|
Новая страница 1
Hacı Hacılı
Qafqazda münaqişələr və ekoloji təhlükəsizlik problemləri
1.
Qafqaz, baş verən, əsasən lokal hərbi toqquşma xarakteri daşıyan münaqişələr
baxımından dünyanın ən rəngarəng regionlarından biridir. Tipoloji yanaşma baxış
bucağından bu münaqişələr etnik zəminli münaqişələr sayılır. Lakin, qeyd
etməliyik ki, burada sosial və siyasi determinantların xüsusi yeri və rolu
vardır. Artıq 15 ildən çoxdur ki, davam edən və çoxsaylı qanlı toqquşmalarla
müşayət olunan münaqişələrin nəticələri çox ağırdır: on minlərlə insan həyatına
son qoyulmuş, yüz minlərlə insan öz ənənəvi yaşayış yerlərini tərk etməyə məcbur
olmuşlar.
2.
Hərbi toqquşmalar və ondan sonra yaranmış situasiya təkcə sosial-iqtisadi
mənzərənin
zəifləməsinin vizual göstəriciləri deyil, həm canlı təbiət və ətraf mühitə dəyən
zərbələrin miqyası baxımından diqqəti cəlb edir. Qafqazda baş verən hərbi
münaqişələr zamanı minlərlə hektar torpaq sahələri eroziyaya məruz qalıb, meşə
sahələri məhv edilib, təbii otlaqlar deqradasiyaya məruz qalıb. Bu toqquşmaların
böyük bir qismi dağlıq ərazilərdə baş verdiyindən ərazilərdə çoxsaylı sürüşmə
hadisələri qeydə alınıb.
3.
Toqquşmalardan sonra ətraf mühitə vurulan ziyanlar özünü bir qayda olaraq
qaçqınların kompakt yaşadıqları çadır şəhərcikləri, iri şəhərlərdə qaçqın və
məcburi köçkünlərin məskunlaşdırıldığı yataqxana kompleksləri, uşaqların təlimi
ilə bağlı olan infrastruktur obyektlər, yay və qış otlaq ərazilərində daha
qabarıq büruzə verir. Təkcə, Ermənistan-Azərbaycan münaqişəsi zamanı sayı bir
milyona çatan qaçqın və məcburi köçkünlər ordusu əmələ gəlib ki, bunun da
ekoloji nəticələrini təsəvvür etmək mümkündür.
4.
Münaqişələrin həll edilməmiş nəticələri, münaqişəyə cəlb olunmuş tərəflərin
ictimai-siyasi konstruksiyasındakı hüquqi-prosedur boşluqlar, rəsmi hakimiyyət
nümayəndələrinin «kumulyativ» gücə malik olan qaçqınlarla həddindən artıq
ehtiyatlı davranışı və nəhayət, qaçqınların özünün yerli mühitə adaptasiyası
sosial ehtiyacların ödənilməsi məqsədilə, onlar tərəfindən geniş torpaq
sahələrinin tutulması prosesinin əsasını qoyur ki, bunun da uzaq gedən ekoloji
nəticələri vardır.
5.
Erməni-Azərbaycan, Gürcü-Abxaz, Gürcü-Osetin və RusÇeçen münaqişələri zamanı
ətraf mühitə dəyən zərbələrdən biri də, transsərhəd ərazilərin nəzarətdən
kənarda qalması və bu yerlərdə ekoloji monitorinqin aparılmasının
qeyri-mümkünlüyü nəticəsində dəyən zərbədir. Qafqaz münaqişələrinin perimetri
boyunca transsərhəd ərazilərdə nəzarət altından kənarda qalan 11 dövlət qoruğu
və yasaqlıqlar vardır. Bu qoruq və yasaqlıqların əsası hələ çar Rusiyası və SSRİ
dövründən
qoyulmuşdu. Həm transsərhəd, həm də işğal altında olan torpaqların Qafqazda
ümumi sahəsi təxminən 65 min kv. km-ə bərabərdir ki, bu da region üçün olduqca
böyük bir rəqəmdir.
6.
İşğal altında olan ərazilərdə, bir qayda olaraq, hərbi bazalar yerləşdirilir,
hərbi təlimlər keçirilir, müxtəlif zərərli kimyəvi tullantılar
«qəbiristanlıqları» yerləşdirilir. Bu ərazilər beynəlxalq nəzarətdən kənarda
olduğu üçün qeyri-qanuni silah və narkotik maddələrin tranziti üçün «əlverişli»
ərazilər sayılır. Son bir neçə ildə Dağlıq Qarabağ ərazisi ətrafında işğal
olunmuş 6 inzibati rayonun ərazisindən Ermənistan AES-in tullantılarının
poliqonu kimi istifadə edilməsinə dair qeyd edilmiş rəsmi məlumatlar bunu daha
aydın sübut edir.
7.
İşğal edilmiş və münaqişə tərəflərinin transsərhəd ərazilərinin nəzarətdən
kənarda qalması öz unikal təbiəti ilə seçilən Qafqazın təbii mühitində öz əksini
tapmaqla bərabər, həm də, region ölkələrinin ümumi təhlükəsizliyinə də öz mənfi
təsirini göstərə bilər. Ona görə də region dövlətlərinin ekoloji təhlükəsizlik
məsələsində öz səylərini birləşdirməsi və regionda əməkdaşlıq ruhunun
formalaşmasına böyük ehtiyac duyulur.
|