|
Новая страница 1
İsmayıl Musayev
Rusiya-Ermənistan sazişləri (1920): Azərbaycanın
ərazi
bütövlüyünə yeni qəsdlər
Ölkəmizin quzeyinin Rusiya tərəfindən yenidən işğalı Ermənistanın Azərbaycana
qarşı ərazi iddialarını daha da qüvvətləndirdi. Onun Rusiyanın hərtərəfli
yardımı ilə Azərbaycan torpaqlarına (Qarabağ, Zəngəzur, Naxçıvan və s.
bölgələrə) yiyələnmək siyasəti xeyli fəallaşdı. Rusiya isə Ermənistanı da tutmaq
və bu işi, habelə digər planlarını asanlıqla başa gətirmək məqsədilə Azərbaycan
torpaqlarını ona «bağışlamağa» başladı. Bu və digər məsələlər Rusiya
ilə Ermənistan arasında
1920-ci ilin yayında aparılan «danışıqlar»da da mərkəzi yeri
tutdu. Müəyyən «müzakirələr»dən sonra onlar 1920-ci il avqustun 10-da ilkin
saziş
(Azərbaycan Dövlət Tarix Arxivi (ADTA), fond 28, siyahı 1, iş
201, vərəq 171-172)
imzaladılar.
Həmin sazişə
görə:
- Ermənistan
və Rusiya silahlı qüvvələri arasında baş verən hərbi toqquşmalar dayandırıldı;
- Ermənistan
qoşunları Şahtaxtı, Xok-Əznəbürd-Sultanlı və Küküdən şimal - Bazarçaydan Qərbə
doğru xətlər boyu əraziləri tutmalıydı;
- Rusiyanın
XI ordusunun hissələri isə mübahisəli vilayətləri (?!-İ.M.), yəni Qarabağ,
Zəngəzur, Naxçıvanı tutmalı və işğal altında saxlamalı (ifadə RSFSR Xalq Xarici
İşlər komissarı (XXİK-i) G. Çiçerinə məxsusdur) idi;
- Şahtaxtı-Culfa
dəmir yolunun, Rusiya ilə Ermənistan arasında sülh müqaviləsinin
bağlanmasınadək, sonuncunun müvafiq idarəsinə verilməsi (bu yol «hərbi məqsədlər
üçün istifadə oluna bilməz» kimi ibarəli şərtlə) nəzərdə tutulurdu. Həmçinin XI
ordu hissələrinin tutduqları xəttin arxasında qalan daşnak qoşunlarının
(silahla, ləvazimatla) Ermənistana sərbəst buraxılmalarına RSFSR tərəfindən
təminat verilirdi.
İlkin sazişin
mahiyyəti və məqsədlərilə bağlı məsələlər nəzərdən keçirilərkən aşağıdakı
diqqətçəkən məqamları vurğulmaq lazımdır:
Birincisi,
bu sazişlə həm də Ermənistan-Azərbaycan münasibətlərini «tənzimləməyə» cəhd
edilirdi. Belə ki, Rusiyanın nümayəndəsi B.Leqranın daşnak hökuməti ilə apardığı
danışıqlarda, habelə sazişdə əsas yer tutan məsələlərdən biri də Ermənistanla
Azərbaycan arasındakı münaqişə, ilk növbədə isə Qarabağ və s. ilə əlaqədar ərazi
mübahisələri idi. Burada ən mənfi cəhət isə belə bir məqam da öz ifadəsini
tapmışdı: Azərbaycanın iştirakı olmadan torpaqlarının məsələsi müzakirə (həll)
olunur və Ermənistanla danışıqlarda Rusiya onun adından çıxış edirdi. Hətta o
dövrün Qafqaz mətbuatındakı yazılarda da vurğulandığı kimi, bu hal Azərbaycanın
müstəqil dövlət olmamasından və Rusiyanın müttəfiqi deyil, müstəmləkəsi
olmasından irəli gəlirdi.
İkincisi,
G. Çiçerin hələ 1920-ci il iyunun əvvəllərində Qarabağ, Zəngəzur və Naxçıvan
mahallarının Azərbaycan SSRİ hökuməti tərəfindən mübahisəli ərazilər kimi etiraf
olunmasına cəhdlər göstərmişdi. Onun və həmçinin Q. Orconikidzenin müvafiq
səylərinə müəyyən etirazlar da olmuşdu (Məsələn, Azərbaycan SSRİ-nin Moskvadakı
səlahiyyətli nümayəndəsi B. Şahtaxtınskinin V.İ.Leninə və G. Çiçerinə
ünvanladığı məktubda
(13.VŞ.1920; №22).
Naxçıvan mahalının Ermənistana güzəştə gedilməsinə qarşı çıxılmışdı. Məktubda
qeyd edilirdi ki, Naxçıvan bölgəsinin əhalisi əvvəlcə Araz-Türk Respublikasını
yaratmış, sonra isə üç il əldə silah öz müstəqilliyini ermənilərdən qorumuş və
Azərbaycanla birləşmişdir. Daha sonra burada Şahtaxtı-İrəvan dəmir yolunun
Ermənistana keçməsinin Maku xanlığındakı xeyli ərzaq və digər ehtiyatların
ermənilər tərəfindən mənimsənilməsinə şərait yaratması, indi bir nəfər də
erməninin yaşamadığı bölgənin ona verilməsinin Azərbaycan xalqının
təyinmüqəddərat hüququna dair verilən vədlərin unudulması, öz azadlığını Sovet
quruluşunda və kommunistlərdə görən əhalinin yenidən daşnak hakimiyyəti altına
düşəcəyi halda fiziki cəhətdən məhv olacağı göstərilirdi. Son olaraq isə
Azərbaycanla Ermənistan arasındakı mübahisəli məsələlərin qəti həllinədək
Naxçıvan mahalının, özünün keçmiş sərhədlərinin hüdudlarında, Qızıl Ordu
tərəfindən tutulması yaranmış vəziyyətdən ən yaxşı çıxış yolu kimi
göstərilirdi). Ancaq onlara heç bir önəm verilmədi və məhəl qoyulmadı. Nəticədə
ilkin sazişdə adıçəkilən bölgələr mübahisəli ərazilər sayıldı (Doğrudur, sazişdə
deyilirdi ki, mübahisəli ərazilərin sovet qoşunları tərəfindən tutulması
Ermənistanın, yaxud da Azərbaycanın həmin vilayətlərə hüquqları haqqında
məsələni həll etmir).
Üçüncüsü,
preliminar
sazişdə həmçinin yazılırdı ki, RSFSR bu ərazilərə qoşun yeritməklə Ermənistanın
Azərbaycanla ərazi mübahisələrinin dinc yolla həllinə əlverişli şərait yaratmağı
nəzərdə tutur. Bu «əlverişli şəraiti» isə Sovet Rusiyasının yaxın vaxtlarda
Ermənistanla bağlayacağı sülh müqaviləsinin müəyyənləşdirdiyi əsaslar təmin
etməli idi. Bununla da:
- Ermənistanla
Azərbaycan arasındakı mübahisəli məsələlərin həlli, əslində birincinin ikinciyə
əsassız ərazi iddiaları və hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması
bilavasitə RSFSR-Ermənistan münasibətlərinin asılılığına keçirilirdi;
-
«müstəqil» Sovet Azərbaycanı mövcud problemlərin müzakirə və həllindən
diplomatik üsulla kənarlaşdırılırdı;
- onun
hüquqlarının (mənafelərinin) müdafiəsi «etibarlı vəkilə» (Rusiyaya) həvalə
edilirdi.
Bu
sadalananları Ermənistan Respublikasının Xarici İşlər Naziri H. Ohancanyanın
Azərbaycan SSR XXİK-i M.Hüseynova ünvanladığı 496 saylı teleqramın mətni də
(ADTA,
f.28, siy.1, iş 99, v.102)
təsdiqləyir: Azərbaycanla Ermənistan arasındakı ərazi mübahisələri, ilkin sazişə
(10.VIII.1920) uyğun olaraq, yaxın gələcəkdə bağlanacaq Rusiya Ermənistan sülh
müqaviləsinin müəyyənləşdirdiyi əsaslarla həll edilməlidir.
Dördüncüsü,
ilkin saziş
erməni siyasi dairələri və onların mətbuatı tərəfindən birmənalı qarşılanmadı;
- «Nor
Aşxatavor»un «Sözdən işə», «Mşak»ın isə «Qırmızı oyun» yazılarında – a)
Zəngəzur, Qarabağ və digər torpaqların azərbaycanlılardan təmizlənməsindən sonra
müqavilə bağlanması; b) Leninin, qırmızı islamçıların tələbinə əsasən,
rus qoşunlarını Gorusu tutmağa göndərməsi; c) ermənilərin indiyə kimi
rus, ingilis, fransız vədlərinə aldandıqları və artıq ayılmağa məcbur olduqları
kimi fikirlər vurğulanırdı
(ADTA, f.28,
siy.1, iş 201, v.25-26, 87-88);
-
«Hnçak» partiyasının Bostonda çıxan «Paak» qəzeti (24.VI.1920) saziş ərəfəsində
Leninlə dostluğa, onun vasitəsilə xilas olmağa və bu yolla da müttəfiqlərdən
qisas almağa çağırırdı. Bəzi mətbuat orqanları ilkin sazişi Zəngəzur, Qarabağ və
Naxçıvanın öz-özünə Ermənistana birləşəcəklərinə şərait yaratdığı üçün erməni
diplomatiyasının məğlubiyyəti deyil, Leqran üzərində qələbəsi kimi
qiymətləndirirdi. Preliminar sazişə münasibətdə ikili mövqe tutan «Daşnaksütyun»
partiyası (orqanı «Aşxatavor»la birlikdə) onu Ermənistan üçün ağır məğlubiyyət
sayırdı
(ADTA, f.28, siy.1, iş 203, v.7, 26 arx., 29 arx.).
Beşincisi,
müvəqqəti
saziş Antantanın siyasi- diplomatik dairələrində rahatsızlıq yaratdı.
İngiltərənin Qafqazdakı Ali komissarı Leqqi və fransız missiyasının başçısı
Korbel Ermənistan rəhbərliyinə təsir göstərdilər. Belə olduqda daşnak
hökumətinin XİN-i sazişin formal səciyyə daşıdığını və Ermənistanın əvvəllərdəki
kimi indi də Antantaya meyl etdiyini bildirdi. Ermənistan Respublikasının Paris
Sülh konfransındakı nümayəndə heyətinin başçısı Aqaronyan teleqraf (20.IX.1920)
vasitəsilə ABŞ prezidenti V.Vilsona müraciət edərək
(«Nor Aşxatavor»,
23.IX.1920; №136)
bunu bildirmişdi: «Erməni xalqı Vilsonun hüsn-rəğbətini nəzərə alaraq
Ermənistanın sərhədləri haqqında məsələdə onun qərarını səbrsizliklə gözləyir»
(ADTA,
f.28, siy.1, iş 206, v.3 arx.).
Eyni zamanda mətbuatda yenə də başqa fikirlər və mövqelər səslənməkdə idi.
«Mşak» qəzetinin (23.IX.1920), RSFSR-in Ermənistandakı səlahiyyətli
nümayəndəliyi Məlumat bürosunun bülletenində özünə yer alan, bir materialında
yazılırdı: «Hər şeydən əvvəl 1918-ci ili xatırlayaq. O vaxt biz bədbəxt
qalıqlarımızı türk yırtıcılarının (?!-İ.M.) dişindən xilas edən Müttəfiqlərə
həqiqətən ümid bəsləyirdik. İndi isə bu ümid daha mövcud deyildir və bizə heç
bir dayaq yoxdur»
(ADTA, f.28, siy.1, iş 206, v.4).
Ümumiyyətlə,
isə, Rusiya-Ermənistan preliminar sazişinin bağlanmasında güdülən məqsədlər,
onun əsas məqamları, nəticələri və s. məsələlərə belə bir xülasə vermək
mümkündür: Bizcə, bütün bunlar, Rusiyanın Güney Qafqazı təkrarən işğal etməsinə
və tarixi torpaqlarımızın tezliklə açıq (Zəngəz urun bir hissəsinin
«bağışlanması», bu və sonrakı tədbirlərlə Naxçıvanın Azərbaycanın digər
ərazilərindən ayrı salınması) və üstüörtülü (Dağlıq Qarabağda ermənilərə
muxtariyyət verilməsi) şəklində Ermənistana ötürülməsinə hazırlıq işləri kimi
dəyərləndirilməlidir. Buraya onu da əlavə etmək lazım gəlir ki, ilkin sazişdə
hədəfə alınanlar (az öncə sadalanan «bağışlanma» və s. hallar), habelə
Azərbaycan rəhbərliyinin beynəlmiləlçi güzəştləri RSFSR ilə Ermənistan SSRİ
arasındakı hərbi-siyasi müqavilə ilə (2.XII.1920) qüvvətləndirildi və
gerçəkləşdirildi. Onun 3-cü maddəsində yazılırdı ki, Rusiya Sovet hökuməti
İrəvan quberniyasının…, Zəngəzur qəzasının (Cümhuriyyət dönəmində Qarabağ
general-qubernatorluğuna daxil olan – İ.M.) Ermənistan SSRİ ərazisinin tərkibinə
daxil olmasını mübahisəsiz tanıyır. Beləliklə, Rusiya-Ermənistan
münasibətlərində mühüm önəmə malik olan məsələlərdən ən başlıcası – Azərbaycan
torpaqları ətrafındakı növbəti sövdələşmə o mərhələ üçün bu şəkildə
yekunlaşdırıldı.
|