|
Новая страница 1
Kərim Şükürov
Qarabağ Rusiya
imperiyası tərkibində
1805-ci il
Kürəkçay müqaviləsi ilə Qarabağ xanlığı faktik olaraq Rusiyaya ilhaq edildi. Xan
hakimiyyətinin hələ 17 il də saxlanması müəyyən strateci məqsəd daşıyırdı.
1806-cı ildə İbrahim xanın qətli Rusiyanın heç bir hüquqa məhəl qoymadığını
nümayiş etdirirdi (Ибрагимбейли Х.М. Россия и Азербайджан в первой трети XIX
века. М., 1969, с. 79-80). Belə bir şəraitdə xanlığa keçən Mehdiqulu xanın
hakimiyyəti möhkəm deyildi. Çar hökuməti belə bir şəraitdə xanlığın ərazisində
möhkəmlənmək məqsədi ilə yerli müsəlman hakim təbəqənin iqtisadi mövqelərini
zəiflətməyə, əksinə ermənilərin üstün rolunu təmin etməyə çalışırdı. Xanlıq ləğv
edildikdən sonra Şimali Azərbaycanın digər yerlərində olduğu kimi burada da
komendant idarə üsulu yaradılmış, o, Hərbi-müsəlman dairəsinin (mərkəz Şuşa)
tərkibinə daxil edilmişdi. Bu dövrdə əslən erməni olan general –leytenant
V.Q.Mədətov (1782-1829) Qarabağda sözün əsl mənasında erməni-Rusiya müstəmləkə
sistemi yaratmışdı. Çar hökuməti 1830-cu il üsyanlarının təsiri nəticəsində
Cənubi Qafqazda 1840-cı il 10 aprel inzibati-hərbi islahatı keçirmişdi. Bu
islahata görə Qarabağ əyaləti Şuşa qəzasına çevrilmiş və Kaspi vilayətinə
(mərkəz Şamaxı) tabe edilmişdi. Bununla da Qarabağ anlayışı siyasi mənasını
itirmiş oldu və yalnız coğrafi anlayış kimi qaldı.
1846-cı il
inzibati ərazi bölgüsü zamanı Şuşa qəzası yeni yaradılmış Şamaxı quberniyasına
(1859-cu ildən Bakı) tabe edildi. 1867-ci ildə Yelizavetpol quberniyası
yaradıldıqda Şuşa qəzası onun tərkibinə verilir. Şuşa qəzasının ərazisində
Zəngəzur, Cavanşir və Cəbrayıl qəzaları da təşkil olunur. Bununla Şuşa qəzası da
vahid inzibati-siyasi idarəsini itirir. Belə bir inzibati ərazi bölgüsü
ermənilərin idarə sistemində daha geniş təmsil edilməsinə hərtərəfli imkanlar
açdı
(Çarizmin Şimali Azərbaycanda inzibati-ərazi bölgüləri haqqında
daha ətraflı baxın: Şükürov K. Azərbaycan tarixi. Bakı, 1997).
Çarizmin Şimali
Azərbaycan torpaqlarını işğalı onun erməniləşdirilməsi ilə bərabər gedirdi.
1828-ci il Türkmənçay müqaviləsindən sonra bu hal daha müntəzəm və məqsədyönlü
xarakter alır. İrandan köçürülmə müqavilənin XV maddəsilə təsdiq olunurdu
(Полное
собрание законов Российской империи. Собр. Второе, т.III, СПб., 1830, № 1794,
с.130).
1829-cu il Ədirnə
müqaviləsi ilə Osmanlı imperiyasından da ermənilərin yeni işğal olunmuş
ərazilərə köçürülməsi həyata keçirilməyə başlayır
(Договоры России с
Востоком: политические и торговые. Собрал и издал Т. Юзефович, СПб., 1869,
с.58-70).
Ermənilərin köçürülməsinin əsas istiqamətlərindən biri Qarabağ torpaqları idi.
Qarabağ xanlığının
ləğv edilməsi zamanı onun əhalisinin etnik tərkibi A.P.Yermolovun göstərişi ilə
tərtib olunan
(Записки А.П. Ермолова. 1798-1826. М., 1991, с.382)
«Təsvir»də əksini tapır. Hələ bu sənədin tərtibinə qədər (1805-1822) Qarabağdakı
erməniləşdirmə siyasətinə baxmayaraq, onun aparıldığı zamanda belə burada
əhalinin əksəriyyətini azərbaycanlılar təşkil edirdi. «Təsvir»ə görə Qarabağ
əyalətində olan 20.095 ailədən 15.729-u azərbaycanlı (1.111 şəhərdə,14.618
kənddə), - 4366-sı erməni (421 şəhərdə, 3.945 kənddə) idi. (Описание Карабахской
провинции, составленное в 1823 г. Тифлис, 1866; Хялилов Х.Д. Qarabağın elat
dünyası. Bakı, 1992, s.17) Ermənilərin kütləvi şəkildə Qarabağa köçürülməsi
nəticəsində burada yeni erməni kəndləri (Marağalı, Canyataq və b.) meydana
gəlməyə başlamışdı
(Qeybullayev Q.
Qarabağ (Etnik və siyasi tarixinə dair). Bakı, 1990).
1828-1830-cu illər arasında Şimali Azərbaycana, o cümlədən Qarabağa İrandan 40
min, Osmanlı imperiyasından 90 min erməni köçürüldü
(Описание
переселения армян азербайджанских в пределы России. М., 1831).
Qeyri-rəsmi
erməni köçkünləri ilə birgə onların sayı 200 mini ötmüşdü. Köçürülmədən sonra
Qarabağın etnik tərkibində ermənilərin sayı artmağa başladı.
XIX yüzilin 30-cu
illərindən sonra da ermənilərin bütövlükdə Şimali Azərbaycan torpaqlarına, o
cümlədən Qarabağa köçürülməsi davam etdirilirdi. N.Şavrov məhz buna görə
yazırdı (1911) ki, Zaqafqaziyadakı 1,3 mln. erməninin 1 mln-dan çoxu gəlmə idi
(Шавров Н.Н. Новая угроза русскому делу в Закавказье. СПб., 1911, с. 59-61).
Artıq 1916-cı
ildən Qarabağda (xanlıq sərhədləri daxilində) əhalinin təxminən 51%-i
azərbaycanlı, 46%-i isə erməni idi (Кавквзский календарь на 1917 г., с.
190-197). Ermənilərin Qarabağın dağlıq hissəsində məskunlaşması daha geniş hal
almışdı.
Ermənilərin
inzibati-idarə sistemində möhkəmlənməsi, köçürülmə prosesində sayının mexaniki
surətdə artırılması onların iqtisadi potensialının möhkəmləndirilməsilə müşayət
olunurdu
(Шавров Н.Н. указ. соч., с. 59-61).
Ermənilər çarizmin hərtərəfli dəstəyi və yaradılan əlverişli şərait nəticəsində
Qarabağın iqtisadi həyatında da möhkəmlənə bildilər.
Ermənilərin Şimali
Azərbaycanda nail olduqları iqtisadi potensial 1872-ci ildə Bakıda neftli
torpaqlar üzərində iltizam sisteminin ləğvi zamanı aşkara çıxdı. Neftli
sahələrin hərracı prosesində azərbaycanlılar cəmi 5%, ermənilər isə 50% -dən çox
torpaq sahəsi almışdı. Bakıda fəaliyyət göstərən 167 neft şirkətindən 55 iri və
orta şirkət ermənilərə məxsus idi və s. Ermənilərin mədəni-təhsil səviyyəsinin
yüksəldilməsi üçün də hərtərəfli şərait yaradılmışdı
(Свиетаховский Т.
Русский Азербайджан. 1905-1920. Хазар, 1990, №1, с. 99).
Beləliklə,
bütövlükdə Şimali Azərbaycanda, o cümlədən Qarabağda inzibati- siyasi, sosial-
iqtisadi və mədəni həyatda geniş imkanlar əldə edən ermənilər «Böyük Ermənistan»
ideyasının reallaşdırılması uğrunda açıq mübarizəyə başladılar. Həmin ideyanın
əsas tərkib hissələrindən biri də Qarabağ, İrəvan, Naxçıvan və digər Azərbaycan
torpaqlarının yerli əhalisini məhv etmək və ələ keçirməkdən ibarət idi.
Ermənilərin 1890-cı illərdən Osmanlı dövlətində qiyamları uğursuzluğa düçar
olduqdan sonra bu mübarizənin mərkəzi Şimali Azərbaycana
keçdi. (Şükürov K.K. Ermənilərin Azərbaycanda və Osmanlı
imperiyasındakı türk genosid tarixinin öyrənilməsi: metodoloji problemlər.
Azərbaycan tarixinin çağdaş problemləri. Bakı, 2000, s.166-275).
Ermənilər 1905-ci
ildən tarixə «erməni-müsəlman davası» adı ilə daxil olan qanlı qırğın
törətdilər. Ermənilərin azərbaycanlılara qarşı faktik soyqırım siyasəti
Qarabağda daha faciəli şəkil aldı
(Ordubadi M.S.
Qanlı illər. 1905-1906-cı illərdə Qafqazda baş verən erməni- müsəlman davasının
tarixi. Bakı, 1991; Mir Möhsün Nəvvab. 1905-1906-cı illərdə erməni-müsəlman
davası. Bakı, 1993).
Lakin 1905-1906-cı illərdə törətdikləri qırğınlar da erməniləri sakitləşdirmədi.
Onlar Birinci Dünya müharibəsilə yaranan tarixi şəraitdən yenidən istifadə
etməyə cəhd etdilər. 1915-ci ildə Osmanlı dövlətinə qarşı yeni qiyamlarda
uğursuzluğa düçar olan ermənilər, əsas qüvvələrinin Cənubi Qafqazda
cəmləşdirərək azərbaycanlılara qarşı soyqrımı davam etdirməyə başladılar.
Əvvəlcə çar hökümətinin devrilməsi (1917, fevral) sonra isə Rusiyada
bolşeviklərin hakimiyyəti ələ alması ilə (1917,oktyabr) Zaqafqaziyada yaranan
anarxiya şəraitində uzun tarixi dövr ərzində Rusiya ordusunda xidmət edən erməni
silahlı dəstələri daşnakbolşevik güruhu ilə birləşərək azərbaycanlılara qarşı
soqırımın yeni dövrünü başladılar. 1918- ci ilin mart soyqrımı azərbaycanlılara
böyük zərbə vurdu
(Topçibaşev A.M.
Memorandum. Baku, 1993, s.31-33).
Yalnız Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə Azərbaycan tarixində yeni
dövr başladı.
|