etmək istəyən
və edən adamların durmadan artan sayı da, problemlə birbaşa yox, dolayısı ilə
bağlı olsa da, böhranlı vəziyyətdən xəbər verir. Azərbaycanlıların kifayət qədər
böyük bir qismində milli ləyaqət və qürur hissi çatışmır. Zənnimcə,
bu fikrin sübuta ehtiyacı yoxdur.
Dolayı
etnosid
Dolayı
etnosid – aborigenlərdə kollektiv natamamlıq kompleksi yaratmaq, etnik (milli)
xəcalət, öz etnik qrupuna (xalqına) mənsubiyyətdən utanmaq, peşimançılıq
hissləri aşılamaq məqsədi güdür. Son məqsəd - həmin etnik qrupun hakim xalqın
tərkibində əridilməsidmr. Bu cür psixoloji məhdudiyyətlər nəticədə həyat
qabiliyyətinin zəifləməsinə gətirib çıxarır.
Uzaq
Latın Amerikasında zavallı hinduların başına gətirilən bu müsibətlərlə bizim
başımıza gətirilənlər arasında qorxunc oxşarlığı görürsənmi?!. Bu qorxunc, bu
dəhşətli oxşarlıq sənin ürəyini didib-dağıdan sualların cavabını verirmi,
indiyəcən sirrli qalan bir çox həqiqətləri aşkarlayırmı? İndi başa düşdünmü,
niyə biz millətimizə pis deyirik, özümüz-özümüzü bəyənmirik, bir-birimizin ətini
yeməyə hazırıq? İndi anladınmı, niyə tarix boyu qəhrəmanlıq, mərdlik, şücaət
rəmzi olan türklərin Azərbaycan qolu özlərini qorxaq, namərd, əliəyri sanır və
olur?... İndi bildinmi, niyə dünya poeziyasına Nizami və Füzulini, Xaqani və
Seyid Əzim Şirvanini, Məhsəti və Xurşid Banu Natəvanı, astronomiyasına və
riyaziyyatına Nəsirəddin Tusi və Lütfi Zadəni, memarlığına Əsir Əli və Əbubəkr
Əcəmini, fəlsəfəsinə Fəzlullah Nəimi və İmadəddin Nəsimini, Rəşidəddin və
Bəhmənyarı, rəssamlığına Kəmaləddin Behzad, Sultan Məhəmməd və Səttar
Bəhlulzadəni, publisistikasına Mirzə Cəlil Məmmədquluzadəni, inqilabçılığına
Babək və Səttarxanı, dövlət quruculuğuna Qaraqoyunlu Qara Yusifi və Ağqoyunlu
Uzun Həsəni, Şah İsmayıl Xətai və Məmməd Əmin Rəsulzadəni, diplomatiyasına
Şirvanşah İbrahim və Sara Xatunu və bir çox başqa şəxsləri bəxş etmiş xalq indi
keyfiyyətli avtomat düzəldəcəyinə və ermənilərə qalib gələcəyinə şübhə edir?
İndi bildinmi, niyə publisist İqor Belyayev «Literaturnaya qazetanın»
səhifələrində
«Azərbaycanlı olmaq ayıb deyil»
deyə
kinayə edir?
Mosoni dolayı etnosidin hansı üsullarla həyata keçirildiyini göstərmir, daha
doğrusu, bu üsullar istinad olunan mənbədə göstərilməmişdir. Əslində bu
üsulların çeşidlərini, təsnifatını SSRİ-də dərc olunan mənbələrdə axtarmağın
mənası yoxdur. Çox güman ki, bu sayaq üsullar üzərində keçmiş SSRİ Müdafiə
Nazirliyinin və ya Dövlət Təhlükəsizliyi Komitəsinin məxfi institutları işləyib,
indi isə RF Federal Təhlükəsizlik Xidmətinin müvafiq qurumları işləyir. Ancaq
elə məlum olan faktlar, indiyəcən sübutu olmasa da, təkzibolunmaz mühakimə
yürütməyə əsas verir: Azərbaycan xalqı üzərində «dolayı etnosid» adlandırılan
əməliyyat aparılıb və çox ehtimal, indiyəcən, SSRİ dağılandan on il sonra da
aparılır. Hər halda, bu istiqamətdə informasion tədbirlər görülür. Belə
informasion əməliyyatın indiyəcən həyata keçirilməsinə əyani misal: cəmi iki-üç
il öncə, Çeçen müharibəsi vaxtı Rusiya telekanallarından biri çeçen gəncinin
müsahibəsini göstərdi. Cəbhədə vuruşan və ya vuruşmaq istəyən, dəqiq yadımda
deyil, gənc ötkəmliklə demişdi «Vuruşmalıyam, vuruşmaya bilmərəm. Mən
Azərbaycanlı deyiləm ki?!.» Yaralı yerimizə toxunan bu həqarətli sözlərin çeçen
gəncinin ürəyindən gəldiyinə və tapşırıq almış rus televiziya müxbiri tərəfindən
xüsusi dedirdilmədiyinə yalnız sadəlövh, danışdığımız mətləbdən xəbərsiz
adamlarlar inanar.
Bəs düşdüyümüz bu vəziyyətdən necə çıxmalı? Milli natamamlıq kompleksindən
qurtulumağın, sağalmağın yolunu necə tapaq?
МNК-nın
aradan qaldırılmasının birinci mərhələsi
Bu, hər hansı adi, məişət natamamlıq kompleksinin müalicəsində olduğu kimi,
əvvəlcə natamamlıq kompleksini doğuran amillərin aradan qaldırılmasından
ibarətdir.
Doğrudan da, «İlan vuran ala çatıdan qorxar» atalar sözüylə təsvir edilən «ilan
kompleksi» olan adamı ala çatı qorxusundan qutarmaq üçün ən əvvəl onu natamamlıq
kompleksi doğuran amildən - ilanlardan və ilan çalmaq təhlükəsindən
kənarlaşdırmaq lazımdır. Təbii ki, «ilan kompleksi» olan adamı təkrar-təkrar
ilan çalsa, onun ala çatı qorxusu çətin ki yox ola. Başqa bir misal, «Ağzı elə
yanıb ki, suyu üfürə-üfürə içir» məsəliylə təsvir olunan adamın suyu üfürə-üfürə
içmək vərdişini tərgitməsi, başqa sözlə, «isti çay» və ya «qaynar su
kompleksindən» sağalması üçün həmin adamın ağzını yenə qəfil yandırması
ehtimalını heçə endirmək lazımdır.
Deməli, milli natamamlıq kompleksinin müalicəsi, ən əvvəl, MNK-nı doğuran
amillərin aradan qaldırılmasından ibarətdir. Bəs sadalanan bir çətən amili –açıq
və gizli tədbirləri aradan qaldırmaq mümkündürmü? Məsələ orasındadır ki, bu
səbəblərin bir qismi artıq aradan qalxıb, qalanı qalxmaq üzrədir.
Tormozlayıcı
amillər
1.
Milli natamamlıq kompleksi xroniki xəstəlik halını alıb. Müharibənin, iqtisadi
böhranın, inflyasiyanın, qaçqın amilinin, işsizliyin və s.nəticəsi olan yüksək
sosial gərginlik artmaqda davam edir. (Elə təkcə torpaqlarımızın beşdə birinin
ermənilər tərəfindən zəbt olunması milli natamamlıq kompleksi yaratmağa və
yaşatmağa qadirdir)
2.
MNK doğuran amillər hələ tam aradan qalxmayıb:
a.
Milləti ziyalılardan məhrum edən, ümumi intellektual səviyyəni kəskin surətdə
aşağı salan repressiyaların izi hələ də bilinir.
b. Ən
güclü kütləvi informasiya vasitələri olan TV və radio, bəzi qəzetlər hələ də
postkommunist mövqelərdədir.
c. Təhsil
sistemi hələ də kommunist ideologiyası əsasında qurulmuş konsepsiyalara,
dərsliklərə və proqramlara əsaslanır.
d. Xüsusi
gizli tədbirlər qrupu hələ də naməlum qalır və sair.
3. Sosial psixologiyada şüurun obyektiv gerçəklikdən geri
qalması adı ilə məlum olan amil (buna «şüur ətaləti» də deyirlər) nəticəsində
yuxarıda göstərilən, vəziyyəti normallaşdırmağa, sağlamlaşdırmağa doğru aparan
proseslər istədiyimiz sürətlə getmir, ona görə tənqidbazlıq davam edir, özü də
azalmayıb, artıb.
4. Ermənilər Qarabağ müharibəsində və diplomatik cəbhədə
qazandıqları uğurlardan get-gedə ürəklənirlər. Təbii ki, onların uğurları bizə
mənfi təsir edir. Xocalı faciəsi bunu bir daha təsdiqlədi.
Nəzərə almaq lazımdır ki, milli natamamlıq kompleksi yalnız
hindular, az inkişaf etmiş xalqlar arasında və Azərbaycanda təzahür edən hal
olmayıb, dünya siyasətində, iqtisadiyyatında, mədəniyyətində öncül rolu olan
millətlərdə də müşahidə edilmişdir:
MNK-sı
olan millətlər
1. Almanlar. Növbəti müharibədə növbəti dəfə məğlub olan
Almaniyada dağıntılar, inflyasiya, hərc-mərclik, aclıq və s. o həddə çatmışdı
ki, alman millətin gələcəyi şübhə altına alınırdı. Kayzer Vilhelm bu ağılara
cavab olaraq «Nə qədər ki, alman anaları və alman müəllimləri var, Almaniyanın
gələcəyinə inanıram!» demişdi. (Azərbaycan anaları haqqında eyni sözləri demək
mümkün olsa da, təəssüf ki, bu sözləri indiki Azərbaycan müəllimlərinə aid etmək
mümkün deyil. Bu halın səbəbləri isə ayrıca söhbətin mövzusudur)
2.
Yaponlar. İkinci Dünya Müharibəsində məğlub olandan sonra Yaponiya dərin
böhran içərisində idi, milli natamamlıq kompleksi geniş yayılmışdı. Bu hal 50-ci
illərin əvvəlinə kimi davam etdi. Yaponiyanın sonrakı iqtisadi uğurları tədricən
natamamlıq kompleksini azaldıb heçə endirdi. Əldə olan məlumata görə, MNK-dan
azad olmaq üçün atılan ilk addım indi dünya şöhrətli, o vaxtlarsa öz ölkəsində
də aztanınan recissor olan Akiro Kurosavanın çəkdiyi «Rasömon» filminin 1950-ci
ildə Kann kinofestivalında «Qran-pri» mükafatını alması oldu. O illərdə
«Qran-pri» mükafatı Amerikanın Oskar kinomükafatından daha nüfuzlu hesab
olunurdu. Bu fakt indi bizə qəribə gələ bilər. Yaponlar kimi ulu bir millət
kiçicik bir uğuru ilə – yapon filminin mükafat alması ilə öyünür və bu mükafatı
özünəinamsızlıq, gözüqıpıqlıq xəstəliyindən qurtulmaq yolunda mərhələ hesab
edir.
3. İtalyanlar. Məşhur aktyor Nino Manfredi «Çörək və
şokolad» filmində isveçrəli müsahibinə deyir: «Siz isveçrəlilər, biz
italyanlardan yaxşı millətsiniz. Roma papasının qvardiyası əbəs yerə
isveçrəlilərdən təşkil olunmayıb ki!..». Nino Manfredinin oynadığı millətini pis
hesab edən qəhrəman milli mənsubiyyətindən elə usanır ki, cildini dəyişib
isveçrəli olmaq qərarına gəlir…
Yeri gəlmişkən. Bu filmin Ayaz Salayevin zəruri şərhləri ilə
Azərbaycan televiziyasının «Retro» verilişində göstərilməsi milli natamamlıq
kompleksini aradan qaldırmaq üçün çox faydalı olar.
4. Şotlandlar.
Orta əsrlərdən ingilislərin əsarəti altına düşmüş və indiyəcən qurtarmamış,
dövlətini, dilini itirən şotlandlarda milli natamamlıq kompleksi güclüdür. Belə
bir fakt: İspaniyada keçirilən beynəlxalq futbol yarışlarında Şotland yığma
komandası ingilisləri məğlub edir. Şotland azarkeşləri qələbədən vəcdə gəlib,
əski milli bayraqlarla futbol meydançasına yüyürürlər və «Məgər biz millət
deyilik?!» bağırırlar. Millət olduğuna şübhə etməyən millətin nə özünü bu sayaq
təsdiq etməyə, nə də bu sualı verməyə ehtiyacı yoxdur. Şotland natamamlıq
kompleksinin təzahürü və yaranma səbəblərinin bir qismi bu sətirlərin
müəllifinin «Besstrastnaya ulıbka Klio» yazısında göstərilmişdir.
5. İngilislər.
Folklend (Malvin) adaları üstündə hərbi toqquşmada Argentinaya qalib gələndən
sonra ingilislərin ovqatını təsvir edən mətbuat yazırdı: «Folklend
konfliktindəki qələbə, əhəmiyyətinə görə İngiltərənn İkinci Dünya
Müharibəsindəki qələbəsindən sonra ikinci yerdə (?!) durur. Bu qələbə
ingilislərin son dövrdə zəifləyən özünə inamını möhkəmlətdi». Başda Hindistan
olmaqla bir çox ingilis müstəmləkələrinin İngiltərədən məhz bu dövrdə qopduğunu
xatırlasaq, vəziyyət aydın olar…
6. Amerikalılar. Amerika mətbuatı yazırdı ki, İrak
üzərində qələbə Vyetnamdakı uğursuz müharibədən sonra amerikalılarda yaranmış
kiçik milli natamamlıq kopleksini (!) ləğv etməyə kömək etdi.
Bəli, milli psixologiyanın öz qəribə sirrləri, dolanbacları var.
Hətta qılıncının qabağı da, dalı da kəsən amerikalılara da, ingilislərə də MNK
ovqatı yoluxur və onu aradan qaldırmaq, özünə inamı qaytarmaq lazım gəlir.
MNK-nın aradan qaldırılması
Bu, hər hansı adi, məişət natamamlıq kompleksinin aradan
qaldırılmasındakı kimi, NK-nın varlığının, mövcud olmasının bu kompleksi daşıyan
adama çatdırılmasından, anladılmasından ibarətdir. Müalicənin birinci mərhələsi
düzgün aparılıbsa, ikinci mərhələdən sonra özünüsağaltma prosesi başlayır,
natamamlıq ovqatı öz-özünə keçib gedir. Doğrudan da, tərifində verdiyimiz kimi,
natamamlıq kompleksi şüurun strukturunu və yönünü şərtləndirən dərkolunmaz
qurumdur. İnsana, onun şüuruna, psixologiyasına, davranışına hakim kəsilən
dərkolunmaz bir qurumun varlığını dərk etmək – onun təsirindən çox dərəcədə azad
olmaq deməkdir. Əlbəttə, NK-dan tam azad olmaq üçün vaxt lazımdır.
Məsələn, «İlan vuran ala çatıdan qorxar» atalar sözüylə təsvir
edilən «ilan kompleksi» olan adamın diqqətini bu kompleksin təzahürünə
yönəldəndə. izah edəndə ki. sən ilandan yox, ala çatıdan qorxursan, ala çatıdan
qorxmağın mənası yoxdur, bu qorxu əsassızdır, gülüncdür, nəticədə qorxu
yavaş-yavaş azalmağa başlayır. Söz yox ki, o adamı yenidən ilan çalmasa. Təkrar
edirəm, natamamlıq kompleksinin aradan qaldırılmasının, bir növ müalicənin
birinci mərhələsi – kompleksi doğuran qıcıqlandırıcı amilin aradan
qaldırılmasıdır.
Başqa misal: «Ağzı o qədər yanıb ki, suyu üfürə-üfürə içir»
məsəliylə təsvir edilən «qaynar su» kompleksli olan adamın diqqətini onun
kompleksinə cəlb etsək, yəni soyuq suyu üfürə-üfürə içməyin mənasızlığını,
məntiqsizliyini, gülünclüyünü ona anlatsaq, həmin adam isti su qorxusundan,
inamsızlıqdan tədricən yaxa qurtaracaq.
Milli natamamlıq kompleksi bir qədər başqa səpgili olsa da, onun
aradan qaldırılması təxminən natamamlıq kompleksi müalicəsi istiqamətində
aparılmalıdır.
Aydındır ki, müharibənin uduzulması, torpaqların itirilməsi hətta
milli natamamlıq kompleksi olmayan, sağlam təfəkkürlü millətdə belə natamamlıq
kompleksi yaradar, kompleks mövcud olduqda isə onu artırar və dərinləşdirər.
Bizim halda (Azərbaycan, XX1 əsr) MNK doğuran amillərdən bəziləri aradan qalxıb,
lakin başqa, ən güclü bir amil – itirilmiş Qarabağ amili meydana gəlib. Sosial
gərginlik – işsizlik, aşağı həyat səviyyəsi, korrupsiya və s. milli natamamlıq
kompleksini artıran amillərdəndir. Səbəblər müxtəlif ola bilər, nəticə isə
birdir – millətin böyük bir qismi milli natamamlıq kompleksin daşıyıcısıdır və
bundan əziyyət çəkir. Deməli, natamamlıq kompleksindən qurtulmaq üçün Qarabağı
geri almalıyıq, Qarabağı geri almaq üçün isə milli natamamlıq kompleksindən
qurtulmalıyıq. Qapalı və sehrli bu çərxi-fələyi necə yarıb çıxmalı? Əziz oxucum,
əziz bacım, qardaşım! Başqa millətlər belə böhranlardan çıxış yolu tapa
biliblər, biz də taparıq. Hər halda, bizdə kompleks yaradan ən əsas səbəb –
Rusiya əsarəti, kommunist rejim və ideologiyasından qurtulmuşuq, öz milli
dövlətimizi qura bilmişik. Gəlin birlikdə düşünək.
|