|
Новая страница 1
Fikrət
Nəbiyev
Qarabağ
müasir dünyanın geopolttik maraqları kontekstində
Geopolitika hazırda beynəlxalq münasibətlər nəzəriyyəsinin ən başlıca
anlayışıdır. Geopolitika ərazi-məkan xüsusiyyətlərinin dövlətlərin və dövlətlər
birliyinin yerli, regional, kontinental və qlobal beynəlxalq proseslərin
vəziyyətinə təsirinin yerini və konkret tarixi formalarını səciyyələndirir.
Ziddiyyətli münaqişə ilə bağlı tarixi faktlara müraciət edək. 1920-ci il
noyabrın sonunda əhalisinin əksəriyyəti Azərbaycan türklərindən ibarət olan
keçmiş İrəvan xanlığı (sonralar İrəvan quberniyası adlandırıldı) ərazisində
Ermənistan Sovet respublikası yaradıldı. Bu ərazidə ta qədimdən başlayaraq
Azərbaycan türkləri yaşamışdır. 1826-cı ildə İrəvan xanlığının tərkibində olan
737 kənddən 674-ündə azərbaycanlılar, 25 kəndində azərbaycanlılar və ermənilər,
yalnız 38 kənddə ermənilər yaşayırdı. Bütün bu kəndlərdə 200-250 min nəfər
azərbaycanlı yaşayırdı ki, bu da əhalinin 78%-ni təşkil edirdi. Hətta 1905-ci
ildə İrəvan quberniyasının 624 kəndindən 341-də azərbaycanlılar, 37 kəndində
azərbaycanlılar və ermənilər (qarışıq halda) və 199 kənddə ermənilər yaşayırdı.
Erməni kəndlərini sayının artması İran və Türkiyədən ermənilərin buraya köçməsi
sayəsində olmuşdur. Göstərilən ərazidə erməni dövlətinin yaradılması Rusiya
çarizminin Qafqazda Türkiyəyə qarşı apardığı düşmənçilik siyasətini davamı idi.
Lenin özü də «Türkiyə Ermənistanı» ifadəsini tez-tez işlədirdi. Ermənistan Sovet
Respublikasını yaratmaqla isə Rusiya Sovet hökuməti özündən cənubda Rusiya ilə
müsəlman dövlətləri arasında xristianlar yaşayan bufer dövləti yaratmağa nail
oldu. Bundan əvvəlki 1918-1920-ci illərdə mövcud olan daşnak Ermənistan
Respublikası hökumətinin fəaliyyəti nəticəsində Ermənistanda azərbaycanlılar
yaşayan 208 kənd dağıdıldı və əhalisi qovuldu. Ermənistandakı azərbaycanlıların
öz doğma yurdlarından qovulması siyasəti sovet hakimiyyəti illərində də davam
etmişdir. Yalnız 1931-1988-ci illərdə azərbaycanlıların yaşadığı 61 kənddən,
azərbaycanlıların və ermənilərin birgə yaşadığı 104 kənddən bütün azərbaycanlı
əhali qovuldu. 1988-ci ilin sonunda isə qalan 72 azərbaycanlı kəndi zəbt edildi
və 1989-cu ilin sonuna ermənistanda
bircə nəfər də olsa azərbaycanlı qalmadı. Beləliklə, 90 illik Rusiya çarizmi
dövrü və 70 illik sovet hakimiyyəti dövründə azərbaycanlılar ata-baba əraziləri
olan irəvan xanlığından tamamilə
qovuldular. Hələ SSRİ dövründə Ermənistan SSR Ali Soveti Azərbaycanın tərkib
hissəsi olan Dağlıq Qarabağın Ermənistanın tərkibinə birləşdirilməsi barədə
qərar qəbul etmişdi. Həmin qərarı praktiki cəhətdən həyata keçirmək üçün
Ermənistanın millətçi dairələri cürbəcür kələklərə əl atdılar. Nəticədə Dağlıq
Qarabağ Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Belə bir
vəziyyətdə MDB-yə daxil olan Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün
MDB dövlətlərindən qanuni hüquqlarının müdafiə olunmasını tələb etmiş və
etməkdədir. Ermənistana havadar olan bəzi dövlətlərin Azərbaycana münasibətdə
qeyri-obyektiv mövqeyi respublikamızın ərazi bütövlüyünün bərpa olunmasına əngəl
törədən amillərdən başlıcasıdır.
Diplomatik siyasi təfəkkür dünyanın qarşılıqlı asılılığı konsepsiyası ilə sıx
bağlıdır. Dünyanın qarşılıqlı asılılığı konsepsiyasının tərəfdarları isə belə
bir tezisdən çıxış edirlər ki, daxili və xarici siyasət ümumi əsasa malikdir.
Transnasionalizm məktəbi nümayəndələri belə qənaətə gəlirlər ki, hazırkı
şəraitdə dünya siyasəti təkcə dövlətlər arasındakı münasibətlərlə müəyyən
olunmur. Belə ki, qeyri-hökumət təşkilatlarının, müəssisələrin, sosial
hərəkatların fəaliyyəti dövlətlərarası münasibətləri beynəlxalq münasibətlər
mərkəzindən sıxışdırır və nəticədə transmilli münasibətlər ön mövqeyə keçir. Bu
mənada ölkənin daxili və xarici siyasətinin ayrılması öz əhəmiyyətini azaldır.
Dövlətlərarası xarici və beynəlxalq siyasət nəinki bir-biri ilə sıx bağlıdır,
həm də daxili siyasətlə vəhdətdədir. Xarici siyasət fəaliyyətinin başlıca
subyektləri bunlardır: dövlətlər, xarici ölkələrin partiyaları və digər ictimai
təşkilatlar, ümumdünya təşkilatları və regional beynəlxalq təşkilatlar.
Daxili və xarici mənafelər qarşılıqlı əlaqəyə malikdir. Bu mənada dövlətin
xarici siyasəti dövlətin beynəlxalq aləmdə fəaliyyətini səciyyələndirir və digər
dövlətlərlə onun münasibətlərini tənzimləyir.
Xarici siyasətin uğurları da ölkədaxili əlverişli şəraitlə şərtlənir. Ölkə
daxilində siyasi proseslərin yaxşı vəziyyəti həmin dövlətin dünya siyasətində
layiqli yer tutmasına mühüm təkan verir.
Milli mənafe spesifik əlaqələrlə, mənşə etibarilə genetik və mənəvi-mədəni
münasibətlərlə bağlı olan milli birliklərin və qrupların köklü mənafeyindən
törəyir. Milli mənafe bu və ya digər millətin nümayəndələrini dildə, ailədə,
dini və əxlaqi adət-ənənələrdə ifadə olunan mədəniyyət ümumiliyi əsasında
birləşmək səylərini təcəssüm etdirir. O həmçinin siyasi sistemlərdə, davranışda,
hətta geyim və bəzək şeylərində öz ifadəsini tapır. Milli mənafe insanın mənsub
olduğu milli birliyin üzvlərinə rəğbət bəsləməsində və məhəbbətində təzahür edir
və milli birliyin bütövlüyünü qoruyub saxlamağa, milli ləyaqətin qərarlaşmasına
istiqamətlənir.
Milli mənafe şəxsiyyətin, millət və xalqların, müxtəlif milli birliklərin,
bütövlükdə isə mövcud cəmiyyətin və ya dövlətin davranışı və fəaliyyətinin
hərəkətverici qüvvələrindən biridir.
İdeologiya milli mənafeyi «ümumi» səviyyəyə qaldırmağa qadirdir. Bəzi hallarda
milli mənafe başqa millətlərin mənafeyini məhdudlaşdırmaq hesabına özünü
reallaşdırmaq və ideologiya hesabına əldə etdiyi müvəffəqiyyətləri
möhkəmləndirmək səviyyəsində çıxış edir. Əlbəttə, belə halda meydana çıxan milli
münaqişələr bəzən silahlı toqquşmalara və hərbi qarşıdurmaya da gətirib çıxara
bilir.
Milli mənafeyin reallaşması digər müəyyən zəruri amillərlə yanaşı, bəlkə də ilk
növbədə milli təhlükəsizlik şəraitinin qərarlaşmasını tələb edir. Amerikan
politoloqu Hans Margentou milli mənafe problemini bütövlükdə milli təhlükəsizlik
baxımından tədqiq etməyi təklif etmişdir. Əvvəllər isə qərb politoloqlarının
tədqiqatlarında milli təhlükəsizlik problemi başlıca olaraq hərbi
təhlükəsizliyin təmin olunması baxımından nəzərdən keçirilirdi. Milli
təhlükəsizlikdə təhlükəsizliyin üç səviyyəsi başlıca yer tutur: şəxsiyyətin,
cəmiyyətin və dövlətin təhlükəsizliyi. Millət üçün qorxu yarandığı dövrdə
cəmiyyətin və dövlətin təhlükəsizliyi ön plana çəkilir. Bir qayda olaraq
totalitar və avtoritar rejimlər belə təhlükəli şərait yaratdığı zaman
şəxsiyyətin təhlükəsizliyi başlıca yer tutur. Demokratik cəmiyyət üçün ən əvvəl,
şəxsiyyətin azadlığı və təhlükəsizliyi daha qiymətlidir. Demokratik cəmiyyətdə
dövlətin və cəmiyyətin təhlükəsizliyi məqsəd deyil, məhz şəxsiyyətin azadlığı və
təhlükəsizliyini təmin etmək funksiyasıdır. Dövlətin təhlükəsizliyi-təsirli
idarəetmə mexanizminin mövcudluğu və siyasi qüvvələrlə ictimai qrupların
fəaliyyətinin əlaqələndirilməsi vasitəsilə təmin olunur. Dövlətin təhlükəsizliyi
həmçinin təsirli təsisatların fəaliyyəti ilə həyata keçirilir. Cəmiyyətin
təhlükəsizliyi-ictimai təsisatların, normaların, inkişaf etmiş yetkin ictimai
şüur formalarının mövcudluğu ilə bağlıdır. Bu amillər əhalinin bütün qruplarının
hüquq və azadlığını reallaşdırmağa, cəmiyyətin parçalanmasına istiqamətlənən
hərəkətlərə qarşı çıxmağa imkan yaradır. Şəxsiyyətin təhlükəsizliyi – sosial
əhəmiyyətli qabiliyyətin və tələbatın inkişafına və reallaşmasına zəmin yaradan
hüquqi və əxlaqi normalar kompleksinin, ictimai təsisatların və təşkilatların
formalaşdırılmasını nəzərdə tutur. Bu öz növbəsində dövlətin və cəmiyyətin
qaşıdurmasını heçə endirir.
Milli təhlükəsizliyin strukturunda siyasi, iqtisadi, hərbi, ekoloji ünsürlər, o
cümlədən informasiya təhlükəsizliyi və millətin mədəni inkişafı təhlükəsizliyi
əhəmiyyətli yer tutur.
Milli təhlükəsizlik siyasiət elminin mühüm kateqoriyalarındandır. O, sosial
təsisatların vəziyyətini, şəxsiyyətin və cəmiyyətin mövcudluğu və inkişafının
səmərəli şəraitini qoruyub saxlamaq məqsədilə həmin təsisatların təsirli
fəaliyyətini səciyyələndirir.
Siyasi təfəkkürün formalaşmasında siyasi təhlükəsizlik böyük rol oynayır.
Azərbaycan politoloqu Məcid Əfəndiyevə görə, siyasi təhlükəsizlik hər şeydən
əvvəl, cəmiyyətin daxili sabitliyinə əsaslanır. Başlıca sosial qrupların
mənafeyini əks etdirən sabit siyasi sistemin, siyasi təşkilin, həmin mənafeyi
həyata keçirən siyasi recimin mövcudluğu millətin birliyinə zəmin yaradır və
iqtisadi, sosial, mədəni inkişaf vəzifələrinin səmərəli həllinə təminat verir.
Bundan əlavə, nüfuzlu, xalqın əksəriyyəti tərəfindən müdafiə olunan siyasi
idarəetmə orqanları beynəlxalq aləmdə ölkənin mənafeyini müvəffəqiyyətlə müdafiə
etməyə qadirdir. Siyasi təhlükəsizlik beynəlxalq münasibətlər sistemi
çərçivəsində sabit siyasi suverenliyin mövcudluğunu və cəmiyyətin sabitliyini
nəzərdə tutur. Bu isə siyasi sistemin formalaşmasını, şəxsiyyətin aliliyi əsas
götürülməklə müxtəlif sosial qrupların mənafeyinin tarazlığını təmin edir.
Milli təhlükəsizliyin ünsürlərindən biri də iqtisadi təhlükəsizlikdir. İqtisadi
təhlükəsizliyin mahiyyəti bu və ya digər ölkənin özünü digər dövlətlərdən təcrid
etmək deyil, məhz ölkə daxilində cəmiyyətin hərtərəfli inkişafı üçün maddi zəmin
yaratmaq və bu zəmində dünya təsərrüfat əlaqələri sisteminin müstəqil və
bərabərhüquqlu subyekti kimi çıxış etməkdən ibarətdir.
Hərbi təhlükəsizliyin spesifikliyi bundan ibarətdir ki, o, milli təhlükəsizlik
mənafeyini hərbi zorakılıq vasitələri ilə təmin edir. Milli təhlükəsizliyin
hərbi aspekti millətin xarici hərbi təhlükəyə qarşı durmaq və ya onun qarşısını
almaq qabiliyyətini səciyyələndirir. Bu müasir hərbi qüvvələrə yiyələnməyi,
kollektiv və ya ümumi hərbi təhlükəsizliyin zəruriliyini nəzərdə tutur. Eləcə də
mövcud hərbi siyasi birliklərə daxil olmaq həyati tələbatdır. Soyuq müharibə
təcrübəsi təsdiqləyir ki, hərbi təhlükəsizliyin möhkəmləndirilməsinin daha
təsirli yolu səmərəli beynəlxalq təhlükəsizlik sisteminin formalaşdırılmasıdır.
Hərbi təhlükəsizliyin daxili aspekti isə ölkə daxilində ordunun gücləndirilməsi
ilə bağlıdır.
Milli təhlükəsizliyin başlıca ünsürlərindən biri insanın və cəmiyyətin mədəni
inkişafının təhlükəsizliyidir. Doğrudan da mədəniyyət ənənələrini itirən xalq
kütləyə çevrilir. İ.Kant ölkə əhalisini iki yerə - mədəniyyət ənənələrini
mənimsəyən xalqa və cəmiyyətin mənəvi həyatından kənarlaşan camaata -
tör-töküntüyə ayırır. Elə bir millət təsəvvür etmək mümkün deyil ki, o, dünya və
vətən mədəniyyətindən xəbərsiz olsun.
Milli təhlükəsizlik millətin mədəniyyət vasitəsilə özünüdərkindən, öz ruhunu
anlamasından çox asılıdır. Siyasi uzaqgörənlik xeyli dərəcədə varisliklə
bağlıdır. Cəmiyyətin sabit inkişafı adət-ənənələri gözləməkdən çox asılıdır.
Xarici siyasət fəaliyyətində bütün dövlətləri maraqlandıran beynəlxalq qlobal
problemlərin - ekoloji problemin, aclığın, beynəlxalq sabitliyin, müharibə
təhlükəsinin aradan qaldırılmasının və digər problemlərin həllinə mühüm diqqət
yetirilir. Dünya siyasətində yeni qaydaların tətbiq olunması, yeni siyasi
təfəkkür tərzinin qərarlaşması ictimai inkişafın, tarixi tərəqqinin qəti
hökmüdür. Dünya siyasətində yeni sağlam düşünülmüş əməli fəaliyyətin təntənəsi
beynəlxalq siyasi, ictimai və mədəni əlaqələrin yeni, mütərəqqi zəmin üzərində
təşkilini şərtləndirir, böhransız, münaqişələrsiz dünyanın formalaşmasına təkan
verir. Heç də təsadüfi deyil ki, qərb siyasi təfəkküründə yeni cəmiyyət və yeni
dünya nəzəriyyəsi geniş əksini tapıb. Dünyada sülhü, firavanlığı, ədaləti,
bərqərar edən inteqral humanizm cəmiyyəti ideyası liberal-demokratik humanist
futurologiyanın nümayəndələri tərəfindən irəli sürülür. Bəşər cəmiyyətinin,
demokratik zəmində yenidən qurulması sivilizasiyanın ümumi təkzibolunmaz
qanunudur. Demokratik siyasi təfəkkür müasir dünyanın aparıcı düşüncə üslubuna
çevrilməkdədir.
Xarici siyasətin həyata keçirilməsinin ənənəvi və başlıca forması dövlətlər
arasında diplomatik münasibətlərin yaradılmasıdır. Xarici siyasətin həyata
keçirilməsinin digər formaları isə aşağıdakılardır: Ümumdünya və regional
beynəlxalq təşkilatlada dövlətin nümayəndələrinin təmsil olunması və ya dövlətin
həmin təşkilat üzvlüyünə qəbul olunması, dost ölkələrin siyasi partiyaları və
digər ictimai təşkilatları ilə əməkdaşlıq; bu və ya digər ölkələrin, onların
partiyaları və ictimai təşkilatlarının nümayəndələri ilə müxtəlif səviyyələrdə
və müntəzəm əlaqənin yaradılması;
İndi
Azərbaycanda bir çox Qərbi Avropa ölkələrinin, ABŞ-ın, Yaxın və Orta Şərq
dövlətlərinin, BMT-nin diplomatik nümayəndəlikləri fəaliyyət göstərir. Türkiyə,
İran, Almaniya, ABŞ, Misir, Səudiyyə Ərəbistanı, Pakistan, Gürcüstan və s.
ölkələrdə Azərbaycan Respublikasının səfirlikləri təsis edilmişdir. 1992-ci ilin
martında Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının tamhüquqlu
üzvü oldu. Sonradan Respublika Avropada Təhlükəsizlik və Əməkdaşlıq
Müşavirəsinə, İslam Konfransı Təşkilatına, İqtisadi Əməkdaşlıq Təşkilatına,
Beynəlxalq İnkişaf və Yenidənqurma Bankına, İslam İnkişaf Bankına, Avropa
Şurasına və bir sıra beynəlxalq təşkilatlar qəbul olundu.
Beynəlxalq əməkdaşlıq münasibətlərinin formalaşmasında müxtəlif mahiyyətli
beynəlxalq təşkilatlar və birliklər mühüm rol oynayırlar. Məsələn: ATƏT
Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll
olunması üçün müəyyən işlər görür və bu yolda mühüm rol oynayır.
Beynəlxalq əməkdaşlıq münasibətlərinin inkişafında beynəlxalq təşkilat olan BMT
prinsipal əhəmiyyət kəsb edir. Onun nəzdində olan müxtəlif idarə və təsisatlar
(məs: MOP, YUNESKO və b.) beynəlxalq iqtisadi, texniki, mədəni və s. sahələrdə
əməkdaşlığın genişlənməsinə təsir göstərir. Azərbaycan BMT-nin fəaliyyətində,
xüsusən qaçqın və məcburi köçkünlərlə bağlı problemin həllində yaxından iştirak
edir. Respublikamızın müxtəlif guşələrində məskunlaşan bir milyondan artıq
azərbaycanlı qaçqın və məcburi köçkünə beynəlxalq humanitar yardım göstərilməsi
hamımıza məlumdur. Humanitar yardım beynəlxalq hümanizm prinsiplərindən biridir.
|