|
Новая страница 1
Fəzail İbrahimli
Qarabağ üsyanı tariximizin şərəfli səhifəsidir
1920-ci il aprelin 27-də XI Ordu tərəfindən Azərbaycanın işğalı ilə xalqımızın
tarixində yeni bir dövr başlandı. Bu dövr sovet tarixşünaslığında tamamilə
təhrif olunmuş formada tədqiq edilsə də, əsl həqiqət bundan ibarət idi ki, milli
müstəqilliyimizə son qoyuldu. Azərbaycanın ərazi bütövlüyünə qəsd edildi,
respublikanın simasızlaşdırılması xətti həyata keçirildi.
İşğalın ilk günündən xalqa müraciət edən Azərbaycan Kommunitet Partiyasının
Mərkəzi Komitəsi müqavimət göstərənlərə qarşı terror tətbiq edəcəyini bəyan
etdi.
Lakin ilk günündə nə xalq, nə də Milli Ordu tərəfindən XI Orduya qarşı elə ciddi
müqavimət göstərilmədi ki, bu da aşağıdakı səbəblərlə bağlı idi:
Birincisi, hadisələrin mahiyyətni dərk edən və işğalçı qoşunlara qarşı çıxmağa
qadir olan qüvvələr başa düşürdülər ki, yaranmış qüvvələr nisbətində müqavimət
mənasızdır və saysız qurbanlarla nəticələnə bilər;
İkincisi, 1918-ci ilin mart günlərinin dəhşətlərini yaşayanlar yenidən
bolşeviklərin hakimiyyətə gəlməsindən vahilmələnərək, bağlara, meşələrə çəkilib
bu işin hansı sonluqla qurtaracağını gözləyirdilər;
Üçüncüsü, Azərbaycanın şəhər və qəzalarında yaşayan qeyri-azərbaycanlılar XI
Ordunun gəlişini rəğbətlə qarşılayır və bolşevik hakimiyytini özlərinin qanuni
hakimiyyəti kimi qəbul edirdilər.
Bolşeviklər tərəfindən əvvəlcədən hazırlanmış ssenari məhz belə bir
mənəvi-psixoloji şəraitdə çox rahatlığa həyata keçirilirdi.
Mayın əvvəllərində XI Ordu hissələri Yevlax tərəfdən Qarabağa daxil oldu. Özünü
Qarabağ İnqilab Komitəsinin sədri elan etmiş Qarabağ general-qubernatoru Xosrov
bəy Sultanov hakimiyyətdən kənarlaşdırıldı və bununla da Qarabağın qara günləri
başlandı.
Tarixən heç bir işğalçı tərəfindən müqavimət qırılmayan Azərbaycan xalqı XI Ordu
qarşısında da mütilik göstərmədi. XI Ordunun gəlişini sükutla qarşılayan
Azərbaycan xalqının təmkini uzun çəkmədi. Tərəddüd edənlər, ümid gözləyənlər
mübarizə aparmağın mənasız olduğunu guman edənlər, qeyri-leqal fəaliyyətə keçən
siyasi partiya üzvləri və Milli Ordu əsgərləri qısa müddətdə başa düşdülər ki,
sakit dayanmağın heç bir mənası yoxdur. XI Ordunun özbaşınalığı, qarətçilik,
kütləvi güllələnmə xalqın qəzəbinə səbəb oldu. Respublikaının ayrı-ayrı
bölgələrində üsyanlar baş verdi.
Belə
bölgələrdən biri də Qarabağ idi.
Məlumdur ki, işğaldan sonra Milli Ordu hissələrinin sıxışdırılmasına başlandı.
Milli hissələrə inamsızlıq bolşevik siyasətində aparıcı yer tuturdu. Müsəlman
yaxşı kommunitet ola bilər, lakin ona inanmaq olmaz, çünki onun qəlbində müsavat
istəyi yaşayar, «əxlaq» isə yeni siyasi hakimiyyətin apardığı siyasətdə aparıcı
xətt idi.
Məhz
bütün bunlar xalqın nifrətinə səbəb olur, XI Ordu ilə Milli Ordu arasında
ziddiyyətləri kəskinləşdirdi.
Milli Ordu ilə XI Ordu arasında yaranmış qarşıdurma mayın ortalarında Tərtərdə
üsyan dalğası yaratdı və bu dalğa bütün Qarabağa yayıldı.
Qarabağın müxtəlif yerlərində yerləşən Azərbaycan ordusunun, Tərtər, Cavanşir,
Ağdam süvari və Bakı piyada alayı və iki topçu diviziya xalqın mənafeyini
müdafiə edir, XI Ordunun bu yerlərində törətdikləri cinayətə göz yummurdular.
Qarabağda vəziyyəti gərginləşdirən digər amil erməni daşnaklarının hərəkətləri
idi. Bu qüvvələr XI Ordu zabitləri ilə «dil tapır» ictimai-siyasi
hərc-mərclikdən istifadə edib öz mənfur niyyətlərini həyata keçirirdilər. Siyasi
hakimiyyətin dayağı sayılan XI Ordu hissələri erməni özbaşınalığına biganə
qalırdılar. Odur ki, xalq nə XI Orduya, nə də bolşevik hakimiyyətinə inanmır,
bütün ümidini Milli Orduya bağlayırdılar.
XI
Ordu hissələrinin yerli əhaliyə qarşı laqeyd, yaxud düşmən münasibəti təsadüfü
deyildi. Daima Moskvada gedən siyasi prosesləri özlərinin siyasi xətti kimi
qəbul edən erməni kommunitetləri çox yaxşı başa düşürdülər ki, XI Ordu
Azərbaycan hüdudlarında dayanmayacaq, növbəti hədəf Gürcüstan və Ermənistan
olacaq. Məhz siyasi şəraitdən istifadə edib Azərbaycandan torpaq qoparmaq, bunun
üçün isə ordu hissələrinə yarınmaq, azərbaycanlılara ruslar arasında nifaq
salmaq taktikası yeridən ermənilər bu sahədə müyyən uğurlar da qazandı. Hələ may
ayında Gəncə üsyanını yatırmaq adı altında XI Ordu hissələrində vuruşan
ermənilər 12 mindən artıq azərbaycanlını qətlə yetirdilər. Bu rəqəm bizə
tanışdır. 1918-ci ilin 31 mart tarixində Bakıda öldürülən türk-müsəlman
əhalisinin sayı elə 12 min idi.
Qarabağda yaşayan ermənilər öz mənhus niyyətlərinə Gəncə üsyanından sonra tam
nail olmuşdular. Artıq XI Ordu Gəncə üsyanından sonra azərbaycanlılara düşmən
münasibət bəsləyirdi. Bu düşmən münasibəti xalq açıq-aydın hiss edirdi.
Qarabağdan verilən məlumatların birində deyilirdi ki, vilayətin siyasi vəziyyəti
çox böhranlıdır. Hər tərəfdə qanunsuzluq hökm sürür, əhali səbəbsiz olaraq
incidilir, günahı olmayan insanlar həbs edilir, camaat hərbi hissələrdən çox
qorxur. Əhalinin narazılığının səbəbi isə hərbi hissələrdə erməni daşnaklarının
həddindən artıq çox olmasıdır. Digər bir məlumatda deyilirdi ki, altı aydan
artıq bir müddətdə Qarabağ və Zəngəzurda dayanan 28-ci atıcı diviziya öz
hərəkətləri ilə sübut edir ki, onlar nə texniki, nə də mənəvi cəhətdən bu
yerlərin təhlükəsizliyini təmin etmək iqtidarında deyil. Yerli camaat belə bir
qənaətə gəlmişdir ki, sərhəddin qorunmasını XI Orduya etibar etmək olmaz. Onun
üçün xalq silah tələb edirdi ki, sərzəd hissələrində özünümüdafiə dəstəsi
yaratsın.
Bölgədə azğınlıq edən dəstələrdən biri Tevon Stepanyansın quldur dəstəsi idi.
Azğınlaşmış bu erməni quldur dəstəsi Şuşa, Cəbrayıl, Zəngəzur qəzalarında, Bərdə
və Yevlax qayonlarında qarətçiliklə məşğul olur, hətta qadın və uşaqlara amansız
divan tuturdular. Məlumatda bildirilir ki, Ermənistan hökuməti tərəfindən
göstəriş və hərbi yardım alan Tevon Stepanyansın dəstəsi Qarabağda əsl
qəddarlıqla məşğuldur.
Qarabağda baş verən özbaşınalığa, milli qırğına, sərhəddəki vəziyyətə cöz
yummayan Milli Ordu hissələri artıq yeni hakimiyyətin «əl-qoluna dolaşan» qüvvə
kimi görünürdü. Odur ki, XI Ordu rəhbərliyi Milli Ordunu sıxışdırmaq
siyasətindən onu ləğv etmək siyasətinə keçdi. Milli Orduya qarşı XI Ordunun
hərbi əməliyyatı iyulun 10-da başladı. Milli Ordunun müqavimətini qıra bilməyən
XI Ordu hərbi təyyarələrdən istifadə etmək məcburiyyətində qaldı. Əməliyyat
zamanı Tərtər və onun ətraf kəndləri bombardıman edildi. Döyüş zamanı bir neçə
kənd xarabalığa çevrildi, minlərlə adam öz doğma yurdlarını tərk etməli oldu.
Qüvvəllər nisbətinin qeyri-bərabərliyi üsyanın taleyini XI Ordunun xeyrinə həll
etdi. İyulun 10-da Tərtər, 11-də Ağdam, 14-də Xankəndi və Şuşa XI Ordu
tərəfindən tam nəzarətə götürüldü. Beləliklə, Qarabağ üsyanı yatırıldı.
Azərbaycanın qəzalarında baş verən üsyanlar yatırılsa da, xalqın narazılığı
günü-gündən artırdı. Yerli əhali «rus adamından», hərbçilərdən qorxur, «görəsən,
bütün kommunistlər belədirmi?» - sualı meydana çıxır, «şeytanlar ərzaq
kommisarlarından yaxşıdır» - fikri formalaşdı. Bu isə özlüyündə narazılığın,
müqavimət hərəkatının yeni-yeni formalarını yaradırdı. Bolşeviklər isə başını
onların cızdığı səviyyədən yuxarı qaldıranların hər birinin ünvanına «bandit»
sözü yazılmış bolşevik möhürü vururdular. Beləliklə, banditizm ifadəsi bolşevik
siyasətində özünə qanuni status qazanırdı.
Məhz
20-ci illərdə bolşevik mətbuatında, sonra isə sovet tarixşünaslığında yaranmış
«banditizm» və ona qarşı mübarizə, ifadəsi belə yarandı.
|