|
Новая страница 1
Fərid Ələkbərov
Qədim
və orta əsrlər zamanı Qarabağda tibb elminin inkişafına dair
Qarabağ Azərbaycanın qədim guşələrindən biridir. Bu torpaq bəşəriyyətə dünya
şöhrətli alim, rəssam və müğənnilər bəxş etmişdir. Qarabağda ən qədim
zamanlardan bəri Azərbaycan türk mədəni mühitinin mövcudluğu bu torpağın
Azərbaycana mənsub olmasını bir daha sübut edir. Ona görə də orta əsr
Azərbaycanında Qarabağ alimlərinin irsinin araşdırılması olduqca böyuk əhəmiyyət
kəsb edir.
Ortə
əsrlər zamanı Qarabağ Azərbaycanın mədəniyyət mərkəzlərindən biri idi. Qarabağ
torpağı bilik sahələlərinin nümayəndələri ilə yanaşı, başqa bir çox tanınmış
təbib də yetişdirmişdi. Bu həkimlərin arasında məşhur alimlər də az olmamışdı.
Onların əsərləri dünyanın bir çox əlyazma xəzinələrində, kitabxanalarında, o
cümlədən AMEA-nın Əlyazmalar İnstitutunda mühafizə olunur. Tarixi mənbələrə
əsəsən söyləmək olar ki, orta əsrlərdə Qarabağda sürətlə inkişaf edən müxtəlif
elmlər arasında tibb elmi özünəməxsus yer tuturdu. Farmakologiya, terapiya,
cərrahiyyə və tibb elminin sair qollarına aid türk, ərəb və fars dilində əsərlər
yaranırdı. Bu barədə olan elmi mənbələr əsasən XI-XVIII əsrlərə aiddir, lakin
tibb elminin kökü daha uzaq keçmişə bağlıdır.
Bildiyimiz kimi, eramızdan əvvəl IV əsrdən başlayaraq indiki Qarabağ torpağı
müstəqil Qafqaz Albaniyası dövlətinin bir parçası olmuşdur. Bu torpaq özünün
zəngin təbiəti və şəfalı bitkiləri ilə fərqlənirdi. Dağlıq Qarabağda
toplanan dərman bitkiləri bir çox başqa ölkələrə ixrac olunurdu. Qarabağın
səfalı dağlarından toplanmış çiçək və otlara qədim Babilistan, Roma, Yunanıstan
və hətta Misir əczaxanalarında rast gəlmək olurdu. Onların arasında dazı, andız,
çobanyastığı otları və məşhur xarı bülbül çiçəyi varmış. Misir xəstəxanalarının
birində çalışan qədim yunan alimi Erazistrat (e.ə. IV əsr) qədim Azərbaycan
tibbinin irsini öyrənmək üçün Midiyanın paytaxtı Haqmadan (müasir Həmədən)
şəhərinə gəlmiş və burada Qarabağdan gətirilmiş dərman bitkilərinin nümunələrini
əldə edib Misirə aparmışdı.
E.ə.
I əsrdə Romanın Qafqaz Albaniyası ilə müharibəyə girməsi də məhz Qarabağın
zəngin təbii sərvətlərinə yiyələnmək məqsədini güdürdü. Lakin, Romalılar Alban
dövləti üzərində qələbə çala bilmədiklərinə görə onunla sülh müqaviləsi
imzalamağa üstünlük verdi. Bu sülh müqaviləsində dərman bitkilərinin alış-verişi
haqqında da bənd varmış.
Məşhur tarixçi Strabonun məlumat verir ki, görə Roma imperiyası ilə Albaniya
arasında bağlanan müqaviləyə görə, Albaniya ölkəsindən yığılan bitkilərdən
dərmanlar hazırlanmalı və kiçik şüşə qablara doldurularaq Romaya verilməli idi.
Beləliklə, hələ yeni eranın əvvəlində həmvətənlərimiz Qarabağda yetişən dərman
bitkilərini tibbi məqsədlərlə istifadə edirdilər.
Birinci əsrdə yaşamış məşhur Roma alimi Qalen Qafqaz Albaniyasınıdan gətirilmiş
otlardan müxtəlif məcunlar, həblər və başqa müalicə vasitələri hazırlayırdı.
Beləliklə, Qarabağın tibbi irsi Romada tibb və əczaçılıq elmlərinin inkişafına
təsir göstərmişdi.
Qarabağda tibb elmi sonrakı əsrlərdə daha da inkişaf etmişdi. VII əsr Alban
tarixçisi Musa Qağankatlı özünün «Alban tarixi» kitabında yazır ki, tibb elmində
kamilliyə çatan insanlar bu ölkədə xüsusi hörmət sahibləri olmuşdular. O zaman
Qarabağda xüsusi əczaxanalar varmış. Orada həm yerli dərman bitkiləri, həm də
dünyanın müxtəlif ölkələrindən gətirilmiş dərman bitkiləri satılardı. Peşəkar
həkimlər «türkəçarə» adı ilə şöhrət tapmış türk xalq təbabətindən də
bəhrələnirdilər.
Türkəçarə müalicəsinin təsvirinə erkən orta əsrlər zamanı Azərbaycanda, əsasən,
Aran Qarabağ torpağında formalaşmış «Kitabi-Dədə Qorqud» dastanında da rast
gəlmək olar. Bu əsərdə dağ çiçəyindən məlhəm hazırlanması və onunla igidin
yarasının müalicə olunması səhnəsi vardır. Dastana əsasən, qırx incə qız dağlara
qalxıb şəfalı çiçəklər topladılar. Sonra o çiçəkləri ana südü ilə qatıb məlhəm
hazırladılar və həmin məlhəmi yaralı oğlanın yarasına çəkib onu həkimlərə
tapşırdılar.
Bəlli olduğu kimi, IX-X əsrlərdən başlayaraq Albaniya, o cümlədən də Aran
(Arran, ər-Ran) vilayəti tərkibində olan Qarabağ ərazisi mədəni və iqtisadi
inkişafın coşqun dövrünü yaşayırdı. Azərbaycanın vahid siyasi mexanizmi,
ümumdövlət dili və dini böyük bir dövlətin – xilafətin tərkibinə daxil edilməsi
vilayətin beynəlxalq, mədəni və təsərrüfat mübadiləsində fəal inkişafına təkan
verdi.
Təbiidir ki, iqtisadi tərəqqi, geniş ticarət və digər əlaqələri regionun mədəni,
elmi səviyyəsində əks olunmaya bilməzdi. Azərbaycanın Şərq aləminə xeyli alim,
ədəbiyyatşünas, şair bəxş etmiş Bərdə və Beyləqan kimi iri şəhərlərinin
çiçəklənməsi də həmin dövrə təsadüf edir. Mücirəddin Beyləqani, Nəciməddin
Beyləqani, Məhyəddin Qarabaği, Yusif Qarabaği və başqaları bu dövrün görkəmli
mütəffəkirləridir. Bu dövrdə Bərdəyi, Beyləqani təxəllüslü elm və mədəniyyət
xadimlərinin adlarına təkcə Azərbaycanda deyil, onun hüdudlarından çox-çox
uzaqlarda da rast gəlmək mümkün idi.
Vətənimizdən uzaqlarda yaşayıb-yaratmış görkəmli Azərbaycan alimlərindən biri
də XVI əsrin tanınmış filosofu, təbiətşünası, həkim Yusif Qarabağidir (1591-ci
ildə vəfat etmişdir). Gənc ikən o, Qarabağı tərk etmişdi və Şərqin başqa
ölkələrində çalışmışdı. Yusif uzun müddət Orta Asiyanın Səmərqənd şəhərində
yaşamış və öz biliyi və bacarığına görə «Böyük axund» adını qazanmışdı. Dövrünün
böyük filosofu olan Yusif Qarabağinin əsərləri indi Daşkənddəki, Əlyazmalar
Fondunda saxlanılır. Alim tibb sahəsində də geniş biliyə malik idi. O, İbn
Sinanın «Xəstəliklərdən qorunma» adlı tibbi əsərinə şərh və haşiyə yazmışdır.
Bundan başqa, özünün «Həft behişt» adlı əsərində Y.Qarabaği anatomiya,
fiziologiya, psixologiya və tibbin başqa sahələrindən çoxlu qiymətli məlumatlar
verir.
Qeyd
etmək lazımdır ki, Y. Qarabağinin elmi sistemi müəyyən qədər Aristotelin və onun
Şərqdəki ardıcıllarının – Əbu Əli İbn Sinanın, əl-Fərabinin, Bəhmənyar
əl-Azərbaycaninin, Nəsirəddin Tusinin elmi sistemi ilə uyğunluq təşkil edir. Onu
da qeyd edək ki, Y.Qarabağinin əsərləri göstərilən faktların miqdarı və
materialın ifadə metodikası baxımından o dövrün ən qiymətli elmi kitabları ilə
bir sırada durur, orta əsrlər Şərqində, eləcə də Azərbaycanda elmin ümumi
inkişaf səviyyəsini səciyyələndirir. Təsadüfi deyil ki, «Böyük axund»un
əsərlərindən XX əsrin əvvəllərinə qədər Orta Asiya mədrəsələrində dərslik kimi
istifadə olunmuşdur.
Qarabağın bir çox şəhərləri, əvvəllər Bərdə, sonralar isə Şuşa iri mədəniyyət
mərkəzləri kimi şöhrət tapmışdı. Həmin şəhərlərdə o dövrün müxtəlif elmi
kitabları ilə yanaşı, tibbi əsərlər də yaranır və onların üzü köçürülürdü.
Qarabağ katiblərinin bir hissəsi Orta və Yaxın Şərqin bir sıra böyük mədəni
mərkəzlərində işləyirdi. Bununla bağlı məşhur Şuşalı həkim, əvvəllər İsfahan
xanının, sonra isə Xurşud Banu Natəvanın şəxsi təbibi olmuş Məhəmmədqulu Həsən
Qulu oğlu Qayıbzadə Qarabağinin adını çəkmək yerinə düşərdi. Mahir həkim olmaqla
yanaşı Məhəmmədqulu həm də gözəl xəttat idi. Onun köçürdüyü bir sıra tibbi
əsərlər indi Əlyazmalar İnstitutunda saxlanılır.
İbn
Sinanın «Tibb Qanunları» əsərinin Mənəmmədqulu Qarabaği tərəfindən hicri
1247-1268-ci illərdə üzü köçürülmüş nəfis nüsxələri dövrümüzə qədər gəlib
çatmışdır. Azərbaycanın görkəmli tibb alimi Mirzə Məhəmməd Hüseyn Əfşarın
cərrahiyyəyə həsr olunmuş «Risaleyi-cərrahi» və Seyid Məhəmməd Hüseyninin
əczaçılıqdan bəhs edən «Məhzən ələdviyyə» əsərlərinin əlyazmaları ona məxsusdur.
Göstərilmiş faktlar qədim və orta əsrlər zamanı Qarabağda tibb elminin yüksək
inkişak etdiyini sübut edir. Qarabağın məşhur təbibləri milliyətcə Azərbaybaycan
türkləri olmuşdur və bu da Qarabağ torpağının tarixən Azərbaycana məxsus
olmasını sübut edən daha bir dəlildir.
|