|
Новая страница 1
Firuzə
Əliyeva
Qarabağ müharibəsi və milli mənlik şüuru
Qarabağ, bizim ən ağrılı-acılı yerimiz, dərdimiz, sərimiz, ulu tariximizin
yaddaşlarda həkk olunmuş məskənidir. Biz tarixi vərəqlədikcə Daşnaksütyun
partiyasının xalqımızın başına gətirdikləri o, ağır, dəhşətli faciələrin şahidi
oluruq. Əsrlər boyu bizimlə üzdə «dost, qardaş» dəyərək çörəyimizi yeyib,
torpaqlarımızı zəbt edərək, «xalqımızı yerindənyurdundan didərgin salan bu
qaniçən cəlladlar zaman gələcəkdir ki, tarix qarşısında cavab verəcəkdir. Onlar
1905-1907, 1918-1920, nəhayət 70 ildən sonra yenidən öz məkrli siyasətlərini
davam etdirdilər. Erməni qəsbkarları «Böyük Ermənistan» iddiası ilə xalqımızı
qədim dədə-baba yurdlarından, Qarabağ torpağından çıxarmağa nail oldular. Bu
onların ən ümdə arzuları idi. Onlar bu azmış kimi hələ bir xalqımızı vəhşi,
qaniçən, özlərini isə mədəni qələmə verib, bütün Avropa ölkələrini köməyə
çağırmaqdan belə çəkinmirdilər. Daşnaksütyun partiyasının siyasətini «sahil
siyasət» adlandıran Üzeyir Hacıbəyov yazırdı: «Erməni millətinin
təyini-müqəddəratı Avropanın borcudur»- deyə, böylə zənn edirlər ki, Avropa
siyasiləri gəlib Azərbaycanı bir tərəfə, Gürcüstanı bir tərəfə itələyib,
ermənilərin yerini genişləndirəcək və bu yolla meydana «Hayestani-kəbir» zühur
edəcəkdir. Bunun üçündür ki, bir yalançılıq kampaniyası təşkil edib, Ermənistan
mühitində olan bütün qoşunları zalım və vəhşi, erməniləri isə məzlum və mədəni
bir millət şəklində təsvir və tövsir etmək vəzifəsini ifayə məşğul olurlar.
Avropa vaqsən bir «Böyük Ermənistan» təşkil edərsə, böyük Ermənistan əvəzinə
böyük bir haqsızlıq əmələ gələ bilər. «Göründüyü kimi, Üzeyir Hacıbəyov öz
yazılarında Qarabağ probleminə dönə-dönə qayıtmış və hadisələrə obyektiv qiymət
vermişdir. Həqiqətən mənfur, nankor, yaramaz qonşularımızın 1988-ci ildən
başlayaraq yaratdığı Qarabağ torpaqlarının işğalı, bir milyondan artıq əhalinin
doğma yurd-yuvasından qaçqın düşməsi onların növbəti mərkli siyasətinin nəticəsi
oldu. Ermənistan ərazisindəki azərbaycanlılar qoyulan kimi, gərək
respublikamızdakı ermənilər də oraya qovula idi. Lakin «vətənpərvərlik»,
«beynəlmilləçilik» adına, erməni üzərinə yeriyən əhalinin qabağına yaylıq
atdılar, xalqın qəzəbini cilovladılar. Gərək respublika rəhbəri vaxtında tədbir
görüb Qarabağ torpaqlarının işğalına imkan verməyəydi.
Məhz lazımi uzaqgörənlik olmadığı üçün bir-birinin ardınca Şuşa, Laçın,
Kəlbəcəri itirdik. Bütün bu işlərin başında vəzifəpərəst, xain, satqın, yaramaz
məmurlar dururdu. Onlar da vətən sevgisi, torpaq qeyrəti, milli mənlik şüuru yox
idi.
Milli şüur milli varlığı, milli müəyyənliyi səciyyələndirməklə millətə və xalqa
aid əlamət və keyfiyyətləri özündə əks etdirir. Millətə aid bir çox keyfiyyətlər
milli-mənəvi sima, özünəməxsusluq, milli xarakter, emosional psixi amillər milli
şüurun komponentləri kimi çıxış edir. Milli psixologiya, həyat tərzi, adət və
ənənələr, milli qürur milli şüurda anlayış və kateqoriyalar şəklində təzahür
edir. Milli şüurun daşıyıcıları təkcə elm adamları deyildir. Eyni zamanda vətən,
xalq qeyrətini çəkən hər bir şəxs milli mənlik şüurunun daşıyıcısıdır. Bu bir
həqiqətdir ki, insan mənsub olduğu milli gerçəkliyin ayrı- ayrı əlamətlərini öz
şüurunda əks etdirməklə yanaşı, onlarda bir sevinc və fərəh də duyur, özünün
milli mənsubiyyəti, tarixi keçmişi və soykökü ilə fəxr edir. Xalqın tarixi, onun
görkəmli mütəfəkkir və tarixi şəxsiyyətləri, müxtəlif milli atributlar insanın
mənəvi aləminə daxil olub onun milli şüurunun formalaşmasına şərait yaradır.
Milli şüurun mühüm tərkib hissələrindən biri də milli vicdandır. Milli vicdana
malik olan hər bir insan öz torpağının qədrini bilməli, onun təbii sərvətlərini
məhv olmaq təhlükəsindən qorumaq üçün daim mübarizə aparmalıdır. Burada milli
şüur ekoloji şüurlar birləşir, onun inkişafına təkan verir. Milli şüur uzun bir
tarixi inkişaf prosesinin məhsuludur. Belə ki, milli şüurun inkişafında bütün
ictimai-siyasi hadisələr – sosial sarsıntılar, milli mübarizə motivləri öz izini
qoyur. Bunun ən bariz nümunəsi erməni qəsbkarlarının torpaqlarımızı işğal
etməsi nəticəsində təbiətə vurulan ziyanlar, milli və ekoloji şüurun inkişaf
etdirilməsini tələb edir. Burada milli mənlik şüurunun inkişafı böyük rol
oynayır. Milli mənlik milli şüurun bir komponentidir. Milli mənliyin əsasını
insanın – hər bir fərdin mənsub olduğu millət və ya xalqın onu əhatə edən sosial
həyatın bütün sahələrinə bəslədiyi subyektiv əqidəsi təşkil edir. Milli mənliyə
vətəni sevmək, doğma yurda məhəbbət bəsləmək, təbii sərvətləri qorumaq və s. ilə
bağlı olan sosial keyfiyyətlər daxildir. Milli mənlik şüuru sayəsində millət
xalq və etnik qrup maddi və mənəvi sərvətlərinin tarixi inkişaf
xüsusiyyətlərini, sosial-etnik cəhətlərini bütün dolğunluğu ilə dərk edir,
bunlarla bağlı bu və ya digər hadisəyə öz münasibətini bildirir. Milli mənlik
şüuru vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq, hər bir Azərbaycan
vətəndaşında olmalıdır.
Milli mənlik şüuru ictimai şüurdan kənarda mövcud ola bilməz. O, şüurun
daxilində yüksək səviyyədə çıxış edir. Mənlik şüuru insanın özünün fikir və
hisslərinin, mənafe və məqsədlərinin öyrənilməsinə yönəlir. Bu halda insanın
daxili aləmi şüurun obyekti kimi çıxış edir.
Mənlik şüuru hər bir şəxsin daxili xarakterini, insanlara, cəmiyyətə olan
münasibətini bildirir. Sosial şəratidən asılı olaraq mənlik şüuru dəyişir,
insanın öz hərəkət və davranışını sərbəst surətdə seçir, başqaları qarşısında
məsuliyyət daşıdığını dərk edir. Mənlik şüuru olan insan özünü təhlil və
özünümühakimə qabiliyyətinə malik olur. Beləliklə, qeyd etmək lazımdır ki, milli
şüur, milli hisslər, milli mənlik şüuru ekoloji şüurun yaranmasına, millətin
özünü dərk etməsi prosesinə təsir edir və cəmiyyətdə öz mövqeyinin
möhkəmlənməsinə kömək edir.
XX yüzilliyin əvvəllərində Ə.Ağaoğlu öz əsərlərində milli şüurun və milli
dərketmənin olmamasını türk xalqlarını bir-birindən təcrid edən, onların
yaxınlaşmasını çətinləşdirən bir amil kimi demişdir: «daima dini mübahisələrlə
məşğul olan və həmişə özgələrin hakimiyyəti altında yaşayan adamlar arasında
milli şüur və milli özünüdərk necə yarana bilər?».
Əgər bu gün Qarabağ torpaqları düşmən əlindədirsə, onda bizim milli şüurdan
danışmağa mənəvi haqqımız çatmır. B.Vahabzadə göstərir ki, Vətən əxlaqı güclü
olmasa, biz nə müstəqilliyimizi, nə azadlığımızı və nə də bütövlüyümüzü qoruya
bilərik. Vaxtilə bu fikri Böyük Atatürk də söyləmişdir: «Milli şüur, hər şeydən
öncə, müstəqillik şüurudur. Düşmən süngüsü altında milli birlik olmaz».
B.Vahabzadə «Vicdan, namus və ləyaqət» adlı məqaləsində yazırdı: «İnsanlıq
ləyaqətini addımbaşı alçaldan bir rejimdə
- qorxu və repressiyanın hökm sürdüyünü bir zamanda hansı ləyaqətdən, hansı
vicdandan və namusdan söhbət gedə bilər? Odur ki, insanlığa xas olan üç sifət
– vicdan, namus və ləyaqət ilk növbədə cəmiyyət tərəfindən qorunmalı, yalnız
bundan sonra ayrı-ayrı fərdlərdən umulmalıdır».
|