|
Новая страница 1
Həcər Qasımova
Qarabağ konflikti geosiyasi problem kimi: ilkin mərhələ
Qarabağ konflikti ətrafında cərəyan edən hadisələrin sosial-siyasi mahiyyətini
istər tarixilik, istərsə də geosiyasi ölçülərində ötəri analitik təhlili belə
deməyə əsas verir ki, bu konfliktin müasir anlamda meydana gəlməsindən əvvəl
Qarabağ bölgəsi Azərbaycan ərazisinin ayrılmaz hissəsi kimi etnodini və strateji
diqqət mərkəzində olmuşdur. Biz burada etnodini deyərkən hələ XVII-XVIII
əsrlərdən başlayaraq Rusiyanın adı çəkilən regionda geosiyasi məqsədləri naminə
apardığı diaqnostik və hərbi səylərini nəzərdə tuturuq. Rusiyanın Şərq
strategiyası çərçivəsində regionda öz imperiya ambisiyaların həyata keçirmək
üçün xristian amilindən və erməni millətçilərinin «Böyük Ermənistan» xülyasından
istifadə etməyə üstünlük vermişdir. Bu mənada, birinci olaraq, qeyd etmək
mümkündür ki, tarixən Qarabağ bölgəsi və burada baş verən hadisələr geosiyasi
problemlərdən olmuşdur. Lakin biz bu problemi Rusiyanın Qarabağ siyasəti
çərçivəsində ətraflı şərh etmək niyyətində deyilik. Biz burada yalnız konfliktin
tarixi genezisinin bir çalarına toxunmaqla kifayətləndik.
Bugünkü reallıqlara qayıtsaq deməliyik ki, bu məsələ, Sovetlər İttifaqının
dağılmasında detenator rolunu oynamış artıq geosiyasi problemə çevrilmiş, iri
dövlətlərin öz milli mənafeləri baxımından Qafqaz diyarına cəlb olunmasında
danılmaz faktor olmuşdur.
Vaxtilə, yəni 1992-ci ilin martında Birləşmiş Ştatların keçmiş dövlət katibi
Sayrus Vensin Azərbaycan konflikti necə deyərlər, öz vətənində öyrənmək üçün
gəlməsini (bəlkə də bu kəşfiyyat xarakteri daşımışdır) regionumuza geosiyasi
marağın artmasının ilkin mərhələ kimi qəbul etmək mümkündür. Doğrudur, o dövrdə
ki, rəhbərlik təcrübəli diplomatın bu səfərindən konfliktin həlli naminə
istifadə edə bilmədi. Bunu, bəlkə də, başa düşmək olar: olduqca ağır günlər
keçirən bir respublikada siyasi idarəçilik təcrübəsi olmayan hakimiyyət
strukturları üçün çox çətin idi.
Lakin 1993-cü ilin yanvarında Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsində olan
Heydər Əliyev ABŞ prezidenti Bill Klintona təbrik məktubu göndərmiş, ölkənin
başlıca problemlərini xarakterizə etmiş, Birləşmiş Ştatlarının prezidentinin
Azərbaycan Respublikasına xoş və xeyirxah münasibət bəsləyəcəyinə dərin ümidini
bildirmişdi. Məktubda həmçinin göstərilirdi ki, Amerika dünyanın bir çox
ölkələrində təzahür edən silahlı konfliktlərin həllinə nail olmaq üçün
Naxçıvanın Ermənistan tərəfindən blokadasını aradan qaldırmaq naminə bütün
imkanlardan istifadə edəcəkdir. Təbii ki, bu məktub Ağ Evin siyasətçilərinin və
analitiklərin reaksiyasına səbəb olmaya bilməz. Çünki artıq SSRİ-nin süqutundan
sonra ABŞ Rusiya və digər MDB dövlətləri ilə geosiyasi münasibətləri qurmaq üçün
özünün xarici siyasətinin və diplomatiyasının əsl strateji prinsiplərini işləyib
hazırlamışdı. Məsələn, çox çəkmir ki, 1993-cü il fevral ayının 4-də ABŞ-ın
Azərbaycandakı ilk səfiri Riçard Mayls Naxçıvanda H. Əliyevlə görüşmüş, regionda
güclənməkdə olan konfliktin ABŞ prezidentinin narahatlığını Naxçıvan Ali
Məclisinin nəzərinə çatdırmış, diyara humanitar yardımın vacib olduğunu qeyd
etmişdir. Birləşmiş Ştatların regiona səfir səviyyəsində marağı çox şey demək
idi. Həmin ilin may-iyun aylarında ABŞ-ın dövlət departamentinin Dağlıq Qarabağ
konflikti üzrə danışıqlarda nümayəndəsi S.Mareskanın və yeni müstəqil
dövlətlərlə əlaqələr üzrə müşaviri S.Talbottun Bakıya səfəri mühüm hadisə idi,
təəssüf ki, bu faktordan rəhbərlik istifadə etmək imkanını əldən verdi.
Birləşmiş Ştatların MDB dövlətləri ilə bağlı ilkin geosiyasi strategiyasının
əsasında belə bir taktika dururdu. ABŞ əvvəllər hesab edirdi ki, Rusiya
«strateji tərəfdaşlıq» çərçivəsində bütün postsovet məkanında demokratikləşmənin
və sosial yönümlü bazar iqtisadiyyatının həyata keçirilməsində və bu
proseslərin idarə edilməsində dəyərincə mexanizm ola bilər. 1993-cü ilin sonuna
qədər bu siyasi tezis özünü doğrultmadı. 1993-cü ilin dekabrında Rusiya
Parlament seçkilərində V.Jirinovski
kimi Qərb siyasətinə zidd siyasi qüvvələrin qələbəsi ABŞ diplomatiyasını
çaşdırmışdı. Politoloqların leksikonunda regiona münasibətdə «praqmatik
tərəfdaşlıq», «xülyasız tərəfdaşlıq», «vaxtı çatmamış tərəfdarlıq» (Z.Bcezinski)
kimi terminlər meydana gəldi. Lakin «vaxtı çatmamış» anlayışı aktuallığını çox
saxlaya bilməzdi, çünki postsovet məkanı kimi burulğanlı böyük bir regionu
nəzarətsiz də qoymaq düzgün deyildi.
Hər halda 1995-ci ilin fevralında Ağ Ev «Beynəlxalq işlərə cəlb olunma
strategiyası və dünyada demokratiyanın yayılması» adlı və yeni yüzilliyə aparan
strategiya kimi qiymətləndirilən sənəddə Amerika mənafeləri dairəsinə Cənubi
Qafqaz dövlətləri, Xəzər dənizi bölgəsi, Dağlıq Qarabağ da göstərilir. Onu da
qeyd edək ki, hələ bu sənəddən əvvəl ABŞ-ın keçmiş dövlət katibi C.Beyker
paralel yanaşma «konsepsiyasını irəli sürmüş və burada göstərmiş»di ki,
Birləşmiş Ştatlar öz diplomatiyasında təkcə Rusiya ilə deyil, həm də paralel
olaraq hər bir MDB dövləti ilə iş aparmalıdır. Hər halda 1995-ci il sənədi
ABŞ-ın regiondakı geosiyasi təşəbbüsünə güclü təkan verdi, belə ki, burada
açıqca deyilirdi: «Regiondakı dövlətlərin suverenlik, sabitlik, çiçəklənmə və
beynəlxalq səhnədə möhkəm mövqe tutmaq yolunda irəliləməsinə baxmayaraq, hələ
çox şey həyata keçirmək xüsusilə Dağlıq Qarabağla bağlı regional konfliktləri
tənzimləmək lazım gələcəkdir».
Suveren Azərbaycan Respublikası məhz belə geosiyasi reallıqlar şəraitində
Respublika prezidenti H.Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin
diplomatiyasının başlıca prinsiplərini belə formalaşdırmışdı: Azərbaycanı
tanıtmaq, bundan ötrü informasiya və iqtisadi blokadanı yarmaq, diplomatik
təcridlikdən çıxmaq, dünya siyasətini formalaşdıran dövlətlərlə simmetrik
ittifaqa daxil olub, dövlətin milli mənafelərinin əsasında duran Qarabağ
konfliktini sülh yolu ilə həll etmək.
Özünün Fransaya ilk səfəri ilə ölkə başçısı artıq Avropa ictimaiyyətinin
nəzərini Qarabağ konfliktinə, regionda gedən geosiyasi problemlərə cəlb edə
bilmişdi. Məsələn, «Mond» qəzeti 1993-cü il 23 dekabr sayında «Prezident
H.Əliyev bəyan edir ki, Azərbaycanda rus qoşunlarını görmək istəmir» adlı
məqaləsində yazırdı: «Azərbaycan dövlətinin başçısı H.Əliyev dedi: «Biz bütün
ölkələr, o cümlədən Qərb ölkələri ilə bərabərhüquqlu əlaqələr qurmaqda
maraqlıyıq…» Cənab Əliyev Ermənistan silahlı birləşmələrinin ərazisi 4 min km2
olan Azərbaycanın Dağlıq Qarabağ torpağını, başqa daha 10 min. km2
ərazisini işğal etdiyini söylədi və qeyd etdi ki, biz öz torpaqlarımızdan əl
çəkməyəcək və Dağlıq Qarabağı heç vaxt müstəqil qurum kimi tanımayacağıq. Amma
biz Dağlıq Qarabağa Azərbaycanın tərkibində geniş muxtariyyat verməyə hazırıq».
Daha sonra deyilir ki, Rusiya Dağlıq Qarabağa sülhməramlı qüvvələr gətirmək adı
altında Azərbaycanda öz qoşunlarını yerləşdirmək istəyir. Lakin ATƏM bunu rədd
edir: Məqalə müəllifi bunu da qeyd edir ki, «V. Kazimirovun təşəbbüsü ilə Aland
adasında Azərbaycan və Ermənistan parlament nümayəndələrinin görüşü
keçirilmişdir». Bu fakt hər halda dövlətlərin regiona geosiyasi marağının
təzahürü kimi qiymətləndirilə bilər. Konflikti həll etmək məramı altında
regionun müxtəlif fəaliyyəti sahələrinə nüfuz etmək hər halda geosiyasi
niyyətlərdən xəbər verir.
Bu baxımdan «Fiqaro» qəzetində 23 dekabr 1993-cü ildə dərc olunmuş «Biz bir
parça torpağımızı belə güzəştə getmirik» adlı yazı da maraqlıdır. Burada deyilir
ki, Türkmənistanda MDB ölkələri sammitində Azərbaycan prezidenti H. Əliyev…
konfliktin gərginliyinə baxmayaraq, ermənilərə heç bir güzəştə getməyəcəyini
elan edib. Müxbir analitik H. Əliyevin ölkədəki bu ağır şəraitdə idarəetmə
yükünü üzərinə götürməsini yüksək qiymətləndirir. O, yazır: «O, (H. Əliyev
müəl.) Parisdə müəyyən sənədlər imzalamaqla bərabər, ölkəsinə Fransada siyasi
dəstək qazanmışdır.» Fransa kimi bir dövlətin siyasi dəstəyinə nail olmaq, çox
şübhəsiz ki, həm də Avropa qitəsində diplomatiyanı genişləndirmək baxımından
mühüm geosiyasi uğurdur. Təsadüfi deyildir ki, Qarabağ konfliktinin həlli
yolunda həmin dövlətlə münasibətlərin genişləndirilməsi vacib faktor olmuşdur.
Məsələn, maraqlıdır ki, həmin «Fiqaro» 14 oktyabr 1996-cı il sayında Fransanın
Xarici İşlər naziri Erve de Şaretin «Qafqaz Fransa üçün strateji
zonadır» adlı yazısını vermişdir. Nazir Azərbaycanın bu zonada önəmli rolunu
qeyd edir.
Başqa bir mənbədə 1993-cü il 21 dekabr tarixində «Humanite» qəzetində çıxan
material da maraqlıdır. Məqalə belə adlanır:
«Bakı Dağlıq Qarabağda öz suveren hüquqlarını tələb edir. «Məqalə müəllifi
yazısını Azərbaycan prezidentinin bu sözləri ilə başlayır: «Dağlıq Qarabağ
Azərbaycanın ayrılmaz bir hissəsidir və sərhədlərimiz toxunulmazdır». Həmin
dövrdə H.Əliyev «Elf Akıten» neft şirkətinin rəhbərliyi ilə söhbət zamanı
Qarabağ konfliktinin regionda sabitliyin yaranmasının və normal iqtisadi
əlaqələrin qurulmasının mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulamışdır».
Təbii qəbul edilən siyasi faktordur ki, istənilən geosiyasi bölgədə normal
siyasət yeritmək üçün hər şeydən əvvəl sosial sabitlik vacibdir. Bu baxımdan
Azərbaycan dövlətinin səyləri nəticəsində atəşkəsə nail olmaq son dərəcə önəmli
siyasi akt oldu. Maraqlıdır ki, 1993-cü il dekabrın 9-da «Mond» qəzetində Sofi
Şihabın dərc edilmiş məqaləsi «Azərbaycanlılar öz torpaqlarını itirməyi
dayandırmışlar» adlanır. Bununla fransalı müəllif azərbaycanlıların H.Əliyevin
başçılığı ilə öz torpaqlarını azad etmək naminə əzmkarlığını bildirmişdir.
Qeyd edək ki, H. Əliyev həmin dövrdə «Fiqaro» qəzetinin müxbirinə «Dağlıq
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir» cavabını vermiş, Azərbaycanın federal
ölkəyə çevrilməsinə imkan verilməyəcəyini bir daha vurğulamışdır. Lakin daha
maraqlı məqam budur ki, Sofi Şihab «Dağlıq Qarabağ Silahlı Birləşmələri»
ifadəsini dırnaqda vermiş, bununla da Dağlıq Qarabağın Fransa tərəfindən ayrıca
qurum kimi qəbul edilməyəcəyinə işarə vurmudu. Konfliktin sülh yolu ilə aradan
qaldırmağın bu günə kimi mümkün olmadığından təəssüflənən müəllif onu da qeyd
edir ki, böyük nüfuza malik siyasətçi H. Əliyev Dağlıq Qarabağın müstəqil dövlət
olmasını qətiyyətlə həll edir, Ermənistanı və Moskvanı başa salır ki, bu,
qeyri-mümkündür. Burada Azərbaycan dövlətinin beynəlxalq hüquq normalarından
çıxış etməsi yəni ölkənin ərazi bütövlüyünün toxunulmazlığı, Moskvanın
Azərbaycanın daxili işlərinə qarışmasına qarşı çıxış etmək mövqeyi Fransanın da
geosiyasi mövqeyinə cavab verir.
Bir daha qeyd edək ki, biz problemin formalaşmasının ilkin mərhələsindən qısaca
bəhs etdik. Bizcə, gətirilən faktlar bunu deməyə əsas verir ki, Dağlıq Qarabağ
konfliktinin həlli yolunda atılan, istər siyasi, istərsə də iqtisadi addımlar
ümumi geosiyasi mənada toqquşaraq regionda diplomatik baxımından çox zaman
mürəkkəb, bəzən də ziddiyyətlər yaratmış olur. «Əsrin müqaviləsinin» bağlanması,
ATƏT-in uğursuz siyasəti buna əyani sübutdur. Lakin, bu, müstəqil mövzudur.
|