|
Новая страница 1
Əhməd Qəşəmoğlu
Qarabağ
probleminin
həllinə
sistemli
yanaşma zərurəti
Sistemli düşüncə tərzi indiki dövrün ən zəruri tələbidir. Sürətlə gedən
qloballaşma prosesində Yer üzünün özü bir qlobal idarə olunan sistemə
çevrilməkdədir. Belə bir tarixi şəraitdə Yer üzündəki proseslərin hər biri
yalnız sistemli yanaşma prinsipləri ilə daha uğurla araşdırıla, problemlər
sistemli araşdırma yolu ilə daha tez həll edilə bilər.
Müasir elm təsdiq edir ki, istənilən bir proses, problem, hadisə müəyyən bir
sistem kimi götürülüb təhlil edilə bilər. Həyatda mövcud olan hər bir şey
müəyyən amillərin qarşılıqlı əlaqələrinin təzahürüdür. Təbii ki, Qarabağ
problemi (qısa olaraq QP – kimi işarə edək) də istisna deyildir.
Təqdim olunan mövzunun kontekstində sistem dedikdə
bir neçə
amilin konkret bir funksiyanı yerinə yetirmək üçün qarşılıqlı əlaqədəki
fəaliyyət mexanizmi
nəzərdə tutulur. İndilikdə movcud olan sistem nəzəriyyəsi, sistemli təhlil,
sistemli yanaşma metodları belə bir mexanizmi dərindən təhlil edib, həmin
sistemlərin xarakterizə etdikləri problemlərin daha uğurlu həlli yollarını
göstərmək imkanlarına malikdir.
Qarabağ problemi bir sistemdir. Müəyyən bir münaqişəni əks etdirən sistem. Bu
münaqişənin həll edilməsi – həmin sistemin ləğv olunması üçün bu sistemə xas
olan bir neçə parametrlər aydın təsəvvür olunub təhlil olunmalıdır:
Ən
əvvəl bu sistemin konkret olaraq yaranma səbəbləri aydın təsəvvür edilməlidir;
QP
sisteminin funksiyasının nədən ibarət olduğu və onun hansı konkret struktura
malik olduğu müəyyənləşməlidir;
Bu
sistem üçün mühit sayılan, bu sistemin
fəaliyyətinə yardımçı olan sistemlər aydın müəyyənləşməlidir;
QP
sisteminin fəaliyyəti üçün enerci mənbəyi sayılan amillər müəyyənləşməlidir.
Bu
enercinin xarakteri və QP sisteminin tamlıq, möhkəmlik dərəcəsi, gücü
müəyyənləşməlidir;
Bu
sistemin strukturlarının qarşılıqlı əlaqə prinsipi və həmin strukturların
tərkibi, yəni sistem üçün mühüm olan bütün amillər müəyyənləşməlidir.
Strukturlaşmanın prinsipləri müəyyənləşməlidir;
Bu
problemin həlli, yəni QP sisteminin funksiyasının dayandırılması imkanları və
yolları müəyyənləşməlidir və s.
Ümumiyyətlə, sistemli təhlil üçün vacib olan bütün informasiyalar əldə
edilməlidir.
Eyni zamanda, QP sisteminin Azərbaycan üçün mövcud variantı - QP_Az, Ermənistan
üçün mövcud variantı – QP_Ar, Beynəlxalq təşkilatlar üçün variantı – QP_BT və
bir sıra xarici qüvvələr üçün mövcud variantlar barədə bilgi əldə edilməlidir.
Qarabağ probleminin həllində maraqlı olanlar məhz bu sistemləri müqayisədə daha
müfəssəl nəticəyə gələ bilərlər.
Problemin həlli ilk əvvəl qarşıya qoyulmuş məqsədin konkretləşməsindən
başlamalıdır. Bu məqsəd müəyyənləşməmiş olanda araşdırmanın qarşısında duran
vəzifələr, idarəetmənin konkret hədəfi və istiqamətləri də aydınlaşa bilməz. Təəssüflə qeyd etmək lazımdır ki, bu günə qədər Qarabağ problemi ilə məşğul
olanların heç biri bizə bu problemin tezliklə həll olunacağını
dedikdə konkret olaraq nəyi nəzərdə tutduqlarını aydın deməyiblər. Hamı deyir
ki, problem həll olunmalıdır. Lakin necə? Azərbaycan xalqı həll dedikdə bir şey
nəzərdə tutur, siyasətçilər bir şey, beynəlxalq təşkilatlar başqa bir şey,
ermənilərsə tamamilə başqa bir şey, problemə maraqlı olan müəyyən qüvvələrsə
ayrı bir şey. Hər bir xarici dövlət Qarabağ probleminin həllinə maraqlı
olduqlarını dedikdə, bu marağın içərisində ən əvvəl öz ölkələrinin marağını
nəzərdə tutur. Bizim siyasətçilər arasında Qarabağ probleminin həllində qarşıya
qoyulan məqsəd dedikdə isə ən yaxşı halda – «ərazi bütövlüyümüzün qorunması»
prinsipi irəli sürülür. Lakin gəlin baxaq görək, bu Qarabağ problemi təkcə
«ərazi bütövlüyümüzün qorunması» ilə bitirmi? Hətta bu gün biz ərazi
bütövlüyümüzün qorunmasına nail olsaq belə, bundan sonra Qarabağ münaqişəsinin
saysız-hesabsız problemləri ilə qarşı-qarşıya duracağıq. Əgər biz ərazi
bütövlüyümüzü bu gün bərpa etsək, sabah nə edəcəyimizi aydın təsəvvür edirikmi?
Biz o sabahkı işlərimiz üçün zəmin yaratmaq üçün nə edirik? Elmi təhlillər
aparmadan bu sahədə kim müəyyən effektli bir proqram hazırlaya bilər? Tibb
elmində belə bir vəziyyət var - xəstəliyin müalicə olunması əvəzinə, onu bədənin
bir yerindən başqa yerinə qovmaq. Biz bu gün Qarabağ probleminin həlli sahəsində
elə özüllər yaratmağa borcluyuq ki, bu özüllər gələcəkdə problemin daha eybəcər
fəsadlar verməsinin qarşısını alsın. Bu sahədə hansı işlərin görülməsini müəyyən
etməkdə sistemli yanaşma metodlarından daha effektli heç bir vasitə yoxdur.
Əvvəla,
Qarabağ probleminin yaranma səbəbləri ilə bağlı suallar üzərində dayanaq. Son
on altı ildə baş verənlər Qarabağ probleminin yaranmasının səbəblərini bir daha
dəqiqləşdirməyə imkan verir. Siyasətdən xəbəri olan hər bir kəsə aydındır ki, bu
səbəblər təkcə Dağlıq Qarabağ erməniləri liderlərinin, Ermənistan
siyasətçilərinin, beynəlxalq təşkilat nümayəndələrinin dediklərindən ibarət
deyildir. Bu münaqişənin yaranma səbəbləri dəqiq aydınlaşdırılmalıdır.
Aydındır ki, bu səbəblər içərisində aşağıdakı kimi amillər də vardır: «Dünyadakı
bir sıra xalqların, xüsusi ilə Avropa ölkələrinin Türkçülüyə münasibətindəki xof
meyli», «Qərbin və bir sıra başqa ölkələrin islam dünyasına olan münasibəti»,
«Bu münaqişədə müəyyən beynəlxalq təşkilatların marağı», «Beynəlxalq ictimai
fikir», «Bu münaqişədə qonşu dövlətlərin hər birinin ayrılıqda marağı»,
«Ermənistan dövlətinin marağı», «Dağlıq Qarabağ ermənilərinin marağı»,
«Azərbaycan tərəfindən atılan müəyyən addımlar» və s. və i.a. Bu amilləri yekun
olaraq ekspertlər müəyyənləşdirə bilərlər. Bütün bu amillər bir-biri ilə
qarşılıqlı əlaqədə müəyyən bir sistem şəklində QP-nin yaranmasına səbəb olmuş,
indi də onun enerci mənbəyi rolunu oynamaqdadırlar. İndi görək bu sadalanan və
sadalanmayan gizli və aşkar amillərin zəifləməsi, aradan çıxması – ümumilikdə
QP sisteminin ləğvi üçün hansı istiqamətdə hansı işlər gedir? Bu amillərin hər
biri barədə danışdıqda hökmən sistemli təhlil əsasında danışmaq lazımdır. Yoxsa
əksər hallarda, həm biz, həm də qarşı tərəflər bu amilləri birtərəfli izah
edirlər: məsələn, ermənilər «türkçülüyü» faşizmdən də qorxunc bir şey kimi, biz
isə dünyada ən ədalətli, yüksək mədəniyyət nümunəsi kimi təqdim eləməyə üstünlük
veririk. Sistemli təhlilsə bizim özümüzə də olan potensialımızı indiki şəraitdə
hansı şəkildə təqdim edəcəyimizin daha uğurlu olacağını müəyyənləşdirməkdə kömək
edər. O zaman biz «İyirminci əsr türkün əsridir!», «Türkün türkdən başqa dostu
yoxdur!» çağırışlarının nə qədər yerli-yerində olduğunu aydınlaşdıra bilərik.
Ən əvvəl
sistemli yanaşma prinsipi zəruri hesab edir ki, bu amillərin özü bir sistem kimi
araşdırılsın. Əgər təhlilləri bu istiqamətdə aparsaq, o zaman hansı işlərin daha
əvvəl görülməsi zərurəti aydın ola bilər.
Biz isə
dərin təhlillər aparmadan məsələni orta əsrlərə məxsus «qəhrəmanlıq» ladında
həll etməyə çalışırıq. Qarabağ problemini həll etməkdə indi bizim ən gözəçarpan
tədbirlərimiz aşağıdakılardır:
1)
Ermənistanı Cənubi Qafqazda Azərbaycanın iştirakı ilə olan iqtisadi layihələrə
yaxın buraxmamaq; 2) Türkiyənin Ermənistanla qarşılıqlı əlaqələr qurmaması; 3)
Erməniləri qatil, təcavüzkar elan edərək onlarla bir stol arxasında oturmamaq;
4) Ermənilərin Azərbaycana gəlişini bir sensasiyaya çevirmək və b.k. başqa
tədbirlər. Sistemli təhlil bu amillərin, əsasən, yarımçıq uğurlar əldə etməsinə
kömək edə biləcəyini, ümumilikdə problemin həllinə kömək edə bilməyəcəyini
göstərir. Misal üçün, bu gün bizimlə ermənilər arasındakı dialoq məsələsi
müzakirə olunan məsələlərdən biridir. Məlum olduğu kimi, siyasətsçilərimiz,
əhalinin böyük əksəriyyəti dialoqun tərəfdarı deyil. Lakin bunun nə dərəcədə
işin xeyrinə olduğunu kəsinliklə demək mümkün deyil. Bu da sistemli təhlil
olunmalıdır. Məsələn, mən bir hipotez olaraq deyirəm ki, əgər biz öz
cəmiyyətimizdən 20-30 intellektli, milli təəssüblü, hadisələri dərindən bilən,
nüfuzlu adam seçib hazırlasaydıq və bu dialoqu onlara tapşırsaydıq, QP-nin həlli
istiqamətində daha ciddi addımlar ata bilərdik. Yoxsa indi oturub gözləyirik ki,
hansısa beynəlxalq təşkilatlar bizim üçün məqbul təkliflər paketi
hazırlayacaqdır.
Əgər biz
bu gün dünyaya inteqrasiya prosesindəyiksə, bu səpkili problemlərimiz yalnız
dünyanın aparıcı dövlətlərinin köməyi ilə həll edilə bilərsə, bizim özümüzün bu
problemlərin həlli üçün atdığımız addımlar beynəlxalq, xarici qüvvələrin əmələ
gətirdiyi sistemin tələblərinə uyğun olmalıdır. Yalnız «qəhrəmanlıq», təzyiq
metodları sistemlilik prinsipindən uzaq olan birtərəfli metodlardır.
Yuxarıdı
deyildiyi kimi, sistemli yanaşma metodu isə konkret olaraq tələb edir ki,
Qarabağ probleminin həlli dedikdə konkret olaraq hansı məqsədin
nəzərdə tututlduğu tamamilə aydın şəkildə ifadə edilsin. Bu problemin həlli ilə
məşğul olan qüvvələr çox olduqca və onların məqsədləri arasında fərqlər də çox
olduqca, problemin həlli də bir o qədər çətinləşmiş olacaq.
Bizim
Azərbaycan tərəfi olaraq problemin həlli üçün həm uzun, orta müddətli, həm də
cari məqsədlərimiz müəyyənləşməlidir.
Qarabağ
probleminin həlli məsələsində uzunmüddətli məqsəd təbii ki, ədalətin bərpa
olunması, ərazi bütövlüyümüzün lazımi şəkildə qorunması, Azərbaycanın ən gözəl
guşələrindən biri, musiqiçilər məkanı olan Qarabağın respublikamıza harmonik
şəkildə inteqrasiya olunmasıdır. Bunun üçün orta müddətli məqsədimiz ilk növbədə
problemə təsiri olan qüvvələrin məqsədlərinin bir-birinə yaxınlaşmasından, bu
məqsədlərin razılaşdırılmasından başlamalıdır. Biz diqqəti məqsədləri bizim
məqsədlərdən fərqli olanları inandırmağa, öz məqsədləri yolunda korrektələr
etmək yolunda fəaliyyət göstərməliyik. Buna sistemli yanaşmada «məqsədlərin
razılaşdırılması» deyilir. Həm də bu inandırma təkcə təbliğat, lobbiçilik kimi
işlərlə yerinə yetirilə bilməz. Eyni zamanda ciddi əməli işlər görülməlidir.
Bizim bu fəaliyyətlə bağlı bir fəaliyyət proqramımız olmalıdır. Doğrudur, deyilə
bilər ki, bu sahədə dövlət, prezident səviyyəsində fəaliyyət göstərilir. Lakin
sistemli yanaşma prinsipi ilə təhlil etsək, bu fəaliyyətin kifayət olmadığı
aydın olar. Bu fəaliyyət də sistemli şəkildə göstərilməlidir. Bizim Qarabağ
problemi ilə məşğul olacaq fəaliyyət sistemimizdə bir sıra komponentlər bir-biri
ilə qarşılıqlı əlaqədə –effektli, güclü bir sistem əmələ gətirərək fəaliyyət
göstərməlidir. Bu komponentlər əsasən aşağıdakılardır (rəqəmlər mühümlük
dərəcələrini göstərmir):
respublika prezidenti; 2) parlament; 3) güc strukturları; 4) siyasi partiyalar;
5) elmi araşdırma mərkəzləri; 6) müxtəlif hökumət strukturları; 7) QHT–lər,
ictimai təşkilatlar; 8) müxtəlif maddi imkanlı şəxslər; 9) əhali arasında böyük
nüfuza malik ziyalılar; 10) elm adamları; 11) incəsənət xadimləri; 12) əhalinin
müxtəlif təbəqələri; 13) KİV; 14) lobbi; 15) Türkiyə; 16) müsəlman ölkələri və
s.
Bu
komponentlərin sayını və məzmununu müəyyənləşdirmək yenə də ekspertlərin
işidir.
Bu
amilləri əlaqələndirib güclü bir sistem halına gətirmək Qarabağ probleminin
həlli sahəsində ən vacib məsələlərdən biridir.
|